525.Az

YAP-dan İsa Qəmbərlə Əli Kərimliyə “istefa” çağırışı

[27.12.12]
YAP-dan İsa Qəmbərlə Əli Kərimliyə “istefa” çağırışı<b style="color:red"></b>

“Bizim-hakim partiya üçün siyasi müstəvidə istənilən namizəd siyasi rəqibdir.Biz istənilən namizədi özümüz üçün siyasi rəqib sayırıq”.

Bu fikirləri 525.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, sözügedən partiyanın icra katibinin müavini Mübariz Qurbanlı İsa Qəmbərin  Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsindən sonra bu təşkilatla AXCP arasında qarşılıqlı ittihamların yenidən alovlanmasına, Əli Kərimli tərəfdarlarının İsa Qəmbər və Hacılı qardaşlarını hakimiyyətə satqınçılıqda, Arif Hacılının isə AXCP sədrini qəvi düşmənçilikdə suçlamasına münasibətini bildirərkən dilə gətirib. YAP rəsmisinin dediyinə görə,  bununla belə, hakim partiya qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlı namizədinin geniş əhali təbəqəsi tərəfindən dəstəklənməsi və qələbə əldə etməsi üçün  öz təbliğat - təşviqat işlərini aparacaq: “Eyni zamanda, biz namizədimizin qələbəsi üçün bütün digər lazımi işləri aparacağıq və yenidən onun qələbə əldə etməsinə  nail olacağıq”.

Müxalifətdən İ. Qəmbərin, yoxsa, Ə. Kərimlinin vahid namizəd olacağına gəlincə, M.Qurbanlı bildirib ki, gələcəkdə namizəd “Müsavat” başqanıdır, yaxud, AXCP sədridir, fərq etməz və etməyəcək, onların elektoratı eynidir, dəyişməyəcək:

“İkisi seçkiyə ayrılıqda getsə,  onsuz da dar olan elektoratları bir daha parçalanmış olacaq, biri getsə, yenə də ciddi uğur qazana bilməyəcək. Onların cəmiyyət arasında ciddi sosial bazası, dayaqları, nüfuzları yoxdur, həmin şəxslər seçkilərdə çəmi 1-2 i faizə səsə iddia edə bilər, yəni, həmin şəxslərin bir yerdə bundan artıq səs qazanmaları mümkün deyil”.

YAP rəsmisi cəmiyyətin, seçicilərin həmin qüvvələrdən üz döndərməsinin səbəbi kimi isə onların radikalizm mövqeyində dayanmasını göstərib:

“Cəmiyyət artıq radikalizmi qəbul etmir, ona birmənalı “yox” deyir. Eyni zamanda, cəmiyyət çoxdan radikalizmi tarixin arxivinə göndərib. Cəmiyyət radikalları yox, konstruktiv, Azərbaycan dövlətçiliyini öz fəaliyyətlərində önə çəkən müxalifəti qəbul edir. Fikir versəniz görərsiniz ki, seçkilərdə də konstruktivlər radikallardan daha çox səs toplayırlar”.

Millət vəkili həmçinin deyib ki, radikallar, xüsusilə, AXCP və “Müsavat” üzvləri arasında qarşılıqlı ittihamlar məsələsi də yeni məsələ deyil:

“Bunlar arasında qarşılıqlı ittihamlar, təhqirlər zaman-zaman olub, indi də var və bu gedişlə bundan sonra da olacaq. Ancaq ən yaxşı yol bu olardı ki, bu düşərgənin liderləri, o cümlədən, İsa Qəmbərlə Əli Kərimli siyasətdən çəkilib, öz uğursuzluqlarını etiraf edəydilər...Bununla belə, onların bir-birinə qarşı hansı ittihamlarla çıxış etməsi də bizi maraqlandırmır. Bu, bizə aid məsələ deyil və bayaq dediyim ki, siyasi müstəvidə istənilən namizəd bizim üçün rəqibdir...”

Kamil Həmzəoğlu


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.