525.Az

Xilasımız birliyimizdədir - Müsahibə

AYSEL RƏSULZADƏ: "NEÇƏ İLLƏRDƏN BƏRİ İŞĞAL ALTINDA OLAN O TORPAQLARIN QOXUSUNU ALACAĞIQ, ONA TOXUNACAĞIQ - BU, DÜNYALARA DƏYƏR"


[05.10.20]
Xilasımız birliyimizdədir - <b style="color:red">Müsahibə </b>

Bir həftədir, cəbhə xəttində qızğın döyüşlər gedir. Düşməni -  bu tikanlı sarmaşığı torpaqlarımızdan təmizlədikcə, həm əllərimiz qana bulaşır, həm itki veririk, həm də qürurla irəliləyirik.

Ən əsası da odur ki, hər kəs bir ağızdan, var gücümüzlə bütün cəbhə boyu irəliləməli olduğumuzu deyir və buna əks  heç bir fikri qəbul etmirik. Əlbəttə, belə olmalıdır - düşmənə qarşı illərin nifrəti, qan yaddaşımız dediyimiz o tarixlərdə başımıza gətirilənlərin içimizdə yığılıb qalmış qəzəbi və torpaq, yurd həsrəti...

Bu gün hamımızın gözü cəbhədən gələn xəbərlərə zillənib. Eyni zamanda, cəmiyyətdə bir çox məsələlər var ki, onları diqqətdən kənarda qoymaq, yayınmaq olmaz. Bunlardan biri də uşaqların müharibə şəraitində ümumi psixoloji vəziyyətinə nəzarətdir. Onların özlərini təhlükədə hiss etməmələri üçün düzgün yanaşmaya ehtiyacları var. Digər bir məsələ bu cəsarətli ruh halını qoruyub saxlamağın vacibliyini anlamaq, heç kimi ruhdan düşməyə qoymamaqdır. Ən önəmli məsələlərdən biri də budur: müharibə şəraitində olan bir xalqın müharibə ilə bağlı bir çox məsələdə düzgün davranmaq, düşmənə qarşı tədbirli olmaq və ordumuzu, haqq savaşınızı riskə atmamaq üçün lazımi davranış şəkillərini bilməli və ona əməl etməliyik. Bunun üçün isə ilk növbədə davamlı və düzgün təbliğatın olması vacibdir. "Green Start Academy"nin rəhbəri Aysel Rəsulzadə də bu istiqamətdə davamlı işlər aparan insanlarda biridir. Bu çətin günlərdə valideynlərlə, müəllimlərlə, məktəblilərlə seminarlar keçirir, vəziyyətə düzgün adaptasiya olmaqda onlara yardım göstərir və yuxarıda sadaladığımız məsələlərlə bağlı davamlı maarifləndirmə işləri aparır.  

***

- Aysel xanım, sizin təşkilat həm valideynlər, həm müəllimlər, həm də uşaqlarla işləyir. Hazırkı vəziyyətdə cəmiyyətdə, insanlar arasında hansı ruh halı müşahidə edilir?

- Bu gün biz dövlət, millət olaraq çox çətin bir mərhələdən keçirik. Başda dövlətimiz olmaqla, ən sıravi vətəndaşa qədər, təkcə fiziki halımızla deyil, həm də psixoloji olaraq çox gərgin vəziyyətdəyik. Müharibə o qədər çətin, ağır bir şəraitdir ki, onun təkcə əsgərlikdə öz yaxını, tanışı olanlar, hərbçilər və hərbçi ailələrinə deyil, hər kəsə müharibənin müəyyən dərəcədə təsirləri olur. Təbii ki, burda da ən böyük çətinlik uşaqların, gənclərin üzərinə düşür. Bütün bu proseslər onların psixoloji durumunda çox gərgin vəziyyət yaradır. Müharibə hər kəsin psixologiyasında çox ağır izlər qoyur, bu, qaçılmazdır. Bu gün uşaqdan böyüyə hər kəsin içində qarşıq hisslər var. Hər kəs bütün işini-gücünü, təhsilini qoyub ikinci plana, televiziya önündə oturub cəbhə bölgəsinə köklənib. Təbii ki, hər birimizin içində səksəkə də var, qəzəb də, həsrətində olduğumuz torpaqlarımıza qovuşmaq yanğısı var. Deyə bilmərik ki, biz də qorxu yoxdur, hər bir hissdən bir az var içimizdə. Və bu da təbiidir - hər gün ön cəbhədə düşmənlə üz-üzə döyüşən əsgərləri, övladları olan bir cəmiyyətin insanlarının içində səksəkə də olacaq, düşmənə qarşı qəzəb də.

Bu gün biz artıq öz torpaqlarımıza qovuşmağın haqq savaşını edirik. İllərdir, bunun xəyalıyla, arzusuyla yaşayan insanlar var. Amma bir tərəfdən də şəhidlərimiz də olur, neçə-neçə ananın gözü yaşlı qalır, neçə-neçə uşaq atasını itirir. Bütün bunlar çox ağırdır. Müharibənin ən ağır tərəfi də budur. Bütün bu çətin məqamlarda biz bir-birimizə təskinlik verməliyik. Ruh halımızı ayaqda saxlamaq üçün bir-birimizə dəstək olmalıyıq.

- Dediyiniz kimi, müharibə şəraitində ən çox uşaqlar, yeniyetmələr ağır psixoloji təzyiq altında olur. Bəlkə də, bunun səbəbi onların prosesləri tam dərk edə bilməmələri ilə bağlıdır. Müharibə vaxtı uşaqlara vəziyyəti necə izah etmək lazımdır?

- Burada uşaqların psixologiyasını sağlam tutmaq, müharibənin çətin dönəmlərində mümkün qədər onları bu şəraitdən uzaq saxlamaq məsuliyyəti valideynin üzərinə düşür. Necə ki, bu gün müharibənin ən ağır məsuliyyəti dövlətimizin, onun başında duran insanların çiynindədirsə, ailə də kiçik bir dövlət hesab olunduğu üçün, evdəki o gərgin vəziyyətdən uşaqları çıxarmaq ailənin başçısının, valideynlərin öhdəsinə düşür. Gördüyümüz hər şiddəti, hər videogörüntünü uşaqlara göstərmək olmaz. Onları mümkün qədər bu görüntülərdən uzaq tutmaq lazımdır. Elə görüntülər var, onlar uşaqların hafizəsində elə izlər qoya bilər ki, onlar ömrü boyu onun mənfi təsirindən çıxa bilməzlər. Valideynlər bunları bilməlidirlər. Bunun üçün əvvəl böyüklər özləri maariflənməlidirlər ki, uşağa nəyi demək olar, nəyi demək olmaz. Əlbəttə, mən bir valideyn kimi övladıma deməliyəm ki, mənim düşmənim kimdir, kimlər mənim tariximi bu günə qoyublar. Amma hər şey üsuluna uyğun edilməlidir.

- Düşmənlərimizi gənc nəslə düzgün tanıtmaq, onlarda ruh yüksəkliyi yaratmaq prossesi necə getməlidir?

- Əslində, biz valideynlər və müəllimlər uşaqları hər zaman qorxu, ağrı-acı kimi vəziyyətlərdən uzaq tutmağa çalışmalıyıq. Amma indi ölkəmizdə müharibə gedir. O demək deyil ki, biz övladlarımızı hər şeydən kənar saxlayıb müharibə ilə bağlı onlara heç bir məlumat verməməliyik. Biz müharibə aparan ölkə olduğumuz üçün, torpaqlarımızın  bir qisminin işğal altında olduğu bir zamanda təbii ki, övladlarımıza bunlar haqqında mütəmadi olaraq məlumat verməliyik. Evdəki uşağın, yeniyetmənin bütün bunlarla bağlı məlumatı olmalıdır ki, mənim torpağım işğal altındadır. Torpaqlarımız nə vaxt, kimlər tərəfindən işğal olunub, düşmənlərimiz bizlərə nələr yaşadıblar, müstəqillik tariximizdə nələr baş verib - bütün bunlarla bağlı valideynlər və müəllimlər uşaqları, yeniyetmələri maarifləndirməlidir. Bunun üçün valideyn də, müəllim də əsl pedaqoq olmalıdır ki, uşağa nəyi deyib, nəyi deməməli olduğunu bilsin. Məhz bu səbəbdən valideynlərin və müəllimlərin maarifləndirilməsi üçün mütləq hansısa media qurumları, hansısa təşkilatlar müəyyən təbliğatlar aparmalıdır. Bu məqsədlə bizim "Green Start Academy"nin "Valideyn məktəbi" layihəsi var və biz maarifləndirmə işi ilə məşğul oluruq.

- İstərdik, bir az da bundan bəhs edəsiniz. "Valideyn məktəbi" layihəsi çərçivəsində iştirakçılara müharibə ilə bağlı hansı bilgiləri verirsiniz?

- Məsələn, bu yaxınlarda bi, "Vətənə və insana sevgi" adlı vebinar təşkil etdik. Burda gənclərdə, uşaqlarda vətənə sevgi necə aşılanmalıdır, insanlıq sevgisi necə olmalıdır mövzularında çox maraqlı müzakirələr apardıq. Əslində, insanın savada, biliyə yiyələnməsindən çox, ona insan sevgisinin, insani keyfiyyətlərin aşılanması lazımdır. Çünki uşağın daxilində insanlığa, vətəninə sevgi olmayanda, onun hansı dərəcədə savadlı olması, bilik və bacarıqlara yiyələnməsi o qədər önəmli deyil. Övladlarımıza savadı, oxumağı, biliyi öyrətməmişdən əvvəl onlara insan olmağı, ədalətli olmağı, hər zaman haqqın yanında olmağı, yaxşılıq etməyi aşılamalıyıq. Doğulduğu gündən böyüyənəcən uşaqlara insana və vətənə sevgini aşılamalıyıq ki, o, böyüdüyü torpaqlara bağlı olsunlar, bugünkü kimi, lazım gələndə, Ali Baş Komandanın çağırışı ilə vətən uğrunda savaşmağa hazır olsunlar.

Biz valideyn və müəllimlərlə seminarlarımızda onları müharibə şəraitində necə davranmağın lazım olduğu, nələri bilmək və nələri tətbiq etməyin zəruriliyi ilə bağlı maarifləndiririk. Biz və bizim kimi bu təməyüllü  təşkilatlar, qurumlar valideynləri, müəllimləri maarifləndirməliyik ki, onlar öz uşaqlarını düzgün yönləndirə bilsinlər. Biz bu gün müharibə şəraitində nəyi bilməliyik? Bilməliyik ki, hər birimiz düşmənlə savaşırıq. Əsgərlərimiz  ön cəbhədə, biz də burda, arxa cəbhədə. Buna görə birinci növbədə, bir-birimizə təskinlik verib, dayaq olmalı, ruh halımızı qorumalıyıq. Ruh düşkünlüyünə rəvac verəcək heç bir söz deməməli, addım atmamalıyıq. Bundan başqa, Müdafiə Nazirliyinin müəyyən tapşırıqları var: bir-birinizlə müharibə mövzusunda mesajlaşmayın, şəhidlərin şəklini paylaşmayın, vacib məlumatları ötürməyin, hərbi texnikalarla bağlı heç bir şey paylaşmayın. Bütün bunlara hər kəs bir nəfər kimi riayət etməlidir. Birinci növbədə buna biz özümüz - böyüklər əməl etməliyik və bundan sonra uşaqlarımızı da məlumatlandırmalıyıq. Bu gün bizim borcumuz uşaqlı-böyüklü həmrəy olmaqdır.

Həmçinin, hər bir Azərbaycan türkü bilməlidir ki, vətən bizim üçün Azərbaycan deməkdir. Mən cəliləbadlıyam, sən cəbrayıllısan, o, gəncəlidir yox. Qətiyyən belə davranışa yol verilməməlidir. Biz bölgələrə bölündükcə, içimizdən parçalanırıq, ailə olaraq, cəmiyyət olaraq parçalanırıq. Birlik olmayan yerdə isə uğurlu nəticə əldə etmək olmur. Tək əldən səs çıxmaz. Bizim gücümüz birliyimizdədir. Bizim birliyimiz - bizim xilasımızdır. Buna görə də, biz həmişə milli-mənəvi dəyərlərimizi təbliğ etməliyik. Bu işdə isə əsas, aparıcı qüvvə təbii ki, valideynlər və müəllimlərdir.

Natəvan ABDULLA 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.