525.Az

İvanişvili Bakı-Tiflis-Qars layihəsi ilə bağlı narahat olduğu məqamları açıqladı

[24.12.12]
İvanişvili Bakı-Tiflis-Qars layihəsi ilə bağlı narahat olduğu məqamları açıqladı<b style="color:red"></b>

Gürcüstanın baş naziri Bidzina İvanişvili Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilə bağlı narahat olduğu məqamları açıqlayıb.


“APA-Economics”in “Novosti-Qruziya”ya istinadən xəbərinə görə, baş nazir bildirib ki, layihə çox maraqlı olsa da, ilk mərhələdə iqtisadi xarakterli məsələlər açıq qalır.

 

“O cümlədən BTQ-nin istismara verilməsindən sonra ölkənin “köhnə” dəmiryollarında və limanlarında yükdaşımanın həcmi azala bilər” – deyə B.İvanişvili qeyd edib. O, problemlərin sonda həll olunacağına inandığını vurğulayıb.

 

Bununla belə, baş nazir dekabrın 26-da Azərbaycana edəcəyi səfər zamanı BTQ layihəsini müzakirə etmək niyyətində olmadığını da diqqətə çatdırıb: “Çünki bu məsələlər üzərində işçi qruplar işləyir”.

 

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.


Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.