525.Az

İsrail-Türkiyə: Vaşinqtonun mesajı

[01.04.14]
İsrail-Türkiyə: Vaşinqtonun mesajı<b style="color:red"></b>

Yaxın Şərqdə gərgin geosiyasi vəziyyətin qalması qlobal siyasətə öz təsirini göstərir. Böyük dövlətlər bir-birinin ardınca yeni addımlar atırlar. Rəsmi Vaşinqton da İsraillə Türkiyənin əməkdaşlığı bərpa etməsi zərurətini bildirib. Ekspertlər bunun arxasında ciddi geosiyasi amillərin dayandığını iddia edirlər. Müxtəlif şərhlər mövcuddur. Onları birləşdirən əsas cəhət ondan ibarətdir ki, Ankara və Təl-Əviv regionun əsas oyunçuları kimi geosiyasi balans yaratmalıdırlar. Lakin bunun mexanizmi hələ tam aydın deyil. Ortada bir çox ziddiyyətlər vardır.

Geosiyasətdə uzlaşma məqamı: ABŞ müttəfiqlərini barışdırır

Barak Obama Ankara və Təl-Əvivə mesaj göndərib. Vaşinqton iki ölkə arasında münasibətlərin normallaşmasını istədiyini bildirib. Ekspertlər Ağ Evin bu tələbinin ciddi geosiyasi səbəblərinin olduğunu düşünürlər. Burada Yaxın Şərq regionunda bütövlükdə vəziyyətin dəyişməsi ilə yanaşı, Qərbin qlobal maraqlarının başlıca rol oynadığını söyləyirlər. Reallıqda İsrail-Türkiyə münasibətləri həqiqətən də pisləşib. Hər kəs "Mavi Mərmərə" hadisəsini xatırlayır. O vaxtdan bu yana Amerikanın regiondakı iki yaxın müttəfiqi bir-birini ittiham etməkdən çəkinirlər.

Rəsmi Ankara həmin hadisədə qətlə yetirilən 9 Türkiyə vətəndaşına görə Təl-Əvivdən təzminat tələb edir. Bundan əlavə, İsrailin üzr istəməsi və Qəzzanın mühasirəsinə son qoyulmasını tələb etməkdədir. Məhz ABŞ prezidenti B.Obamanın xahişi ilə İsrailin baş naziri B.Netanyahu Ankaradan üzr istəmişdi. KİV tərəflərin təzminat məsələsində də razılığa gəlməkdə olduğunu bildirmişdi. Lakin xarici işlər naziri A.Libermanın yenidən vəzifəyə gəlişi çox şeyləri dəyişdi.

A.Liberman faktiki olaraq, Türkiyə ilə dostluğa ehtiyac qalmadığını ifadə edən fikirlər söyləyib. O deyib ki, İsrailin Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər müsəlman dövlətləri ilə yaxşı əlaqələri var (bax: Пётр Люкимсон. Израиль-Турция: США решили вмешаться / "Вестник Кавказа", 21 fevral 2014).

Ekspertlər hesab edirlər ki, İsrailin xarici işlər nazirinin bu sırada Türkiyənin adını çəkməməsi, ümumiyyətlə, Təl-Əvivin Ankara ilə sıx əməkdaşlıqda maraqlı olmadığının göstəricisidir. Bununla razılaşmaq çətindir. Çünki A.Libermanın sadaladığı dövlətlər sırasında Türkiyə ilə çox yaxın münasibətləri olanlar az deyil. Onların tamamilə Təl-Əviv ssenarisi üzrə hərəkət edəcəyini gözləmək sadəlövhlükdür. Eyni zamanda, reallıq da İsrail-Türkiyə münasibətlərinin bir çox faktora bağlı olduğunu göstərir.

Bu kontekstdə, ilk növbədə, Yaxın Şərqdə cərəyan edən hadisələrlə qlobal geosiyasətdə baş verən son dəyişiklikləri müqayisə etmək maraqlı olardı. Həmin bağlılıqda da B.Obamanın bu ilin fevral ayında İsraillə Türkiyəyə "barışın" mesajını göndərməsi səbəbsiz görünmür. Hər şeydən əvvəl, ekspertlər Amerikanın bu məsələyə diqqəti artırmasında Suriya hadisələrinin böyük rol oynadığını vurğulayırlar.

Belə ki, hazırda bu ölkədən regiona terror ixracının artması təhlükəsi yaranıb. ABŞ bundan narahatdır (bax: əvvəlki mənbəyə). Çünki analitiklərin qənaətincə, həmin dalğa ilk olaraq Amerikanın bölgədəki müttəfiqlərini vura bilər. Bu tendensiya Vaşinqtonun maraqları aspektində çoxlu risklərlə müşayiət olunur. Deyək ki, hətta Səudiyyə Ərəbistanı artıq terrorla mübarizə istiqamətində addımlara başlayıb. Ər-Riyad Suriyada döyüşməyə gedənlərə qarşı sərt tədbirlər görəcəyini bildirib. Onlar həbs edilə və külli miqdarda pul cəriməsi ödəyə bilərlər (bax: Виктор Михин. Саудовская Аравия: изменение внешней политики? / "Новое Восточное Обозрение", 28 fevral 2014).

Suriyanın "Əl-Vətən" qəzetinin yazdığına görə, Ər-Riyada yaxın diplomatik dairələr Səudiyyə Ərəbistanının öz vətəndaşları arasında ekstremizmin yayılmasından qorxaraq, Suriya siyasətini dəyişməyə başladığını bildirirlər (bax: Асгар Юсефи. Саудовская Аравия: смена стратегии или кадровая перестановка? / "İnosmi.ru", 28 fevral 2014).

Londonda nəşr edilən "Əl-Qüds Əl-Ərəbi" nəşri də 6 fevral tarixli sayında vurğulayıb: "...Qətər, Türkiyə və Səudiyyə Ərəbistanının öz keçmiş baxışlarını (Suriya ilə əlaqədar – Newtimes.az) dəyişməsi ...onların terrorçu qruplara stavka etmədiklərini göstərir" (bax: əvvəlki mənbəyə).

"Ərəb baharı"nın terror "küləkləri": "arxa bağça"dakı həyəcan

Bunların fonunda ərəb KİV-i Suriyada döyüşənlərin öz vətənlərinə qayıtmağa başladığı haqqında informasiyalar yayırlar. Həmin səbəbdən Yaxın Şərqdə terror dalğasının geniş ərazini əhatə edə biləcəyi haqqında fikir formalaşıb. Vaşinqtonun ehtiyatlanması bu bağlılıqda əbəs deyil.

Lakin mövcud reallıq bunlarla məhdudlaşmır. Başqa üç vacib amil var ki, ABŞ-ı İsrail-Türkiyə əməkdaşlığının bərpasına vadar edir. Bunlardan birincisi, Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurasında ziddiyyətlərin kəskinləşməsidir. İkincisi, Ukrayna ətrafında geosiyasi vəziyyətin gərginləşməsidir. Üçüncüsü, Avropa İttifaqının gələcəyi haqqında bədbin proqnozların çoxalmasıdır. O cümlədən, Corc Sorosun söylədikləri Brüssel və Vaşinqtonu narahat etməyə bilməz.

Fars körfəzində yerləşən ərəb ölkələrinin əməkdaşlıq şurasının son iclasında üzvlər arasında ciddi fikir ayrılıqları özünü göstərib. Səudiyyə Ərəbistanı bu təşkilatı ittifaqa çevirmək arzusundadır. Buna qarşı Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt çıxış ediblər. Onlar Ər-Riyadın vahid lider olmaq iddiasını qəbul etmirlər. Ərəb dövlətlərinin ittifaqını yaratmaqda Səudiyyə Ərəbistanı əsas olaraq geosiyasi məqsəd güdür. Buna Suriya, İraq və Misirdə baş verənlər təkan verib. Şübhəsiz ki, həmin məqam ABŞ və İsraili qane etmir. Çünki o halda ərəblər vahid cəbhədən çıxış edəcəklər.

Ərəb dövlətləri təşkilatında digər ziddiyyətli məqam Oman və Birləşmiş Ərəb Əmirliklərinin İranla əməkdaşlığa can atması ilə əlaqəlidir. İranın nüvə proqramı sahəsində ABŞ, Avropa, Rusiya və Çinin ortaq qənaətlərə gəlməsi fonunda bu, Ər-Riyadı qorxudur. Çünki İranın regionda nüfuzu artır. Səudiləri narahat edən daha çox Amerikanın Tehranla yaxınlaşmasıdır. İndi bu məsələ sakitləşib, çünki əsas diqqət Ukraynaya yönəlib. Bir qədər sonra isə Yaxın Şərqi silkələyə biləcək proseslər başlaya bilər.

Belə görünür ki, Vaşinqton "Ərəb baharı"nın mümkün nəticələrindən çəkinir. O, İsrail-Türkiyə birliyini Səudiyyə Ərəbistanı, Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin liderlik iddiasında qarşı qoya bilər. Konkret desək, regionda geosiyasi balans yarada bilər.

Ukrayna istiqamətində geosiyasi vəziyyətin gərginləşməsi Yaxın Şərqi, obrazlı desək, "arxa bağçaya" çevirib. İndi Qərb və Rusiya üçün bu regiondakı prosesləri maksimum dərəcədə "ləngitmək", "yavaşıtmaq" əhəmiyyət daşıyır. Buna paralel olaraq, orada müttəfiqlərinin mövqelərini möhkəmlətmək gələcək mübarizədə lazım olardı. Həmin səbəbdən İsrail-Türkiyə əməkdaşlığını bərpa etmək B.Obamaya lazımdır.

Bütün bunların fonunda Corc Sorosun "Avropa İttifaqı süründürməçi tənəzzülə doğru gedir" tezisi Qərbi narahat etməyə bilməz (bax: George Soros. It is time to stand up for the European Union / "Financial Times", 13 mart 2014). Bir neçə istiqamətdə geosiyasi mübarizə aparmaq üçün müttəfiqlər güclü olmalıdır. Ukrayna məsələsi bu kontekstdə Avropa İttifaqındakı ixtilafları kölgəyə atır.

Hazırda təşkilatın bütün gücü sərhədi yaxınlığında meydana çıxan bu münaqişəni həll etməyə yönəlib. Lakin Aİ-nin taleyi həm qeyri-müəyyəndir, həm də inkişaf edən ölkələrin Rusiya ilə əməkdaşlığı Qərb üçün ciddi mənfi nəticələr verə bilər. O cümlədən, İsrail və Türkiyənin Moskvaya yaxınlaşması böyük problemlər yaradardı. Bu iki dövləti vahid geosiyasi xəttə "bağlamaq" həmin aspektdə bir çox çətinlikləri bəri başdan önləmək anlamına gəlir.

Yuxarıdakı təhlil göstərir ki, B.Obamanın Ankara ilə Təl-Əvivə müraciətinin tam əsası vardır. Eyni zamanda, etiraf olunmalıdır ki, regionda və ona yaxın ərazilərdə geosiyasi dinamika sürətlə dəyişir. Bu şərtlər daxilində İsrail və ya Türkiyənin hansı qərar qəbul edəcəyini əvvəlcədən demək çətindir. Ekspertlər də belə qənaətə gəlirlər ki, Türkiyədəki seçkilərin nəticələrini gözləmək lazımdır. Ancaq bu məsələdə qaranlıq məqamlar hələ çoxdur. Türkiyədə seçkiyə hazırlıq ziddiyyətli və gərgin məqamlarla müşayiət olunur. Sürprizlər ola bilər.

Newtimes.az


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.