525.Az

"İndi Vətən qoxusu əvvəlkindən daha çox gəlir burnuma..." - Müsahibə

[16.10.20]
"İndi Vətən qoxusu əvvəlkindən daha çox gəlir burnuma..." - <b style="color:red">Müsahibə </b>

Bu günlərdə hər birimizin ürəyi işğal olunmuş ərazilərimizi erməni terrorçularından təmizləyən şanlı Azərbaycan Ordusu ilə döyünür. Böyükdən  kiçiyə hər kəs ruh yüksəkliyi və ümid içindədir.

Qələbəyə çox yaxın olduğumuz zamanda həmsöhbətim 28 ildir Laçın rayonundan məcburi köçkün düşmüş 73 yaşlı Rəhim Qarayevdir. O, Laçının Mişni kəndindəndir. Qarabağda keçən günlərini xatırladıqca dərindən köks ötürür...

***

- Rəhim bəy, Laçında yaşadığınız həmin illəri necə xatırlayırsınız?

- O günlər bizim üçün əlamətdar günlər idi, çox gözəl həyatımız vardı. Mən 45 il bütün ailəm və qohumlarımla birlikdə Mişnidə yaşamışam. 550 təsərrüfatdan ibarət olan kəndimiz rayonun inkişaf etmiş kəndlərindən idi. İnsanlar həddindən çox firavan və bolluq içində ömür sürürdülər.  Düz, 1992-ci il 18 maya qədər....

- Kənddən çıxışınız nə zaman oldu? Hadisələr necə baş verdi?

- Bu, ən dəhşətli günlər idi. Əvvəlcə 1992-ci il mayın 8-də Şuşa işğal olundu. Ondan sonra əhali Turşsu deyilən ərazi vardı, ora yığıldı. Lakin Ermənistan havadarlarıyla birlikdə mayın 17-də Laçını da işğal etdi. Ona görə də əhali çox zülmlə çıxdı öz ata-baba yurdundan. Rayonun digər kəndlərindən fərqli olaraq bizim Mişni kəndinə heç bir erməni ayağı dəyməmişdi. Lakin biz oradan köçürüləndə ermənilər Laçını hər tərəfdən atəşə tuturdular. Laçının iki yolu vardı. Birinci yol Şuşadan, ikinci yol Akara deyilən sahədən. Hər iki yolun düşmən tərəfindən əhatələndiyi üçün biz məcbur idik yollar tam bağlanmamış bütün kəndi tezliklə tərk edək. Kənd əhalisindən kimin gücü nəyə çatırdısa əşyasını, mal-qarasını maşınla daşımağa başladılar. Lakin elə adamlar oldu ki, onlar evindən bir çəngəl belə çıxarmağa vaxt tapa bilmədi. Laçının ən böyük qurbanı biz olduq. Ancaq bizi məcburi halda köçürdülər ki, insan tələfatı olmasın.

- Köçərkən yol boyu hər hansı düşmən maneəsinə rast gəldinizmi?

- Şükürlər olsun ki,  yolda heç bir maneəyə rast gəlmədik. Doğrudur, ermənilər atırdılar, amma biz bütöv kənd olaraq Qubadlı rayonuna daxil olana qədər heç bir hadisə baş vermədi. Oradan Ağcabədi rayonuna, qış yatağı adlanan yerə gəldik. O vaxt həmin yataqda 35 min hektar ərazidə hər sovxozun sahəsi olduğu üçün biz də öz sahəmizə gəldik. Oradakı obalar bu günə qədər öz yerindədir. İki il orada yaşayıb daha sonra köçdük Qaradağ rayonunun, Sahil qəsəbəsinə.

- Laçında bütün kəndlərin sakinləri evlərini tərk edə bilib xilas ola bildimi?

- Bəli, rayonun bütün kəndlərində sakinlər bir-bir tərk etdilər evlərini. Lakin bütün əhali salamat qalmadı. Təəssüf ki, hamının bəxti bizimki kimi gətirmədi. Elə kəndlər vardı ki, ordan xeyli sayda əsir düşənlər, öldürülənlər, şəhid olanlar da vardı. Əsirləri Gorus rayonunda aparıb saxlamışdılar. Sonradan bizimkilər həmin əsirlərdən çoxunu xilas etmişdilər. Onlar əsirlikdə çox işgəncələr görüb, ac-susuz qalıb, günlərlə döyülüb və s. Çox çətin idi olanları şahidlərdən duymaq. Hələ 1988-ci ilin hadisələri başlayanda mən demişdim ki, biz özümüzü möhkəm saxlamalı, ayıq-sayıq olmalıyıq. Laçın sərhəd rayondur, özüdə Gorsu rayonu ilə sərhəddir. Gorusun Xoznavar, Bayandur kimi kəndlərindən bizim kəndləri atəşə tuturdular deyə itkilər də çox oldu. Bizim kənd rayonu ən sonda tərk etdi. Hətta Mişnidə 46 nəfər qalmışdı kənddə, lakin yol bağlanandan sonra Kəlbəcərdən aşıb Tərtərdən Ağcabədiyə gəlmişdilər. Aralarında yaşlılar, qadınlar, hətta uşaqlar da vardı. Həmin 46 nəfər çox əziyyətlərlə gəlib çıxa bilmişdilər qış yatağına.

- Kəndlərdən könüllü yazılıb döyüşə gedənləri xatırlayırsınızmı?

- Bəli, kəndlərdən könüllü gedib vuruşanlar çox idi. Mənim öz qardaşım oğlanları da daxil olmaqla kəndimizin bir çox oğulları müharibədə iştirak etməyə yollandılar. Həmin sakinlərin ailələri qış yatağında qalırdı, özləri isə müharibədə idilər. Təəssüf ki, aralarında şəhid olanlar oldu, mərdliklə özünü tankın qabağına verib partladanlar oğullar, qız-gəlini əsirlikdən xilas edərkən öldürülənlər və s. Hamısı bu el-obanın igid övladları idi. Hər birinin ruhu qarşısında baş əyirəm!

- Artıq 30 ilə yaxın müddətdir el-obanızı tərk etməyə məcbur olmusuz.  İndi Laçın deyəndə sizi ən çox incidən nədir?

- Mən bu 30 ildə hər gün xatirələrlə yaşamışam. Həm də bu illər ərzində həmişə ailəmə demişəm ki, buralıqda heç nə tikməyin, biz qayıdacayıq. Bizim orada yurdumuz var. Bəzən mənə deyirdilər, 28 ildir əldən gedib torpaq, daha gecdir.. Bu söz məni çox incidib. Lakin mən öz sözümün üstündə durub demişəm ki, Allah böyükdür. Torpağı bir vaxt məcburiyyətdən əldən verdik, bir gün də alacayıq. Həmişə inanmışam və daxilən bilmişəm ki, o gün gələcək. Yuxularım da belə bu fikir məni rahat  buraxmırdı. Yuxum çin olub, bala... Çox sevinirəm, həddindən çox...

- Kəndlərdən döyüşlərdə iştirak edib sağ qalanlar bu haqda nə danışırdı?

- Onlar çox hadisəyə şahid olmuşdular, əlbəttə danışırdılar. Hətta bizimkilər ikinci dəfə cəhd edərək Kəlbəcər rayonundan keçib, Laçını alıb dəhlizə qədər gəlib çıxa bilmişdilər. Orada xeyli sayda şəhid düşdü. Sağ qalanlar deyirdi ki, döyüş yaxşı gedirdi, amma ermənilərin tək üstünlüyü onların silahlarının çox olması idi. Bizdə isə silah yox idi, 4-5 nəfərə bir silah vardı. Çünki ölkənin buna qədər maddi-texniki bazası, hərbi hazırlığı yox idi. Həm büdcədə silah almaq üçün pul yox idi.Ona görə də düşmən üstünlüyü ələ aldı. Yoxsa ermənilər heç vaxt azərbaycanlılara qalib gələ bilməzdi. Bizim xalq qorxmaz, döyüşkən  xalqdır.  Döyüşənlər deyirdi ki, əgər bizim heç olmasa onlarda olanın yarısı qədər silahımız olsaydı, yenə də mübarizə aparıb torpaqları verməzdik.

- Laçına qayıdanda ilk nə etmək istəyirsiniz?

- Ayaq basdığım ilk anda torpağından öpəcəm. Sonra gedib evimi yenidən tikib ailəmlə  yaşayacam, kəndimin gözəl bulaqlarından cana dərman sularından içəcəm, səfalı havasından udacam. Nəhayət qovuşacam doğma yurduma, qucaqlayacam onu. Şükürlər olsun ki, bu gün nəinki mən, bütün Azərbaycan sevinir. Allah Ali Baş Komandanımızı qorusun. Hamımız ona dayağıq. Onun xarici və xarici siyasətini bəyənir və dəstəkləyirik. Bu gün lazım olsa mən və ailə üzvlərim cəbhədə vuruşmağa hazırıq. 30 il böyük ildir, bir igidin ömrüdür. Biz çox dözdük. Ali Baş Komandanımız indi yeni tarixi yazır, onun adı tarixdə də uca şəxs kimi qalacaq. Xalqın bu qədər birlik olduğu zaman olmayıb. Bunun özü qələbənin müjdəsini verir. Mən Prezidentimizin qələbə xəbərini müjdələdiyi günə qurban demişəm! Bu günü görmək özü bir tarixdir. 27 sentyabr Azərbaycanın ən yaxşı tarixidir! Tezliklə müharibə bizim qələbəmizlə bitəcək, biz də öz yurdumuza dönəcəyik!

Afaq RZA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.