525.Az

Prezident seçkilərinə bir il qaldı

[16.10.12]
Prezident seçkilərinə bir il qaldı<b style="color:red"></b>

Azərbaycanda növbəti prezident seçkilərinə bir qalır.

ANS PRESS-in məlumatına görə, MSK bu il sentyabrın 10-da növbəti seçkilərin oktyarın 16-da keçiriləcəyini elan edib. Seçki Məcəlləsinə əsasən, Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə elan edilir.

Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Bu günə qədər iki nəfərin növbəti seçkilərə qatılacağı elan edilib. Hakim Yeni Azərbaycan Partiyası hazırkı dövlət başçısı, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürüləcəyini bəyan edib. “Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədi partiyamızın sədri İlham Əliyev olacaq. Bu, birmənalıdır”, - YAP-ın icra katibi, partiyanın sədr müavini Əli Əhmədov bu ilin iyulunda bildirib. O, YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İlham Əliyevin namizədliyinin məhz həmin qurultayda irəli sürüləcəyini vurğulayıb.

Namizədliyini irəli sürəcəyini ikinci siyasətçi Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. İlham Əliyevin namizədliyinin irəli sürüləcəyi qanunauyğun hesab edilsə də, Müsavat başqanının bəyanatı müxalifət düşərgəsində təlatümlərə səbəb oldu. Çünki Müsavat Partiyası İctimai Palataya daxildir və bu qurum seçkilərdə vahid namizədlə iştirak etmək niyyətində idi. İctimai Palataya daxil olan partiyalar isə vahid namizəd məsələsində hələlik razılığa gəlməyiblər. Müsavat və yaxın müttəfiqləri vahid namizəd kimi İsa Qəmbəri, AXCP və yaxın müttəfiqləri isə Əli Kərimlini görür.

Qeyd edək ki, bu, Azərbaycan müstəqillik qazandıqdan sonra keçirilən sayca yeddinci prezident seçkiləridir. Hazırkı dövlət başçısı İlham Əliyev Azərbaycanın dördüncü prezidentidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.