525.Az

“İlhamə xanımın ürəyində çox ciddi problem vardı”

[27.08.12]
“İlhamə xanımın ürəyində çox ciddi problem vardı”

“Bu əməliyyatın Azərbaycanda keçirilməsi, İlhamə xanımın Azərbaycan səhiyyəsini seçməsi bizim üçün böyük fəxrdir”.

Bunu APA-ya açıqlamasında xalq artisti İlhamə Quliyevanın ürəyində aorta koronar şuntlama əməliyyatını həyata keçirən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, doktor Rəşad Mahmudov deyib.

R. Mahmudov İ. Quliyevanın ürəyində çox ciddi problemin olduğunu bildirib: “Onun ana tac damarının 98 faizinin dar olması hər an böyük təhlükə yaradırdı. Əməliyyatda istifadə olunan damarlar ayaq nahiyəsindən alınıb. İşimiz gözlədiyimizdən yaxşı alındı. Həm ayağından çıxan damarların keyfiyyətli olması, həm ürəyində planlaşdırdığımız üç damar sisteminin tamamilə yenilənməsi, ürək sisteminin əməliyyatdan sonra yaxşı işləməsi hər birimiz sevindirdi ”.

R. Mahmudov İ. Quliyevanın reanimasiyaya şöbəsinə köçürüldüyünü də söyləyib: “Yəqin, 7-8 saatdan sonra oyanacaq və aparatdan ayrılacaq. Bundan sonra hər şey stabil gedərsə, bazar ertəsi palataya köçürüləcək. Düşünürəm ki, əməliyyatın uğurlu olması Azərbaycan səhiyyəsinin inkişafının göstəricisidir. İlhamə xanım 7-8 həftəlik reabilitasiya mərhələsindən sonra sevənləri ilə görüşə biləcək. Bundan sonra o, səhhətinə diqqət etməli, idmanla məşğul olmalı, daha çox piyada gəzməlidir. Əsəbiləşmək bütün insanlara, o cümlədən İlhamə xanıma təhlükə yarada bilər”.

R. Mahmudovun sözlərinə görə, İlhamə Quliyeva xəstəxanada bir həftə qalacaq. Bu proses isə İ. Quliyevanın həm ürəyindəki, həm də ayağındakı yaraların sağalmasına bağlıdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.