525.Az

"Valideyn vətənpərvər olmalıdır ki, uşaq da o ruhda böyüsün" - Müsahibə

AYGÜN CƏFƏRLİ: "HƏR BİR VALİDEYN ÖVLADINA AŞILAMAQ İSTƏDİKLƏRİNƏ BİRİNCİ NÖVBƏDƏ ÖZÜ RİAYƏT ETMƏLİDİR"


[30.09.20]
"Valideyn vətənpərvər olmalıdır ki, uşaq da o ruhda böyüsün" - <b style="color:red">Müsahibə </b>

Payız gəlir. Hər fəsil öz gəlişi ilə spesifikasına uyğun xəstəliklər də gətirir. Payız fəsli isə bu sarıdan daha səxavətlidir - elə ki havalar bozardı, istər-istəməz, xəstəliklərin də, xəstələnənlərin də sayında artım müşahidə olunur.

Bu proses hər il baş versə də, pandemiya ilə əlaqədar bu il valideynlər bir az da təlaş içərisindədir. Sağlam vətəndaş yetişdirmək üçün isə onun həm fiziki, həm də psixoloji sağlamlığının qeydinə qalmaq önəmlidir. Həkim pediatr Aygün Cəfərli ilə söhbətimiz də elə bu məsələlərlə bağlıdır. Aygün xanım Bakı şəhərindəki 22 saylı Uşaq poliklinikasının həkim pediatrıdır. O, həm xəstəxanada uşaqlarla maraqlanır, həm də məktəblərdə, bağçalarda onlarla maarifləndirici tədbirlər keçirir, valideynləri və müəllimləri məlumatlandırır.

Həkim pediatr Aygün Cəfərli ilə söhbətimizi təqdim edirik.  

- Aygün xamın, payız gəlib, qış da qapıdadır. İnsanlar bu il uşaqlarının sağlamlığıyla bağlı daha çox narahatlıq keçirir. Bununla bağlı onlara nə məsləhət görərdiniz?

- Mən bir həkim kimi insanlara ilkin tibbi biliklərin aşılanması və profilaktiki tədbirlərin öyrənilməsi üçün əlimdən gələni edirəm. Elə bu istiqamətdə valideynləri və müəllimləri maraqlandıran əsas suallar qidalanma ilə bağlı olur. Bu, düzgün bir məqamdır. İnsanın sağlamlığı onun düzgün qidalanmasından keçir. Pandemiyaya görə insanlar narahatdır. Amma düzgün dezinfeksiya qaydalarını bilib, ona əməl etdikdən, sosial məsafəni qoruyub sağlam qidalandıqdan sonra qorxuya ehtiyac yoxdur.

Uşağa təkcə COVİD-19-dan qorunmaq üçün yox, digər bütün yoluxucu xəstəliklərdən qoruna bilmək üçün düzgün dezinfeksiya üsullarını öyrətmək lazımdır. Bunu da məcburi şəkildə yox, onun anlayacağı dildən, oyun, əyləncə dili ilə izah etmək daha məqsədəuyğundur. Çünki biz balacaların virusdan qorxmasını yox, onlardan düzgün qoruna bilməsini təmin etməliyik. Əgər valideyn bir məsələ ilə bağlı narahatdırsa, uşaq bunu mütləq hiss edir və bu, onda da narahatlığa səbəb olur. Buna görə valideyn əvvəlcə özü hər şeyi təmkinlə qarşılamalıdır. Dünyada müəyyən dönəmlərdə pandemiya olub, indi də var. Bu, normaldır. Sadəcə, ailə içində bununla bağlı əlavə narahatlıq, panika yaratmadan məsələni düzgün qəbul edib ondan düzgün müdafiə yollarını mənimsəməli, həyat tərzimizə çevirməliyik.

Bu dönəmdə mütləq şəkildə fəslə uyğun meyvə-tərəvəzə üstünlük vermək, zülal, dəmir, sink tərkibli qidaları çoxaltmaq lazımdır. Həmçinin, ağartı məhsulları mədə-bağırsaq sisteminin fəaliyyətini gücləndirdiyi üçün ona da üstünlük vermək lazımdır. Bağırsaq florasının qorunması immunitetimizi möhkəmləndirən əsas faktorlardandır. Buna görə də, valideynlər mütləq həm özlərinin, həm də uşaqlarının qida rasionunda bu sadaladığım tərkibli qidalara üstünlük verməlidirlər.

- Dediniz  ki, bütün bu doğru qidalanmaq məsələlərini uşaqlara oyunla, əyləncəli üsulla izah etmək lazımdır. Bu fikri bir az da açardınız, zəhmət olmasa.

- Bilirsiniz necədir, uşağı düzgün qidalandırmaq da olar, onu viruslardan qorumaq üçün qorxutmaq da. Amma bu, doğru yol deyil. Sən əgər uşağın ruhunu qidalandırmırsansa, onu qoruya bilməzsən. Uşağı virusdan qorxutmaq yolu ilə qorumaq olmaz. Birinci növbədə uşağa izah etmək lazımdır ki, onu hansı təhlükəli viruslar xəstə edə bilər və bundan qorunmaq üçün o, nə etməlidir. Uşaqların bu dönəmdə prosesə adaptasiya olması üçün biz onlarla koronavirus haqqında maraqlı formada danışmalı, daha sonra heç olmasa, on saniyə gözləməli, onların bu məsələ ilə bağlı suallarına cavab verməyilik. Onunla dialoqa girmək, onun mövzuyla bağlı suallarını dinləmək, səbrlə cavab vermək lazımdır ki, uşaq məsələnin mahiyyətini dərk etsin, məsuliyyət hiss etsin. Bu baxımdan, valideynin davranışı birmənalı olaraq realist, pozitiv olmalı, dediyi hər kəlməyə diqqət etməlidir. Çünki bizə xof yaratmaq yox, uşaqda anlayış yaratmaq lazımdır. Düzgün davranış forması da budur.  

"Bizim hadisələrə verdiyimiz reaksiyalar uşağın tərbiyəsində rol oynayan amillərdəndir" 

- Burda siz həm də düzgün tərbiyə prosesindən bəhs edirsiniz.

- Bəli, hər şey, bizim hər hərəkətimiz, hadisələrə verdiyimiz reaksiyalar - bunlar hamısı uşağın tərbiyəsində rol oynayan amillərdir. Buna görə, valideyn bilməlidir ki, uşaq ona deyilənə yox, davranış şəklinə fokslanır. Valideyn müsbət ab-havada olmalıdır ki, uşaq da düzgün, sağlam psixologiyada yetişsin. Birinci növbədə, valideyn hər bir işini planlı aparmağı bacarmalıdır. Daha sonra uşağına bunu tətbiq etməkdə kömək etməlidir. Yəni, birincisi, valideyn özü düzgün davranış normalarına riayət etməlidir ki, bütün bunları uşağına da aşılaya bilsin. Əgər sosial məsafə saxlamaq tələb olunursa, bunu valideyn uşağına düzgün izah etməli, onu düzgün yönləndirib sosial məsafə ilə bağlı məlumatı düzgün, əyləncəli, uşaqda maraq yaradacaq formada verməlidir. Uşağa sosial məsafəni də, şəxsi gigiyenanı da əyləncəli vəziyyətə gətirərək, oyunlarla öyrətmək, aşılamaq lazımdır. Bir məqam var ki, bütün məsələlərdə olduğu kimi, burda da keçərlidir, o da şəxsi nümunədir. Hər bir valideyn övladına aşılamaq istədiklərinə birinci növbədə özü riayət etməlidir.  

"Biz müasir və eyni zamanda, əqidəli insan yetişdirməliyik"  

- Tibbi məsələlər haqqında danışanda da görürük ki, hər məsələdə birinci növbədə düzgün tərbiyə gəlir. Elə növbəti sualı da bununla bağlı vermək istəyirəm. Siz uşaqlarla, valideynlərlə, həm də müəllimlərlə işləyirsiniz. Sizcə, gənc nəsildə milli-mənəvi dəyərlərin, milli ruhun formalaşmasında əsas amil nədir?

- Milli mənəviyyatımızın düzgün formalaşması birinci növbədə ailədən asılıdır. Hər birimiz bir ailədə doğulub, bir cəmiyyətdə formalaşırıq. Valideyn övladını nə qədər düzgün tərbiyə etsə, milli-mənəvi dəyərlərə uyğun yetişdirsə, uşaqlar bir o qədər milli ruhda böyüyər və düzgün tərbiyə olunar. Bu, həm də əxlaqi cəhətdən düzgün formada Avropaya inteqrasiya etməyə imkan verər. Biz bir xalq, həm də fərd olaraq, əlbəttə, müasir düşünməli, müasir insan yetişdirməliyik. Amma yetişdirdiyimiz insan həm də ölkəsinə sadiq, əqidəli insan olmalıdır. 

"Milli ruhda tərbiyə davamlı mütaliə sayəsində olur" 

- Tərbiyə məsələsində valideynin rolunu xüsusi vurğulayırsınız. Başqa hansı faktorlar var ki, onlar gənc nəslin düzgün yetişə bilməsi üçün vacibdir?

- Mədəniyyətimizin, cəmiyyətimizin gələcək inkişafı gənc nəslin düzgün tərbiyə olunması məsələsi ilə sıx bağlıdır. Yəni ölkəmiz sosial-iqtisadi, ictimai-siyasi baxımdan inkişaf edə bilər, biz beynəlxalq arenada da öz sözümüzü deyə bilərik. Amma əgər xalqımızın təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onları inkişaf etdirməsək, ölkəmiz uğurlu inkişaf edə bilməz, yaxud bu inkişaf daha dayanıqlı ola bilməz. Buna görə də, gənclərimizi milli ruhda tərbiyə etməliyik. Milli ruhda tərbiyə o deməkdir ki, biz mədəniyyətimizi, bizə aid olan incəsənətimizi, ədəbiyyatımızı, təfəkkürümüzü, ana dilimizi uşaqlara aşılamalıyıq. Onlara azərbaycanlı olduqlarını, damaralarında azərbaycanlı qanı axdığını, dostumuzun-düşmənimizin kim olduğunu izah etməliyik. Bunu da, əlbəttə, düzgün mənbələrdən, davamlı mütaliə ilə edə bilərik. Bu proseslər milli psixologiyanın inkişafına böyük təkan vermiş olar.

"İnsan nə ilə qidalanırsa, ondan ibarətdir"

- Dönə-dönə tərbiyə prosesində valideynlərin rolunu vurğulayırsınız. Bəs uşağın düzgün tərbiyəsi nə vaxtdan, neçə yaşdan başlayır?

- Bəli, bütün bu sadaladığım əsasların hamısı ailədən gəlməlidir. Birincisi, ailə, valideyn vətənpərvər olmalıdır ki, o ailədə yetişən uşaq da bu ruhda böyüsün. Buna görə mütləq şəkildə ailə milli-mənəvi dəyərləri yüksək şəkildə qiymətləndirməli, özü əxlaqi, milli mənlik cəhətdən tərbiyəli olmalıdır ki, davranışları ilə bu dəyərləri övladına da aşılaya bilsin. Çünki dediyim kimi, şəxsi nümunə çox vacibdir. Tərbiyə prosesi danışmaqla, nələrisə diktə etməklə yox, özümüzün də o normalara, dəyərlərə əməl etməyimizlə olur. Çünki uşaq bizim dediklərimizi yox, davranışlarımızı görüb götürür.

Bir həkim olaraq onu da qeyd etmək istəyirəm ki, biz nə qədər sağlam qidalanarıqsa, zərərli vərdişlərdən uzaqda qalarıqsa, bizdən doğulub-törəyənlər də həm fiziki, həm də düşüncə baxımından daha sağlam, millətinə, dəyərlərinə bağlı olacaq. Mən böyüklərimdən də belə eşitmişəm, hamilə bir qadın adi bir meyvəni belə başqasının həyətindən qoparıb yeyirsə, bunu icazə ilə etməli, halallıq almalıdır. Həmin o halallıq insanın geninə, qanına hopmalıdır. Burda çox böyük dəyər, məna var. Uşağın tərbiyə prosesi, elə ana bətnindən başlanmalıdır. Genlərimiz bizə yalnız həyata başlamağa kömək edirlər, geri qalanı bizim həyatda aldığımız tərbiyə, başqa insanlarla qarşılıqlı həyati təcrübələrimiz, bizim nəyi və necə öyrənməyimiz reallaşdırır. Düzgün qidalanmaq isə ona görə önəmlidir ki, sağlam qidalanan insan sağlam düşüncəyə də sahib olur. Belə bir deyim də var, insan nə ilə qidalanırsa, ondan ibarətdir.

Natəvan ABDULLA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.