525.Az

"Azərbaycan dili mənə inanılmaz dərəcədə doğmadır" - Aytaç Karausta ilə müsahibə

"KONSERTLƏRİMİN TAMAŞAÇILAR TƏRƏFİNDƏN SEVİLMƏYİ MƏNƏ GÜC VERİR"


[25.07.20]
"Azərbaycan dili mənə inanılmaz dərəcədə doğmadır" - <b style="color:red">Aytaç Karausta ilə müsahibə </b>

Müsahibimiz türkiyəli saz ifaçısı və solist Aytaç Karaustadır.

- Aytaç bəy,  əvvəlcə özünüz haqda bir qədər məlumat verərdiniz?

- 1977-ci ildə Ankarada anadan olmuşam. Əslən Ərzurum şəhərinin Aşkale, Sarıbaba kəndindənəm. Əskişəhərdə ibtidai, orta və lisey təhsilimi almışam. Saz təlimimə 1990-cı ildə Əskişəhərin folklor təhsili mərkəzində mərhum Yüksəl Çelikərin sayəsində başlamışam. Sonrakı təhsilimi Hacı Bekdaş Vəli Dərnəyinin kurslarında davam etdirmişəm. 1996-cı ildə İstanbul Yavuz Top Xalq Musiqi Məktəbinə getmişəm. 1997-ci ildə isə İzmir Ege Universiteti DTMK Təməl Elmlər bölümünə qəbul olmuşam. Eyni zamanda, 1999-cu ildə Əskişəhərdə "Aytaç Karausta Musiqi Akademiyası" adlı kurs açmışam. 2003-cü ildə Ege Universiteti DTMK-nı bitirdikdən sonra Osmanqazi Universitetində Türk Xalq Musiqisi Xor Şefi olmuşam. 2006-cı ildə hərbi xidmətə görə oradan ayrıldım. 2009-cu ildən bu yana Əskişəhər Təpəbaşı Bələdiyyəsində TXM Xor şefi olaraq vəzifəmi davam etdirirəm. Sevgi adlı bir albomum və iki klipim var.

- Hazırda hansı işlərlə məşğul olursunuz?

- Təəssüf ki, yaşadığımız Koronavirus epidemiyası səbəbindən evdə qalırıq, amma kursdakı musiqi dərslərimi nəzarətli bir şəkildə davam etdirirəm. Həmçinin şifahi olmayan bəstəkarlıq və instrumental işlərim də davam edir. Bu ərəfələrdə ikinci körpəmizin dünyaya gəlişini də gözləyirik (gülür).

- Xəyallarınız və hədəfləriniz haqda nə deyə bilərsiniz?

- Əsərlərimin kütlələrə düzgün çatmasını və xüsusən də Simfonik Orkestri ilə birlikdə instrumental əsərlərimdən biri olan "Qaranquş dansı"nı ifa etmək istəyirəm. Hazırda ikinci albom və saz üsulu ilə yeni bir ideya ərsəyə gətirmək barədə düşünürəm. Həmçinin çox yaxında "Ərənlər Cemi" adlı əsərim üçün də bir klip hazırlayacağıq.

- Ailədən gələn bu musiqi istedadı sizə hansı üstünlükləri verib?

- Mərhum atamın səsi və musiqi duyumu çox yaxşı idi, elə məni də özü istiqamətləndirərdi. Eyni zamanda, anamın da səsi çox gözəldir. Bu səbəblə evimizdə tez-tez xalq mahnıları ifa olunur, köhnə lentlər dinlənilirdi. Yeri gəlmişkən, ailədə üç qardaşıq, hər birimiz musiqi ilə məşğul oluruq. Daim yeni tələbələr yetişdirmək və TXM xor konsertlərimin müəyyən tamaşaçılar tərəfindən sevilməyi mənə güc verir. Beləcə, ən yaxşısına nail olmaq yolunda çalışıram.



- Bu sənətdə kimləri özünüzə ideal kimi görürsünüz?

- Məncə, saz sənətinin ən böyük əfsanəsi ustad Arif Sağ xocadır. Onun davamçısı isə Ərdal Ərzincandır. Biz də onların cızdığı bu yolda irəliləməyə çalışırıq.

- Musiqinin gələcəyi barədə nə düşünürsünüz?

- Musiqinin bu dərəcədə aşağı səviyyəyə düşməsinin siyasi bir vəziyyət olduğunu düşünürəm. Özəl sektorda maliyyəsi olanların çoxu musiqini bilsə də, bilməsə də. albom çıxarır. Təbii ki, musiqi ilə yoğrulan, işini həqiqətən bilən insanlar da var və onlar da doğru yerdədirlər. TXM isə mahiyyətində həqiqəti əks etdirən və xalq mahnılarını olduğu kimi kütləyə ötürməyi bacaran bir qurumdur.

- Deyəsən, televiziya proqramlarında aparıcı kimi də çıxışlarınız olub...

- Es TV və Cem TV kanallarında TXM proqramlarım var idi. Səhnə, gecə, festival və bu kimi bir çox proqramlarım hələ də davam edir.

- Bu yolda getmək istəyən gənc musiqiçilərə nələri məsləhət görərdiniz?

- Əvvəla, onlara konservatoriya oxuyub musiqi təhsili almalarını məsləhət görürəm. Ustad sənətkarlardan təhsil almalı və daim işləyib özlərini inkişaf etdirməlidirlər. Xüsusilə alətlərdə ifa edən şəxslər hər gün sistematik şəkildə işləməlidirlər. Xalq mahnılarını ifa etmək üçün Anadolunun ustad ozanlarına qulaq asmalıdırlar. Bütün bölgələrdən əsərlər ifa edə bilmək üçün isə repertuarlar üzərində davamlı şəkildə çalışmaq mütləqdir.

- Oxucularımız əsərlərinizi izləmək və dinləmək üçün hansı mənbələrdən istifadə edə bilərlər?

- Sosial media və rəqəmsal mediadan Yutub, Feysbuk, İnstaqram, Spotify, Fizy və başqa proqramlar vasitəsilə albomuma asanlıqla daxil ola bilərlər.

- Azərbaycan və türk saz, solist ifaları arasında hər hansı bir fərq görürsünüzmü?

- TRT-də (Xor/solo) səslənən ənənəvi çıxışlarda xalq mahnılarının bölgələrinə görə alətləri seçilir və yerli ləhcələrdən istifadə olunur. Azərbaycan musiqisində isə tamamilə özünəməxsus bir avaz var. Boğazla ifa olunması və ritmik quruluşu cəhətdən Ərzurum, Qars bölgəsinin ifalarına çox  bənzəyir. Tamamilə etnik və özlərinə xas alətlərlə ifa olunur. Bu mənada ifalar arasında müəyyən fərqlər və oxşarlıqlar ola bilər.



- Türk dilinə yaxın bir dil olduğu üçün Oğuz qrupuna aid Azərbaycan dilini və ya ləhcəsini başa düşə bilirsinizmi?

- Zənnimcə, Azərbaycan dilini bütövlükdə başa düşürəm. Xüsusilə biz Ərzurumdan olduğumuz üçün bəzi sözlər (Gəlir, Gidirəm) ləhcəmizə yaxındır. Ona görə də Azərbaycan dili mənim üçün inanılmaz dərəcədə doğmadır.

- Nə vaxtsa, Azərbaycanda olmusunuz?

- Təəssüf ki, heç vaxt gəlməmişəm. Amma gəlib görməyi çox istərdim. Çünki Azərbaycan musiqisinə və mədəniyyətinə heyranam. Azərbaycanda keçiriləcək bir proqram çərçivəsində gəlmək, o yerləri görmək, hətta qardaş ölkədə musiqilərimi ifa etmək istərdim.

- Hansı Azərbaycan yazıçı və şairlərini oxuyursunuz?

- Əvvəla Türk Divan şairi olan İmadəddin Nəsimini rəhmətlə anıram. Nəsimi Şiə-Bektaşi inancındakı Yeddi Böyük Qərardan biridir. Böyük şairin ən bəyəndiyim əsəri isə "Minnət eyləməm" qəzəlidir.

Yaşar USLU
"Anadolu Life" dərgisinin baş redaktoru


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.