525.Az

"43 siyasi partiyanın birgə bəyanatı ölkə tarixində ilk oldu" - Müsahibə

RAZİ NURULLAYEV: "ONLAR BÜTÜN FƏRQLİ BAXIŞLARI, SİYASİ KONYUKTURANI KƏNARA QOYUB, DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ PREZİDENTİN YANINDA OLDUQLARINI BİLDİRDİLƏR"


[30.09.20]
"43 siyasi partiyanın birgə bəyanatı ölkə tarixində ilk oldu" - <b style="color:red">Müsahibə </b>

Siyasi dialoq 

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevdir. 

- Razi bəy, Azərbaycanda başladılan islahatlar siyasi sahəni də əhatə edir. Bu, özünü həm də iqtidarla müxalif siyasi qüvvələr arasında start verilən dialoqda göstərir. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev mütəmadi olaraq  siyasi partiya liderləri ilə müzakirələr aparır. Sizin fikrinizcə,  siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar-müxalifət dialoqu  nə dərəcədə rol oynayır?

- Bu günə qədər iqtidar-müxalifət dialoqu görüntü yaradırdı və siyasi partiyaları yığıb onları, az qala, danlayırdılar və sonra da adını qoyurdular "siyasi dialoq". Dialoqun nə predmeti olurdu, nə də nəticəsi. Ümumiyyətlə, dialoqun formatı da bərbad olurdu. Siyasi partiya liderlərinə dərs keçib adını qoyurdular dialoq.

İndi isə vəziyyət tamam dəyişib. Yeni yaradılan şöbənin müdiri Ədalət Vəliyev bir neçə ay ərzində vəziyyəti kökündən dəyişdi. Əvvəllər dialoqa açıq olmayan və onu oyun adlandıran partiya sədrləri Ədalət müəllimlə görüşmək üçün mətbuat üzərindən müraciət etməyə başladılar. Hətta növbə gözləmədən tez görüşmək üçün çalışanlar da oldu. Çünki görüşlərdə və dialoqda səmimiyyət gördülər. Səmimiyyət olan yerdə isə nəticə də olur.

Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar-müxalifət dialoqu əhəmiyyətli rol oynayır. Fərqli siyasi baxışlarına baxmayaraq, 43 siyasi partiyanın birgə bəyanatı ölkə tarixində ilk oldu. Onlar bütün fərqlilikləri, fərqli baxışları və siyasi konyukturanı kənara qoyub, Dağlıq Qarabağ məsələsində ölkə başçısının yanında olduqlarını bildirdilər. Bu, bir ilk idi, həm də məhz yeni şöbənin müdiri Ədalət Vəliyevin apardığı işin müsbət və bariz nümunəsi oldu.

Biz müharibə vəziyyətində olan ölkəyik. Onun üçün də iqtidar-müxalifət dialoqu çox mühümdür və daima diqqət mərkəzində saxlanılmalıdır. Çox şadam ki, Ədalət müəllim bu missiyanın öhdəsindən nəinki gəlir, həm də bu sahədə ciddi yeniliklərə imza atır. Bu isə bizdə fərqli siyasi düşüncəyə malik bir müxalifət partiyası kimi bu konfiqurasiyanın daha da dərinləşməsi üçün ümidlər yaradır.

- Sizin rəhbərlik etdiyiniz partiya, həmçinin, Real partiyası bu yaxınlarda qeydiyyata alındı. Bunu dialoqun nəticəsi hesab etmək olar?

- Milli Cəbhə və Real partiyalarının qeydiyyata alınması, təbii ki, dialoqun nəticəsidir. Bunu bir neçə dəfə demişəm və yenə də təkrar etmək istəyirəm ki, uzun müddət partiyalara ögey münasibət və ayrı-seçkilik cəmiyyətdə bölücülük, iqtidar və müxalifət arasında dərin uçurumlar yaratmışdı. Bu uçurum dövlətçilik baxımından bütün məqamlarda məqbul deyildi. Heç kim heç kimsənin kitabını oxumurdu, onu dinləmirdi. Siyasi partiyalar isə özləri doğru bildiklərini edirdi və nəticədə bəzən dövlətçiliyimiz üçün də problemlər yaranırdı. Axı, siyasi partiyalar dərin informasiyalara malik olmasalar, dövlətin siyasəti və atacağı addımlar barədə məlumatlandırılmasalar, onlar necə məsuliyyətli davrana bilərlər?

Çox şadam ki, Ədalət Vəliyev Prezidentin verdiyi təlimat və göstərişləri doğru-dürüst yerinə yetirdi və az müddətdə siyasi düzəndə səliqə-sahman yarandı.

- Siz ümumilikdə bugünədək aparılan prosesi necə qiymətləndirirsiniz? İlkin nəticələr sizi qane edir?

- Şəxsən bizi qane edir. Təmsil etdiyim partiyanın qeydiyyatı üçün 2015-ci ildən döymədiyimiz qapı, müraciət etmədiyimiz yer qalmamışdı. Əlimiz bütün yerlərdən üzülmüşdü. 5 illik məhrumiyyətlərdən sonra Milli Cəbhə Partiyası kimi qeydiyyatdan keçməyimiz bizi çox sevindirdi. Artıq 6 yeni partiya qeydiyyata alınıb və yenilərinin qeydiyyatı üzərində, bildiyim qədər iş getməkdədir. Siyasi partiyalarla iqtidar arasında demək olar ki, tam olaraq ünsiyyətə və qarşıqlıqlı hörmətə əsaslanan dialoq mühiti yaranıb.

- Razi bəy, sizcə, dialoq başlayandan bəri ölkənin ictimai-siyasi həyatında nə dəyişib?

- Çox şey dəyişib. Ən başlıcası isə iqtidar və müxalifət dövlətçiliyimiz naminə işlərdə eyni fikirləri bölüşməyə başlayıblar. Siyasi partiyaların dövlətçilik baxışları güclənib, daha məsuliyyətli olublar. Həm də bu sahədə bir nizam və konsentrasiya yaranıb. İndi siyasi partiyalar bilirlər ki, kimə, hara və necə müraciət etmək lazımdır. İlk dəfə olaraq Prezident müxalifət partiyalarını bayram münasibətilə təbrik edib. Milli Cəbhə Partiyası və Real qeydiyyata alınanda Prezidentin təbrikləri Ədalət müəllim tərəfindən bizə çatdırılıb. Bunlar balaca məsələ deyil. Bu tip proseslər cəmiyyəti saflaşdırır.

- Rəhbərlik etdiyiniz  partiya dialoq çərçivəsində hansı məsələlərə diqqət çəkir  və nə kimi təkliflər irəli  sürülüb?

- İstərdik ki, siyasi partiyalar ölkənin idarə olunmasında bu və ya digər şəkildə iştirakçı olsunlar, məsuliyyəti bölüşsünlər. 50 siyasi partiya milli birlik çağırışı edib bəyanat imzaladı. Bu təşəbbüsü dəstəklədiyi və təşkilati məsələlərdə göstərdikləri köməyə görə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinə və əməkdaşlarına təşəkkür edirəm. Bu, çox mühüm sənəddir. Bu o deməkdir ki, imza atan siyasi partiyalar Azərbaycana qarşı Ermənistanın apardığı müharibənin nəticələrinə görə məsuliyyəti bölüşürlər. Bu, ölkə Prezidentinə daha rahat və strateji qərarlar vermək imkanı qazandırır.

Siyasi partiyaların qeydiyyatı və ofislə təmin olunması məsələsi də gündəlikdə olub və bu məsələlələr həll edilir və edilməkdədir.

- Hakimiyyətin irəli sürülən təkliflərə, qaldırılan problemlərə münasibəti necədir?

- Ən vacib olan məsələ hakimiyyət təmsilçisinin bütün təkliflərə açıq olması, diqqət göstərməsi və imtina etməməsidir. Bildiyim budur ki, qaldırılan bütün haqlı problemlərin və narazılıqların zamanla həlli gözlənilir. Əlavə olaraq, bəzi mühüm təkliflər də hakimiyyət təmsilçisi tərəfindən edilir. Hətta ölkə Prezidentinin özü də təşəbbüslə çıxış edir. İndi biz bütün nüansları bilə bilmərik, lakin analiz edən zaman bunu hiss edə bilirik. Siyasi partiyalar müsbət addım atan zaman Prezident bunu görür, qiymətləndirir və təşəkkürünü çatdırır. Heç kim diqqətdən kənar qalmır və təbii ki, bu da siyasi partiyalarda xoş hisslər yaradır. Getdikcə münasibətlər daha da istiləşəcək və Azərbaycanda da ciddi siyasi mədəniyyət nümunəsi yaranacaq.

- İki partiya - AXCP və Müsavat dialoqda iştirakdan imtina edib.  Onların imtina səbəbləri nə dərəcədə əsaslıdır və iki partiyanın bu mövqeyi prosesə hər hansı təsir göstərirmi?

- Arzu edərdik ki, heç bir partiya dialoqdan və danışıqlardan kənarda qalmasın. Elə partiyalar var ki, özünü hər bir kiçik məsələdə belə fərqləndirmək istəyir. Açığını deyim ki, bu, çox zaman alınmır və kənardan gülünc vəziyyət yaradır. Yaxşı olar, partiyalar elə məsələdə fərqləsinlər ki, xalq da onlara "əhsən" desin. Danışıqlarda və dialoqda iştirak etməmək onlara hansı üstünlüyü qazandırır? Heç nə, birmənalı olaraq onları bütün informasiyalardan, iştirakçılıqdan və dövlət işlərində məsuliyyətdən kənarda saxlayır. Siyasi partiyanın iştirakçılığı, məsuliyyəti və gələcəyə yönəlik əsaslı və nəticəyə aparacaq planı yoxdursa, onun fəaliyyətinin və mövcudluğunun nə mənası var?

Mən danışıqlardan və görüşlərdən imtinanı cığallıq kimi dəyərləndirirəm. Bildiyim qədər, Müsavat görüşün partiyanın qərargahında olmasını istəyib. Mən bu çağırışa pis baxmıram. Amma bilməliyik ki, biz siyasi partiya olaraq bu kimi tələbləri qoymaq gücündə deyilik. Biz dövlət və xalq naminə kompromislərə getməliyik. Onlar birinci mərhələdə təklif olunan yerə gedə, ikinci və ya digər hansısa görüşün onların qərargahında olmasını istəyə bilərdilər. İnanıram ki, müəyyən müddətdən sonra Ədalət müəllim partiyaların da ofisinə baş çəkəcək. Çünki, görüşlərimdə onun çox səmimi bir məmur olduğunu gördüm. Amma elə ilk görüşdən şərtlər qoymaq pozuculuq kimi də anlaşıla bilər.

AXCP sədri Əli Kərimlinin də imtinasına bu qəbildən yanaşıram. O, uzun illərdir, problemlərini ictimailəşdirir və hakimiyyətin onun dərdlərinə biganəlik göstərdiyini deyir. Görüş təklif olunanda isə imtina edir. Bunu necə başa düşək? Deyir ki, mən Prezidentlə danışa, görüşə və müzakirə apara bilərəm. Başa düşmürəm ki, onun digər siyasi partiya sədrlərindən xüsusi özəlliyi nədir? Bunu tələb etmək həm digər siyasi partiya sədrlərinə münasibətdə etik deyil, həm də reallıqdan uzaq tələbdir. Necə ola bilər ki, Prezident bir siyasi partiya rəhbəri ilə görüşsün və digərlərini isə gözardı etsin? Bu, o zaman başadüşülən olar ki, həmin siyasi partiyanın Parlamentdə digər siyasi partiyalardan daha çox yeri olsun, seçkilərdə digər partiyalara nisbətən xeyli səs faizinə malik olmuş olsun. Yoxsa ərköyün uşaq kimi "onu istəyirəm, bunu istəyirəm" demək siyasətçiyə hörmət qazandırmır.

- Dialoq prosesinin inkişafını necə görürsünüz?

- Hazırkı temp məni qane edir. Onilliklərlə yığılıb qalmış problemləri bir neçə aya həll etmək mümkün olmayacaq. Ədalət naminə demək lazımdır ki, yeni yaradılan şöbə intensiv işləyir. Problemlər, qanun pozuntuları və siyasi partiyalar haqqında qanunun müddəaları o qədər kobud şəkildə pozulub ki, siyasi partiyalar təşkilatlarının məişət problemlərini daha çox qabartmalı olurlar.

Hələ ki, xeyli partiya qanunla nəzərdə tutulmuş səlahiyyət və imkanlardan istifadə etməkdən məhrumdur. Bu məsələlər tam qanuni axarına düşəndən sonra digər vacib məsələlərin də nizama salınması yolunda işləmək lazım gələcək. Bura siyasi partiyaların dövlətçiliyin qorunması, məsuliyyətin bölüşdürülməsi və ölkənin inkişafında iştirakçılığı daxildir. Bunlar daha qlobal və böyük məsələlərdir və ayrı yanaşmalar və nizamlamalar tələb edir.

- Ədalət Vəliyevin partiya sədrləri ilə ümumi görüşünün keçirilməsi də gözlənilirmi?

- Siyasi partiyalarla ümumi bir görüşün keçirilməsi vacibdir və yəqin ki, gündəmdədir. Bu barədə əlavə məlumatların veriləcəyinə inanıram. Fərdi görüşlər mərhələsi sona yaxınlaşmaqdadır və indi ümumi müzakirəyə ehtiyac yaranır. Belə bir görüşün keçirilməsi iqtidar-müxalifət münasibətlərində daha böyük inamın yaranmasına və dialoq mühitinin istiləşməsinə gətirib çıxaracaq. Yəqin ki, yaxın zamanda belə bir görüşün keçirilməsinin şahidi olacağıq.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.