525.Az

Savaş jurnalistləri: jurnalistlərin savaş xidməti

ƏLİSAFA MEHDİ: "BU GÜN AZƏRBAYCANDA ƏN GÜCLÜ İNFORMASİYA SAVAŞINI ALİ BAŞ KOMANDAN ÖZÜ APARIR"


[09.10.20]
Savaş jurnalistləri: <b style="color:red">jurnalistlərin savaş xidməti</b>

Azərbaycanda Konflikt Jurnalistikası Məktəbinin (KJM) yaradıcısı, "Dinc dünya" Araşdırma Mərkəzinin sədri, birinci Qarabağ müharibəsi veteranı, jurnalist Əlisafa Mehdi ölkəmizdə konflikt jurnalistikası sahəsində ixtisaslaşmış nadir jurnalistlərimizdəndir.

Bu gün ölkəmizdə savaş gedir, cəmiyyətin son dərəcə həssas yanaşdığı bu sosial xidmətin sözçüsü təbii ki, cəbhədən birbaşa işləyən reportyorlarımızdır. Cəbhə jurnalistikası, savaş jurnalistikası, konflikt jurnalistikası, ekstremal jurnalistika və s. adlarla adlandırılan bu sahədəki durumu və boşluqları təhlil etmək üçün Əlisafa müəllimlə həmsöhbət olduq. 

- Əlisafa müəllim, illərdir ki, Konflikt Jurnalistikası Məktəbinin qurulması və inkişafı üçün çalışırsız. Bu gün vəziyyət nə yerdədir?

- Konflikt Jurnalistikası Məktəbini 2015-ci ildə qurduq. Jurnalistlərə peşəkar səviyyədə risklərdə və konfliktlərdə davranma təlimi keçir, konfliktli və riskli zonalarda işləyən jurnalistlərin gətirdiyi informasiyanı situasiyanın xarakterinə uyğun olaraq emal etmə vərdişlərini öyrədirik. Sən bu mövzularda şoudan, xoş rifahlı həyatdan danışmırsan ki, fikrini şən emosiyalarla ifadə edəsən. Bu, konfliktdir, savaşdır, ölümdür, qırğındır, gərginlikdir. Belə bir vəziyyətdə informasiya mənbəyi ilə düzgün davranmaq, informasiyanı reallığa uyğun emal etmək gərəkdir. Elə təqdim etmək gərəkdir ki, həm dövlətin informasiya siyasətinə xələl gəlməsin, həm də cəmiyyət sənin məlumatlandırmanla təmin olunsun. Hətta düşmən də sənin informasiyanı qəbul etsin. Niyə?! Qarşı tərəf təbii ki, dezinformasiya yayır. Amma sən jurnalistikanın universal qızıl qaydalarına uyğun informasiya verməlisən ki, dünyanın bütün informasiya agentlikləri səndən informasiya alsınlar.

Fikir verdinizsə, bu il iyulda Tovuzda baş verən hadisələr dövründə dünyanın informasiya agentliklərinin heç biri bizdən informasiya almadılar. Səbəb nə idi? Bizim jurnalistlər jurnalistdən daha çox vətənsevər idilər. "Bizim" deyirdilər, "qarşı tərəf" yox, "düşmən" deyirdilər. Ona görə də, dünya informasiya agentlikləri anladılar ki, burada informasiya birtərəfli verilir, hamı üçün verilmir. Bu səbəbdən bizə istinad etmədilər. Yəni bu incəlikləri öyrənmək gərəkdir ki, jurnalistlər konkret olaraq təkcə yerli auditoriyaya yox, dünya auditoriyasına da işləyə bilsinlər.

Konfliktli zonada fotomüxbirin, reportyorun davranışları, informasiya mənbələri ilə - döyüşçü ilə, zabitlə, mitinqlər, yürüşlər zamanı polislə münasibətin qurulması, hətta jurnalist terrorçular arasında nə etməlidir, düşmən içində nə etməlidir, əsir düşərsə nə etməlidir, yanğında, daşqında, seldə, fırtınada və s. necə davranmalıdır kimi məsələlərin hamısı KJM-də təlim edilir. Bu təlimlərin edilməsi üçün ciddi mütəxəssis və poliqon mütləq gərəkdir. Çox təəssüf ki, universitetlərimizin jurnalistika fakültələrində elə poliqon yoxdur. Ona görə də biz KJM-i Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə yaratdıq və bu poliqonları əldə etdik. Bu təlimlərin qurulması üçün biz davamlı olaraq Moskva Dövlət Universitetinin Ekstremal Jurnalistika Mərkəzinin kursunu keçdik, Qazaxıstan Müdafiə Nazirliyi və DİN-in jurnalistlər üçün birgə təşkil etdiyi dağ təlimlərini izlədik, jurnalistlərin müdafiəsi ilə məşğul olan beynəlxalq jurnalistika təşkilatlarının təcrübələrini aldıq və ən əsası, Anadolu Ajansının "Savaş Mühabirliyi Okulu"nun təcrübələrini qazandıq. Bunların hamısını birinci Qarabağ savaşında bizim jurnalistlərin davranışı ilə müqayisə etdik. Bizim nə qədər hazırlıqsız olduğumuz üzə çıxdı və sonra biz bu məktəbin universal, akademik səviyyədə təlim bazasını yarada bildik. Bu müddətdə biz məktəbin 96 mövzuda mühazirə və təlimlərini hazırlamışıq.

- Bu gün Azərbaycan şərəf tarixini yazır. O tarixin anlarını sənədləşdirəsi jurnalistlərə çox ehtiyac duyulur. Təəssüf ki, bu gün bizdə püxtələşmiş hərbi reportyor barmaqla sayılacaq qədərdir. Bu mənzərə ilə bağlı fikirləriniz nədir? Bu məsələnin həlli üçün hansı addımlar atılmalıdır?

- İndiyə qədər təlimlərimizdə 120 nəfər jurnalist olub, diplom alıb. İçində püxtələşmişləri çoxdur. Amma onlar konkret olaraq döyüş gedən zonaya buraxılmırlar, akkreditə olunmayıblar. Təbii ki, savaş gedirsə, ora TV-lərin reportyorları göndərilib. Döyüş səhnəsində işləyən o reportyorlarımız bizi qismən qane edir. Bundan başqa, orada "paraşüt jurnalist"lər işləyirlər. Şəraiti axıracan qavramadan hadisə yerinə göydən düşən, informasiyanı necə gəldi alan, yayan jurnalistlər. Belə bir vəziyyətdə, təbii ki, KJM-in təlimlərini keçməyən informasiya ötürücüləri hadisə yerində daha çox yerli və aşağı publikaya, kütləyə işləyən xəbərlər yayır.

İntellektualın az olduğu göz qabağındadır, konkret hadisələrə nüfuz etmək imkanları yoxdur. Niyə? Ona görə ki, hərbi cəhətdən bilgiləri məhduddur, silahlarla bağlı çox az məlumatlıdırlar, ekstremal vəziyyətlərin xarakterinə bələd deyillər, belə halda nə etmək lazım olduğunu bilmirlər. Baş verə biləcək prosesləri analiz təcrübələri yoxdur və buna görə də yerli publikaya işləyirlər və dünya miqyasına çıxa bilmirlər.

- Biz həm də informasiya savaşının hücumu içərisindəyik. Sizcə, bu mübarizədə vəziyyət qənaətbəxşdirmi?

- Biz Azərbaycanda informasiya savaşı aparmaq üçün ciddi konsepsiya işləmişik. Ölkəmizdə bu sayaq savaşı qarşılamaq üçün, demək olar ki, heç bir iş edilməyib. Edilənlər də pərakəndə şəkildədir. Yəni informasiya savaşına qoşulanlar hədəflənməli olan qarşı səngəri ciddi şəkilləndirə bilməyiblər, informasiya hücumuna qarşı necə müqavimət göstərməyi, informasiya təcavüzünə qarşı hansı faktoloji həmlə etməyi bilmirlər. Niyə? Çünki o faktları əldə etməyi, düzgün formulə etməyi hələ öyrənməyiblər.

Bunun üçün jurnalist hadisələrin mənbəyini ciddi araşdırmağı, informasiya hücumlarını qabaqlamağı, dünyanın xəbər tribunasına birinci çıxmağı, fikirlərini "kəsici-deşici zərbə ilə" deməyi öyrənməlidir. Dünya üzrə opponentlərini sezməli, seçməli, onlarla "işləməlidir". O cümlədən portnyorlarını da.

Bu savaşda döyüşçü olası intellektual jurnalistlərimiz var. Amma hər kəs öz hücrəsindən döyüşür. İnformasiya savaşını xalq olaraq aparmaq gərəkdir. Dövlət buna ciddi dəstək verməlidir. Bunun üçün də ayrı-ayrı şəkildə fokuslaşmış jurnalistlərin hamısı bir klubda cəmləşməlidir və bu klub institutlaşmalıdır. O jurnalistlər bir-birindən informasiya almalıdırlar, konkret olaraq qarşı səngərdə informasiya döyüşü aparanların silah-sursatının növü nədir, taktikası nədir, döyüş üsulu necədir, tağımdımı, tabordurmu, briqadadırmı döyüşən? Bunlar hamısı müəyyənləşdirilməlidir və hücuma total şəkildə keçmək gərəkdir ki, qələbə əldə edəsən.

Bu günləri jurnalistlərimiz informasiya savaşı aparan tərəfin - opponentlərin ünvanını, kimliyini heç axıracan bilmirlər. Sən bu gün jurnalist olaraq Rusiyada, Fransada, İranda və s. partnyorlarını müəyyənləşdirməliydin ki, onlardan dolayı Qarabağ mövzusunu dünyaya yaya biləsən. İnformasiya savaşı döyüşdürsə, demək,  özünəxas "ordu" formalaşdırmaq gərəkdir. Bizdə bu institut yoxdur. Yalnız özünəməxsus partizan qrupları var.

Bu gün Vətən müharibəsinin gedişində ən güclü informasiya savaşını Ali Baş Komandan, cənab Prezident İlham Əliyev aparır. Ondan güclü informasiya savaşını heç kim apara bilmir. Qarşı tərəf bu çıxışlarından sonra bir çox həmlələrini dayandırmağa məcbur oldu. Anladılar ki, Azərbaycanda etnik azlıqlar arasında təxribat aparmaq, əhalinin döyüş ruhunu azaltmaq üçün dezinformasiyalar yaymaq bəhrə vermir. Çünki Azərbaycan Respublikasının Prezidenti bu savaşda qəti mövqe tutub və informasiya savaşında da qarşı tərəfin dezinformasiya səngərini darmadağın edir, onları susdurur.

- Dediniz ki, KJM konfliktlərdə və risklərdə davranış təlimləri verir. Konkret olaraq hansı təlimləri?

- Bayaq qeyd etdiyim kimi, fərqli-fərqli sahələrdə təlimlər keçirilir. Bunun üçün Müdafiə Nazirliyi bizə auditoriya verir, poliqon ayırır. Biz hətta səngərlərdə də təlim veririk. Həmin təlimlərdə jurnalistlərə minalanmış sahədən keçmək, düşmən snayperi qarşısında davranmaq, maskalanmaq, kompaslı-kompassız hadisə yerinə yürümək, silah-sursatı, zirehli texnikanı tanımaq, obyektin gözlə uzaqlığını, səsin uzaqlığını müəyyən etmək, qayaya dırmaşmaq, qayadan düşmək, çaydan keçmək, çöl şəraitində qidalanmaq və  sairə vərdişlərini öyrədirik. Bu, ciddi təlimdir. Birinci Qarabaş savaşında və sonrakı ekstremal hallarda 16 jurnalistimiz həlak olub. Cəbhə zonasında işləyən jurnalistlərin, demək olar ki, 60 faizi bizim tələbələrimizdir. KJM təlimlərindən sonra ekstremal vəziyyətdə, konkret hallarda sağ qalmaq üçün davranma qaydalarını bacarırlar deyə, heç bir itki yoxdur.

Amma intellektual səviyyə başqa mövzudur. Müdafiə Nazirliyi döyüş şəraitində veriləsi informasiyanı ütüləyir. Ütüləməlidir də. Hərbçilər savaş qanunlarına öz düşüncələrinə uyğun yanaşırlar. Ancaq başqa savaşların tarixini, orada işləyən jurnalistlərin fəaliyyətini izləyəndə görürsən ki, yox, elə deyil, savaş təkcə hərb tarixi deyil, həm də insanların emosiyası, ağrısı, sevinci, kədəri, qürurudur. Bu məziyyətlər mütləq sənədləşdirilməlidir.

- Gənc jurnalistlərdə bu sahədə ixtisaslaşmağa həvəs varmı?

- Bakı Dövlət Universitetində "Ekstremal jurnalistika", Dillər Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində "Konflikt jurnalistikası" ixtisas kursu kimi tədris edilir. Müəyyən sayda tələbənin həvəsi var. Bilirsinizmi, bu, insanlığın temperativ xarakterindədir. Harada ekstremallıq varsa, insan ora daha çox meyl edir. İnsanlar daha çox ekstremal vəziyyətlərdən xəbər tutmaq istəyir. Jurnalist də daha çox bu sahədə məşhurlaşa bilir. Bu sahədə məşhurlaşma gətirib stringer səviyyəsinə çatdırır və stringerlər də dünyada ən varlı jurnalistlərdir. Çünki ən riskli məqamdan informasiyanı toplaya bilir. Dünya xəbər agentlikləri bu xəbərləri çox baha qiymətə alır.

Cavab olaraq deyim ki, bu vəziyyətdə işləyən reportyor xüsusi xarakterdir. Hər kəs ekstremal vəziyyətdə işləmək temperamentində, qabiliyyətində, hazırlığında deyil. Yalnız çılğın, xaraktercə qorxmaz jurnalistlər hadisə yerindən informasiyanı alırlar. Birinci Qarabağ savaşında, habelə, İraqda, Əfqanıstanda, Ön Qafqazda hadisələrin içinə qoşulmuş Azərbaycan jurnalistləri var ki, çox yüksək göstəricilər ortaya qoyublar və çox yaxşı da informasiya veriblər. Bu gün o temperativ xarakterdə jurnalistlərimiz azdır. Üzücü atəşkəs dövründə bu sahədən usanırdılar. İkinci Qarabağ savaşınacan jurnalistlər həvəsdən salınmışdı. İndi yaradıcılıq üçün çox yaxşı şans yaranıb. Jurnalistlər birbaşa döyüş meydanında təcrübə qazanırlar və sabah da dünyanın hər yerindən informasiya alıb ötürə biləcəklər.

Nadir RZALI


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.