525.Az

"Şərqin Qoyyası"nın "Ailə" portreti - Aytac Sahəd yazır

VALİDEYNLƏRİNİ ERKƏN YAŞLARINDA İTİRMİŞ RƏSSAM KAMAL ƏHMƏDİN AİLƏ SƏADƏTİNİ TƏCƏSSÜM ETDİRƏN TABLOLARI


[16.09.20]
"Şərqin Qoyyası"nın "Ailə" portreti -<b style="color:red"> Aytac Sahəd yazır </b>

- Bu rəsmin yaranması haqqında nə bilirik?

- Öz valideynlərini erkən yaşlarında itirən və uşaqlığını uşaq evində keçirən rəssam üçün, əlbəttə, ailə mövzusu olduqca həssas idi. "Ailə" əsəri Kamal Əhmədin yaradıcılığında ən məşhur əsərlərdən biri hesab olunur. Burada həm realist elementlər, həm də rəssamın təxəyyülünün məhsulunu görə bilərik. Tabloda gecə vaxtı dəniz sahilində çay dəstgahı arxasında gənc ailə təsvir olunub. Əsərin işıqlandırmasına və personajların ifadəsinə diqqəti yetirmək üçün rəssam xüsusi vasitələrə müraciət edir. Rəssamın təsvirində, onun gözlərində sanki nigarançılıq oxunur, qadının təsviri isə ikonologiyada tətbiq olunan, gözlənilən çətinliklərdən qorumaq, qayğı göstərən ana obrazında verilib. Qrup portretində həyat yoldaşı Elmira xanım və qızı Kamilla Əhmədova təsvir olunub. Bir çox Abşeron rəssamları üçün bu torpağın xüsusiyyətlərini vermək əsas şərt idisə, Kamal Əhməd yaradıcılığında Abşeron mənzərəsi bir qədər sərtliyi və lakonikliyi ilə seçilirdi. Yaşadığı Görədil kəndinin mənzərəsini işləyən rəssam bu əsərində də həmin lakonizmə müraciət edir.

Kamal Əhməd ötən əsrin 80-ci illərində həyat yoldaşı ilə portretlər təsvir edir, ailə səadəti mövzusunda əsərlər yaradırdı. Misal üçün, onun 1980-ci illərdə çəkilmiş "Həyat yoldaşı ilə avtoportret" əsəri var. Əsər Azərbaycan Dövlət Rəsm Qalereyasındadır. Ümumiyyətlə, Kamal Əhmədin əsərləri bu gün müxtəlif muzeylərdə saxlanılır.



- Kamal Əhməd yaradıcılığında Şərq simvolikasına tez-tez rast gəlirik. Bu rəsmdə Şərq simvolikası varmı? Rəsmin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Yaradıcılığında sosializm realizmi ideologiyasından uzaq olan rəssam, daha çox tünd rənglərdən istifadə edir, qara fon və simvollarla işləyirdi. Rəssamın yaradıcılığında metaforalardan, simvol və işarələrdən ibarət bədii dili formalaşmışdı. Abşeron faunasına aid şanapipik, qağayı təsviri bu torpaqla simvolizə olunurdu.

Ümumiyyətlə, Azərbaycan rəngkarlığında qara rəngi ustalıqla istifadə edən Kamal Əhməd rəngləri formaya tabe edən çox gözəl koloristlərdən hesab edilir. Təsadüfi deyil ki, italyanlar hələ 1989-cu ildə sovet rəssamlarının İtaliyanın Vareze şəhərində keçirilən qrup sərgisində iştirak edən Kamal Əhmədi "Şərqin Qoyyası" adlandırmışdılar. Rəssamın əsərlərində forma əsasən qəsdən sadələşdirilib lakonikləşdirilirsə də, rəng daha mürəkkəbləşdirilir və emosional xarakter əldə edərək əsərdə ümumi əhval yaradır. Bu əsərdəki gərgin kolorit, obrazların tünd fəzada verilməsi, həmçinin, əvvəl mümkünsüz görünən ailə səadəti əsərdə təzad yaradır. Abşeron qumunun tünd fonda üfüqi xətt şəklində verilməsi, ay, öndəki masanın təsviri və qızın köynəyindəki rəng əsərdəki işıqlılığı tamamlayır.

- Bu rəsm bizə nə deyir?

- Kamal Əhməd hesab edirdi ki, onun əsərlərini şərh etmək deyil, duymaq lazımdır. Rəssam öz əsərləri haqda danışmağı sevməsə də, öz ruhunu əsərləri vasitəsilə əks etdirirdi. Əsərdəki personajlar sanki tamaşaçını dialoqa dəvət edir, həyat haqda düşüncələrini paylaşmağa sövq edir.


Aytac SAHƏD

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.