525.Az

"Türkiyənin ermənilərə başsağlığı verməsi zəiflik kimi qiymətləndirilməməlidir"

[25.04.14]
"Türkiyənin ermənilərə başsağlığı verməsi zəiflik kimi qiymətləndirilməməlidir"<b style="color:red"></b> Türkiyənin 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin ünvanına başsağlığı verməsi zəiflik kimi qiymətləndirilməməlidir. Bunu xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin NTV telekanalına müsahibəsində bəyan edib.

Nazir deyib: "Türkiyənin 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin ünvanına başsağlığı verməsi zəiflik deyil, yüksək mədəniyyətin göstəricisidir".

XİN rəhbərinin sözlərinə görə, hər bir xalqın yaddaşı var, lakin bu o demək deyil ki, 1915-ci il hadisəsindən siyasi məqsədlər üçün istifadə olunmalıdır.

Davudoğlu əlavə edib ki, Türkiyə Ermənistandan ermənilərin "ASALA" terror təşkilatı tərəfindən öldürülən türk diplomatlarına görə başsağlığı gözləmir.

Bundan əvvəl Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb.
Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib.

Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915 ci il hadisələri hamımızın ortaq acısıdır".

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.
Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.