525.Az

"Çox şükür ki, ömrüm çatdı, bu günləri gördüm" - Vasif Babayevlə müsahibə

80 YAŞLI USTAD REJİSSOR VASİF BABAYEV: "QARABAĞDAKI UĞURLARIMIZA BAXIRAM, ÜRƏYİM DAĞA DÖNÜR, BU QƏLƏBƏ XƏBƏRLƏRİ AĞSAQQAL YAŞIMDA MƏNİ UŞAQ KİMİ KÖVRƏLDİR"


[05.10.20]
"Çox şükür ki, ömrüm çatdı, bu günləri gördüm" - <b style="color:red">Vasif Babayevlə müsahibə </b>

Tanınmış rejissor, Xalq artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki Vasif Babayevin sentyabrın 16-da 80 yaşı tamam oldu.

Yubileyilə bağlı sənətkarla görüşüb həyatının, yaradıcılığının ən maraqlı məqamlarını birgə vərəqlədik. Uşaqlığı, sənət mühiti, yaradıcılıq yolu haqqında ətraflı danışan ustad rejissor, ordumuzun Qarabağa doğru zəfər yürüşündən də qürurla söz açdı. 

- Vasif müəllim, 80 yaşınız münasibətilə sizi ürəkdən təbrik edirik. Necəsiniz, bu yaşda özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm. Pis deyiləm. 9 ay öncə ürəyimdən əməliyyat olundum. Ondan sonra koronavirus pandemiyası zamanı, karantinin ən sərt vaxtlarında da altı ay bağda qaldım, istirahət elədim, müalicəmə davam etdim. Şəkərim də var. İndi qaydasına düşür hər şey, problem yoxdur.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- İçərişəhərdə doğulub böyümüşəm. Nəslim ordandır. Orda Ağa Mikayıl hamamı var. O hamam həftənin 5 günü qadınlar, 2 günü kişilər üçün olurdu. Az-maz xatırlayıram ki, 3-4 yaşlarımda anam məni də götürüb hamama aparanda qadınlar zarafatla deyərdilər ki, ay Səriyyə xanım, sən yenə bu kişini bura gətirmisən? O da deyərdi ki, ay xanımlar, bu ki uşaqdı hələ. Deyirdilər, nəyi uşaqdı, görmürsən necə baxır bizə? (gülürük)

Müharibə vaxtı idi. Mənim də gözlərim zəif idi, ağrıyırdı. O vaxt çox uşaqların gözündə problem vardı. Gəzmədiyimiz həkim qalmamışdı, heç biri dərdimə əlac edə bilmirdi. Qonşular atama deyirdilər ki, apar Mirmövsüm Ağanın yanına, əlini çəksin. Atam isə qoymurdu ki, NKVD oranı güdür, gedəni tutur. Anam dindar, elə şeylərə inanan qadın idi. Bir gün ağanın bacısıyla danışır, o da deyir, axşam qaranlıqda dar küçələrlə gətir. Anam iki gecə aparır ağanın yanına. Vallah, ondan az zaman sonra gözlərim düzəlir. Onda böyüklər zarafatla deyirdilər ki, Vasif hamıdan çox yaşayacaq, ona ağanın əli dəyib. Nə qədər doğrudur, bilmirəm, amma həqiqətən də, atam, qardaşlarım tez köçdülər dünyadan, mənsə 80-ə çatdım.

O zaman Azərbaycan SSR-in birinci katibi Mircəfər Bağırovla da maraqlı hadisə gəlib başıma. Təxminən 7-8 yaşlarında idim. Məktəbə getməyəndə Filarmoniya bağında oynayardıq. Bir gün "Azneft" tərəfdən həmin bağa doğru qaçanda bir nəfərlə toqquşdum. Mürəkkəb qabımı anam çantamdan asardı. Toqquşanda bu qab qırıldı, mürəkkəb həmin adamın üstünə dağıldı. Yanındakı adamlar məni tutdular, başladım ağlamağa. O dedi ki, buraxın onu. Məni buraxdılar, başladıq söhbətə. Adımı, soyadımı, yaşadığım yeri soruşdu. Atamın adını deyəndə soruşdu ki, əminin adı Əliağadır? Sevindim ki, tanıyan adamdır, dedim hə. Saçımı sığalladı, göndərdi evə. Ağlaya-ağlaya gəldim, hər şeyi danışdım anama. Amma kimlə toqquşduğumu bilmirəm axı. Təsadüfən Bağırovun divardan asılmış şəklini görüb dedim, bu kişidir. Qardaşım Arif dedi ki, nə danışırsan, bu, Mircəfər Bağırovdur. Mənə inanmırdılar. Sən demə, qonşulardan görən olub, o, gəldi anama danışdı ki, oğlun Filarmoniya bağında Mircəfər Bağırovla danışıbmış. Tez atamı, əmimi çağırdılar, hər şeyi danışdım. Sonra bilmədim nə oldu. Bir də 1975-ci ildə əmimlə söhbət vaxtı dedi ki, atanla mən o hadisədən sonra iki ay evdə qalmadıq. Çünki o vaxt işdən yox, evdən aparırdılar. İki aydan sonra hansısa iclasda Bağırov əmimi çağırır yanına. Deyir, bilirsənmi ki, mən sənin qardaşın oğlunla tanış olmuşam? Əla oğlandır. Ondan sonra atamla əmim evə gəlməyə başlayıblar.

"Uşaqlığın son gecəsi" filmindəki ev bizim evdir. Davud da qardaşım Asifin prototipidir. O da quşbaz idi, göyərçin saxlayırdı. Mən də ona kömək edərdim.

- Köhnə İçərişəhərlə indiki İçərişəhərin fərqi nələrdir?

- Köhnə İçərişəhərin tərbiyəsi, insanların bir-birinə münasibəti başqa idi. İndi o hörmət yoxdur, böyük-kiçik saymırlar. Bizdə heç vaxt pəncərələrdə dəmir barmaqlıqlar olmayıb, gecə-gündüz qapı-pəncərəmiz açıq olardı. Ürəyimizə heç nə gəlməzdi. O boyda yerdə bir telefon bizdə idi, bütün qonşular üçün bizə zəng edərdilər. Hamı bir ailə kimi, xeyirdə-şərdə bir idik.  

- Reijssorluğu seçməyinizə nə səbəb oldu?



- 1958, ya da 59-cu ilin təxminən payız ayları idi. Günlərin bir günü mən evə qayıdanda, Arif qardaşım manqalda kabab hazırlayırdı. Məni görən kimi sevindi və eyvanda əyləşmiş dörd qonağa təqdim etdi, iki nəfəri mənə qoşub dedi: "Apar bunları Şirvanşahlar sarayına, onlar minarəyə qalxıb oradan çəkiliş aparacaqlar. Mən oradan icazə almışam!"

Minarəyə qalxdıq və onlar çəkiliş apardılar. Evə qayıdanda, qonaqlar yeyib-içərkən, mənim sağlığıma da badə qaldırdılar, böyüyəndə kim olacağımla maraqlandılar. Mən də dedim ki, qardaşım Akif kimi sürücü olacağam. Axı Akif  qardaşım sürücü kimi həmişə Azərbaycanın rayonlarına, daha çox uzaq mənzillərə yola düşəndə məni özü ilə aparardı. Mən də elə bilirdim ki, mütləq sürücü olmalıyam. Gələn qonaqlardan biri bunu eşidən kimi dərhal etiraz etdi:

- Arif, bu nə danışır? Sən rejissorsan, böyük qardaşsan, bu niyə sürücü olmalıdır, - sonra cidd şəkildə dedi. - Yox, sən bizə söz ver ki, Arif qardaşın kimi rejissor olacaqsan.

Mən də dedim "Baş üstə".   

Bu hadisədən xeyli sonra Arif mənə dedi ki, bizə gəlmiş məşhur qonaqların ərsəyə gətirdikləri "Dənizi fəth edənlər" sənədli filmi ekranlara çıxır. Heç demə, onlar filmin ssenari müəllifi və rejissoru Roman Karmen, operatorları Sergey Medınski, Cavanşir Məmmədov, bəstəkarı Qara Qarayev, mətnin müəllifi İmran Qasımov imiş. O zaman mən, sənətdə ilk xeyir-duamı vermiş bu insanların adlarını yalnız filmin titrlərində oxuyub, bundan qürur duydum.

- Bəs niyə televiziya rejissoru? Bədii film çəkmədiniz?

- Cəmi bir dəfə çəkmişəm. 1966-cı ildə, çox gənc idim, televiziyaya iki il idi gəlmişdim. Şair Nəbi Xəzri televiziyanın rəhbəri idi. Bir gün mənə ssenari verdi ki, bunu sən çəkəcəksən. Filmin adı "Sahil bağı" idi. Sadə süjeti vardı. Baş rolda Ofelya Sənani və Kamal Qasımov oynayırdılar. Musiqisini Emin Sabitoğlu yazmışdı. Heç düşünmədiyim halda, film o dövrdə ümumittifaq festivallarında çox yüksək mükafatlara layiq görüldü. Azərbaycan Televiziyasının ilk mükafatlarını o film aldı. Ondan sonra mənə münasibət dəyişdi, ən məsuliyyətli işləri mənə verirdilər. Sonra Ulu öndər Heydər Əliyev işimi bəyənmişdi deyə, onunla çalışmağa başladım, haqqında sənədli filmlər çəkdim, beləcə yönəldim bu sahəyə.

- Bu istiqamət sizin yaradıcılıq ideyalarınıza mane olmurdu?

- O qədər öyrəşmişdim, həyatımı sənədli filmlərə o cür həsr eləmişdim ki, onlar yadıma da düşmürdü. Amma indiyə kimi də hər zaman bədii filmlərlə maraqlanmışam.

- Böyük qardaşınız Arif Babayevin karyeranızın əvvəlində dəstəyi necə idi sizə?

- Mənim elə bu sənətə gəlməyimin birinci səbəbkarı Arif olub. Televiziyaya da o gətirib məni. Sonra da həmişə dəstəyini, köməyini görmüşəm. Mən Azərbaycan Televiziyasına baş rejissor təyin olunanda da Ariflə məsləhətləşmişdim.

- Televiziyanın yolunda 20 Yanvar hadisələrində həbsə də düşmüşdünüz hətta...

- Pis vaxtlar idi, gərgin günlər yaşayırdıq. Ermənilər torpaq iddia edir, burda da mitinqlər səngimirdi. 20 Yanvar hadisəsindən bir gün qabaq Televiziyanın enerji bloku partladıldı. Mən və bir neçə işçimizi yanvarın 26-dan 27-nə keçən gecə evdən apardılar, çünki bizdə Sovet hökumətinin günahkar olduğunu sübut edən materiallar var idi. Qara şəhərdəki təcridxanada mənə guya günahkar olduğum barədə sənəd təqdim etdilər. Televiziyanın işinə maneçilikdə, mitinqlərə çağırışda çəkilmiş videokasetlərin gizlədilməsində günahlandırırdılar. Əlbəttə, belə bir ittihama imza ata bilməzdim. Sonra bizi Ulyanovsk şəhərinə göndərdilər. 46 gün orda həbsxanada qaldıq.

Bu xalq çox çətin günlərdən keçib. İllərdir torpaqlarımıza həsrətik biz. İndi Qarabağdakı uğurlarımıza baxıram, ürəyim dağa dönür. Bütün gün televizorun qarşısında cəbhədən xoş xəbərlər gözləyirəm. Sevinirəm, deyirəm, ay Allah, çox şükür ki, ömrüm çatdı, bu günləri gördüm. Məni döyüblər də, incidiblər də, amma heç vaxt ağlamamışam. Amma indi bu qələbə xəbərləri ağsaqqal yaşımda məni uşaq kimi kövrəldir (kövrəlir)

- Rejissorluq hardan başlayır?

- Rejissorluq həyatdan başlayır. Stanislavski deyirdi ki, rejissor həyatı bilən adamdır.

- Televiziyanın əsas problemi nə idi?

- Əsas problemimiz texnika idi. Texniki baxımdan çox kasad idik. Bu məsələdə bizə Heydər Əliyev kömək elədi, hakimiyyətə gələndən sonra. O, dövlət televiziyasını texnikayla təmin etmək üçün vəsait ayırmışdı. İndi isə artıq televiziyamızın bu cür problemi yoxdur. Azərbaycan Dövlət Televiziyası bu gün dünyanın ən müasir texnikasına sahibdir.

Həm də indi beyinlər dəyişib, inkişaf edib. Əsas da beyinlərdir. Tək öz peşəni bilmək vacib deyil. Gərək bütün sahələrdən az-çox başın çıxa, məlumatlı olasan ki, bu sahədə işləyə biləsən. Bu baxımdan, bəzi televiziya kanallarımız indi xoşuma gəlir, yaxşı işləyirlər. Az qala bütün kanallarda dostlarım, tələbələrim çalışırlar.

- Bayaq söhbət vaxtı dediniz ki, kitab hazırlayırsınız.

- Bəli, on ildir üzərində çalışıram. Həyatımı, yaradıcılığımı əhatə edən bir kitab olacaq. Həm öz xatirələrim yer alıb, həm də dəyərli ziyalılarımızın haqqımdakı məqalələri. Səhhətimə görə ləngidi, yubileyimə çatmadı, çox güman, bu yaxınlarda çap olunar.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.