525.Az

"İnsanlar rep və trep tərzində ifalardan daha çox zövq alırlar" - Müsahibə

ELGÜN NƏSİBLİ: "ÜÇ YAŞIMDAN MUSİQİ İLƏ MƏŞĞUL OLURAM"


[14.10.20]
"İnsanlar rep və trep tərzində ifalardan daha çox zövq alırlar" - <b style="color:red">Müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar 

Rubrikamızın budəfəki qonağı gənc ifaçı Elgün Nəsiblidir. Elgünü ilk dəfə Heydər Əliyev Mərkəzinin önündə gitarada mahnılar ifa edən yerdə görmüşəm. Səsinin ahəngi və ifa tərzi məni özünə cəlb etdiyindən ayaq saxlayıb bir qədər onu dinləmişdim.
 
Təxminən 1-2 ay sonra İnstaqramda səhifəsi qarşıma çıxanda səsindən və ifasından onun kim olduğunu yaxşı xatırladım. Düşündüm ki, Elgünün bu bacarığına hər kəs bələd olmalıdır. Nəhayət, gənc ifaçı ilə həmsöhbət olduq. Ondan musiqi ilə nə vaxt tanış olduğunu soruşanda üç yaşında musiqiyə başladığını və bu günə qədər bir neçə musiqi alətində ifa etməyi öyrəndiyini dedi.

- Anam pianoda ifa edirdi, bir gün ona yaxınlaşıb zümzümə etməyə başladım. Elə musiqi ilə tanışlığım da buradan başlayır. 6-7 yaşlarımda Əfrasiyab Bədəlbəyli adına 3 saylı musiqi məktəbinin Fortepiano ixtisasında təhsil almağa başladım. 11 yaşımda skripkaya həvəsim yarandı, valideynlərim mənə skripka aldılar. Amma skripkanın Çin istehsalı olduğu ilə bağlı etiketi görəndən sonra bütün marağım öldü (gülür). 13 yaşımda isə gitara öyrənməyə başladım. Hazırda elektro-gitara ifaçısı və vokalist kimi fəaliyyət göstərirəm.

- Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

- Sosial şəbəkələrin imkanlarından həm razıyam, həm də razı deyiləm. Bilirsiniz necədir, sosial media sayəsində məşhur olmaq çox asandır. Bəzi insanların zövqü dəhşət dərəcədə korlandığı üçün xalq mahnılarına qulaq asmaq yerinə, digərlərinə üstünlük verirlər. Musiqiçilər bu cür mahnılara "şest vosim", loru dildə desək, "rakko-çiko" mahnılar deyirlər.

- İlk dəfə hansı ifanızla tanınmağa başladınız?

- Məndə izlənmə sayı sıralama ilə artır. Tutaq ki, bir video 2000 baxış toplayıbsa, o biri 2500 olacaq. Yəni deyə bilmərəm ki, ən çox baxış sayı toplanan ifamla tanınmışam.

- Müəyyən qədər tanındınız, amma sonra musiqi ilə o qədər də məşğul olmadınız. Əli Türkoğlu ilə də yaxın dostsunuz. Bir yerdə hansısa layihə ərsəyə gətirməyi düşünürsünüzmü?

- Bu yay pandemiya ilə əlaqədar bağ evimizdə olduq. Bekarçılıqdan özümə söz verdim ki, gitara ilə məşğul olacağam. Bu məqsədimə qismən çata bildim. Hələ də musiqi bacarıqlarımı inkişaf etdirməyə çalışıram. Əli Türkoğlu ilə də  yaxın dostuq. Ancaq ifa tərzlərimiz fərqli olduğu üçün hələ ki onunla birgə hansısa layihə hazırlamağı düşünmürük.

- Musiqi ilə məşğul olsanız da, ali təhsiliniz başqa sahə ilə bağlıdır. Niyə musiqiyə yönəlmədiniz?

- Mənim üçün hər şeydən əvvəl ali təhsil gəlir. Düzdür, əvvəllər müğənni olmaq istəyirdim. Amma ailəm mənə ali təhsilin daha vacib olduğunu anlatdı. Hazırda Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasında təhsil alıram və bu qərarımdan çox razıyam. 

- İfa etdiyiniz mahnıların əksəriyyəti türk mahnılarıdır. Niyə daha çox türk mahnılarına maraq göstərirsiniz?

- Uşaqlıqdan 10-12 yaşıma qədər ancaq ingilis və rus mahnılarını ifa etmişəm. Amma gitara ilə ifa edəndən sonra türk mahnılarını ifa etməyə başladım. Çünki hiss edirdim ki, insanlar xarici musiqilərdən daha çox bu musiqilərə maraq göstərirlər. Hazırda türk mahnılarını bir qədər azaldıb öz tərzimdə musiqilər ifa etmək üzərində çalışıram.

- İstedadı olmayan şəxslərin sosial şəbəkələrdə məşhurlaşmağı çox vaxt insanlar tərəfindən tənqidə tuş gəlir. Siz nə deyə bilərsiniz, istedadsız şəxslərin fenomen olması nə dərəcədə realdır?

- Doğrudur, hətta həmin insanlar musiqiçilər tərəfindən daha çox tənqid hədəfinə çevrilirlər. Diqqət etsək görərik ki, vaynerlər daha çox rep və trep tərzində musiqilər ifa edirlər. Bu da daha çox istedad yox, öz üzərində mütəmadi olaraq çalışmağı tələb edir. Onlar da öz üzərlərində çalışdıqca bunu alındıra bilirlər. Məsələn, caz musiqisində belə deyil. Gərək, bu istedad sənə genlərdən gəlsin. Ancaq təəssüf ki, bu gün insanlar rep və trep tərzində ifalardan daha çox zövq alırlar.

- Mütaliə etməklə aranız necədir?

- Açığı, bədii əsər oxumağa o qədər də maraqlı deyiləm. Dostlarım da bir neçə dəfə hansısa kitabları məsləhət görüblər. Ancaq mən həmin kitabların filmlərini axtarıb baxmağı daha üstün tutmuşam.

- Ən böyük arzunuz nədir?

- Mən realist adamam. Dünyaya da real gözlə baxıram. Buna görə də arzu etmək yerinə, qarşıma məqsəd qoyuram. Hazırda ən böyük arzum universiteti bitirib magistratura təhsili aldıqdan sonra qarşıma qoyduğum məqsədlərə çatmaqdır.

- Gələcəkdə musiqi fəaliyyətinizlə bağlı hansı planlarınız var?

- Gələcəkdə musiqi ilə bağlı o qədər planlarım var ki, danışsam bir gün çəkər (gülür). Onu deyim ki, ən birinci işim, musiqi studiyası açmaqdır. Elektro-gitaranı professional şəkildə öyrəndikdən və tələbat yaratdıqdan sonra xaricdə məşhur olan "Gibson" gitara markasının ölkəmizdəki rəsmi distribyutoru olmaq istəyərəm. Bir sözlə, musiqi ilə iş həyatımı birləşdirəcəyəm.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.