525.Az

Quba hadisələrinə görə saxlanan şəxslərdən daha yeddisinin cinayət işinin istintaqı yekunlaşıb

[27.08.12]
Quba hadisələrinə görə saxlanan şəxslərdən daha yeddisinin cinayət işinin istintaqı yekunlaşıb

Bu barədə APA-ya Quba hadisələrinə görə saxlanılan Akif Əliyevin vəkili Əsabəli Mustafayev məlumat verib.

Ə. Mustafayev Bakı İstintaq Təcridxanasında saxlanılan A. Əliyevlə görüşdüyün bildirib: “Orada olarkən məlum oldu ki, Quba hadisələrinə görə saxlanılan şəxslər barəsində olan ittiham ağırlaşdırılıb. Onlara Cinayət Məcəlləsinin 233-cü (kütləvi iğtişaşlara səbəb olan hərəkətləri törətmə və onlarda iştirak etmə) maddəsindən əlavə 186.2.1, 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), həmçinin 315.2-ci (idarəetmə əleyhinə olan cinayətlər) maddələri ilə ittiham irəli sürülüb. Buna səbəb isə hadisələr zamanı iyirmiyə yaxın polis əməkdaşının xəsarət alması səbəb olub. Ekspertizanın rəyi ilə də tanış oldum. Rəydə bu məsələlər əksini tapıb”.

Ə. Mustafayev A. Əliyev də daxil olmaqla 7 nəfərin barəsində olan cinayət işinin istintaqının yekunlaşdığını da bildirib: “Sabah cinayət işinin materialları ilə tanış olacağıq. Sonra isə iş baxılması üçün məhkəməyə göndəriləcək ”.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılıb, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilib.

Hadisədən dərhal sonra faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.

Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. Onlardan yalnız ictimai qaydanın kobud sürətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak edən bir qrup şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən barələrində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Quba hadisələrinə görə saxlanmış daha 8 nəfərin məhkəməsi Quba Rayon Məhkəməsində keçirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.