525.Az

“Morninqstarın Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb”

[23.05.14]
“Morninqstarın Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb”<b style="color:red"></b>  “Heç kim unutmamalıdır ki, Konstitusiyaya əsasən ölkənin müstəqilliyinin qarantı Azərbaycan prezidenti İlham Əliyevdir. Heç bir xarici qüvvə müstəqilliyimizin təminatçısı qismində çıxış etməyib, etmir və etməyəcək”.
 
APA-nın xəbərinə görə, bunu “Azərtac” Dövlət Agentliyinə müsahibəsində Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev deyib.  
 
R. Mehdiyev səfiri Azərbaycana görə narahat olmamağa çağırıb: “Qoy, Morninqstar bizə görə narahat olmasın. Azərbaycanın inkişafının hazırkı səviyyəsi, iqtisadiyyatın artımı və dövlətçilik institutlarının möhkəmləndirilməsi bizə xalqın dəstəyinə arxalanaraq ölkənin müstəqilliyini qorumağa imkan verir. Ölkələrin müstəqilliklərinə həmişə dünyanı təkbaşına idarə edənlərdən təhlükə gəlib. Bu gün isə vəziyyət fərqlidir”.
 
PA rəhbəri deyib ki, diplomatların vəzifəsi qapıları açmaqdır, gedərkən onları çırpmaq deyil: “Bunu hər kəs edə bilər, lakin əgər üzərinizə diplomat missiyası qoyulubsa, zəhmət çəkin onu məsuliyyət və halallıqla icra edin. Regiondan getməklə və digər təxribatçı fikirlərlə Azərbaycanı şantaj etməyə ehtiyac yoxdur. Şantaj və təhdid dili ilə etibar qazanmaq mümkün deyil. Münasibətləri bərabərhüquqlu əsasda qurmaq və dövlət müstəqilliyini boğmaq siyasətinə ümid etməmək daha yaxşı deyilmi?”  
 
R. Mehdiyev səfir Morninqstarın Azərbaycan prezidenti İlham Əliyevi 19 ildir tanıdığı barədə fikirlərini də xatırladıb: “Görünür, bu müddət ərzində səfir bir həqiqəti dərk etməyib ki, Azərbaycanın lideri yüksək ton, təhdid və şantajı qəbul etmir. Əks halda, səfir Azərbaycandakı vəziyyətlə bağlı qeyri-korrekt fikirləri səsləndirməyi özünə rəva bilməzdi. Biz yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırıq, dövlətlərarası münasibətlərin digər formaları bizim üçün qəbulolunmazdır. Mən şübhə etmirəm ki, Vaşinqtonda Azərbaycanla bağlı siyasəti Azərbaycanı tərk etməyin onlara hansı geosiyasi əvəz ödəməyin lazım olduğunu yaxşı dərk edən sağlam düşüncəli və təcrübəli siyasətçilər müəyyənləşdirir. Bunu Avropa Birliyi ölkələrində də yaxşı anlayırlar. Beynəlxalq məsələlərin hazırkı durumunu nəzərə alsaq, ABŞ səfirinin mövqeyi olduqca qeyri-ciddi səslənir”.
 
R. Mehdiyev münasibətlərin gələcəyi ilə bağlı da fikirlərini bölüşüb: ”Düşünmürəm ki, ABŞ çox danışan səfirin məsuliyyətsiz bəyanatlarına görə, Avropanın enerji təhlükəsizliyinin bağlı olduğu Azərbaycanla münasibətləri korlayacaq. Razılaşın ki, ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna imkan verməyəcək. Morninqstara gəldikdə isə, mənim fikrimcə, onun Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb”.
 
PA rəhbəri bildirib ki, Azərbaycanın xarici siyasəti ətraf ölkələrlə sülh və qonşuluq münasibətlərinə əsaslanır: “Biz onların daxili işlərinə qarışmırıq və özümüzə qarşı da eyni münasibəti tələb edirik. Rusiyaya gəldikdə isə bu ölkə bizim yaxın qonşumuzdur və onunla münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman xüsusi vektor olub. Ölkələrimiz arasında qarşılıqlı anlaşma var və Dağlıq Qarabağ problemi istisna olmaqla, hər hansı həll olunmamış məsələ yoxdur. Yaranan problemlər yalnız danışıqlar və bərabərhüquqlu dialoq yolu ilə həll olunur. Hazırda Rusiya ilə Azərbaycan arasında hansısa gərginliyin olmasını düşünmək obyektivlikdən uzaq olardı. Halbuki istər ölkə daxilində, istərsə də xaricdə müəyyən qüvvələr tərəfindən Azərbaycanla Rusiya arasındakı münasibətləri dəfələrlə korlamaq cəhdləri olub. Lakin iki ölkə rəhbərlərinin müdrikliyi və qarşılıqlı etibarı hesabına bu cür təxribatlar uğursuzluqla nəticələnib”.
 
R. Mehdiyev deyib ki, səfir Morninqstar Azərbaycanın cənubda İranla, şimalda isə Rusiya ilə qonşuluğunun ölkəmizə təhlükə yaratdığını qeyd edib: “ Amma nədənsə o, Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükəni unudub. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükə olmaqla yanaşı regionda barıt çəlləyi rolunda çıxış edir. ABŞ-ı bu narahat etməlidir, qonşumuzun kim olması yox. Erməni qəsbkarları torpaqlarımızdan çəkilməyincə, regionda hərbi münaqişənin başlanma təhlükəsi qaçılmazdır”.  
 
PA rəhbəri səfirə bəzi suallar da ünvanlayıb: “Əgər ABŞ doğrudan da özünü müstəqilliyin təminatıçısı hesab edir və bizi düşünürsə, nəyə görə bu vaxtadək 907-ci düzəlişi ləğv etməyib? Doğrudur, Vaşinqton onu müvəqqəti dayandırıb, lakin amerikalılar səmimi olaraq ikitərəfli münasibətlərin inkişafında maraqlıdırsa, niyə bu düzəlişi birdəfəlik ləğv etmirlər? Yaxud da niyə ABŞ işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması üçün Ermənistana təsir etmir? Axı elə hallar olub ki, ABŞ maraqları tələb etdiyi halda dərhal praktiki addımlar atmağa başlayıb. Məsələn, Liviyada.  ABŞ və NATO BMT TŞ-nin sənədinin mürəkkəbi qurumamış suveren dövlətə qarşı hərbi əməliyyata başladı. Bir saat içində müvafiq qərar qəbul edildi və operativ şəkildə icra olundu. Yaxud da İraq və keçmiş Yuqoslaviyanı yada salaq. Orada ABŞ BMT TŞ-nin qərarlarını gözləmədən güc tətbiq etdi. Bəs onda nəyə görə ABŞ Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüququn pozulmasın bu qədər laqeyddir? Düşünürəm ki, ABŞ səfiri ilk növbədə Azərbaycan ictimaiyyətinə məhz bu məsələləri izah etməli idi. O məsələlər ki, həm də onun ölkəsinin günahı ucbatından artıq 20 ildir öz həllini tapmır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.