525.Az

NATO Əfqanıstandakı hərbi heyətini Azərbaycan ərazisi vasitəsilə çıxarmaq istəyir

[05.11.12]
NATO Əfqanıstandakı hərbi heyətini Azərbaycan ərazisi vasitəsilə çıxarmaq istəyir<b style="color:red"></b>

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-nun mənzil qərargahına səfər ediblər.

XİN mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, səfərin məqsədini Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin (ISAF) iştirakçı dövlətlərinə 2014-cü ildə İSAF əməliyyatının başa çatması ilə əlaqədar Əfqanıstandan geriyə çıxarılacaq hərbi heyət, sursat və avadanlıqların Azərbaycan, Gürcüstan və Türkiyənin üzərindən tranzit daşınma imkanlarına dair məlumatın verilməsi təşkil edib.

Türkiyə və Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə birgə edilmiş təqdimatda Azərbaycan, Gürcüstan və Türkiyənin quru, hava və dəniz tranzit yolları, mövcud və inşa edilən nəqliyyat şəbəkəsi (Bakı-Tiflis-Qars dəmir yolu və s.), infrastruktur (beynəlxalq hava və dəniz limanları, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt)) və imkanlara dair müfəssəl məlumat verilib və müvafiq bölgələrin gələcək iqtisadi inkişafını nəzərdə tutan, həmçinin siyasi, təhlükəsizlik və maliyyə nöqteyi-nəzərdən etibarlı və sərfəli tranzit xəttini təşkil edən müvafiq yolun təmin edilməsində hər üç ölkənin birgə öhdəlik götürdüyü qeyd olunub.

Geriyə daşınmanın İSAF ölkələri üçün olduqca aktual və önəmli olmasını nəzərə alaraq, sözügedən təqdimat NATO üzvləri və İSAF tərəfdaşları tərəfindən böyük maraqla qarşılanıb və təklif olunan tranzit imkanları yüksək dəyərləndirilib.

Xarici işlər nazirinin müavini Araz Əzimovun NATO-nun mənzil qərargahına səfəri çərçivəsində onun NATO-nun bır sıra yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlıq məsələləri, regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.