525.Az

"Şuşa ilə bağlı unudulmaz anlarım, nisgilli xatirələrim var" - Fatma Yıldırımın müsahibəsi

"SEÇİCİLƏRİMİN QAYĞILARI İLƏ MARAQLANMAQ, ONLARIN PROBLEMLƏRİNİ HƏLL ETMƏK MƏNİM ÜÇÜN BAŞLICA VƏZİFƏLƏRDƏN BİRİDİR"


[02.08.20]
"Şuşa ilə bağlı unudulmaz anlarım, nisgilli xatirələrim var" - <b style="color:red">Fatma Yıldırımın müsahibəsi </b>

Müsahibimiz - VI Çağırış Milli Məclisin deputatı Fatma Yıldırım 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu, fizika-riyaziyyat elmlər namizədidir. Müxtəlif illərdə özəl şirkətlərdə insan resursları üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2012-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra "Mənzil İnşaatı Dövlət Agentliyi"ndə İnsan

resursları şöbəsinin müdiri, 2018-ci ildən 2020-ci ilə qədər isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib. Bir müddət diaspor fəaliyyəti ilə də məşğul olan Fatma Yıldırım Belçika Krallığında yaşayarkən 2003-cü ildə "Avropa Azərbaycanlıları Mərkəzi"nin rəhbəri olub. Təşkilat Avropada Qarabağ həqiqətləri, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində kütləvi tədbirlərin keçirilməsini və təbliğat işlərinin aparılmasını təşkil edib. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq 93 saylı Bərdə şəhər seçki dairəsindən Milli Məclisin deputatı seçilib. 

"525"in müxbirinin suallarına millət vəkili Fatma Yıldırım cavab verir.  

"Malıbəylidə hər evdə kitaba böyük maraq var idi"

-  Fatma xanım, əslən Şuşa rayonunun Malıbəyli kəndindənsiniz. Şuşanı, Malıbəylini necə xatırlayırsınız?

- Azərbaycanın dilbər guşəsi olan Şuşa, onun hər bir qarışı mənim üçün çox əzizdir. Şuşa, Malıbəyli ilə bağlı unudulmaz anlarım, nisgilli xatirələrim var. Bu gün Şuşa işğal altındadır. Ona görə də, bu haqda danışmaq mənim üçün çox çətindir. Uşaqlıq illərimin ən gözəl günləri Malıbəylidə keçib. Hər dəfə Şuşa adı çəkiləndə Maylıbəylidəki Navlı bulağı, qızlarla birlikdə səhənglə su daşımağımız, ulu babalarımızın yatdığı qəbiristanlıq, oradakı qoca çinar ağacı yadıma düşür.

Malıbəylidə hər evdə kitaba böyük maraq var idi. Təsadüfi deyil ki, təkcə Malıbəyli kəndindən 40 nəfərdən çox professor yetişib. Fəxrlə deyə bilərəm ki, onlardan biri də mənim atam - dünyada tanınmış fizika elmləri doktoru, professor Vidadi Yusif oğlu Əliyevdir.

Malıbəyli ilə bağlı ən kədərli xatirəm doğma kəndimin işğal edildiyi gündür. Məlum olduğu kimi, o vaxt xaos dövrü idi, indiki kimi güclü orduya sahib deyildik. Təəssüf ki, 1992-ci ildə fevralın 10-dan 11-nə keçən gecə Malıbəyli kəndi ermənilər tərəfindən işğal edilərək tamamilə yandırıldı. Məni qəhərləndirən anlardan biri də evimizdə ulu babalarımın da şəkillərinin yer aldığı ailə albomunu özümüzlə gətirə bilməməyimiz oldu.

Amma bütün bunlara rəğmən, ümidimi itirmirəm. İnanıram ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız, o cümlədən, Şuşamız erməni işğalından azad olunacaq. Mən həmin günü səbirsizliklə gözləyirəm. O torpaqları yenidən qarış-qarış gəzmək, xoş xatirələrimi bölüşmək, doğma torpağımın qoxusunu duymaq mənim ən böyük arzularımdan biridir. Bu, bütün xalqımızın diləyidir. Dövlətimiz bu problemin sülh yolu ilə həlli üçün bütün imkanlarını səfərbər edib, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İnanıram ki, o gün uzaqda deyil, biz mütləq torpaqlarımıza geri qayıdacağıq.

-  İxtisasca fiziksiniz, fizika-riyaziyyat elmlər namizədisiniz. Ancaq daha çox öz ixtisasınız üzrə yox, müxtəlif şirkətlərdə çalışmısınız. Fizika ixtisası üzrə çalışmamağınızın səbəbi nədir?

- Hər bir şəxsin öz həyat yolu var. Öncə orta təhsil, sonra ali təhsil, daha sonra isə həyatın ən məsuliyyətli dövrü başlayır. Qeyd etdiyiniz kimi, mən ali təhsilimi fizika ixtisası üzrə bitirmişəm. Bir müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam, fizika-riyaziyyat elmləri namizədiyəm. Bu ixtisas üzrə çalışıb-çalışmamaq isə düşünürəm ki, qismət, tale məsələsidir. Qarşıma çıxan imkanları dəyərləndirərək sonralar insan resurslarının idarə edilməsi istiqamətinə maraq duymuşam və gələcək karyeramı kadrlar sahəsində davam etdirmişəm. İşlədiyim həm özəl müəssisələrdə, həmçinin, dövlət qulluğunda komandanın formalaşmasında, əsasən, savad, məsuliyyət, komanda işi, vətənpərvərlik amillərinə üstünlük və xüsusi diqqət yetirərək dövlətimizə faydalı olmağa çalışmışam.

"Qarabağa azadlıq" adlı Türk-Azərbaycan platforması yaratmalıyıq" 

- Bir müddət diaspor sahəsində fəallığınızla da seçilmisiniz. Belçika Krallığında yaşamısınız və 2003-cü ildə "Avropa Azərbaycanlıları Mərkəzi"nin rəhbəri olmusunuz.

- Hər bir vətəndaş öz dövlətini beynəlxalq arenada da təmsil etməyi bacarmalıdır. Mən bir neçə il Avropada yaşamışam və orada diaspor fəaliyyəti ilə məşğul olmuşam. Fəaliyyətimiz daim dövlətimizin xarici siyasətini dəstəkləyərək Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üzərində qurulmuşdu. Eyni zamanda, əsas məqsədlərimizdən biri xalqımızın ən yaralı yeri olan Xocalı soyqırımının dünya tərəfindən tanınması və buna siyasi qiymətin verilməsi idi. Hələ diasporun yeni yarandığı dövrlərdə (2004-cü il) Belçika və Niderlandda dövlətimizin haqlı mövqeyini çatdıraraq, bu məsələyə Avropa ictimaiyyətinin diqqətini çəkə bilmişdik. Bu gün əminliklə deyə bilərik ki,  Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünyada sayılıb seçilən nüfuzlu ölkələr sırasında yer alıb.

Bu gün Azərbaycan diasporu təşkilatlanmış formadadır. Dövlətimiz xaricdə diasporumuzun gücləndirilməsi üçün lazımi addımlar atır. Ötən illər ərzində xeyli sayda diaspor təşkilatları yaradılıb, onlar Azərbaycan diasporunun xaricdə mütəşəkkil qüvvəyə çevrilməsi üçün çalışırlar.

Son illər xarici ölkələrdə Azərbaycan Evləri, Koordinasiya Mərkəzləri yaradılır ki, bütün bunlar diasporumuzun daha güclü və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bizim diasporun qarşısında duran vəzifələr Azərbaycanın uğurlu inkişafını təbliğ etməklə yanaşı, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu istiqamətdə ciddi nəticələr əldə olunmaqdadır.

Lakin bununla kifayətlənmək olmaz, biz çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar. Parlament seçkilərinə, bələdiyyə seçkilərinə qoşularaq bu seçkili orqanlarda təmsil olunmağa çalışsınlar. Bunu dəfələrlə çağırışlarında Prezident İlham Əliyev də vurğulayıb. Biz böyük xalqıq! Dünyada 50 milyon soydaşımız yaşayır, daha da aktiv və strateji fəaliyyət qurmaq məcburiyyətindəyik ki, səsimiz daha da yüksəklərdən eşidilsin.

Bilirsiniz ki, Prezident hər zaman beynəlxalq arenada dövlətimizin Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyini cəsarətlə səsləndirməkdədir. Biz də millət vəkilləri olaraq beynəlxalq fəaliyyətimizdə Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında aktiv olmalıyıq. Biz nə qədər fəal olsaq, bir o qədər də Azərbaycan, Qarabağ həqiqətlərini dünyada yaya, qazandığımız dostların sayını artıra bilərik.

Onu da qeyd edim ki, xaricdə Azərbaycan və Türk diaspor təşkilatları da daim əməkdaşlıq edir, erməni yalanlarının ifşa olunmasında birgə fəaliyyət göstərir. Düşünürəm ki, lobbiçilik məsələsində xaricdəki türk icmasının təcrübəsindən faydalanmaq lazımdır. Türk xalqının lobbiçilik fəaliyyəti güclüdür. Onlar illərdir ermənilərin qondarma "soyqırımı" yalanlarına qarşı mütəşəkkil formada mübarizə aparmaqdadırlar.

Bilirsiniz ki, son günlər Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindəki hərbi təxribatına etiraz əlaməti olaraq bir çox ölkələrdə diasporumuz mütəşəkkil şəkildə aksiyalar keçirir. Bu aksiyalar artıq Azərbaycan diasporunun fəaliyyətinin inkişafından xəbər verir. Bunu həzm edə bilməyən ermənilər isə dinc aksiyalara zorakılıqla cavab verirlər. Bu davranış əslində, ermənilərin xislətini göstərir və bunun adı vandalizmdir.

Qarabağın, işğal olunmuş bütün torpaqlarımızın azad olunması hər bir azərbaycanlının ən böyük arzusudur. Bu istiqamətdə mübarizə təkcə hərb cəbhəsində aparılmamalıdır. Xaricdə yaşayan soydaşlarımızın keçirdikləri aksiyalar da bu baxımdan əhəmiyyətlidir. Dünyada erməni lobbisinin güclü olması heç kimə sirr deyil və onlar müxtəlif beynəlxalq təşkilatlara bizim əleyhimizə təsir etmək gücünə sahibdirlər. Uzun illərdir Qarabağ məsələsi ilə bağlı erməni lobbisi hər fürsətdə, əsasən də KİV vasitəsilə yalan məlumatlar yayıb və bir sıra hallarda dünya ictimaiyyətini buna inandıra biliblər. Ancaq Azərbaycan dövlətinin beynəlxalq sahədə apardığı düzgün siyasət və gənc diasporumuzun təşkilatlanması nəticəsində beynəlxalq birlik əsl həqiqətləri öyrənməkdədir. İyulun 12-də Azərbaycan-Ermənistan sərhəd xəttinin Tovuz istiqamətində ermənilərin törətdiyi hərbi təxribatdan sonra soydaşlarımız dünyanın müxtəlif ölkələrində ayağa qalxaraq həmrəylik nümayiş etdirdilər. Bu fakt vətəndən uzaqda yaşayan həmvətənlərimizin torpaq sevgisinin, Qarabağa azadlıq arzusunun nə qədər yüksək olduğunun göstəricisidir.

Son günlər müxtəlif ölkələrdə belə aksiyaların təşkil olunması ermənilərin gerçək üzünü dünya ictimaiyyətinə açıb göstərir və bu da onları çox narahat etməyə başlamışdır. İcazəli, dinc aksiya keçirən azərbaycanlılara qarşı törədilən zorakılıq və aqressiya faktları ermənilərin terrorçu mahiyyətindən irəli gələrək həmin tədirginliyin sübutudur.

Soydaşlarımıza təşəkkür edirik ki, bu tipli aksiyalar keçirirlər, diplomatik nümayəndəliklərimiz qarşısında erməni yalanlarına qarşı çıxaraq onları susdurmağa çalışırlar. Bütün bunlarla yanaşı, biz daha mütəşəkkil şəkildə mübarizə aparmalı və bu istiqamətdə daha effektiv çıxışlar təşkil etməliyik. Diaspor fəaliyyətimdə əldə etdiyim təcrübəyə əsasən əminliklə deyə bilərəm ki, Qarabağ həqiqətlərinin, xüsusilə də, Xocalıda törədilən erməni qətliamı və vandalizm əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında belə aksiyaların mütəmadi olaraq təşkil olunması çox vacibdir. Beləliklə, biz bu məsələyə dünya ictimaiyyətinin diqqətini çəkərək işğalçı Ermənistanın yalanlarını ifşa edə bilirdik.

Bu məqamda qeyd etmək istəyirəm ki, hələ 2000-ci illərin əvvəlində bu istiqamətdə aparılan işlər bizim Türk və Azərbaycan diasporlarının birgə fəaliyyəti nəticəsində daha effektiv şəkildə həyata keçirilirdi. Çünki biz bir millət, iki dövlətik və bizim bir ortaq düşmənimiz var, o da işğalçı Ermənistan dövləti və onun dünyaya yayılmış terrorçu təfəkkürlü nümayəndələridir.

Bu gün də apardığımız haqq davamızda türk soydaşlarımızla birgə çıxış etməli, "Qarabağa azadlıq" adlı Türk-Azərbaycan platforması yaratmalı və bu istiqamətdə çıxışlarımızı kütləviləşdirərək daha da səmərəli nəticələr əldə etməliyik. Hətta bizi sevən digər dostlarımızın da bu platformaya qoşulacağına inanıram.

Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, biz bu gün hücum siyasəti həyata keçirməli və hamımız bu istiqamətdə fəal iştirak etməliyik.

Nəzərə alsaq ki, NATO, Avropa İttifaqı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumların mərkəzi qərargahı Belçikanın Brüssel şəhərində yerləşir, deməli, orada diaspor təşkilatlarımızın tədbirlər üçün seçəcəyi doğru lokasiyalar da çox vacibdir və effektivlik baxımından xüsusi önəm daşıyır. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yürüş üçün düzgün müəyyən edilmiş küçə və meydanlarda təşkil olunacaq genişmiqyaslı aksiyalar inanın ki, qısa bir müddətdə bütün dünyada əks-səda doğuracaqdır. Beləlikdə də, biz müdafiə yox, hücum siyasəti həyata keçirəcək və terrorist təfəkkürlü düşmənlərimizə təxribatlar üçün fürsət verməmiş olacağıq. Güc birlikdədir və tək əldən səs çıxmaz. Bunu diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlarımız bir an belə unutmamalıdır.

"Ailəm hər zaman mənə dəstək olur" 

- İş və ailə həyatınızı uzlaşdırmaqda çətinlik çəkdiyiniz məqamlar olubmu? Ailədəki münasibətlər karyeranızdakı uğurlarda nə dərəcədə rol oynayıb?

- Ümumiyyətlə, hər bir insan üçün həm iş həyatı, həm də ailə çox böyük önəm kəsb edir. Bu səbəbdən də, iş və ailə həyatının uzlaşdırılması lazımlıdır. Çünki ailə müqəddəs dəyərdir, eyni zamanda, iş həyatı da çox önəmlidir. Bu məsələ qadın və ana üçün daha həssasdır. Qadınlar iş və ailə həyatını elə uzlaşdırmalıdır ki, bir-birinə əngəl olmasın. Əsas odur ki, bu məsələdə qarşılıqlı hörmət və anlayış olsun. Belə olan halda, çətinliklər asanlıqla həllini tapır.

Şəxsən mənə gəlincə, deyə bilərəm ki, bu məsələdə bəxtim gətirib. Ailəm hər zaman mənə dəstək olur. Bu da iş həyatımda uğur qazanmağım üçün böyük stimuldur.

"Azərbaycan qadını həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi millət vəkilidir" 

- Bir xanım üçün dövlət qurumunda çalışmaq, daha sonra millət vəkili seçilərək qanunvericilik fəaliyyəti ilə məşğul olmaq həyatında nələri dəyişdirir?

- Azərbaycan qadınının tariximizin bütün mərhələlərində xalqımızın həyatında özünəməxsus rolu olub. O, qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq öz adını tariximizin səhifələrinə yazdıra bilib. Elə buna görə də, cəmiyyətin inkişafının bütün dövrlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər.

Qadınlar bu gün də cəmiyyətimizin həyatında fəal iştirak edirlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri var. Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi millət vəkilidir. Müasir dövrdə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.

Bütövlükdə, Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. Qadınlarımız müstəqil dövlətimizin daha da güclənməsi naminə bütün fəaliyyət sferalarında öz töhfələrini verirlər.

- Milli Məclisdə təmsil olunan deputat həmkarlarınızla münasibətləriniz necədir?

- Həmkarlarımla çox yaxşı, normal münasibətlərimiz var. Öz fəaliyyətimizlə ölkəmizin uğurlu inkişafı prosesində qanunvericilik işləri baxımından səmərəli fəaliyyət göstərməyə, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Çox yaxşı haldır ki, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq bütün millət vəkilləri bu məqsədə xidmət edir.

- Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi və Elm və təhsil komitəsində üzv kimi təmsil olunursunuz. Komitələrin parlamentin fəaliyyətində rolunu necə görürsünüz?

- Bilirsiniz ki, Milli Məclis ali qanunvericilik orqanıdır. Parlament dövlətin qanunlarını qəbul edir. Amma bu qanunlar plenar iclasdan əvvəl müvafiq komitələrdə müzakirə olunur. Əgər komitə iclaslarında müzakirə olunan qanun layihələrinin plenar iclasın müzakirəsinə çıxarılması tövsiyə edilirsə, layihələr plenar iclasın gündəliyinə daxil edilir.

Düşünürəm ki, qanun yaradıcılığı prosesində parlament komitələrinin rolu kifayət qədər böyükdür. O cümlədən, mənim də üzv olduğum "Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi" və "Elm və təhsil komitəsi" Milli Məclisin qanun yaradıcılığı işində vacib rol oynayırlar.

Hər iki komitə indiyə qədər aidiyyəti üzrə dövlət həyatı üçün mühüm qanun layihələri hazırlayıb, müzakirə edib və parlamentin plenar iclaslarına təqdim edib. Plenar iclaslarda isə həmin qanunlar qəbul olunub. Düşünürəm ki, üzv olduğum komitələr yaz və növbədənkənar sessiyalar ərzində də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.  

"Deputatın bir mühüm vəzifəsi də öz seçiciləri ilə daim ünsiyyətdə olmaqdır"

-  Millət vəkillərimiz tək seçildiyi rayona diqqət ayırırmamalı, bütün ölkə əhalisinin problemlərini Milli Məclisdə qaldırmalıdırlar. Bu baxımdan yeni deputat kimi sizin fəaliyyətinizin əsas özəllikləri nələrdir?

- Milli Məclisin deputatının əsas vəzifəsi qanunvericilik işləri ilə məşğul olmaqdır. Azərbaycanın davamlı inkişafı naminə biz millət vəkilləri olaraq bu məsuliyyəti dərk edir və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.

Bununla yanaşı, deputatın digər bir mühüm vəzifəsi təmsil etdiyi bölgəni diqqət mərkəzində saxlamaq, öz seçiciləri ilə daim ünsiyyətdə olmaqdır. Mən 93 saylı Bərdə şəhər seçki dairəsindən seçilmiş deputat kimi bu ərazi ilə bağlı məsələləri diqqətdə saxlayıram, tez-tez seçicilərimlə onlayn formada görüşlər keçirirəm. Seçicilərimin qaldırdıqları məsələlərin həllinə çalışıram. Həmin məsələlərin bir qismi yerində həll olunur, müəyyən bir qisminin həlli ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət edilir. Əgər insanlar mənə etimad göstərib millət vəkili seçilibsə, onların qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək mənim üçün başlıca vəzifələrdən biridir.

Sualınızın digər hissəsinə gəlincə, təbii ki, sizinlə razıyam. Yəqin ki, parlamentin plenar iclaslarını, millət vəkillərinin mətbuatda çıxışlarını izləyirsiniz. Millət vəkilləri ölkə həyatı, aktual mövzularla bağlı daim çıxışlar edir,  müəyyən problemləri səsləndirir və onların həlli istiqamətində öz təkliflərini irəli sürürlər.

Bilirsiniz ki, VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev millət vəkillərinə çox dəyərli tövsiyələr verdi. Cənab Prezident ölkəmizin daha sürətli inkişafı naminə qanunvericilik sahəsində səmərəli çalışmağı, deputatların seçicilərlə daim əlaqədə olmağı, onların problemlərini öyrənməyi, eləcə də beynəlxalq müstəvidə milli maraqlarımızı qorumağı  tövsiyə edib. Biz də millət vəkilləri olaraq öz fəaliyyətimizdə dövlət başçısının tövsiyələrinə layiqincə əməl etməyə çalışırıq.

Sevinc QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.