525.Az

Azərbaycanda piratçılıqla bağlı hesabat verildi

[24.12.12]
Azərbaycanda piratçılıqla bağlı hesabat verildi<b style="color:red"></b>

Azərbaycan Müəllif Hüquqları Agentliyinin 2012-ci ildəki fəaliyyəti barədə hesabat verib.

Bu il müəllif-hüquq sahəsində normativ hüquqi bazanın zənginləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edilib. Qanunun icrasını təmin etmək məqsədi ilə Agentlik tərəfindən Nazirlər Kabinetinin 5 qərar layihəsi hazırlanıb və onların yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir. Hazırda Agentliyin icrasında müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahələrini tənzimləyən 5 qanun var.

Piratçılıqla mübarizənin daha da gücləndirilməsi məqsədi ilə 2012-ci ilin iyun ayında İnzibati Xətalar Məcəlləsinə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrini nəzarət markaları yapışdırmadan yaymağa görə cərimə sanksiyalarının tətbiq edilməsi ilə bağlı dəyişiklik edilib. Qanunun tələblərinin pozulmasına görə Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur.

“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə də Nazirlər Kabineti tərəfindən qərar qəbul ediləcəyi gözlənilir. Əqli Mülkiyyət sahəsinin inkişafı üzrə Uzunmüddətli Milli Strategiyalayihəsi üzərində isə iş davam etdirilir. 

Agentlikdən verilən məlumatda bildirilir ki, 2012-ci ilin əvvəlindən Agentlikdə əsərlərin elektron qeydiyyat sisteminin tətbiqinə başlanılıb. Hesabat dövründə 680-dən çox əsər qeydiyyatdan keçirilib (indiyədək Agentlikdə 8500 əsər qeydiyyatdan keçirilib).

2012-ci ildə istifadəçi təşkilatlar tərəfindən hesablanmış 73 min manata yaxın müəllif qonorarı müvafiq qaydada elektron kartlar vasitəsi ilə müəlliflərə (hüquq sahiblərinə) ödənilib, həmçinin Azərbaycan müəlliflərinin əsərlərindən xaricdə istifadəyə görə hesablanmış 14 min manata yaxın qonorar təyinatı üzrə çatdırılıb. 

2012-ci ildə ölkədə piratçılığa qarşı mübarizə daha da gücləndirilmiş, müəlliflərin və digər hüquq sahiblərinin müraciətlərinə baxılmasında operativliyin artırılması məqsədi ilə Agentliyin nəzdində 960 nömrəli “Qaynar xətt” açılıb. Hesabat ilində “Qaynar xətt”ə 700-dən çox müraciət daxil olub. Bu müraciətlər müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından araşdırılıb.

Agentliyin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın işi gücləndirilib.

Bildirilib ki, müvafiq dövlət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2012-ci ildə müxtəlif seqmentlər üzrə 8-21% aşağı düşüb, xeyli sayda pirat CD, DVD, audio və videokasset nüsxələri satış şəbəkələrindən çıxarılıb.

Hesabat ilində “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” Qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkədə yeni mərhələ başlayıb. Belə ki, pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması üçün əsərlərin, fonoqramların, kompyuter proqramlarının və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq. 

2012-ci ildə müəlliflər və hüquq sahiblərinin müraciətləri üzrə 2 iddia ərizəsi tərtib edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 6 ekspert rəyi hazırlanıb, 500-dən artıq müəllif və digər hüquq sahiblərinə məsləhətlər verilib.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.