525.Az

"Azərbaycan qazın Avropaya nəqlinə alternativ görmür"

[29.11.12]
"Azərbaycan qazın Avropaya nəqlinə alternativ görmür"<b style="color:red"></b>

Azərbaycan «Şahdəniz» yatağından çıxarılan əsas qazın Avropaya nəqlinə alternativ görmür.

«APA-Economics»in «Reuters»ə istinadən məlumatına görə, bu barədə Almaniyada keçirilən konfransda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qaz ixrac İdarəsinin rəisi Kamal Abbasov bildirib. Onun sözlərinə  görə, nüvə enerjisinə qoyulan məhdudiyyətlərlə bağlı olaraq qarşıdakı illərdə Avropada qaza tələbatın artması gözlənilir.
 
Qeyd edək ki, iyunda Azərbaycanla Türkiyə arasında TransAnadolu qaz kəməri (TANAP) layihəsinin reallaşması barədə hökumətlərarası müqavilə imzalanıb. Amma K.Abbasov bildirib ki, Azərbaycan öz qazını təkcə Türkiyəyə nəql etməklə kifayətlənməyəcək: «Türkiyə bazarı kommersiya baxımından bizi qane edir, amma bizim məqsədimiz Avropadır. TANAP yalnız Avropaya yönəlmiş ikinci qaz kəməri ilə birlikdə tikiləcək»
 
Qeyd edək ki, «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsinə hazırlaşan konsorsium 2013-cü ilin ortalarınadək qazın Avropaya nəqli ilə bağlı iki marşrutdan birini seçəcək. Konsorsium Avstriyayadək qaz kəməri tikintisini nəzərdə tutan «Nabucco West» və İtaliyaya istiqamətlənən Transadriatik boru kəməri (TAP) layihələri arasında seçim etməlidir.
 
K.Abbasov bildirib ki, seçim qazın kəmərlə daşınması tərifləri, qazın mühüm bazarlara çıxarılması imkanları və texniki detallardan asılı olacaq. ARDNŞ nümayəndəsi təsdiqləyib ki, artıq 2018-ci ildə Azərbaycan «Şahdəniz» yatağından hər il 16 mlrd. kubmetr qaz ixrac edə biləcək. Bunun 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyəyə ixrac olunacaq. Avrozonadakı böhran nəticəsində Avropada təbii qaza olan tələbatın azalmasına baxmayaraq K.Abbasov gələcəkdə qaza tələbatın artacağı ilə bağlı Avropa Komissiyasının proqnozları ilə razı olduğunu bildirib: «Avropa atom elektrik stansiyalarını bağlayacaq, bu da qaza tələbatı artıracaq».
 
Xatırladaq ki, Avropanın ən böyük elektrik enerjisi bazarı sayılan Almaniyadakı sonuncu nüvə reaktoru 2022-ci ildə bağlanacaq. Enerji siyasətindəki belə kəskin dəyişiklik ötən il Yaponiyanın Fukusima AES-ində baş verən qəza ilə bağlıdır.
 
Fransanın «GDF Suez» şirkəti 2015-2030-cu illərdə Avropada qaza olan tələbatın sabit şəkildə artacağını proqnozlaşdırır. Amma Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, bu onilliyin sonunda Avropanın qaza olan tələbatı yalnız 2010-cu il səviyyəsinə qalxacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.