525.Az

Şamaxıda güclü yanğın oldu

[27.08.12]
Şamaxıda güclü yanğın oldu

Şamaxı rayonunun dağlarında güclü yanğın olub.

Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saat 11:00 radələrində Ağsu dağlarında başlayan yanğın tədricən genişlənərək Şamaxı ərazisinə keçib. Şamaxının Çərkəz və Adnalı kəndlərinin şimalındakı dağlıq ərazidə baş verən yanğının söndürülməsinə Şamaxı, Ağsu və İsmayıllı rayon yanğından mühafizə hissələrinin maşınları və 100-dən çox əməkdaşı cəlb edilib.

Yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yarandığından hadisə yerinə aviasiya dəstəsinin 2 helikopteri də cəlb edilib. İki ayrı-ayrı ərazidə baş verən yanğınla mübarizə axşam saat 21:30-adək davam edib. Yanğın dağlıq ərazidə baş verdiyindən alovun qarşısının alınmasında əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə edilib.

Yanğınsöndürənlər çətinliklə də olsa yanğının qarşısını alıblar. Alovun yaxınlıqdakı meşələrə, fermalara və kənd evlərinə ziyan vurmasına imkan verilməyib. Hadisə zamanı ümumilikdə 30 hektar ərazidə kol-kos, quru ot və xırda ağaclar yanıb. Hazırda ərazidəki xırda yanğın ocaqlarının məhdudlaşdırılması, yanan ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir. Gecədən səhərədək əraziyə yanğınsöndürənlər nəzarət edəcək. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.