525.Az

Sinif yoldaşı: "Məktəb illərində Mənsumun elm adamı olacağını düşünürdüm"

SARITEL QULİYEVA: "ARZU EDİRƏM Kİ, İŞĞALDAN AZAD EDİLƏN TORPAQLARIMIZDA MƏNSUM İBRAHİMOVUN KONSERTİNƏ YIĞIŞAQ"


[01.10.20]
Sinif yoldaşı: "Məktəb illərində Mənsumun elm adamı olacağını düşünürdüm"<b style="color:red"></b>

Qonşumuz Sarıtel xanımın Xalq artisti Mənsum İbrahimovla sinif yoldaşı olduğunu biləndən onunla Mənsum müəllimin uşaqlığı, məktəb çağları ilə bağlı müsahibə hazırlamaq istəyirdim. Ancaq düşündüm ki, bunu ustad xanəndənin 60 illik yubileyi ərəfəsində etsək, daha yaxşı olar.

Nəhayət, vədə yetişdi və söhbətimiz baş tutdu. Müsahibəmizə körpü salmaq üçün Sarıtel xanımdan Mənsum İbrahimovun məktəb çağlarını və o illəri necə xatırladığını soruşduq.  

- Mənsum İbrahimovu hələ məktəb çağlarından tanıyıram. Biz Ağdam şəhərinin Quzanlı kəndində, onlar isə bizə qonşu olan İmamqulubəyli kəndində yaşayırdılar. O vaxt ölkədə məktəblər bugünkü kimi çox deyildi. Orta təhsil almaq üçün Quzanlıdan İmamqulubəyli kənd orta məktəbinə gedirdik. Qardaşım oğlu Eldənizlə mən onunla həmyaşıd idik, eyni sinifdə oxuyurduq.

- Mənsum müəllim məktəb çağlarında necə şagird idi, onu nə cür xatırlayırsınız?

- Açığı, bu gün nə qədər ünsiyyətcil biri olsa da, məktəb vaxtı elə deyildi. Əksinə, olduqca sakit, ancaq dərsləri ilə maraqlanan şagird idi. O biri uşaqlar həyətdə oyun oynayarkən Mənsum sinifdə kitablarla vaxt keçirirdi. O vaxtlar bunları müşahidə edərkən heç gözləmirdim ki, böyüyəndə xanəndə olacaq. Daha çox elm adamı olacağını düşünürdüm. Dava-dalaşı sevən uşaq deyildi. Nə zaman uşaqların mübahisə etdiyini görsə, onları sakitləşdirib, sülh bağlayırdı (gülür).

Sizə o illərlə bağlı bir məsələni də danışım. Mənsum məktəb çağlarında Fəridə adlı bir qıza vurulmuşdu. Fəridə bizdən iki yaş kiçik idi. O vaxtlar telefon yox idi, amma ikisi də bir-birinin sevgisindən xəbərdar idi. Bir müddət sonra da ailə həyatı qurmaq istədilər və evləndilər. Şükürlər olsun ki, indi xoşbəxt ailələri var və bildiyimə görə, bu gözəl bərabərlikdən üç qız, bir oğlan övladları var.

- İndi Mənsum İbrahimovla əlaqəniz varmı?

- Keçmişdə orta məktəblər səkkizinci sinifə qədər idi. Orta məktəbi bitirəndən sonra hərə bir yerə getdi. Mən tibb kollecində oxudum, Mənsum da musiqi üzrə təhsil aldı. Düzdür, əlaqəmiz yoxdur, ancaq yaradıcılığını televiziyadan və saytlardan izləyirəm. Uğurlarına, fəxri adlarına, təltiflərinə bir sinif yoldaşı kimi sevinirəm. Mənsum ailəyə və qohumlara qarşı canıyanan idi. Elə indi də elədir. Bildiyim qədər, anası vəfat edib, atasıgillə o maraqlanır.

- Bu yaxınlarda Mənsum İbrahimovun 60 illik yubileyi olacaq. Ona bir sinif yoldaş, bir həmyerli kimi hansı arzularınız var?

- Sinif yoldaşı kimi ona uğurlarının, xoşbəxtliyinin ardının-arasının kəsilməməsini arzu edirəm. Bu gün altmış illiyini qeyd edir, bundan sonra da neçə-neçə yubileylər qeyd etmək nəsibi olsun. Ən əsası isə daim bu cür mehriban, təvazökar xarakteri ilə həm dinləyicilərinin, həm də ailəsinin sevgisinə sahib olsun. Bir ağdamlı kimi onu diləyirəm ki, işğal altında olan torpaqlarımız azad olunsun və biz o yerlərdə Mənsum İbrahimovun konsert proqramlarına yığışaq. Məncə, Mənsumun özünün də ən böyük arzusu budur. Tez-tez bildirir ki, Qarabağ azad ediləndə orada "Qarabağ şikəstəsi" oxuyacaq. Mən də onun bu arzusuna qoşuluram, Uca Tanrı o günləri bizlərə qismət eləsin. Qoy, bütün xalqımız arzusunda olduğu o torpaqlara yenidən və birdəfəlik qayıtsın. Allah bu müqəddəs yolda canı bahasına savaşan Azərbaycan zabitlərini və əsgərlərini qorusun.

Günel ABBAS

"525"dən: Sevimli sənətkarımız, dəyərli muğam ustası Mənsum İbrahimovu 60 illik yubileyi münasibəti ilə təbrik edir, cansağlığı, daha böyük yaradıcılıq uğurları arzulayırıq. Gün o gün olsun torpaqlarımız işğaldan azad edilsin və Mənsum müəllim böyüyüb boya-başa çatdığı Qarabağda, o cümlədən, Şuşada, Xankəndində, Ağdamda, Laçında, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə böyük konsert proqramları ilə çıxışlar etsin!..


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.