525.Az

Naxçıvanın fundamental tarixinin yazılmasının ikinci mərhələsi uğurla yekunlaşıb

"NAXÇIVAN TARİXİ"NİN İKİNCİ CİLDİNİN MƏZMUNU VƏ MAHİYYƏTİ BUNU DEMƏYƏ ƏSAS VERİR


[25.06.15]
Naxçıvanın fundamental tarixinin yazılmasının ikinci mərhələsi uğurla yekunlaşıb<b style="color:red"></b>

"Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz".

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu fikirləri bu gün tarixi tədqiqatlar aparan, gələcəyimizi qurmaq üçün keçmişimizə səyahət edən hər bir tarixçi, hər bir tədqiqatçı üçün istiqamətverici rol oynamalıdır. Çünki tarix təkcə nə zamansa yaşananların xronoloji ardıcıllıqla sıralanması deyil. Tarix bir elm olaraq iddia etməkdən daha çox sübut etməkdir. Tarix həm də dərsdir. Elə bir dərs ki, o sənin kim olduğunu, niyə olduğunu sənə anladır. Bu dərs isə o zaman faydalı olur ki, keçmişdə baş verənlər əfsanələr, uydurmalar və təxəyyül məhsulları əsasında deyil, reallıqlar, real tarixi faktlar və sənədlər əsasında yazılır, təhlil edilir və dünyaya təqdim olunur. Bu mənada Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixinin fundamental tədqiqi təkcə tarixi baxımdan deyil, həm də strateji və siyasi baxımdan əhəmiyyətlidir. Çünki sadəcə Azərbaycanın ayrılmaz tərkib hissəsi, böyük Vətən ilə quru yol əlaqəsi olmayan yavru vətən deyil Naxçıvan. Naxçıvan Yaxın Şərqin qədim mədəniyyət, Azərbaycanın isə dövlətçilik mərkəzlərindən biridir. Kimin gözündə bəşəriyyətin ilk anası, kiminin gözündə qeyrət qalasıdır Naxçıvan. Bəzilərinin baxışlarında "Nəqşi cahan"dır - "Dünyanın bəzəyi"dir, bəzilərinin düşüncəsində "Nuh çıxan" - Nuhun quruya ayaq basdığı torpaqdır Naxçıvan. Azərbaycanı sevən insanların dayaq nöqtəsi, Azərbaycan sözündəki "can" kəlməsidir, Naxçıvan.

Elə bu səbəbdəndir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın bu diyarının tarixinin öyrənilməsinə hər zaman xüsusi diqqət yetirmiş və bunu tarixi-strateji bir vəzifə olaraq müəyyənləşdirib. Xüsusilə, ümummilli liderin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra bu sahə diqqət mərkəzində saxlanılıb. XX əsrin 90-cı illərindən başlayaraq Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi tədqiqatlar aparılıb, keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində yeni və zəngin materiallar əldə edilib, beynəlxalq konfrans və simpoziumlar təşkil olunub, müzakirələr aparılıb. Bu dövr ərzində AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetində, o cümlədən, muxtar respublikanın digər elm və ali təhsil müəssisələrində aparılan çoxsaylı elmi tədqiqatlar xüsusilə qeyd edilməlidir. Bütün sadaladığımız faktorlar "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanmasını zərurətə çevirmiş və bunun üçün əsas yaratmışdır. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması və nəşr olunması barədə" 06 avqust 2012-ci il tarixli Sərəncamını uzun illər ərzində bu istiqamətə göstərilmiş dövlət qayğısının real nəticələrinin qiymətləndirilməsi mərhələsi kimi də dəyərləndirmək olar.

"Naxçıvan tarixi" çoxcildliyinin artıq ikinci cildini vərəqlədikcə əmin olursan ki, bütün bu illər ərzində çəkilən zəhmət heç də boşuna getməmişdir. Naxçıvanın elm məbədgahının - AMEA Naxçıvan Bölməsinin işığına toplanmış naxçıvanlı alimlərin "Naxçıvan tarixi" çoxcildiyini günümüzün reallığına çevirməsi üçün əsas stimul isə təkcə tarixə deyil, həm də tarixçilərimizə verilən dəyər olmuşdur.  

"Naxçıvan tarixi"nin bir neçə ay öncə nəfis tərtibatla nəşr olunmuş II cildi XVIII əsrin ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək olan ikiəsrlik bir dövrü əhatə edir. Bu dövr təkcə baş vermiş hadisələrin rəngarəngliliyi baxımından deyil, həm də formasiya dəyişikliklərinin reallaşması baxımından xüsusilə maraq doğurur.

5 dildə olmaqla çoxsaylı yeni mənbələr, arxiv sənədləri, tədqiqat əsərləri, dövri mətbuat materialları əsasında yazılmış ikinci cildin hazırlanmasında 12 müəllif iştirak etmişdir. Təkcə, onu qeyd etmək kifayətdir ki, kitabın yazılması zamanı 3 ölkənin müxtəlif arxivlərində saxlanılan 300-dən artıq arxiv sənədindən istifadə edilmişdir.

"Naxçıvan tarixi" çoxcildliyinin II cildinin I fəsli Azərbaycan tarixinin ən ziddiyyətli və keşməkeşli dövrlərindən birinə xanlıqlar dövrünə həsr olunmuşdur. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, Naxçıvan xanlığının tarixinə aid ciddi araşdırmaların müəllifi olan Musa Quliyev tərəfindən yazılan I fəsildə Naxçıvan xanlığının yaranması, siyasi tarixi, idarə sistemi, I Kalbalı xanın dövründə Naxçıvan xanlığının qüdrətinin zirvəsinə çatması, Naxçıvan xanlığının qonşu xanlıqlarla münasibətləri, əhalisinin tərkibi, sosial-iqtisadi həyatı, şəhərləri barədə müfəssəl məlumat verilmişdir. Bəhs olunan dövrdə maarifin və təhsilin, memarlıq və incəsənətin inkişaf səviyyəsi, eləcə də tariximizin daş yaddaşı - epiqrafik abidələrdə əks olunmuş faktlar işıqlandırılmışdır.

Fəsildə tarixi faktlar elmi nöqteyi-nəzərdən təhlil olunmuş, xanlıqlar dövrünə aid uzun illərdən bəri hansısa imperialist qüvvələrin maraqlarına uyğun olaraq təhrif olunmuş fikirlər ortadan qaldırılır. Öz ərazisi, qoşunu, dövlət rəmzləri - bayrağı və gerbi olan, bitkin idarəçilik mexanizminə malik Naxçıvan xanlığının tarixinin ən maraqlı məqamlarına aydınlıq gətirilir. Faktlar əsasında sübut olunur ki, Azərbaycan ərazisinin xanlıqlara bölündüyü, xarici müdaxilələrin kəskin hal aldığı dövrdə Naxçıvan xanlığının bütün tarixi və taleyi Azərbaycanla bağlı olmuşdur. Özündə Atabəylər dövlətinin tarixi varisliyi prinsiplərini əks edirən Naxçıvan xanlığını idarə edən qəhrəman Kəngərlilər nəsli bu torpaqların əzəli sakinləri kimi misilsiz qəhrəmanlıqlar göstərmişlər.

Fəslinin ikinci bölümündə Naxçıvan xanlığının siyasi tarixi və idarə sistemindən bəhs edilmiş, çoxsaylı tədqiqatçıların fikirlərinə və bu istiqamətdəki tədqiqatlara münasibət ifadə edilmiş, xanlıq dövründə Naxçıvanın tarixi coğrafiyası ilə bağlı bəzi məsələlərin müfəssəl izahı verilmiş, Naxçıvan xanlığının və Kəngərli nəslinin bayraqları və bayraqlar üzərindəki simvolların mənalarından bəhs edilmişdir.

Tarixşünaslığımızda ən çox maraq doğuran məsələlərdən biri Naxçıvan xanlığında ordu quruculuğu ilə bağlıdır. Kəngərli süvarilərinin bütün orta əsrlər dövründə şərq ölkələrində məşhur olduğunun qeyd olunduğu kitabda, rus diplomatı V.N.Qriqoryevin Naxçıvan xanlığının daimi qoşunlarının olmaması ilə bağlı yazdığı fikirlərin həqiqətə uyğun olmadığını faktiki mənbələr əsasında sübut edilmişdir. Göstərilmişdir ki, Naxçıvan xanlığında nəinki hazırlıqlı daimi qoşun mövcud olmuş, hətta Naxçıvan xanlığında atlı dəstənin - Kəngərli süvarilərinin vahid forma və xüsusi geyimləri də olmuşdur. Bu barədə kitabda yazılır: " Naxçıvan xanlığında atlı dəstənin - Kəngərli süvarilərinin vahid forma və xüsusi geyimləri olmuşdur. Hətta atlarının başlarına bağladıqları kaporlar - qırmızı parçalar onları digər döyüşçülərdən fərqləndirirdi". Burada diqqətçəkən bir məqam da islamın qatı müdafiəçiləri rolunda çıxış edən, Səfəvilərdən sonra hakimiyyət başına gələn Əfşar və Qacarların hakimiyyətini qəbul etmək istəməyən Kəngərli soyundan olan Naxçıvan xanlarının qızılbaşlıqla əlaqələrinin müəyyənləşdirilməsinə imkan verən faktların olmasıdır. Bu mənada qeyd edildiyi kimi uzun müddət Səfəvi dövlətinin xidmətində olmuş "Naxçıvan səvariləri" adı ilə məşhur olan Kəngərlilərin Səfəvi-Qızılbaş fəlsəfəsinin daşıyıcıları kimi öyrənilməsi də gələcəkdə tədqiqatçıların qarşısında duran məsələlərdəndir.

"Naxçıvan xanlığı I Kalbalı xanın dövründə" adlanan bölümdə Naxçıvan xanlarının, xüsusilə I Kalbalı xanın məharətli diplomatiyasının təsvirindən çıxan nəticə budur: Vətənin azadlığı və milli mənafe uğrunda aparılan diplomatik mübarizədə daimi dostlar və daimi düşmənlər deyil, daimi mənafelər olur. Burada Naxçıvan xanlarının mövcud geosiyasi reallıqları dəyərləndirərək Rusiya ilə müttəfiqlik əlaqələri yaratması bu konteksdən izah edir. Qeyd edilir ki, Naxçıvan xanlarının Rusiya imperatoru qarşısındakı bu böyük nüfuzu məhz sonrakı dövrlərdə daha böyük bəlaların qarşısının alınmasında xüsusi rol oynamışdır. I Kalbalı xanın İrəvan xanlığının qorunması və idarə edilməsindəki xidmətlərinə dair yeni-yeni maraqlı məlumatlar verilmişdir.

"Naxçıvanın Rusiya tərəfindən işğalı" adlanan II fəsildə Azərbaycan xanlıqları içərisində müstəqilliyini sonuncu olaraq itirən İrəvan və Naxçıvan xanlıqlarının işğalı prosesi müfəssəl olaraq işıqlandırılmışdır. AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev tərəfindən yazılan bu fəsildə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Naxçıvanda ictimai-siyasi vəziyyət təsvir edilmiş, I Rusiya-İran müharibəsinin Naxçıvanın tarixi müqəddəratına təsiri barədə məlumat verilmişdir. II Rusiya-İran müharibəsi, Naxçıvanın Rusiya qoşunları tərəfindən işğalı prosesi, Türkmənçay müqaviləsinin Naxçıvana aid hissələri bu fəsildə geniş təhlil olunmuşdur. Ermənilərin Naxçıvan ərazilərinə köçürülməsi və bunun nəticələri ilə bağlı ciddi tarixi mənbələrdə əksini tapmış statistik faktlar nəinki, Azərbaycan tarixi üçün ümumilikdə bütün Qafqazın tarixi üçün əhəmiyyətlidir. Doğru olaraq qeyd olunur ki, bugünki əsassız erməni iddiaları o dövrdə çar Rusiyasının məqsədyönlü siyasəti nəticəsində reallaşan süni etnodemoqrafik proseslərin nəticəsidir. İşğaldan sonrakı dövrdə diyarın inzibati idarə sistemində edilən dəyişikliklərdən bəhs edən bölüm bu fəslin ən çox maraq doğuran hissələrindən biridir.

"Naxçıvan tarixi"nin ikinci cildinin üçüncü fəsli Naxçıvanın XIX əsr tarixinə həsr olunub. Akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Zəhmət Şahverdiyev və tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov fəslin müxtəlif bölmələrini qələmə almışlar. Bu fəsildə ilhaqdan sonra Naxçıvan bölgəsində sosial-siyasi vəziyyət, bölgənin təsərrüfat həyatı, reallaşdırılan aqrar islahatlardan bəhs olunur. Naxçıvanda kapitalist münasibətlərinin meydana çıxması prosesi analiz edilir. Çarizmin siyasətinə qarşı mübarizələrin və kəndli çıxışlarının mahiyyəti milli tarixşünaslığımız nöqteyi-nəzərindən təhlil olunur Bu dövrdə bölgədə elm, təhsil, ədəbiyyat, teatr, epiqrafik abidələr, memarlq və incəsənətin inkişafı barədə məlumat verilir. Naxçıvanda ilk qəza məktəbinin, ilk dünyəvi məktəblərin açılması, ilk teatr tamaşaları, elmin müxtəlif sahələrinə aid əsərlərin yazılmasının Naxçıvanın gələcək inkişafı üçün mütərəqqi addımlar olduğu qeyd olunur.

XX əsrin əvvəlləri Azərbaycanda siyasi müstəqillik ideyalarının yenidən yüksəlməsi, beynəlxalq hərbi-siyasi proseslərin inkişafının bu ideyaların reallığa çevrilməsi üçün qısamüddətli də olsa zəmin yaratması dövrü kimi xarakterizə olunur. XX əsrin əvvəlləri həm də ermənilər tərəfindən Azərbaycanlılara qarşı tarixdə misli görünməmiş qanlı cinayətlər - soyqırım dövrü kimi tariximizə həkk olunmuşdur. Bəhs olunan dövrdə Naxçıvan milli siyasi oyanışın mərkəzlərindən biri olmuşdur Soyqırımların daha qanlı xarakter daşıdığı Naxçıvan tarixin ən ağır sınaqlarına sinə gərmişdir. II cildin IV fəsli də məhz XX əsrin əvvəllərində baş vermiş proseslərə həsr olunmuşdur AMEA-nın həqiqi üzvləri İsmayıl Hacıyev, İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, tarix üzrə fəlsəfə doktorları Elman Cəfərli, Emin Şıxəliyev, Elçin Zamanov, İbrahim Kazımbəyli Vaqif Məmmədov tərəfindən yazılan IV fəsil XX əsrin əvvəllərində bölgədəki sosial-siyasi vəziyyətin təhlili ilə başlayır. 1905-1907-ci illərdə ermənilərin Naxçıvan əhalisinə qarşı törətdikləri soyqırımların tarixinə ayrıca bölmədə toxunulmuşdur. I Dünya müharibəsi illərində Naxçıvandakı mövcud durum, Araz-Türk Cümhuriyyətinin yaradılması, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsi ilə əlaqələri geniş təhlil edilmişdir. Uzun müddət tarixşünaslıqda geniş müzakirə mövzusu olmuş bəzi tarixi məsələlərlə bağlı məhz bu fəsildə bitkin fikir irəli sürülmüşdür. Məsələn əsaslı faktlarla sübut edilmişdir ki, Araz Cümhuriyyətinin yaradılması Qəmərlidə nəzərdə tutulsa da erməni nizami hissələrinin hücumu ilə əlaqədar bu, Naxçıvanda baş tutmuş və Cümhuriyyətin mərkəzi məhz Naxçıvan şəhəri olmuşdur. Eyni zamanda akademik İsmayıl Hacıyev tərəfindən Araz Türk Cümhuriyyəti ilə Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti arasındakı münasibətlər və qarşılıqlı əlaqələr aydın fərqlənən cizgilərlə təsvir edilmişdir.

Bəhs olunan dövrdə xarici dövlətlərin Naxçıvanla bağlı siyasətləri məsələsinə də bu fəsildə geniş yer verilmiş, bölgədə etnodemoqrafik proseslərin mahiyyəti açıqlanmışdır. XX əsrin əvvəllərində Naxçıvanda demokratik hərəkat və çarizmin buna qarşı mübarizəsi çoxsaylı arxiv sənədlərində əksini tapmış faktlar əsasında təhlil edilmişdir. Ermənilərin 1918-1920-ci illərdə Naxçıvanda törətdikləri soyqırımlar, Naxçıvanda "Qırmızı tabor"un fəaliyyəti ilə bağlı bölümlər yeni-yeni faktlarla zəngindir və burada bir sıra məsələlərə ilk dəfə olaraq toxunulmuşdur.

II cildin sonuncu - V fəsli "Naxçıvan XX əsrin 20-30-cu illərində" adlanır. AMEA-nın həqiqi üzvləri İsmayıl Hacıyev, İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, tarix üzrə fəlsəfə doktorları Elman Cəfərli, Nadir Hüseynbəyli və Vaqif Məmmədov tərəfindən yazılan V fəsil Naxçıvanda Sovet hakimiyyətinin qurulmasının təsviri ilə başlayır. Sovet hakimiyyətinin ilk illərində sosial-siyasi vəziyyət real tarixi faktların qarşılaşdırılması əsasında analiz edilir.

Fəslin "Naxçıvanın muxtariyyət statusu" adlanan bölümündə doğru olaraq qeyd edilir ki, Naxçıvanın muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci illərdə cərəyan edən ictimai-siyasi hadisələrdən doğan obyektiv zərurətin nəticəsi olmuşdur. Bu dövrdə əldə olunmuş tarixi dövlətçilik nailiyyətlərinin əsas müəllifi hansısa xarici qüvvələr deyil, yerli əhali olmuşdur. İmzalanan iki beynəlxalq müqavilə isə (Moskva və Qars müqavilələri) əldə olunan nailiyyətlərin beynəlxalq hüquqi təminatını təşkil etmişdir. Göstərilir ki, Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli və inadlı mübarizəsi ermənilərin Naxçıvan barəsindəki planlarını pozmuşdur. Bu fəsidə Naxçıvan MSSR-in yaranması zərurəti və Naxçıvanın Azərbaycanın ayrımaz tərkib hissəsi kimi qorunub saxlanılması uğrunda vətənpərvər dövlət xadimlərimizin, dipomatlarımızın fəaliyyəti geniş təhlil edilmişdir. Naxçıvanda sənayenin vəziyyəti, kollektivləşdirmə tədbirləri, sovet hakimiyyətinə qarşı üsyanlarla bağlı maraqlı məlumatların əks olunduğu fəsildə Naxçıvan MSSR-in 1926 və 1937-ci il konstitusiyalarının tarixi və hüquqi mahiyyətindən də bəhs olunur.

XX əsrin 30-cu illərinin sonunda baş vermiş repressiyalar Naxçıvandan və naxçıvanlı ziyalılardan da yan keçməmişdir. Fəslin daxilində bu mövzuya ayrıca bölüm ayrılmış və Azərbaycanın siyasi fikir və dövlətçilik mərkəzlərindən biri sayılan Naxçıvanda milli ruhlu ziyalıların fiziki məhvinə yönəlmiş repressiv hərəkətlərin əsas icraçılarının əsasən ermənilərdən ibarət olduğu sübut edilmişdir.

Bu dövrdə elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı və yeni mahiyyəti ilə bağlı da ayrı-ayrı bölmələrdə təhlillər aparılmışdır.

"Naxçıvan tarixi" çoxcildiyində təqdim olunan tarixi-siyasi xronologiya, cədvəllər, xəritələr, müxtəlif tarixi şəxsiyyətlərimizə, döyüşlərə aid fotoşəkillərin hər biri müəyyən olunmuş xronoloji çərçivədə Naxçıvan tarixində baş vermiş proseslərin mahiyyətinin daha yaxşı açılmasına xidmət etmişdir.

Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Naxçıvanın fundamental tarixinin yazılmasının ikinci mərhələsi uğurla yekunlaşıb.

Elnur KƏLBİZADƏ
AMEA Naxçıvan Bölməsinin doktorantı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.