525.Az

Suriya məsələsinə görə məsciddə yoxlama

[30.01.14]
Suriya məsələsinə görə məsciddə yoxlama<b style="color:red"></b> Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) son günlər radikal dini cərəyan nümayəndələrinin toplaşdığı, Suriyada döyüşməyə gedən azərbaycanlılara dəstək verdiyi iddia olunan “Müşfiqabad məscidi” Dini İcması ilə bağlı yoxlama aparıb.
 
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DQİDK tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yenidən qeydiyyatdan keçməmiş dini icmanın fəaliyyətinin yoxlanılması bir müddət əvvəl aparılıb? yoxlamalar zamanı icmanın fəaliyyətində bir sıra qanunsuzluqlar aşkar edilib.
 
Bildirilib ki, hazırda yoxlama bitib və nəticələr araşdırılır: “Araşdırma bitdikdən sonra dini icmanın fəaliyyəti ilə bağlı qərar veriləcək və ictimaiyyətə açıqlanacaq”.
 
Komitədən onu da bildiriblər ki, dövlət qeydiyyatından keçməyən digər icmaların da fəaliyyəti işçi qaydada DQİDK tərəfindən yoxlanılacaq.
 
Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev APA-ya açıqlamasında Komitənin bu addımının anlaşılmaz olduğunu bildirib: “Niyə yoxlama aparırlar, bilmirəm. Mənim özümə bu barədə heç nə deyilməyib”.
 
Son vaxtlar Suriyada gedənlərlə bağlı münasibətinin istənilməsinə isə M. Qaçayev cavab verməkdən imtina edib: “Mən bu barədə heç nə deyə bilmərəm”.
 
Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli APA-ya bildirib həmin məscid xəvvaricilərin toplaşdığı təhlükəli məkana çevrilib: “Bu barədə mənə o məscidə yaxın olan şəxslər də deyiblər. Bu istiqamətdə dövlət qurumları təcili addımlar atmalıdır. Dövlətçiliyimiz real təhlükə ilə üz-üzədir. Belə getsə, orada tezliklə silahlı qarşıdurmanın olması da gözlənilir”. 
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.