525.Az

"Azərbaycan ədəbiyyatına duyduğum sevginin kökündə millət sevgisi var" - Müsahibə

[24.07.20]
"Azərbaycan ədəbiyyatına duyduğum sevginin kökündə millət sevgisi var" - <b style="color:red">Müsahibə</b>

Müsahibimiz türkiyəli yazıçı, "Türk ədəbiyyatı" jurnalının baş redaktoru, Azərbaycanda çap olunmuş "Üç əqrəb zamanı" kitabının müəllifi, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dostu Bəxtiyar Aslandır. 

- Bəxtiyar bəy, sizi Azərbaycanda Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında mühüm işlər görmüş bir insan kimi tanıyırıq. Bu gün iki ölkə arasındakı bu münasibətləri necə dəyərləndirirsiniz?

- Hər şeydən qabaq sizə və "525-ci qəzet"in rəhbərliyinə təşəkkür edirəm. Türkiyə ilə Azərbaycan arasındakı körpülərdən biri də bu qəzetdir.

Təbii, siz "mühüm işlər" deyəndə çiyinlərimə böyük məsuliyyət yüklədiniz. Mən gücüm çatdığı qədər bu yolda nələrsə etməyə çalışan bir adamam. Bu işlərin öhdəsindən tək gəlməyim mümkün deyil. Bildiyiniz kimi, Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin üzvü, eyni zamanda, "Türk ədəbiyyatı" jurnalının baş redaktoruyam. Azərbaycan-Türkiyə mədəni əlaqələrinə töhfələrimizi də onlar vasitəsiylə verə bilirəm. Qısacası, mənə verilən imkanlardan yararlanıram. Buna görə Allaha şükür edirəm. Məncə, iki ölkə arasında mədəni, iqtisadi, siyasi mənada görüləcək işlər çoxdur.

Məşhur "iki dövlət, bir millət" düsturuna inananlardanam. Türkiyəyə duyduğum sevgini, təlaşı Azərbaycana da duyuram. Biz məlum səbəblərdən uzun illər ayrı düşmüş iki qardaşıq. Aradakı maneələr qalxanda iki qardaşın qovuşmağı daha böyük bir hadisə olmalı idi. İmkanlarımız var. Bu imkanlardan daha səmərəli istifadə etməli və daha dərin əlaqələr qurmalıyıq. Tarix də, coğrafiya da bizə bunu deyir. Məsələn, bir-birimizi daha çox oxumalı, daha çox əsərlər tərcümə etməliyik. Müqayisəli çalışmalara ehtiyac var. Dövrlər, əsərlər və müəlliflər müqayisə edilməli, musiqi, teatr, rəsm və kino sahəsində ortaq işlər görülməli, universitetlər, nəşriyyatlar və vəqflər iş birliyi müqavilələri imzalamalıdırlar.

Biz jurnal çərçivəsində əlimiz çatan azərbaycanlı yazarlara yer ayırmağa çalışırıq. Xüsusən, gənc ədiblərin adını Türkiyədə tanıtmaq istəyirəm.  

- Sizcə, türk mədəniyyətini dünyaya tanıtmaq üçün nə etməliyik?

- Dünyada ədəbiyyatın, sənətin, mədəniyyətin yönü çox dəyişib. Milli mədəniyyətlər getdikcə daha təhlükəli bir yola doğru irəliləyir. Qlobal mədəniyyətin hakim olması kimi bir təhlükə var. Əgər bu baş verərsə, həmin mədəniyyəti yaradan dünyanı da idarə edəcək. Yəni milli mədəniyyətlərindən uzaqlaşanlar kölə olacaqlar. Məsələn, pop musiqi deyilən bir janr var. Dünyanın fərqli ölkələrində olmuşam. Bütün bu ölkələrin insanları din, irq və milliyət, yəni mədəniyyət olaraq bir-birindən çox fərqlidirlər. Amma hansı ölkədə taksiyə minsəm, radioda eyni ritmi eşitdim. Pop musiqisinin bir ritmi var və hər kəs bu ritmə uyur. Bu, imkansız bir işdir, əslində. Mədəniyyətlərin bir-birindən fərqli ritmləri olmalıdır. Bizə verilən ritmi mənimsəməkdənsə, öz ritmimizi dünyaya çıxarmalıyıq. Azərbaycanın da, Türkiyənin də çox zəngin musiqi, şeir, ədəbiyyat dünyası var. Bu iki qardaş ölkənin hər bölgəsinin öz ritmi, rəngi, nəfəsi var. Dünyanın bu zənginliyə ehtiyacı var. Bunun üçün dediyim kimi, bir olmaq şərtdir.

- Azərbaycanda hekayə kitabınız çap olundu. Necə bir hiss idi?

- Bunun tarixi uzundur. Müstəqillikdən sonra hər gün Azərbaycana getmək xəyalıyla yaşadım. Təəssüf ki, 25 il çəkdi. 2017-ci ildə ilk dəfə Bakıya gəldim. Universitet illərimdən bəri Azərbaycan ədəbiyyatını oxumağa çalışırdım. Bir gün orda şeirimin, ya da hekayəmin çap olunacağını xəyal etməmişdim. Daha doğrusu, bu, mənimçün ilkin məsələ deyildi, bəlkə də. Özümü Azərbaycanda deyil, Azərbaycanı özümdə düşündüm həmişə. Önəmli olan burdakı qardaşlarımın rifahı, səadətiydi. Sonra nəsib oldu "Ulduz" jurnalında, "525-ci qəzet"də əsərlərim çap edildi. Hər birinin çapında böyük xoşbəxtlik yaşadım. Hekayələrimi tərcümə edən hər kəsə tək-tək təşəkkür etmək istəyirəm: Təranə Vahid, İbrahim Hacıyev, Aslan Quliyev, Narıngül Nadir və başqa qiymətli dostlar... Təbii ki, çapında Rəşad Məcidin və Qulu Ağsəsin böyük əməyi var. Onlara da təşəkkür edirəm. Sonra hekayələrin kitab kimi çap olunması gündəmə gəldi. Bu, mənimçün çox böyük bir müjdə idi. Azərbaycanda oxucularımın olacağı fikri məni çox həyəcanlandırdı. Azərbaycan Yazıçılar Birliyi bu işi öz üstünə götürdü və gerçəkləşdirdi. Başda əziz böyüyümüz Anar müəllim olmaqla, əməyi keçən hər kəsə minnətdaram.

- Azərbaycanda çıxan kitabınıza maraq necə oldu?

- Bunu mənim deməyim nə qədər doğru olar, bilmirəm. Amma onu deyə bilərəm ki, kitabımı oxuyub mənimlə dostluq quran çox insan oldu, telefon və sosial şəbəkə vasitəsiylə əlaqə saxladılar. Ümumi olaraq xoş sözlər eşitdim.Mənim üçün əsas qürur verən hadisə AMEA-da kitabımın təqdimatının keçirilməsi idi. Buna görə akademik İsa Həbibbəyliyə borcluyam. O, mənimçün çox böyük adamdır. Türkiyədə də hansısa məsələdə çətinliyim olsa, ona zəng edib fikirlərini öyrənirəm. Hər zaman köməyə hazır, qəlbi daim vətən və millət sevdasıyla döyünən bir alimdir. AMEA-da kitabımın böyük təqdimatını elədi. İstanbuldan gələrkən belə bir tədbir olacağını bilmirdim. Orada böyük ədəbiyyat alimləri hekayələrim haqqında dərin fikrilər söylədilər. Böyük elm adamlarının kitabımı oxumaqları və onu düşünməkləri ən böyük diqqətdir.

- Bayaq da dediyiniz kimi, Türk Ədəbiyyatı Vəqfində Azərbaycanla bağlı da mühüm işlər görürsünüz. Bir az bunlardan danışaq.

- Vəqfimiz və dərgimiz qurulduğu gündən bəri Türk dünyasına və xüsusən, Azərbaycana böyük dəyər verir. Vəqfimizin və dərgimizin qurucusu mərhum Əhməd Kabaklı Türkiyənin baxışlarını bu yerlərə çevirən adamlardan biri idi. Biz Türk dünyasına həm də onun kimi adamlar vasitəsilə sevdalandıq. Dərginin ilk çıxdığı illər Sovetlər dövrünə təsadüf edir. O zaman iki ölkə arasında əlaqə saxlamaq qadağan idi. Almaniyada yaşayan, sonradan müsəlman olaraq Əhməd adını almış biri vardı: Əhməd Şmide... O da Türk dünyası ilə, xüsusən, Azərbaycanla maraqlanırdı. Dərginin köhnə saylarına baxsaq, görərik ki, Əhməd Şmide Azərbaycanın böyük ədibləri ilə məktublaşır, sonra da ona gələn məktubları, şeirləri bizim dərgimizə göndərirdi. Biz də bu vasitəylə Azərbaycanda yaşayan ədiblərin səsini Türkiyədə eşitdirdik. Çox çətin şərtlər daxilində qardaş toplumların birliyinə çalışdıq.

İndi hər şey çox dəyişib. Şərtlər də əl verir. Biz Əhməd Kabaklının o vaxtkı işlərini bir miras kimi qəbul edir, onun qoyub getdiyi yerdən davam etməyə, dərgimizdə azərbaycanlı dostlarımızın əsərlərinə yer verməyə çalışırıq. 

- Azərbaycan ədəbiyyatına bu qədər maraq və sevgi hardan gəlir?

- Hər şeydən öncə Türk xalqları arasında dil baxımından bir-birinə ən yaxın olan iki xalqıq. Bizim Şərqi Anadolu bölgəmizdəki insanların böyük bir qismi Azərbaycan türkcəsində danışır. Uşaqlığımda kəndimizdə eşitdiyim və artıq unudulan bir çox kəlmələr Azərbaycan türkcəsində yaşayır. Biz səsə aşinayıq. Bir də uzun illərin həsrəti var. Əlimizi uzatsaq, toxuna biləcəyimiz qədər yaxında olan qardaşlarımızla 75 il heç görüşməmək böyük bir acıdır. Bizdən sonrakı nəsil bəlkə, bunu hiss etməyəcək, amma bizim uşaqlığımız belə bir acı həsrəti duyaraq keçdi, bu cür böyüdük. Sonra ilk gənclik illərimizdə müstəqillik hərəkatının həyəcanını yaşadıq. Ardınca, təəssüf ki, Xocalı və Qarabağda yaşanan soyqırıma şahid olduq. Böyük ağrı duyduq. Bu ağrılar bizi bir-birimizə daha da bağladı. O zaman məktəb dəhlizlərində Məmməd Aslanın "Qərənfil" şeirini əzbər oxuyaraq gəzirdik. Mən də "Qarabağ türküsü" adlı bir şeir yazdım. Gənclik şeirim idi, elə də uğurlu deyildi, amma illər sonra Məmməd Aslanla tanış olanda şeirimi oxuduğunu dedi. Sonra Anarı, Sabir Rüstəmxanlını, Rüstəm Behrudini və başqa bir çox böyük insanları tanımaq qismət oldu. İnsani münasibətlər bir vasitədir. Azərbaycan ədəbiyyatına duyduğum sevginin kökündə millət sevgisi var. Başqa bir səbəb də Azərbaycan şeirindəki təbiilikdir. Bu, bir səs şeiridir, daha insani və daha istidir.

- "Türk Ədəbiyyatı" dərgisində Azərbaycan ədibləri və alimləri üçün xüsusi buraxılışlar çap edirsiniz. Türkiyədə necə qarşılanır?

- Bəli, bir Azərbaycan ədəbiyyatı özəl buraxılış hazırladıq. Anarla bağlı sayımız oldu. Davamında akademik İsa Həbibbəyliyə bir buraxılış həsr etdik. Yəqin gələcək saylardan biri də Kamal Abdulla haqqında olacaq. Sabir Rüstəmxanlıyla bağlı da xüsusi buraxılış etmək istəyirəm. Ağlımda eləmək istədiyim bəzi işlər var. Nəsib olsa edəcəyik. Bu işlərin iki ölkənin əlaqələrini genişləndirdiyini düşünən böyük bir kütlə var Türkiyədə. Bu buraxılışlar Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə maraqlananlara bir yol xəritəsi olar. 

- İstədiyiniz vaxt yaza bilirsiniz?

- İstədiyim vaxt yaza bilirəm, amma hər vaxt yazdığım şey istədiyim kimi olmur. Sənət əsəri müəyyən bir duyğusallıq istəyir. Yaraları olan insanlar daha yaxşı, təsirli və tez yazırlar. Əvvəllər hər istədiyimdə yaza bildiyimi düşünürdüm. Elə də olurdu. Nə vaxt hekayə istəsələr, dərhal oturub yazırdım. Səhv bilmişəm. Sən demə, onlar illərdir içimdə qalaqlanmış hekayələrmiş. Yeni hekayələr toplamaq lazımdır. Bu da yaşamaqla olur. İndi yazdıqlarımdan özümün məmnun olmağım çətinləşib. Hər şeyi bəyənməyən "mız-mız" bir yazıçıya çevrilmişəm, deyəsən. Universitetdə dərs demək, jurnalla məşğul olmaq da əsərlərimə diqqət ayırmağımı əngəlləyir.

- Sizcə, Türkiyə ədəbiyyatının aparıcı janrı hansıdır və bunun səbəbi nədir?

- Bütün Türk ədəbiyyatı və bəlkə də bütün ədəbiyyatlar üçün aparıcı janr şeirdir. Şeirdən bəslənməyən bütün janrlar quru, yavandır. Türk ədəbiyyatı bir şeir ədəbiyyatıdır. Roman bildiyiniz kimi, insanlıq üçün yenidir. Hekayə də mənzum olaraq şeir kimi həmişə var idi, amma bu da yenə şeirlə əlaqəli idi yəni. Biz şeiri sevən millətik. Söz şeirdə yüksələr, uçar. Söz bizi Allaha yaxınlaşdırır. Buna görə də müqəddəsdir.

- Karantin günlərində nə işlərlə məşğul olursunuz? Oxucuları nələr gözləyir?

- Karantin çox da məhsuldar keçmədi. Yəqin evdə qalmağa məcbur olduğum üçün çox sıxıldım. Bir neçə hekayə yaza bildim. Daha çox mütaliəyə vaxt ayırdım.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.