525.Az

Vətən, daha yas saxlama!

(20 Yanvar ŞƏHİDLƏRİNİN dilindən)


[20.01.14]
Vətən, daha yas saxlama!<b style="color:red"></b>

Oqtay Rza,

Əməkdar müəllim

Azərbaycan, dərdin böyük yaran çox dərin,

Müsibəti gözü ilə görüb Tanrı da.

Səndən torpaq payı uman o xainlərin

Bir gün toza çevriləcək ağaları da.

Səndən ötrü süngülərə sinə gərmişik-

Vətən, daha yas saxlama,

                             biz ölməmişik!

     

Sıramızda təzə gəlin, məktəbli qız var,

Sıramızdaata, oğul, ağbirçək nənə.

Hər qırmızı qərənfildə al qanımız var,

Al qanımız hopub sübhün şəfəqlərinə.

Üstümüzdən tank keçsə , əzilməmişik

Vətən, daha yas saxlama,

                                   biz ölməmişik!

Neçə küçə, neçə bina qopardı fəryad,

Bakımızın harayına hay verdi Xəzər.

Azər, İlqar, Yusif, İlham, Yeganə, Fərhad...

İnsan idik, dönüb olduq abidə, əsər.

Hər bayatıhəzin layla, hər məzarbeşik,

Vətən, daha yas saxlama,

                                   biz ölməmişik!

Fəlakətdən min ay, min il ötəcək, fəqət.

Yaddaşlarda, ürəklərdə yaşayacağıq.

Çilənir nur, ələnir gül, söylənirRəhmət”.

Yağı yana-yana qalsın, bilsin ki, sağıq.

Biz silahsız vuruşaraq qalib gəlmişik

Vətən, daha yas saxlama,

                                   biz ölməmişik!


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.