525.Az

"Nə açar kimsə qapım..." - Səyavuş Məmmədzadə - 85

USTAD TƏRCÜMƏÇİ SƏYAVUŞ MƏMMƏDZADƏ HAQQINDA QƏLƏM DOSTUM SEYFƏDDİN HÜSEYNLİYƏ AÇIQ MƏKTUB


[16.09.20]
"Nə açar kimsə qapım..." -<b style="color:red"> Səyavuş Məmmədzadə - 85</b>

Ustad tərcüməçi, tanınmış şair Səyavuş Məmmədzadənin rus şairi Maksim Zamşevdən etdiyi tərcümələri notbukumda yığıb və onun 85 yaşının yaxınlaşdığını diqqətə çatdırıb "525-ci qəzet"ə göndərəndə, ağlıma da gəlməzdi ki, mənim bu xoşməramlı niyyətim S.Məmmədzadə haqqında yeni bir yazıya körpü olacaq...

Budur, xahiş edirsiniz ki, (yəqin, Rəşad müəllimin tövsiyəsilə) mən ustad tərcüməçinin 85 illiyi münasibətilə məqalə yazım. Doğrusu, təklifiniz məni çaşdırsa da, dərhal da düşünməyə vadar elədi...
Səyavuş müəllimin 80 yaşı ilə bağlı, beş il qabaq "Azərbaycan" jurnalında dərc etdirdiyim yumoristik təbriknaməni xatırladım. O yazıda zarafata salıb, ümumiyyətlə, ədəbiyyata, tərcümə sənətinə və xüsusən də şahmata fərqli baxışlarımızdan söz açmışdım. Mənə elə gəlir ki, həqiqətən də bizim ədəbiyyata, tərcümə sənətinə və xüsusən də şahmata baxışlarımızda fərqli məqamlar var, amma İNSANa münasibətimiz eynidi. Yəqin ki, elə buna görə də, iyirmi il qabaq AYB-nin binasında, bilyard stolu arxasında paralelləşən yollarımız bir dəfə də olsun kəsişməyib. Bu ilin koronavirusla bağlı yasaqlama günlərini çıxmaq şərtilə, daima görüşmüşük.

Bir dəfə müsahibimin qəfil sualı ilə qarşılaşdım: "Siz həyatı boyu, bir dəfə də olsun, yalan danışmayan adam tanıyırsınızmı?" Bir anlığa duruxsam da, yadıma Səyavuş Məmmədzadə düşdü.

Mənə elə gəlir ki, o, bütün uğurlarını, məhz, bir dəfə də olsun, yalan danışmamaqla qazanıb. Nədir onun uğurları? Bu gün o, ədəbiyyatımızdakı xidmətlərinə görə Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsüdür. Əməkdar incəsənət xadimidir. Böyük Nizamidən üzü bəri, klassiklərimiz öz yerində, son 50 ildə az-çox tanınan elə bir Azərbaycan şairi, yazıçısı tapmaq olmaz ki, Səyavuş müəllim onun şeirlərini, ya da povest və hekayələrini rus dilinə çevirib çap etdirməsin. Şəxsən, özü isə, Füzulinin "Leyli və Məcnun" poemasının rus dilinə tərcüməsini əsas yaradıcılıq nailiyyəti sayır. Yeri gəlmişkən, bu tərcümə Xalq yazıçısı Elçinin sanballı ön sözüylə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəfis tərtibatla çap olunsa da, məncə, layiq olduğu sayqıdan kənarda qalıb. Amma bu günlər Səyavuş müəllim belə şeylərin fərqində deyil. Nə isə soruşanda da zarafata sala bilir: "Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri"...



Demək olar ki, bütün keçmişini, hətta məhəbbət tarixçəsini də zaman-zaman mənə nağıllayıb və mən o məlumatlardan "Qısa qapanma" romanımda geninə-boluna istifadə etmişəm. O romanda ustad tərcüməçi mənim aparıcı obrazımın prototipidi. Yeri gəlmişkən, "Qısa qapanma" Xalq yazıçısı Elmira Axundovanın tövsiyəsi ilə rus dilinə tərcümə olunub və çox güman ki, tezliklə, Səyavuş müəllimin vaxtaşırı qanad açdığı ədəbi üfüqlərdə - slavyan dilli ölkələrdə çap olunacaq. Bəli, o, yalnız rus dilinə tərcümə eləmir, həmçinin, bir sıra slavyan dillərindən Azərbaycan və eləcə də rus dilinə çevirir. Bu günlər onu fərəhləndirən şeylərdən biri də slavyan dilli ölkələrdə yaşayan qələm dostlarının zəngləridi...

Bu dünyada ona ən çox yer eləyən də dostlarının seyrəlməsidir, amma vaxtaşırı onu arayanlar da var və onlardan biri də Elmira Axundovadır. AYB-də on il eyni qurumda işləyiblər. Bu günlər isə onlarım "görüş yeri" mənim notbukumdu. Səyavuş müəllim hərdən ərklə tələb eləyir ki, yadına düşən adi bir hadisəni də dərhal Elmira xanıma çatdırım. "Elmira mənim bacımdı, - deyir, - sadəcə, dostum yox..."

Səyavuş müəllimin avtobioqrafiyasında, mənim üçün qaranlıq məqam, demək olar ki, yoxdur. Atası İmran müəllim ərdəbilli idi. Qarabağlı anası Xarici Dillər İnstitutunda alman dilindən dərs deyirdi. Böyük Vətən müharibisində iştirak etmiş dörd dayısından yalnız biri qayıdıb: hüquqşünas Bəylər müəllim.

Orta məktəbi Bakıda bitirib Səyavuş müəllim. Ali təhsilini Moskvada - M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda. Moskvadakı yataqxana yoldaşlarından Maqsud İbrahimbəyovu, Əkrəm Əylislini, Fikrət Qocanı, Xeyrulla Camalı daha çox yada salır.

Ata yurdundan fərqli olaraq, Qarabağa tez-tez gedib-gələrdi. Azərbaycan dilində qələmə aldığı ən populyar şeiri də Qarabağla bağlıdır: "Şuşanı qar gördüm".

Ailə qurarkən anasına qulaq asmadığına görə hələ də özünü qınayır. Bu gün ayaqları, dizləri taqətdən düşmüş ürək dostuma ortayaşlı bir rus qadını qulluq eləyir - Valya xanım. Arvadının da adı Valentina idi. 90-cı illərdə Rusiyada erməni millətçiləri tərəfindən qətlə yetirilən yeganə övladının - Maratın yalnız şəklini görmüşəm: Xırdalan qəbiristanlığındakı baş daşında...

Canım-gözüm Seyfəddin! Xahiş eləyirsən ki, Səyavuş müəllimin həm yeni portret fotosunu, həm də mənimlə olan şəkillərindən birini sizə göndərim. Əvvəla, onun yeni fotosu yoxdur. İkincisi də, mən istəməzdim ki, onun çuxura düşmüş, təbəssümü itmiş ala gözlərinə fotoaparat tuşlayım. Odur ki, gərək internet saytlarındakı yaraşıqlı şəkillərindən birini seçib götürəsən.

O ki qaldı Səyavuş müəllimin mənimlə birlikdə şəklinə, bu gün o da yoxdur... Amma biri var idi: kimsə bizi şahmat oynadığımız yerdə, özümüzdən xəbərsiz, obyektivə salmışdı. Və biz o fotonu AYB-də mənim otağıma vurmuşduq. Amma bir gün gəldim ki, o şəkil yerində yoxdur. Hələ də kəsdirə bilmirəm ki, o foto kimin gözünü ağrıdırmış?..

Hər il oktyabrın 2-də Səyavuş müəllim ən yaxın dostlarını evinin yaxınlığındakı "Tonqal" restoranında başına toplayıb şadlıq eləyərdi.. İndi isə buna fiziki imkanı yoxdur. Amma ən maraqlısı nədir? Eyvanındakı manqalı nişan verərək, çox ciddi tərzdə deyir ki, ayaqları sağalanda bizə o manqalda kabab çəkəcək. Bəli, onun itirmədiyi iki cəhəti varsa, birincisi nikbinliyidi.

Son illər Yevgeni Yevtuşenkonun, Marina Svetayevanın, Bella Axmadulinanın yaradıcılığına daha çox müraciət eləyir, fikir vermişəm, öz taleyinə uyğun şeirləri seçir. Məncə, Maksim Zamşevdən tərcümə üçün seçdiyi poetik nümunələr də bu qəbildəndir. 

Hörmətlə, sizin daimi müəllifiniz

Məmməd ORUC            

***

Səyavuş Məmmədzadənin yeni tərcümələri

Maksim Zamşev tanınmış rus şairidir. Hazırda "Literaturnaya qazeta"nın Baş redaktorudur. Rusiya Federasiyasında, həmçinin, müxtəlif ölkələrdə ədəbi ödüllərlə təltif olunub.

Təqdim edilən bu şeirlər müəllifin 2018-ci ildə Moskvada çap olunmuş "Gecənin həzin nəğməsi" kitabından seçilib.

Maksim ZAMŞEV

Bayramlarda hamı məsud, hamı şən
Sənsiz bayram keçirməyə öyrəşirəm mən.
Öyrəşirəm sevilmədən bayramlaşmağa
Tez-tələsik bayramları yola salmağa.
Təki bayram günü tez başa varsın,
Varsın ürəyimə qəm yağa-yağa...
Adət eləyirəm, alışıram mən
Kölgəylə, xəyalla bayramlaşmağa.
O kölgə qüssədən, xiffətdən düşüb.
Atəşfəşanlıq da bizimçün deyil...
Qəm süzülür hər bir işıq telindən.
Fanar da gözünü bərəldir mənə.
Nədən narazısan, nə baş verib ki?
Hə, bu da partapart! Şampan şərabı
Coşub, tərk eləyir şüşəni-qabı.
Sığır paltar dolabına yaşanmış ömür.
Təzə həyat ötənlərin yerini tutur.
Nə üçünsə sevinir keçən ilin təqvimi
O, hələ bilmir ki, sonluq sonluqdur -
O yanı yoxdur.
Vəssalam. Qurtardı, getdi...
Məni anırsansa, icazə vermə...
İcazə vermə ki, mən səni anım
Demirəm, sən məni yenidən tanı,
Pozacam onsuz da bu qadağanı...

***

Biz hamımız öləcəyik haçansa
Hətta mən də.
Varlıqdan nə lazımsa,
Salacağıq kəməndə.
Oğlaq bürcü qaranlığa dirənəcək
Ölməz ruhuma yazığım gələcək...
Eh, ölüm! Biçəndə...
Biçirsən hamını dalbadal
Ön də sənsən, son da sən?
Axı, sən "ön" deyilsən,
Boş yuxusan, cəfəngiyatsan...
Biz hamımız öləcəyik haçansa,
Öləcəyik, amma həmişəlik yox...
Obaşdannan "quqquluqu!"
Səs çıxardır naşı xoruz
Dəyirmanda un ələnir
Nəfəsini dərir ruh...
Hər halda hamıdan nəsə qalacaq,
Hamı da salamat qalacaq...

***

Mən səkkiz il çox yaşadım Puşkindən,
Daha artıq ömür sürdüm Lermontovdan,
Amma bir ad qazanmadım.
Belə uzun bir ömür istəməzdim Allahdan
Nədən bu ömrü mənə
Bəxş elədi Yaradan?

***

Musiqi dalğa-dalğa dolanır.
Səadət yaxu kimi sovrularaq yox olub.
Musiqi kara gəlmir,
Demək, dərdim ağırdı.
Belə imiş qismətim,
Nə tapdım? Nə itirdim?
Bu fevral səması da laqeyddi mənə qarşı
Düşüncələr qədərsiz,
Birini seçirəm mən:
Necə qarşılayardı,
Bulqakovun "Master"i
O böyük müharibəni?
Buz bağlamış çaylara
Sevda naxışı salaq,
Çayın izi bitməsin.
Yolçular hasar çəkir
Duman altda itməsin,
Evini tərk etməsin...
Gün əyilir, şər qarışır
Böyük şəhər qaranlığa baş əyib.
Qürubun çəkdiyi qırmızı xətti
Hələ də bir kimsə keçə bilməyib.

***ll

Heç kimə lazım olmayan adam
Baxdı qara etinasız, aram-aram
Sanki ilk dəfəydi görürdü qarı,
Qarla qardaş olduğunu biləydi barı...
Heç kimə lazım olmayan adam
Söndürdü mənzilin işıqlarını.
Bayırda qar yağır - quşbaşı
O adam - naşı
Qar onun haqqında oxuyur astadan
Heç nəyi vecinə almadan.
Əfsus, əlləri qızdırmağa heç nə yox.
Onsuz da eyni cəhənnəmdə yanacaqlar,
Kaş biləydim, o günə nə qədər var...

***

Gecənin həzin nəğməsi
Tutub əllərimdən apara bilər
Meşənin dərinliyinə.
Daha dözə bilmirəm,
Qəddar yırtıcıların,
Qudurmuş köpəklərin
Gecəni "sökməsinə"
Daha gözləyə bilmirəm
Dan yerinin sökülməsini...
Ümidvar deyiləm ki,
Bu sənə xoş olacaq...
Gecənin həzin nəğməsi
Qorxudan daha məşum.
Zəhərə qarşı məlhəm -
Zəhərdən təhlükəli.
Gecənin həzin nəğməsi,
İstərsən məni qına
Nəğməni çalanların
gərək verək haqqını.
Gecənin həzin nəğməsi,
Mən sənə lazımammı?
İndi mən necə çıxım
Bu gecənin sehrindən?
Taleyə inanmıram.
Daha dözə bimirəm,
Sabah olmayacaqsa,
mən ölmək istəmirəm...

Məmməd ORUC

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.