525.Az

"Vətənpərvər oğlanlar daha yaraşıqlı, vətənpərvər qızlar daha gözəldir" - Müsahibə

GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİNİN İCRAÇI DİREKTORU FƏXRƏDDİN HƏSƏNZADƏ: "BU GÜN AZƏRBAYCAN GƏNCİ DAHA FƏDAKAR, DAHA VƏTƏNPƏRVƏRDİR"


[25.07.20]
"Vətənpərvər oğlanlar daha yaraşıqlı, vətənpərvər qızlar daha gözəldir" - <b style="color:red">Müsahibə  </b>

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə son illər özünün ictimai fəaliyyəti ilə aktivlik nümayiş etdirir, fəal, bacarıqlı, savadlı və aydın fikirli gəncləri bir təşkilat ətrafında toplayaraq müxtəlif məzmunlu tədbirlər, layihələr həyata keçirir, mühüm layihələrə imza atır.

Fəxrəddin Həsənzadə ilə söhbətimizdə də elə onun gördüyü işlər, təşkilatın həyata keçirdiyi layihələr, dövlətin gənclər siyasəti, gələcək planları və digər bu kimi məsələlərə toxunduq. 

"Müstəqilliyimizlə yaşıdam..." 

- Fəxrəddin bəy, söhbətimizə sizi tanımaqla başlayaq. Harda təhsil almısınız, ixtisasınız nədir?

 - Müstəqilliyimizlə yaşıdam, 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. İxtisasca iqtisadçıyam. 2008-2015-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışam. Çox təəssüf edirəm ki, təhsil illərim universitetin UNEC modeli vaxtına deyil "narxoz" zamanına təsadüf etdi. Amma buna baxmayaraq, təhsilimə çox ciddi yanaşmışam, bakalavr və magistr pilləmi Universitetdə məxsusi bölgü kimi olan "dekanın uşağı" , "müəllimin uşağı" kimi yox, buraxılış gününə qədər əlində dəftər gəzdirən tələbə kimi bitirmişəm. İctimai fəaliyyətlə məşğul olmağım təhsil həyatıma da müsbət təsir göstərdi. Belə ki, hər fürsətdə ixtisasartırma və beynəlxalq dərəcəli sertifikat proqramlarından yararlanmağa çalışdım. İxtisasım hazırda fəaliyyət sahəm xaricində olduğu üçün təhsilimi doktorantura pilləsində deyil, humanitar sahə üzrə ikinci təhsil kimi davam etməyi düşünürəm. 

"Bakı "bəlkə"siz şəhərdir" 

- Pirşağıda anadan olmusuz. Bakı, Xəzər sizinçün nə ifadə edir?

- Bu deyəcəklərim bəlkə də, utopik səslənə bilər. Amma əmin olun, kimsə bir gün Bakını dəlicəsinə sevsə və bu sevginin ən böyük hüdudda olduğunu düşünsə, bir də şəhərə bakılının gözü ilə baxsın. O zaman bu sevginin müqayisədə uduzduğunun şahidi olacaq. Bakı İstanbul kimi deyil ki, göydələnlərin kölgəsində minarələri üşüsün. Mənə görə bu şəhər hər kəslə öz dilində danışmağı bilir. Həm xəzrisi-gilavarı ilə mehini əsdirir, həm də məqamı gələncə neftinin izi ilə ləkəsini salır. Ən əsası da Bakı "bəlkə"siz şəhərdir.

- Uşaqlığınız necə keçib? Təbiətcə necə uşaq olmusunuz?

- Uşaqlığımdan xatirəmdə yalnız Pirşağı qalıb. Eyyub Yaqubovun daim səslənən mahnısı, külafirəngi və bir də masadan əskik olmayan şanısı, ənciri... Təbiətcə söz dinləməyi xoşlayan, lakin  müstəqil uşaq olmuşam, tək qərar vermək xüsusiyyətim uşaqlıqdan qalan və ən çox sevdiyim xasiyyətimdir.

"Nə çoxdur xaricdə təhsil almış, amma bir fikri belə ifadə edə bilməyən şəxslər..." 

- Çox gənc yaşınızdan ictimai fəal kimi seçilirsiniz. Bu fəaliyyətlərinizə ilk hardan, necə başladınız?

- Fəaliyyətimə 2008-ci ildə Azərbaycan Tələbələr Birliyində (ATB) ictimaiyyətlə əlaqələr üzrə katib olaraq başlamışam. 17 yaşından artıq universitetlərdə təlimlər, görüşlər, beynəlxalq tədbirlərin aktiv təşkilatçısı olmuşam. Gənclər üçün Təhsil Mərkəzinə gələnə kimi isə son olaraq ATB-nin baş katibi idim. Bu, elə bir sahədir ki, sözün həqiqi mənasında həyat tərzinə çevrilir, zaman keçir, bəlkə də, xəstəliyə belə çevrilir. Simptomlarını isə insan karyerasında verəcəyi qərar zamanı açıq-aşkar hiss edir.

- Bu yolda sizə kimlər dəstək oldu?

- Ən başlıcası şanslıyam ki, bu yolda qarşıma bu işin fəlsəfəsini yaşadan müəllimim və örnək aldığım şəxslər çıxdılar. Əslində, burada Çingiz xanın uzun yasaları kimi cümlələr yerinə mənə öyrədilən bircə cümlənin təsiri daha böyük oldu: "Sakit öz işinlə məşğul ol". Biz də o gündən bu cümlənin hikməti ilə yaşayırıq və yorulmadan fəaliyyət göstəririk. Bu yolda ən böyük dəstək, həmçinin, ailədən də olmalıdır. Sözsüz, mən hər bir ailənin sosial durumunu nəzərə alıram. Çox zaman mahiyyətinə varmadan valideynlər könüllü əsasla çalışmağın zaman itkisi olduğunu düşünürlər. Beyində Sovet dövründən ilişib qalan bir fikir var: hər gün səhər 8-də kostyumu geyinib işə getməli, axşam saat 7-də evdə olmalıdır və ən başlıcası maaş kartı olmalıdır. Aydındır, bunun da öz zamanı var. Lakin nəzərə almaq lazımdır ki, ictimaiyyət arasında olmaq, bu mühitdə fəaliyyət göstərmək insanları yetişdirir. Nə çoxdur kifayət qədər savadlı, xaricdə təhsil almış, lakin bir fikri belə ifadə edə bilməyən şəxslər. Həyatı universitet kimi təsəvvür etsək, ictimai, könüllü fəaliyyət bu universitetin hazırlıq mərhələsidir. 

"Cümhuriyyət dövründə yaşamaq istərdim" 

- Siz həm də tarixə bağlılığınızla seçilirsiniz. Azərbaycan tarixinin hansı dövrünü daha çox sevir, maraqlanırsınız?

- Hesab edirəm ki, ən xoşbəxt şəxslər tarixdə adı qalan insanlardır. Pis və ya yaxşı insanın adı tarixin bir parçasında qalırsa, o, seçiləndir. Cümhuriyyət dövründə yaşamaq istərdim. Maarifçilik ənənələri, müstəqillik sevdası mənə görə ən ali duyğudur. Məsələn, təsəvvür edin, Zərdabinin yanında mətbəədə Mirzə Cəlilin çapa verilməyən yazısını ilk dəfə siz oxuyursuz. Bundan daha artıq nirvana varmı? Mən yaxın dostumla birlikdə 7 ölkənin 15-dən çox şəhərində məhz tariximizdə iz qoyan şəxslərin arxivini araşdırdım. Bu hissləri sözlə ifadə etmək olmur. Fikrimcə, Qurban Səid, Fətəli xan Xoyski, Banin, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabdin Tağıyev, Əmircan Əmircanov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və başqa bu kimi şəxslərin məzarı önündə hər bir azərbaycanlının təşəkkür borcu var. Oralardan hazırladığımız bu reportajları tezliklə TV layihə kimi təqdim edəcəyik.

"Gənclərin rəhbər vəzifələrə cəlb olunması islahatların dinamikasına çox müsbət təsir göstərir"

- Ölkədə aparılan Gənclər siyasətini necə dəyərləndirirsiz?

- Bu gün gənclərə ölkə rəhbərliyi tərəfindən kifayət qədər diqqət və qayğı var. Bu cümləni tam məsuliyyətimlə ifadə edirəm. Gənclərin rəhbər vəzifələrə cəlb olunması islahatların dinamikasına çox müsbət təsir göstərir. Bir sözlə, yeni beyin, yeni düşüncə və həvəs inteqralı artmaqda davam edir. Gənclər siyasəti istiqamətində dövlət tərəfindən istər mənəvi, istər maddi yardım ayrılır. Amma bu məqamda effektivliyin maksimallığını artırmaq bilavasitə əlaqədar qurumların üzərinə düşür. İndiki dövrdə əsas qüsurları məqam təkrarçılıq və monotonluqdur. Gənclər təşkilatlarının passiv fəaliyyəti də problemin səbəblərindən biridir. Əksər gənclər təşkilatlarını yalnız qrant müsabiqələrinin nəticələrinin açıqlamasında görürəm və "nə maraqlı adı var" - deyə reaksiya verirəm. 

"Xaraktercə ambisiyalı adam deyiləm" 

- Sizinlə çiyin-çiyinə çalışan gənclərin çoxu bu gün fərqli yerlərdə daha yüksək vəzifələrdə təmsil olunurlar. Bu, sizdə kompleks yaratmır ki? Zəhmətinizə layiqincə dəyər verildiyini düşünürsüz?

- Xaraktercə ambisiyalı adam deyiləm. Kompleks yaratmağa gəldikdə isə yaratmır, amma bir məqam var ki, əgər özümüz hər zaman gənclərə şərait yaradılmasından danışırıqsa, niyə 35 yaşlı adam təşkilat rəhbəri olmalıdır? Bu, bizim ümumən QHT-lərin mənə görə məntiqsiz düşüncəsidir. Hər kəsin  "biz vaxtında" ilə başlayan uzun özünümüdafiə cümlələri var. Gənclər təşkilatları yenilənməli, bu təşkilatlara gənclər rəhbərlik etməlidirlər. Hamı nəsə gözləyir, daha doğrusu, deyərdim ki, umur. Gənclər təşkilatının rəhbəri olduqdan sonra bələdiyyə sədri, millət vəkili, icra başçısı olmalıdır deyə aksioma yoxdur. Özümə gəlincə, 29 yaşım olmasına baxmayaraq, artıq təşkilatın yeni nəfəslərə ötürülməsi istiqamətində çalışıram. Ən azından 35 yaşında kürsüyə çıxıb "gənclər günümüz mübarək" cümləsində mənsubiyyət şəkilçini işlədə bilmərəm. 

"Bu çətin günlərdə də heç kəsin müraciətini cavabsız qoymadıq"

- Gənclər üçün Təhsil Mərkəzi bu gün öz işini necə davam etdirir?

- Ümumrespublika gənclər təşkilatı olaraq Gənclər üçün Təhsil Mərkəzi 6 regionda faktiki fəaliyyət göstərir. Hətta pandemiya dövründə də sosial işçilərimizlə bir gün fasilə olmadan fəaliyyət göstərmişik. Kollektivimizdə koronavirusa yoluxan şəxslər də oldu, amma indiki məqamda, çox şükür, hamı sağlamdır, ayaq üstədir. Hər bir halda rəhbərlik etdiyim kollektivin işə fədakarlığı kənardan sezilir. Bu çətin günlərdə də heç kəsin müraciətini cavabsız qoymadıq. İstər hüquqi, istərsə də sosial, psixoloji dəstəyi vətəndaşlardan əsirgəmədik, bunu özümüzə borc bildik. Avqust ayından etibarən isə daha geniş istiqamətdə tədbirlər planına start verəcəyik.

"Bizim gənclər sırasında orta savadlı şəxslər azlıq təşkil edir"

- Bu gün Azərbaycan gəncliyi haqqında nə düşünürsüz və onu necə görmək istəyirsiniz?

- Orta nəsil bəlkə də, məni qınayacaq, amma bu gün Azərbaycan gənci daha fədakar, daha vətənpərvərdir. Təklənərək zərbə alıb müqavimət göstərən oğulu da, evdə informasiya savaşı aparan qızı da vətənpərvərdir. Gənclərdə o təmənnasız sevgini görmək insana zövq verir. İşlə əlaqədar olaraq bir çox ölkələrdə olmuşam və hər zaman oranın gəncləri ilə özümüzü müqayisə edirəm. Bütün keyfiyyətlər baxımından onlardan üstünük, amma gənclərimiz təhsil yönümdə öz üzərilərində durmadan çalışmalıdırlar. Bizim gənclər sırasında orta savadlı şəxslər azlıq təşkil edir. Ya intellektualdırlar, ya da ki yox. Bunun üzərində, hesab edirəm, cəmiyyət olaraq çalışmalıyıq. Ən vacib məqam isə ondan ibarətdir ki, sadəcə, məsləhət verməklə gənclərimizi usandırmamalıyıq. Gənclərə səhv etmək şansı verilməlidir. Belə olan halda onlar daha tez nəticə çıxaracaq və özlərini cəmiyyətə qazandıracaqlar. Ən əsası isə bütün məqamlarda gəncləri indiki məqamda olduğu kimi öz torpağına, dövlətinə sahib çıxan görmək istəyirəm. Vətənpərvər oğlanlar daha yaraşıqlı, vətənpərvər qızlar daha gözəldir.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.