525.Az

Aydan Şener: “Həyatımda Fəridənin Kamranı sevdiyi qədər heç kimi sevmədim”

[27.08.12]
Aydan Şener: “Həyatımda Fəridənin Kamranı sevdiyi qədər heç kimi sevmədim”

Türkiyənin sevilən aktrisası, yaddaşlarda “Çalıquşu” serialındakı Fəridə kimi qalan Aydan Şener Azərbaycandadır. Aktrisa Azərbaycana reklam çəkilişləri üçün gəlib. A. Şenerin APA-ya müsahibəsini təqdim edirik.

- Azərbaycan haqqında təəssüratınız necədir?

- Romantik və həqiqətən də nağıl kimi bir ölkəniz var. Azərbaycana ikinci gəlişimdir, bundan əvvəl bir dəfə buraya gəlmişdim. İlk səfərim qısamüddətli olduğu üçün gəzə bilməmişdim. Amma bu dəfə artıq qardaş ölkəni həqiqətən də kəşf edirəm.

- Azərbaycandan qayıdandan sonra buranı necə xatırlayacaqsınız?

- Bakının işıqlarını və çox gözəl şəhər olaraq xatırlayacağam. Hər kəsə də Bakının həqiqətən gözəl şəhər olduğunu deyəcəyəm. Bura son illər daha da gözəlləşib. Ən çox sevdiyim Bakı gecələridir. İşıqlar yanarkən şəhər o qədər gözəl görünür ki, bunu xatırlamamaq mümkünsüzdür. Eyni zamanda Azərbaycan gözəl insanları ilə xatirimdə qalacaq. Azərbaycan xalqını o qədər çox sevirəm ki... Biz qardaş ölkələrik, çox yaxınıq, mədəniyyətimiz, dilimiz də çox yaxındır. Burada məni çox gözəl qarşıladılar, böyük bir sevgi ilə bağırlarına basdılar. Bütün bunları daima xatırlayacağam və heç bir zaman unutmayacağam.

- Bakıda çəkildiyiniz reklam çarxı bir estetik mərkəzlə bağlıdır. Siz heç plastik əməliyyat olundunuzmu?

- Olunmadım və hələ ki elə bir fikrim yoxdur. Fikrimcə mənim hələ plastik əməliyyata ehtiyacım yoxdur. Amma burada reklamına çəkildiyim kosmetik vasitələrin məhsullarından istifadə etdim və çox bəyəndim. Reklama çəkilməmişdən əvvəl bu mərkəzə gətirilən xüsusi avadanlıqları da sınaqdan keçirdim və xoşuma gəldi. Bir neçə gündən sonra gedib, bunları bir daha sınaqdan keçirəcəyəm.

- “Çalıquşu” serialı bu gün də sevilərək izlənilən bir serialdır. Çox qəribədir ki, bu serialdan sonra Sizin bir çox serial və filmləriniz oldu, amma yenə də Fəridə obrazı həmişə daha çox sevilir. Görünür, bu serial yaradıcılığınızın ana xəttini təşkil edir...

- Bu serialı öz yaradıcılığımda dönüş nöqtəsi hesab edirəm. “Çalıquşu”na çəkilərkən 21 yaşında gənc bir qız idim. Bu serial tək Türkiyədə deyil, bütün türk dövlətlərində və Rusiyada mənə çox böyük şöhrət gətirdi və tanınmama səbəb oldu. Sözsüz, bu dönəm sənət həyatımda bəlkə də ən önəmli dönüm nöqtəsidir.

- Çoxsaylı insanların yaddaşında yalnız bir obraz – Fəridə kimi qalmanız sizi qıcıqlandırmır ki?

- Qətiyyən, heç bir narahatçılıq keçirmədim və keçirmirəm. Fəridə özümün də çox sevdiyim bir roldur, çox böyük bir əsərdir. Əksinə qürur duyuram. “Çalıquşu”ndan sonra Türkiyədə bir çox önəmli filmlərim və seriallarım, reytinq rekordları qıran işlərim oldu. Amma “Çalıquşu”nun yeri mənimlə bərabər hər kəs də hər zaman ayrı oldu. Bu haldan çox xoşbəxt oluram.

- Siz həyatınızda Fəridənin Kamranı sevdiyi qədər kimisə sevdinizmi?

- Xeyr sevmədim... Fəridənin Kamranı sevdiyi qədər heç kimi sevmədim. Fəridəylə oxşar xüsusiyyətlərimiz çoxdur, amma onun sevgisi mənimkindən daha böyük və dərindir. Mən bir az daha tez unutmağı bacarıram.

- Bir dəfə ailəli olub, bir neçə ildən sonra ayrılmısınız. Bundan sonra isə heç evlənməmisiniz. Niyə yenidən bu addımı atmadınız?

- Bəli, 8 il evlilikdən sonra ayrıldım. Bu evlilikdən bir qızım var. Ondan sonra evlilik barədə düşünmədim, istəmədim. Bir az da azadlığıma düşkün bir insanam və özümü sərbəst daha yaxşı hiss edirəm. Bu ərəfələrdə də belə bir şey heç düşünmürəm. Hazırda ürəyimdə də, həyatımda da heç kim yoxdur. Ən son il yarım əvvəl altı il bərabər olduğum bir insanla münasibətləri bitirdim. Onunla ayrıldıq və belə də çox yaxşıyam. Azadlığın, sərbəstliyin dadını çıxarıram və çox xoşbəxtəm. Qızımla bərabər yaşayıram.

- Belə anlaşılır ki, həyatınızda iki dəfə ayrılığa məhkum olmusunuz. Bu ayrılıqların səbəbi nə olub? Bəlkə Siz daima özünüzə diqqət gözləmisiniz, amma əks tərəfə diqqət göstərməyə zamanınız olmayıb?

- Sözsüz, diqqət göstərirəm və zaman ayırıram, amma bunlar yerinə və kimliyinə, hadisələrin gedişatına görədir. Bir yerə qədər fədakarlığı bacarıram və güzəştə getmək tərəfim də var. Əgər qarşı tərəfdən heç bir fədakarlıq görə bilmirəmsə, o zaman mən də bunu etmirəm, sözsüz həmin insanla münasibətlərə son qoyuram. Bu cür münasibət də sürəkli əks tərəfdən nələrisə gözləmək və yalnız onun fədakar olması mümkünsüzdür. Əlbəttə ki, özümü çox sevirəm. İnsan özünə nə qədər çox dəyər verirsə, qarşınızdakı insanlar da o insanı elə yüksək dəyərləndirir. Özünü dəyərsiz görərsən qarşındakı səni dəyərsiz biri hesab edər. Onun üçün ilk öncə özümüzü çox sevməmiz lazımdır. Həyat çox qısadır, çox kədərlənməyə, acılar çəkməyə gərək olmadığını düşünürəm. Yəni, münasibətlər artıq bir yerə dirəndisə, bitdisə, daha pis yerlərə gedirsə, bitirməyi bacarmaq lazımdır. Amma sevdiyim hər kəs üçün fədakarlıq etməyi bacarıram.

- Dediniz azadlığı sevirsiniz. Sözsüz, bu sənətdə çalışan biri üçün azadlıq və sərbəstlik önəmlidir...

- Vaxtımın çox hissəsini evdə keçirməyi xoşlayıram. Ev həyatını, evdə zaman keçirməyi sevirəm. Ev heyvanları da saxlayıram, 8 ev heyvanım – 4 pişiyim, 4 itim var. Onlara, bağçama zaman ayırıram. Qızımla alış-verişlərə, filmlərin nümayişinə gedirik, dostlarımla gəzirik, mətbuat nümayəndələri ilə görüşürəm. Axşamlar boğazda balıq yeməyi çox sevirəm. Həftədə bir neçə gün mütləq balıq yeyirəm.

- Aydan xanım, belə bir deyim var-insan daxilən özünü yalqız hiss etdikdə ev heyvanı saxlamağa meyl edir. Sizin ev heyvanlarına marağınızın bu deyimlə bir əlaqəsi varmı?

- Doğrudur, belə bir deyim var, amma mənim ev heyvanı saxlamağım bununla əlaqədar deyil, bu sevdiyim bir işdir. Heyvansız bir ev düşünə bilmirəm, özümü onlarsız təsəvvür etmirəm. Uşaqlıqdan bunu edirəm və bu ürəkdən gələn bir hissdir. Yəni yalqızlıqla bir əlaqəsi yoxdur. Onlarla bir yerdə yaşamağı sevirəm və düşünürəm ki, heyvanlar bəzən insanlardan daha yaxşı dostdurlar...

- Siz Türkiyə gözəli seçildiniz, sonra modelliyə üz tutdunuz və sonra aktrisalıq. Hansı dönəm Sizin üçün daha önəmlidir?

- Sözsüz, bunlar hamısı mənim həyatımdır. Amma aktrisa olmasaydım özümü natamam hiss edərdim. Bu mənim çox sevərək və zövq alaraq gördüyüm bir işdir. Artıq son illər edilən hər təklifi qəbul etmirəm, çox götür-qoy edirəm. Əgər çox yaxşı bir şey olarsa, onun üzərində düşünürəm. Son illər yalnız canımın istədiyi işləri edirəm.

- Bəs Azərbaycanda necə, filmə çəkilərdinizmi?

- Azərbaycandan film təklifi gələrsə, bu barədə düşünərəm. Zənnimcə, Azərbaycanda filmə çəkilməyə razılıq verərəm və bu işi məmnuniyyətlə görərəm. Azərbaycan aktyorları ilə hələ ki tanış deyiləm.

- Gələn il 50 yaşınızı qeyd edəcəksiniz. İllərdir dəyişilmədən qalmağınızın səbəbi nədir?

- Bütün xanımlar özlərinə baxmalıdırlar. Özümü heç də 50 yaşında hiss etmirəm. Dediyim kimi, insan, xüsusən qadın özünə dəyər verməli və özünü sevməlidir. Özünə zaman ayıran qadının yaşının üstünə yaş gəldiyini nəinki ətrafdakılar, heç özü də hiss etmir. Bütün qadınlara daima gözəl olmalarını diləyirəm!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.