525.Az

“Mətbuatda yaşayan işıq”

[08.08.12]
“Mətbuatda yaşayan işıq”

2011-ci il may ayının 21-də fəal mətbuat xadimi, dəyərli jurnalist, yaxın dostum Məmməd Məmmədov faciəli şəkildə dünyasını dəyişdi. Onu tanıyanlar bu itkini dərin ağrıyla qarşıladılar, M. Məmmədov haqqında neçə-neçə yazı qələmə alındı, onun fəaliyyətinə, yaradıcılığına, mətbuatdakı yerinə aid məqalələr, xatirələr yazıldı. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “Mətbuatda yaşayan işıq”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Mənalı ömür yolunun yolçusu”, “Azərbaycan” qəzetinin kollektivi “İş yoldaşımızın xatirəsi”, “Azərbaycan” qəzetinin şöbə müdiri Xalid Niyazov “Siz həmişə bizimləsiz”, “Kəlam” jurnalının redaktoru Niyaz Niftiyev “Yerin görünür”, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli “Yaxşı yol, Məmməd müəllim”, “Şərq qapısı” qəzetinin müxbiri, tələbə yoldaşı, dostu Kərəm Həsənov “Jurnalistikada Məmməd Məmmədov məktəbi”, “Jurnalistikada aydın bir iz: milli mətbuatda Məmməd Məmmədov imzası”, “Oğuz səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva “Əziz və unudulmaz bir imza, yaxud dost itirməyin ağrısı”, “AMEA Naxçıvan Bölməsinin elmi işçisi Musa Quliyev “Elegiya əvəzi – kədərli etiraf”, “Simsar” jurnalının redaktoru Elmar Hüseynov “Bizdən ayrılanlar”, AMEA Naxçıvan Bölməsinin elmi işçisi Elxan Yurdoğlu “Uzun, incə bir yol”, “Örnək jurnalist, əvəzsiz baş redaktor, əsl mətbuat fədaisi”, “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov “Şərq qapısı”nda tanıdığım dəyərli mətbuat xadimi, unudulmaz insan”, AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərli “Unudulmaz gözəl insan Məmməd Məmmədovu xatırlayarkən”, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov “Sabahını görən insan” adlı məqalələrlə mətbuatda çıxış etdilər. Onlar milli jurnalistikada xüsusi yeri və rolu olan əvəzolunmaz jurnalist, özünəməxsusluğu və təkrarolunmazlığı ilə seçilən publisist, araşdırıcı alim, ictimai–siyasi proseslərdə yaxından iştirak edən fəal ictimaiyyətçi, deputat Məmməd Məmmədovun həyat və yaradıcılıq salnaməsini vərəqlədilər. Bu müddət ərzində, ölümü ilə ölümsüzlüyə qovuşan Məmməd Məmmədov cismən bizdən ayrılsa da, ruhən bizimlə – qələm  əhli ilə birgə yaşadı.


Məmməd Məmmədov zirvəsinə hər kəs öz prizmasından yanaşdı, onu gördüyü və düşündüyü kimi təsvir etməyə çalışdı.

Akademik İsa Həbibbəyli onun haqqında bu sözləri yazıb: “Bir əsrə yaxın inkişaf yolu keçmiş “Şərq qapısı” qəzetinin tarixində xüsusi bir Məmməd Məmmədov mərhələsi mövcuddur. “Şərq qapısı”nın Məmməd Məmmədov dövrü bu çoxillik qəzetin intibah mərhələsi kimi səciyyələnə bilər”.

Akademik İsmayıl Hacıyev elmi rəhbəri olduğu Məmməd Məmmədovun fəaliyyətini hərtərəfli təhlil edərək, bu fikirləri önə çəkib: “Məmməd müəllim çox məhsuldar jurnalist, publisist və araşdırıcı idi. Onun hər bir əsəri müəllifin uğuru kimi qeyd edilə bilər: “Naxçıvan kiçik Azərbaycandır” (1998), “Şərqin qapısı Naxçıvan” (2001), “Ömrün qırxıncı baharı” (2002), “Heydər Əliyev çörəyi” (2004), “Mənim qəzetli dünyam” (2006), “Siyasətdə Naxçıvan dərsləri” (2009), “Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı” (2011), “Mənim həyat məktəbim” (2011). Amansız qəfil ölüm həmkarımız Məmməd müəllimin yaradıcılıq planlarını yarımçıq qoydu. Lakin təsəllimiz odur ki, onun oxucularla görüşü yüzlərlə publisist yazılarda, oçerklərdə, elmi məqalələrdə və adını qeyd etdiyimiz 9 kitabda öz ifadəsini tapmışdır. 2005-ci ilin dekabrın 10-da “Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər” (1988-2005-ci illər) adlı namizədlik dissertasiyası müdafiə etdi. Məmməd müəllim burada özünü yetkin tədqiqatçı, vətən tarixinin bilicisi və təəssübkeşi kimi bir daha təsdiq etdi. Qeyd olunan mövzu ilə bağlı Məmməd müəllimin bir monoqrafiyası və 50-dən çox elmi məqaləsi çap olunmuşdu”.

“Azərbaycan” qəzeti Məmməd Məmmədovu belə xarakterizə edib:  “Məmməd həssas həmkar idi. Qəzetimizdə elə bir uğurlu yazı olmazdı ki, zəng vurub müəllifə təşəkkür etməsin. Məmməd həm də təbii insan idi. Necə var idisə, elə də görünürdü, özünü başqa cür təqdim etməyi heç fikirləşmirdi də... Fikirləşdiyi dilində, dilindəki əməlində idi”.

Jurnalist həmkarı və dostu Xalid Niyazovun fikirləri də maraqlıdır: “O, saatın, günün, hətta anın “hulqumundan sıxıb” vaxtdan səmərəli bəhrələnməyi bacarırdı... Hər şeyi zamanında həll etməyə çalışırdı, bəzilərimiz kimi zamanın insafına buraxmayıb, namizədlik elmi işini vaxtında yazıb alimlik dərəcəsi də aldı. Deputat kimi ictimai fəaliyyətdən də qalmadı, jurnalist kimi də qələmini ovxardan düşməyə qoymadı... Hərdən mənə belə gəlir ki, Naxçıvan barədə daha heç kim Məmməd kimi sevgi ilə, təndirdən təzəcə çıxmış lavaştək isti, ətirli, kövrək yazılar yazmayacaq”.

 “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli isə yarımçıq qalan bir ömür yolunun yolçusu ilə vidalaşdığı anı belə təsvir edib: “Yaxşı yol, qardaş”. Hər dəfə görüşüb ayrılanda Məmməd müəllimə belə deyərdim. Bilirdim ki, yolu uzaqdı. Naxçıvan buracıq-oracıq deyil. Amma sonuncu dəfə dediyim “Yaxşı yol” isə heç yaxşı yol olmadı. Əziz dostumuzun, gözəl jurnalistin ömrü 49-cu ilində elə yoldaca qırıldı”.

Məmməd Məmmədovun redaktorluq və müəllimlik bacarığının nəticəsidir ki, onun açdığı cığırla irəliləyən, vətənə, xalqa sədaqətlə, bacarıqla xidmət edən bir jurnalist nəsli yetişib. Hazırda Məmməd Məmmədov məktəbinin yetirmələri müxtəlif mətbuat orqanlarında və dövlət qurumlarında çalışırlar. Sahil Tahirli Naxçıvan MR Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində, Rufik İsmayılov “Kaspi” qəzetində, Elmir Şirinov Azərbaycan Respublikası Vergilər Nazirliyində, Elmar Hüseynov “Simsar” jurnalında, Hafizə Əliyeva “Arazın səsi” qəzetində, Fərid Hacıyev Rabitə Nazirliyində, Azad Nağıyev Nəqliyyat Nazirliyində, Türkanə Bəylərli AMEA Naxçıvan Bölməsində, Rahil Tahirli Gömrük Komitəsində, Lətafət Əhmədova isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuatla bağlı sahələrdə çalışırlar.

Bu il 22 iyul Milli Mətbuat Günündə Məmməd Məmmədovu onun oğlu, jurnalist həmkarımız Vüsar Məmmədovun nəşr etdirdiyi “Mətbuatda yaşayan işıq” adlı kitabı ilə yad etdik. Naxçıvan MR Ali Məclisinin “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunmuş 280 səhifəlik bu kitabda Məmməd Məmmədovun dünyasını dəyişməsindən sonra onun haqqında xatirələrini yazıb mənəvi borcunu yerinə yetirən müəlliflərin məqalələri dərc edilib. Burada Məmməd Məmmədovun həyat və fəaliyyətinin müxtəlif məqamlarına şahidlik edən fotolar, rəsmi sənədlər, 9 elmi və publisistik kitabına yazılmış resenziyalar və müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələr öz əksini tapıb. Hər birimizə örnək olacaq bir ömür yaşamış Məmməd Məmmədovun həyat və fəaliyyətini özündə əks etdirən bu kitab onun ölməz xatirəsinə əbədi məhəbbətin ifadəsidir.

K.HƏSƏNOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.