525.Az

"200 min ABŞ dolları ianə toplamışıq" - Müsahibə

XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZ FEYSBUKDA "ŞƏHİD AİLƏLƏRİNƏ DƏSTƏK" İANƏ KAMPANİYASI KEÇİRİBLƏR


[06.10.20]
"200 min ABŞ dolları ianə toplamışıq" - <b style="color:red">Müsahibə </b>

Sentyabrın 27-dən cəbhə bölgəsində yaranmış gərgin vəziyyət Azərbaycanda olduğu kimi, qürbətdə yaşayan vətəndaşlarımızı da narahat edir və onlar da öz dəstəklərini müxtəlif formalarda həyata keçirməyə çalışırlar.

ABŞ-ın Çikaqo şəhərində yaşayan həmvətənimiz Türyan Rafaellinin təşəbbüsü ilə özü və dostları tərəfindən Feysbukda "Şəhid ailələrinə yardım" adlı geniş ianə kampaniyası başladılıb. Feysbuk istifadəçiləri kampaniyanın saytdakı səhifəsinə daxil olaraq arzu etdikləri məbləği bank hesabı ilə ödəyə və yığılan ümumi məbləği izləyə biliblər.

Türyan Rafaelli ilə söhbətimiz də elə bu məsələlərlə bağlıdır. 

***

- Türyan bəy, aksiyaya necə başladınız və nə qədər məbləğ toplaya bilmisiniz?

- Azərbaycanda məlum hadisələr başlayan kimi biz xaricdə yaşayan azərbaycanlılar hansı formada dəstək verə biləcəyimiz haqqında düşündük və Feysbuk vasitəsilə ianə toplama funksiyasından istifadə etməyə qərar verdik. Kampaniya cəbhə bölgəsindəki hadisələr başladıqdan bir gün sonra -  sentyabrın  28-də başladı. Biz bu kampaniyanı oktyabrın  30-dək davam etdirməyi planlaşdırırıq. İlkin məqsədimiz 100 min ABŞ dolları toplamaq idi. Amma aksiya tez bir zamanda Azərbaycanda və dünyanın müxtəlif ölkələrində böyük maraq cəlb etdi. Məsələn, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Mərkəzi Asiya ölkələri, Ərəb ölkələri, Avstraliya, Çin, Yaponiya, Argentina, Çili, Braziliya, ABŞ, Kanada, Meksika və s. ölkələrdəki azərbaycanlılar və başqa millətlərdən olan insanlar tərəfindən 1-1500 ABŞ dolları miqdarında ianələr gəldi. Böyük qürur hissi ilə deyə bilərəm ki, 200 min ABŞ dolları (340 min Azərbaycan manatı) vəsait topladıq. Əslində, planlaşdırdığımız kimi oktyabr ayının sonuna qədər vəsaitləri toplamağa davam edəcəkdik, amma ermənilər tərəfindən şiddətli müdaxilələr oldu və təhlükəsizlik səbəbindən ianə toplama kampaniyasını dayandıraraq növbəti mərhələyə keçdik.

- Ermənilər tərəfindən hansı müdaxilələrlə qarşılaşdınız?

- Təəssüf ki, işimizi çox çətinləşdirdilər. Dayanmadan kiber hücumlar edir, bizdən Feysbuk şirkətinə şikayətlər edir və səhifəmizə girərək söyüşlər, təhqirlər yazırdılar. Amma biz bu təxribatlara uymamağa çalışır, etikadan kənar çıxışlara yol vermirik. Hər halda bu da müharibənin müasir üsullarından biridir. Cəbhədə olduğu kimi, internet məkanında da ermənilərlər ilə mübarizə aparırıq. Düzgün siyasət apardığımızı düşünürəm və ümid edirəm ki, Feysbuk şirkəti tərəfindən hər hansı bir gözlənilməz sanksiya olmaz. Amma xeyli miqdarda vəsait toplandığından riskə getmək istəmədik və artıq vəsaitlərin şəhid ailələrinə çadırılması haqqında düşünürük.

- Şəhid ailələri haqqında məlumatları necə toplayırsınız?

- ABŞ-da bir çox Azərbaycan qurumları ilə əməkdaşlıq etməyə başlamışıq, əhatə dairəmizi genişlədirik. Eyni zamanda, Azərbaycandakı dostlarımızdan ibarət 15 nəfərlik koordinasiya dəstələri yaratmışıq. Hazırda “Google Form”da anketlər yaratmışdıq və onlar vasitəsilə şəhid ailələri haqqında məlumatları toplayırıq. Artıq 30-40 şəhidimizin yaxınları haqqında bilgiyə sahibik.

- Toplanmış vəsaitləri onlara necə göndərməyi planlaşdırırsınız?

- İanələr Feysbuk saytı üzərindən ABŞ-dakı bank hesabına köçürülür. Onların Azərbaycana köçürülməsi zamanı həm vergi, həm də köçürülmə komissiyaları olacaq. Buna görə də toplanmış məbləğ bir qədər azalacaq. Bu problemin müxtəlif həll yolları var. Məsələn, əgər biz vəsaitləri Azərbaycanda fəaliyyət göstərən xeyriyyə cəmiyyətinə köçürə bilsək, bu, humanitar yardım kimi qeydiyyata alınacaq və vergilərdən azad ola bilər. Hazırda dövlət qurumları və Azərbaycanda yaşayan tanışlarla danışıqlar aparırıq. Biz ən az itki ilə vəsaitləri şəhid ailələrinə çatdırmaq istəyirik.

- Bəs daha sonra vəsaitlər şəhid ailələrinə necə çatdırılacaq?

- Bu, bəlkə də, işin ən çətin tərəfi olacaq. Toplanmış vəsaitləri böyük insan dəstəyi və nəqliyyat vasitələri ilə şəhid ailələrinə paylamalıyıq. Əgər bizə hər hansı bir şəkildə dəstək vermək istəyənlər varsa, Feysbukda "Şəhid ailələrinə yardım" yazıb səhifəmizi tapa və bizimlə əlaqə saxlaya bilərlər.

- Türyan bəy, bu fədakar işinizdə həm sizə, həm də digər kampaniya üzvlərinə təşəkkür edirik.

- Çox sağ olun. Mən də fürsətdən istifadə edib, bizə dəstək vermiş bütün şəxslərə təşəkkür edirəm və inşallah, Qarabağda qələbə çalacağımıza inandığımızı bildirmək istəyirəm.

Səməd SƏFƏROV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.