525.Az

İnanmaq olmur - Anım

[31.07.20]
İnanmaq olmur - <b style="color:red">Anım</b>

Beynəlxalq dərəcəli boks hakimi Mehman Mürsəlovun unudulmaz xatirəsinə

Azərbaycan idmanını beynəlxalq səviyyədə təmsil edən peşəkar idman mütəxəssislərindən biri də Mehman Əmrah oğlu Mürsəlov idi.

Mehman Əmrah oğlu Mürsəlov 1958-ci il aprel ayının 15-də Bakının Binəqədi kəndində sadə bir ailədə dünyaya göz açmışdı. O, 1975-ci ildə 182 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun müəllim-məşqçi fakültəsinə daxil olmuşdu. İxtisas seçimindəki müəllim sözü onun böyüyüb boya-başa çatdığı ailə mühiti ilə sıx bağlı idi. Atası Əmrah Mürsəlov uzun müddət kənd məktəbində şagirdlərə əmək təlimindən dərs deyirdi və özünün əmək təcrübəsini gənclərə sevə-sevə aşılamaq kimi nəcib bir peşənin sahibi kimi tanınırdı. Anası Aşa xanım  övladlarının sağlam əxlaqi-mənəvi tərbiyəsi yolunda bir valideyn kimi fədakarlıq nümunəsi göstərirdi.

Boks kimi mürəkkəb bir idman növünü seçən Mehman hələ məktəbli ikən dəfələrlə respublika və beynəlxalq yarışların qalibi və baş mükafatın sahibi olmuşdu. Bir boksçu kimi o, ilk möhhtəşəm uğurunu həqiqi hərbi xidmətdə olduğu ilk aylarda qazanmışdı. 1979-cu ildə Xabarovsk şəhərində hərbçilərin Uzaq Şərq Dairəsinin Çempionatında o, birinci yeri tutaraq idman ustası normativini yerinə yetirərək bu ada layiq görülür.

Bunu 1979-1981-ci illərdə hərbi xidmətdə olan Mehman Mürsəlovun əsgər kimi idman bioqrafiyasına yazılan ilk uğur da hesab etmək olur.

Əmək fəaliyyətinə təlimatçı-metodist kimi başlayan tanınmış idman mütəxəssisi əvvəlcə "Yüksək idman ustalığı" şöbəsinin rəisi, daha sonra idman məktəbinin direktoru kimi vəzifələrə irəli çəkilmişdi. O, 1982-ci ildən respublika və beynəlxalq səviyyəli yarışlarda hakim, baş hakim və baş katib kimi iştirak etmişdi. 1998-ci ildən respublika, 1999-cu ildən Avropa, 2001-ci ildən  isə Ümumdünya  Boks Federasiyasının AİBA dərəcəli hakimi idi. 2008-ci ildə hərbçilərin Dünya Çempionatında yarışların ən yaxşı hakimi seçilməsi də Azərbaycan idmanına Mehman Mürsəlovun gətirdiyi böyük inam və nüfuzdan xəbər verir. 2010-cu ildən o, "Rabitə" və Daxili İşlər Nazirliyinin idman klubunda mütəxəssis kimi çalışmış, sahə idmanının inkişafına öz layiqli töhfələrini vermişdi. Mehman Mürsəlov dəfələrlə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin, Təhsil, Müdafiə, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, o cümlədən, Azərbaycan Boks Federasiyasının fəxri fərmanları ilə təltif olunmuşdu. 2011-ci ildə Beynəlxalq dərəcəli hakim kimi Mehman Mürsəlov AİBA-nın dəvəti ilə üç ulduz imtahanlarını uğurla verərək, Olimpiya və Dünya çempionatlarını idarə etmək hüququ qazanmışdı.

M.Mürsəlov Azərbaycan idmanını dünya merdianlarında tanıdan, ən müxtəlif səviyyəli yarışlarda ədalət təmsilçisi kimi böyük nüfuz qazanan peşəkar mütəxəssislərdən biri idi. Ədaləti, xüsusən də idmanın son dərəcə mürəkkəb bir növü olan boksda, rinqdə qorumaq, onu müdafiə etmək asan iş deyil. Bu, görüşü idarə edən hakimdən cəsarət, şəxsi mənəvi keyfiyyətlər tələb edir. Beynəlxalq dərəcəli hakim kimi Mehman Mürsəlovun reytinqli mötəbər yarışları idarə etmək bacarığı tanınmış idman mütəxəssisləri tərəfindən də etiraf olunurdu.

Mehman Mürsəlovu idman ictimaiyyəti peşəkar bir mütəxəssis kimi tanıyırdı. Onun bütün həyatını bu sahəyə həsr etməsi ilə  bağlı mütəxəssilərin irəli  sürdükləri fikir və mülahizələr ayrıca bir mövzunun predmeti ola bilər. Mehman Mürsəlovun Azərbaycan idmanına verdiyi töhfələr barədə müəyyən təsəvvür yaratmaq üçün biz onunla bağlı çoxsaylı yazıları, müsahibə və məlumat xarakterli qeydləri, dünyanın adlı-sanlı idman nümayəndələri təmasda olduğu anları əbədiləşdirən foto-xronikaları nəzərdən keçirdik. İnanırıq ki, bütün fəaliyyətini Azərbaycan idmanının inkişafına həsr etmiş Mehman Mürsəlov haqqında bundan sonra da məqalə və kitablar yazılacaq, xatirəsi yad ediləcək, adı idman məktəblərindən birinə veriləcək.

İdman güc-qüvvət, iradi keyfiyyətlərlə yanaşı, həm də həmrəyliyə, sülhə xidmət edən bir aksiyadır. Elə gənclik illərindən Mehmanın təbiətində, bənzərsiz xarakterində bu keyfiyyətlər özünü büruzə verirdi. Hamıya diqqətcil və səmimi münasibəti ilə seçilən "yumruq ustası"nın incə qəlbə, dərin müşahidəyə malik olması,  gözlərinin dərinliklərində hamıdan pünhan saxladığı   bir kədərin gizləndiyi dərhal duyulardı. Bu, çoxlarına agah olmayan sirr və müəmmanı da Mehman özüylə bərabər apardı. Hara tələsirdi belə?! Dünyanın çeşidli idman arenalarından hələ neçə xoş təəssüratlarla dönəcəkdi. Yeganə övladının xeyir işini görə bilərdi...

Bəlkə də, belə nigarançılıq dolu hiss və duyğular onun baş verəcək əbədi ayrılıqdan dolayı keçirdiyi düşüncələrindən baş qaldırırdı? Koronavirus pandemiyasının tüğyan elədiyi bir dönəmdə heç kəsin ağlına da gəlməzdi ki, fiziki gücü, enerjisi ilə neçə  gənc idmançıya qələbə sevinci daddıran Mehman Mürsəlov həyatdan belə vaxtsız köçəcək, ailəsini, yaxınlarını və idman ictimaiyyətini kədərləndirəcək.

Ruhu şad olsun!

Qürbət MİRZƏZADƏ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.