525.Az

Soltan Məmmədov: "Biz indi iki cəbhədə mübarizə aparırıq"

[16.10.20]
Soltan Məmmədov: "Biz indi iki cəbhədə mübarizə aparırıq"<b style="color:red"></b>

“Biz indi iki cəbhədə müharibə aparırıq. Bir tərəfdən, Ermənistanın hərbi təxribatları nəticəsində cəbhə xəttində vəziyyətin gərginləşməsi, digər tərəfdən isə COVID-19 pandemiyasına yoluxma hallarının dinamikasında müşahidə olunan kəskin artım hər birimizi daha məsuliyyətli olmağa sövq etməlidir”.

Bunu APA-ya Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan ordusunun işğal edilmiş ərazilərin azad olunması məqsədilə həyata keçirdiyi əks-hücum əməliyyatları ilə bağlı xalqımızın nümayiş etdirdiyi milli həmrəylik həqiqətən qürur doğurur:
 
“Hər bir vətəndaş öz imkanları çərçivəsində ordumuza dəstək olmağa çalışır. Azərbaycan tarixində bəlkə də bu səviyyədə milli həmrəylik və birlik heç vaxt olmayıb. Hesab edirəm ki, biz bu həmrəyliyi ikinci cəbhədə - Koronavirus pandemiyası ilə mübarizədə də göstərməliyik. Son günlərin statistikası ciddi narahatlıq yaradır, hər birimiz bunun məsuliyyətini anlamalıyıq”.

Soltan Məmmədov hesab edir ki, vətəndaşlar fiziki məsafənin saxlanılması, qoruyucu vasitələrdən istifadə ilə bağlı təlimatlara inzibati qayda kimi yanaşmamalıdır:

“Bunu özünün, ailəsinin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunması naminə etməlidir. Yoluxmaların artması həm cəmiyyətin sağlamlığına, deməli nəticə etibarilə həm də əsgərlərimizin sağlamlığına təsir göstərə bilər. Eyni zamanda hərbi əməliyyatların getdiyi bir vaxtda dövlətin, tibb müəssisələrinin və səhiyyə işçilərinin yükünün artması deməkdir. Bu baxımdan, sosial statusundan, yaşından asılı olmayaraq hər bir vətəndaş son dərəcə məsuliyyətli olmalıdır. Payız mövsümü ilə əlaqədar  respirator infeksiyaların artması bizim üçün əlavə çətinliklər yaradır”.

Millət vəkili bildirib ki, indiki halda koronavirusun geniş yayılması müəyyən dərəcədə orduya da təsirsiz ötüşmür:

“Hər bir soydaşımız əsgərlərimizə müxtəlif formada dəstək olmağa çalışır. Bir nəfər yoluxmuş şəxsin bir əsgərlə ünsiyyəti çox ciddi çətinliklərə səbəb ola bilər. Üstəlik COVID-19 pandemiyasının arxa cəbhədə geniş yayılması ordunun mənəvi-psixoloji durumuna təsirsiz ötüşməyə bilər. Bütün bunları nəzərə alaraq, biz son dərəcə yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməliyik”.

Deputat vətəndaşlara müraciət edərək fiziki məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadə ilə bağlı təlimatlara, karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb. 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.