525.Az

"Atamın gördüyü və arzuladığı işləri davam etdirəcəyəm" - Atahan Çiftçi ilə müsahibə

MƏRHUM ALİM VƏ İCTİMAİ XADİM İRFAN ÇİFTÇİNİN OĞLU, İSTEDADLI MUSİQİÇİ OLAN ATAHAN ÇİFTÇİ SƏNƏT LAYİHƏLƏRİNİ DÜNYA SƏVİYYƏSİNDƏ TƏQDİM ETMƏYƏ ÇALIŞIR


[03.10.20]
"Atamın gördüyü və arzuladığı işləri davam etdirəcəyəm" - <b style="color:red">Atahan Çiftçi ilə müsahibə </b> Müsahibimiz Atahan Çiftçi türkiyəli gənc musiqiçi, gitara və ud ifaçısıdır. O, həm də Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş Mədəniyyət müşaviri, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fədakar dostu, mərhum İrfan Çiftçinin oğludur. Atahan bəylə musiqi fəaliyyəti haqqında danışarkən, atası İrfan Çiftçini də hörmət və məhəbbətlə yad etdik:

- Atahan bəy, azərbaycanlı oxucuların sizi daha yaxından tanımağı üçün özünüz haqqında məlumat verməyinizi istərdik.

- 1995-ci ildə İstanbulda anadan olmuşam. Türk musiqisi, caz və çağdaş musiqi janrlarında ifa edirəm. Əsasən, bas gitara və ud çalıram. Əvvəllər saydığım bu musiqi janrlarıyla bağlı bir çox layihədə və qruplarda iştirak etmişəm. Hazırda daha çox məşğul olduğum, üzərində çalışdığım "Udgang" adlı layihədir. Bu, mənim özümün şəxsi layihəm olduğu üçün xüsusi bir yeri və məsuliyyəti var. Türk musiqisinin təməl formasına xələl gətirmədən onu caz səhnəsinə daşıyırıq.

- Niyə musiqi?

- Əslində, bir çox uşaq kimi, mən də ailəm tərəfindən bir musiqi aləti ifa etməyə yönləndirildim və kursa başladım. Hekayənin qalanı öz-özünə yarandı. Musiqidə yaradıcı yönlərimi göstərə bildiyimi və nələrisə yaratmaq potensialımı gördükcə daha da bağlandım, sevdim.

- Türkiyədə musiqi bazarında vəziyyət necədir?

- Musiqi bazarının öz içində bir çox sahəyə ayrıldığını unutmamaq lazımdır. Musiqi istehsalçısı, studiya musiqiçiliyi, canlı musiqi icraçılığı və sair. Əlbəttə, bunlar da janrlara görə ayrılırlar. Mən ümumi olaraq canlı musiqi dünyasından danışa bilərəm bəlkə. Yaşımın yetdiyi qədəriylə illər içində musiqi bazarının, təəssüf ki, pisləşdiyini görürəm. Artıq musiqiylə məşğul olub pul qazanmaq 10 və ya 20 il öncəyə nisbətən daha çətindir. Xərclər gün keçdikcə artdığı üçün məkanların fəaliyyətini davam etdirməsi çox çətindir. İstanbul çox rəngli və zəngin bir şəhərdir. Amma məncə, musiqiçilər bu zənginlikdən layiq olduqları payı ala bilmirlər.

Musiqiçilər tərəfindən baxsaq, Türkiyə həqiqətən də çox istedadlı, peşəkar sənətçilər yetişdirir. Gələn hər nəsildə özünəməxsus tərzdə və çox istedadlı insanlar görürəm. Burada ehtiyacımız olan əsas şey daha çox ixtisaslı təhsildir. Yəni daha çox konservatoriyaya və öz mədəniyyətini sevərək, sahiblənərək fəaliyyət göstərən musiqiçilərə ehtiyac var.

- Gənc musiqiçi olaraq ən böyük dəstəyi kimlərdən görmüşünüz?

- Təbii ki, ən birinci dəstəkçim ailəm olub. Atam və anam bəstələdiyim, ifa etdiyim musiqini ilk eşidən insanlar olublar. Qardaşım və sevgilimin dəstəyi, təbii ki, ilk mərhələdə mənə böyük güc verir. Onlardan başqa, bir çox dəyərli musiqiçi dostlarım məni dəstəkləyirlər. İstanbulda çox gözəl bir musiqiçilər mühiti var və onlar mənim dəyərli dostlarımdır. Bir də əlbəttə, musiqi məkanlarını da unutmayaq.

- Daha çox caz musiqisi ilə məşğulsunuz. Caz sizinçün nə ifadə edir?

- Caz insanın özünü inkişaf etdirməyinə ən çox kömək edən musiqi janrlarından biridir. Həm nəzəriyyəsi, həm də ifası səndən çox çalışmağını tələb edir. Buna görə də onunla məşğul olmaq zövqlüdür. Cazla öyrəndiyim bilgi və üsulları məşğul olduğum digər janrlarda da istifadə edirəm.

- Bir az da rəhmətlik atanız - görkəmli alim və ictimai xadim İrfan Çiftçi haqqında danışaq. Azərbaycanda mərhum atanıza böyük sevgi və ehtiram var. Ata kimi onu necə xatırlayırsınız?

- Atam müstəsna bir insan idi. Bir çox ixtisası və sonsuz xidmətləri var, amma ata tərəfi ayrıdır. Bizi sırf övladları olduğumuz üçün deyil, dəyərli insanlar olduğumuzu düşündüyü üçün sevərdi. Bizdən çox şey öyrəndiyini deyərdi. Bizə verdiyi nəsihətlər hər zaman ağlımda, ürəyimdədir. Təhsilimiz və inkişafımız üçün həm maddi, həm də mənəvi olaraq atamın dəstəyini görmək, varlığını bilmək ən önəmli yol xəritəmiz idi.

- Yəqin ki, Azərbaycanı da onun sayəsində tanımışdınız. Azərbaycanla bağlı nələr danışırdı?

- Azərbaycan bizim üçün çox müstəsna bir yerdir. Çünki kökdən ata tərəfimdən qarslıyam və ulu babalarımız Qarapapaq tərəkəməsidir. Bu vasitəylə Azərbaycan mədəniyyətinə vaqif bir ailəyik. Orda qohumlarımız da var. Atam bu yaxınlığa görə İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsinin işçisi olanda başda Azərbaycan olmaqla, ümumən türkdilli ölkələrlə güclü bağlar, əlaqələr qurdu. Tez-tez səyahətlərə çıxdı, İstanbulda və bu ölkələrdə çoxlu tədbirlərə, mərasimlərə qatıldı və layihələr həyata keçirdi. Biz də övladları olaraq onsuz da yaxından tanıdığımız Azərbaycan mədəniyyətini daha da yaxşı tanıdıq. Aşıq ədəbiyyatı, şeirlər, tamaşalar, siyasət... Ağlınıza gələ biləcək bir çox mədəni motivlə yoğrulduq sanki. Atam hələ kiçik yaşlarından neçə-neçə toyda və məclislərdə iştirak etdiyi üçün bu mədəniyyəti ən orijinal şəkildə görən və öyrənən biriydi. Musiqi sahəsində isə Azərbaycan uşaqlıqda çox da marağıma səbəb olmamışdı. Amma böyüdükcə çox sevməyə və təbii olaraq, bir bağlılıq hiss etməyə başladım deyə bilərəm. Aşıq Ədalət, Alim Qasımov kimi sənətçilər isə ən çox dinlədiyim və təsirləndiyim musiqiçilərdəndirlər.

- İrfan bəyin siz övladlarıyla bağlı ən böyük xəyalı nə idi? Yetə bildimi o xəyalına?

- Böyük qardaşım ixtisas olaraq atamın sahəsinə daha yaxındır, beynəlxalq əlaqələr kimi mövzularla məşğul olur. Metedən atam çox razı idi və onunla qürur duyurdu. Ondan çox şey öyrəndiyini də həmişə deyirdi. Mənimlə bağlı xəyalları isə musiqi yönümlü idi. Daha doğrusu, əvvəllər həkim olmağımı istəyirdi, amma mən istəmədim. Sonradan mənim həkimliyi seçməməklə doğru qərar verdiyimi gördü və qəbul etdi. Musiqidə də gördüyüm işlərlə həmişə qürur duyar və məni dəstəklərdi. Mən atamın gördüyü və arzuladığı işləri davam etdirməyi düşünürəm.

- İrfan bəy mədəniyyət və türk dünyanın ədəbi-mədəni əlaqələrinin inkişafı yönündə çox mühüm işlər görürdü. Gələcəkdə atanızın yolundan getmək və bu işləri davam etdirmək kimi bir fikriniz ola bilərmi?

- Atam insanları bir-biriylə tanış etməyi, əlaqələndirməyi, doğru insanları bir yerə toplayıb gözəl işlər görməyi özünə mənəvi vəzifə kimi seçmişdi. Bundan başqa, xarakter və üslub olaraq da bunları etməyə çox uyğun biri idi. Şübhəsiz, bu işləri onun qədər yaxşı görmək mümkün olmaz, ancaq biz də öz sahələrimizdə əlimizdən gəldiyi qədər Türk dünyası üçün çalışacağıq. Bu miras bizim üçün çox önəmlidir və eyni zamanda, böyük məsuliyyətdir.

- Ən böyük xəyalınız və gələcəklə bağlı planlarınız nələrdir?

- Ən böyük xəyal deyilən bir şeyə o qədər də inanmıram, açığı. Özüm üçün hədəflədiyim bəzi mərhələlər var. Hər şeydən əvvəl ilk hədəfim "Udgang" layihəsini dünya səviyyəsində tanıtmaq və Avropa başda olmaqla, hər yerdə konsertlər verə bilməkdir. Ondan sonra isə bədii və sənədli film musiqisiylə bağlı layihələrdə iştirak etməyi çox istəyirəm.

Şahanə MÜŞFİQ

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.