525.Az

Rus Avrasiyasımı, Türk Avrasiyasımı?

[26.12.12]
Rus Avrasiyasımı, Türk Avrasiyasımı?<b style="color:red"></b> Telman NÜSRƏTOĞLU

Əsrlərdən bu yana Avrasiya  məkanına hökm edən dövlətlərin dünyaya da hakim olduqlarını görməkdəyik. 

Dünya  enerji ehtiyatlarının 70% faizinə yaxınına  da sahib olan bu bölgə stratejik ticarət koridorlarını, qlobal rola sahib dənizləri və ən əsası isə əsrlərə damğasını vurmuş millətləri özündə barındırmaqdadır. İki qütblü dünyanın çöküşü  sonrasında  daha da aktual olan yeni dünya düzəni arayışlarında  yenə, Avrasiya uğrunda mübarizə və mümkün əməkdaşlıq modelləri  bu nizamın müəyyənləşdirici  faktoru olmuşdur. 

Bu gün biz ölkəmizdə , bölgəmizdə və dünyada baş verən prosesləri də bu perspektiv dəyişim və çatışmalar  fonunda  analiz etməli və anlamalıyıq.  Çünkü bu stratejik məkan uğrunda  gedən mübarizədə ölkəmiz də ciddi bir faktordur. Azərbaycanın  önəmi , bu geopoltikanın  mərkəzində yer alması, çatışan tərəflərin hər biri üçün  həm də  lojistiq bir liman ,  soluqlama, duraqlama və güc toplama məkanı  olaraq görülməsindədir. 

Azərbaycan Türkiyənin Türküstana açılan qapısı, Rusiya üçün  Qafqazda ən stratejik bir qala, Amerika və  Avropa Birliyi üçün də istər malik olduğu sərvətlər,  istərsə yerləşmiş olduğu məkan etibariylə yenə olduqca  vacib bir dövlətdir. Azərbaycan həm  də Türküstanla Anadolu və Avropanı birləşdirən İpək yolunun da   keçid ölkəsidir. Rusiyanın dünya tarixində super güc olma yolundakı tarixi irəliləyişlərinə də göz atdıqda , Pyotrdan etibarən başlayan Xəzər yürüyüşlərinin və daha sonra da Qafqazın işğalının   Rus stratejik yayılmaçılığı baxımından nə qədər  önəmli olduğunu görə bilərik. Ruslar vaxtiylə Osmanlı imperatorluğunun idarəsi altındakı   coğrafiyaları bir-bir ələ keçirərək Qaradənizə, Ağdənizə və Xəzərə lövbər saldılar və  beləliklə də imperial vizyonlarını tamamladılar. Yəni  XVI əsrdə Türk-müsəlman  Astarxan və Kazan xanlıqlarınının Rusiya tərəfindən işğalı  edilməsiylə, Osmanlıyla Rusiya arasındakı əsrlərə yayılan Avrasyaya hakim olma mübarizəsi XVIII əsrdə Kırımın ,XIX əsrdə də Qafqaz  və Türküstanın Rusiya tərəfindən ələ keçirilməsiylə bu ölkənin xeyrinə tamamlanmış oldu. Əslində  XIX əsr dünya Türklüyü  və İslam aləminin tarixində ağır məğlubiyətlər,çöküş,köç və tarixi yurtların bir-bir itirilməsiylə yadda qaldı. Dünyanın üç qitəsinə hökm edən o şanlı imperatorluq –Osmanlı  müxtəlif səbəblərdən dağlımağa başladıqca  ümmət də, millət də   qurdlar süfrəsində  müxtəlif  dövlətlərə  yem oldu.  Ancaq  peyğəmbər məsajlarıyla ifadə etməyə çalışsaq hər bir çətinliyin arxasından asanlıq gələcək və Sovet dövlətinin dağılmasıyla   bir çox əsir Türk xalqları  da öz istiqlaliyətinə qovuşacaqdı.


Çox böyük  enerji resurslarına sahib olan Türk Cümhuriyyətləri və yüksələn Türkiyə artıq yeni dünyanın bir gerçəyi olmuşdur.  Həm Rusiya həm də  diyər qlobal oyunçular xarici siyasətini bu stratejik məkanda baş verən yeni reallıqları nəzərə alaraq dizayn etmək məcburiyətindədir.  Ancaq hələ də bu reallıqlarla barışmaq istəməyən Rusiyanın  hərbi –kəşfiyyat elitası, başqa bir ifadəylə, dərin dövləti   yeni Çar  Putinin hakimiyyət yolunu açdı. Bu bir növü yeni bir proyektin siqnalıydı. Putinin gəlişiylə başlayan  xarici siyasət  açılımları həm də çətin keçəcək yeni  mərhələnin  xəbərçisiydi. Rusiya əslində soyuq savaşın bitmədiyini,  Amerikanın Rusiya kuşatmasının daha fərqli bir vizyonda davam etdiyini görməkdəydi. 2000- ci ildə qəbul edilmiş olan Rusiyanın təhlükəsizlik və təhdid alqılamalarını ortaya qoyan sənəddə ən böyük təhlükə olaraq “ayrılıqçı hərərkətlərin” göstərilməsi  22 muxtar respublikanı tərkibində birləşdirən Rusiya Federasyasının qorxularını da üzə çıxardı. Bu sənəddə eyni zamanda Rusiya üçün ikinci bir təhlükə kimi iqtisadi asılılıq göstərilməkdəydi. Putinlə birlikdə  Çeçenistanda başlayan hərbi əməliyatlar  diğər cümhuriyyətlərə  məsaj olduğu kimi, Bzejinskinin timsalında  Rusiyanı üç hissəyə bölmənin xəyalını quran Amerikaya da mesajdı..

Ardınca iqtisadi sahədə də əməliyatlar başladı. Rusiyanın xarici iqtisadi-siyasi maraqlarını həyata keçirəcək beynəlxalq şirkətlərin  Rusiya hərbi-kəşfiyat elitasına bağlanması və yeni iqtisadi mərkəzlərin qurulması prosesi  sürətləndi. Bilindiyi kimi bu prosesdə Rusiya elitasının maraqlarına cavab verməyən bir çox iş adamı  ölkədən qovuldu  və ya  həbs edildi. Rusiya müdafiədə oynamağın məğlubiyətə bərabər olacağını,yenidən imperial siyasi vizyona dönmənin vacibliyinə inanmışdı. Və bu strategiya doğrultusunda daxili hazırlıqlar tamamlandıqdan, Rusiya iqtisadi yüksəlişə keçdikdən sonra Yaxın Çevrə Doktirinası   Putinin son prezident seçkilərindən sonra ciddi bir şəkildə gündəmə gəldi. Bu doktirinaya görə  Rusyianın ilk hədəfi  ön cəbhə ölkələri olaraq gördüyü MDB ölkələrini vahid bir çatı altında toplamaq  və Avrasiya Birliyini qurmaqdır.
 
Dünya güclərinin  Avrasya uğrundakı mübarizəsi həm də enerji  mənbələrinə hakim olmaq uğrundakı mübarizədir. Amerika  dünyanın jandarması rolunu oynarkən əsgəri operasyonlara ayırdığı  böyük maliyələrlə  özünün iqtisadi böhranın içində hissedərkən bu dövlətin dövlət istiqrazlarının əhəmmiyətli bir hissəsini alan Çin yüksəlmişdir. Ancaq Çinin də  gündən -günə böyüyən dev iqtisadiyatının ortaya çıxardığı xammal çatışmamazlığı və enerji ehtiyacı, bunları təmin etmək  potensialının  mövcud olduğu Avrasyanın strateji önemini bir daha artırmaqdadır. Amerikalı stratejist Bzejinski məhz bu perspektivdən hərəkət edərək Çin və Rusiyanın  nəzarət  altına alına bilməsi üçün Avrasyanın enerji ehtiyatlarına hakim  olmanın vacibliyini  bəyan etməkdədir.  

O bu məsələdə Amerikanın ən böyük müttəfiqi  Türkiyə ola bilər deyir. Suriya və ardınca da İran ,əslində Rusiya ətrafındakı həlqənin daraldılması  strategiyasının bir parçasıdır. Bu baxımdan Rusiyanın stratejik hakimiyət məkanının  ən zəyif həlqəsi olaraq da Xəzər bölgəsi ortaya çıxmaqdadır. Hələ 2002 –ci ildən Rusiya Tükmənistan, Qazaxıstan və Özbəkistanla Avrasya Qaz İstehsalçıları Birliyini qurub  Xəzər dənizinə yeni hərbi gəmilər göndərərək   bölgədəki nüfuz savaşlarını öz xeyrinə həll etməyə çalışmaqdadır. Xəzər neft və qaz ehtiyatları Bəsrə körfəzinin də ən böyük alternatividir.  Xəzər və Qaradəniz  sahib olduğu enerji qaynaqlarıyla yanaşı Amerika  və Rusiya üçün  həm də Hindistan və Cənub Şərqi Asyaya keçiş dəhlizi olması səbəbiylə də önəmlidir. Avropanın qaz ehtiyacının 50% nin Rusiya tərəfindən qarşılandığını da nəzərə alsaq  Avrasiya enerji koridorları və  resurslarının  əhəmmiyəti üzə çııxmaqdadır. Rusiya Avropanı qaz asılılğında saxlayaraq öz maraqlarını diktə etməyə çalışır. Avropa isə alternativ xətlər,mənbələr arayışındadır. Məhz bütün bu maraqlar çatışmasının kontekstində  Ərəb baharı, Azərbaycan-Rusiya münasibətlərinin son durumu daha aydın anlaşılmaqdadır.

Rusiyanın Azərbaycandan istədiyini ala bilməməsi   təziqlərin artmasına səbəb olmaqdadır.Gömrük Birliyi və ardınca gerçəkləşdirilmək istənən Avrasiya Birliyi Rusiyanın ətrafında daralan həlqəyi  yarma cəhtidir. Rusiya Türküstan cümhuriyətləri və Azərbaycanı ram edərək Avrasiyaya yenidən hakim olmaq iddiasındadır.Gəl gör ki nə Türküstan o sərvətləri   Rusiya tərəfindən sorulan  köhnə Türküstandır  nə də Azərbaycan. Türkiyə də  “yurtda sülh cahanda sülh” doktirinasına bağlanan içinə qapanmış köhnə Türkiyə deyil. Ərdoğanla birlikdə Türkiyə dünyanın  daha dərin stratejiq nöqtələrə  nüfuz etməyə başladı. İndi daim inkişaf edən iqtisadiyatı ,hərbi-sənaye kompleksindəki yüksələn yatırımları, Rusiya və Ukraynada belə maraqla izlənən televizya filmləriylə  Türkiyə 2023 –ün böyük Türkiyəsinə doğru irəliləməkdədir. İndi həm Avropa – Amerika ittifaqı  həm də Çinlə Rusiya  Türkiyəylə əməkdaşlığın önəmini daha yaxşı anlamaqdadır. 

Bütün çatışmamazlıqlara,demokratik inistutların zəyifliyinə,ədalətli gəlir dağılımının olmamasına baxmayaraq Türk cümhuriyətləri yerində saymır, ordusuyla , iqtisadiyatıyla inkişaf edir.Ən əsası müstəqilliyin əsasları möhkəmlənir.  Türkiyəylə,İslam dünyasıyla inteqrasiya artır. Bu gün Rusiyada  sayına görə Slav mənşəli xalqlardan sonra ikinci sırada Türk dilli xalqlar, müsəlmanlar gəlməkdədir. İstər Çinin, istərsə də Rusiyanın cilovlanması   prosesində Amerika və Avropa Türk dünyasına   möhtacdır. Ərəb baharından sonra Türkiyənin İslam dünyasındakı liderlik missiyası bir daha ortaya çıxdı. Çinin xaricdə  Amerikanı daxildə isə Uyqurları ən böyük təhlükə olaraq görməsi də bilinən bir həqiqətdir . 

Bu ölkənin  də Türk-müsəlman əhalsi üzərində  ən böyük təsir imkanlarına malik olan  ölkə yenə Türkiyədir. Tatarıstanın latın əlifbasına keçişinə  belə mane olan Rusiya da  bu hərəkətiylə yenə də zəyif nöqtələrini  ortaya qoymaqdadır. Türkiyənin  Türk cümhuriyyətləriylə inteqrasiyasının dərinləşməsi , Bakı-Ceyhan,TANAP kimi  neft-qaz layihələrinə  Qazaxıstan və Türkmənistanın da  qoşulması   Türkiyənin  enerji  tranzit  dəhlizi olmasına gətirib çıxara bilər.  Qazağıstan və Qırğızıstan prezidentlərinin   son Ankara səfərlərində   Türk Birliyinin vacibliyini vurqulamaları  ,Azərbaycanın  qardaş ölkəyə real dəstəyi  Rusiyada narahatlıqla izlənməkdədir.  Ancaq  Türk Avrasiyasının  önündə müəyyən ciddi maneələr də var. Türk cümhuriyyətləri  istər Xəzərin statusu, istərsə də neft-qaz layihələrini həlli məsələsinə  müştərək maraqlar çərçivəsindən  baxmalı  və bu məsələləri Amerikanın da dəstəyini alaraq həll etməlidir. Bunun alternativi isə yenidən Rusiyanın  diktə etdiyi bir birlikdə yer almaq və rus Avrasiyasının qurulmasına xidmət etməkdir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.