525.Az

Berti Foqts: "Mənim üçün qazandığım qələbələrin sayı vacib deyil"

[15.10.12]
Berti Foqts: "Mənim üçün qazandığım qələbələrin sayı vacib deyil"<b style="color:red"></b>

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sabah Rusiya ilə keçiriləcək oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

- Hazırda millimizin kapitanı Rəşad Sadıqovun durumu nə yerdədir?

Rəşad dünənki məşqdə iştirak etmədi. Hazırda müalicə olunur. Əlimizdən gələni edəcəyik ki, sabahkı qarşılaşmada R.Sadıqov çıxış etsin. Çünki Rəşad həm İsrail, həm də Portuqaliya ilə çox gözəl oyun nümayiş etdirmişdi.

- Azərbaycan millisində qazandığınız qələbələrin sayı yadınızdadır?

- Mənim üçün qazandığım qələbələrin sayı vacib deyil. Əsas vəzifəmiz Azərbaycan futbolunu inkişaf etdirərək Avropa səviyyəsinə yaxınlaşdırmaqdır.

- Azərbaycanda elə bir futbolçu varmı ki, sizin 1996-cı ildə Avropa çempionu etdiyiniz komandada (Almaniya) oynamaq hüququ olsun?

- Sizin çox məzəli suallarınız var. Ancaq biz sabahkı oyun haqda düşünürük. 16 il əvvəl baş verənləri yox.

- "DÇ-2010"nun seçmə mərhələsində Bakıda Rusiya millisi ilə keçirilən görüşdə bir xal qazanmışdınız - 1:1. Rəqibin hazırki baş məşqçisi Fabio Kapellonun dövründəki Rusiya yığmasıyla iki il bundan öncə qarşılaşdığınız komanda arasındakı fərqi deyə bilərsiniz?

- Rusiyanın keçirdiyi son görüşləri mənim köməkçim Olef Yansen izləyib. Ona görə də, bu suala o cavab verə bilərdi. Lakin mənim fikrimi soruşursunuzsa, mən Rusiya millisini hər zaman güclü hesab etmişəm. Heyətində də, güclü futbolçular çıxış edir. Məncə, Rusiya yığmasının Avropa çempionatında bəxti gətirmədi. O cümlədən, Almaniya komandasını da bura əlavə etmək olar.

- Rusiya ilə oyunda Portuqaliya komandasının heyətində Kriştiano Ronaldo kimi futbolçu çıxış edirdi. Lakin Ronaldo həmin görüşdə demək olar ki, heçnə ilə yadda qalmadı. Bəs, Rusiya ilə görüşdə bizim hücumçular nə edə bilərlər. Nəzərə alsaq ki, bizim hücumçularımız öz klublarının heyətində daim əsas heyətdə meydana çıxa bilmirlər...

- Futbolda oyunun taleyini hücumçu, yarımmüdafiəçilər və müdafiəçilər həll etmir. Burada əsas komanda oyunudur. Yəni, 11 futbolçu digər komandanın 11 futbolçusuna qarşı mübarizə aparır.

- “Lujniki”də süni örtüklü meydançada oynayacaqsınız. Bu, sizin komanda üçün problem yarada bilərmi?

- Azərbaycanda da süni meydançalar var. Ona görə də, fikirləşirəm ki, bu amil qeydə alınan nəticəyə bəhanə olmamalıdır.

- Siz o fikirlə razısınızmı ki, məşqçi kimi artıq nüfuzunuzu itirmisiniz?

- Mən fikirləşirəm ki, sizin mənimlə bağlı doğru məlumatınız yoxdur. Sizə tövsiyyə edirəm ki, mənim haqqımda yaxşı məlumat toplayasınız.

- Portuqaliya ilə oyundan əvvəl Braqada keçirdiyiniz mətbuat konfransında demişdiniz ki, biz bura Portuqaliyanı məğlub etməyə gəlməmişik. Bilmək olarmı ki, Rusiyaya ilə hansı nəticəni qazanmağa gəlmisiniz?

- Oyunu udmaq da olar, uduzmaq da. Siz Azərbaycan millisinin dünya səviyyəli komandalarla oyunda güclü oyun nümayiş etdirməyəini gözləməməlisiniz. Siz jurnalist olduğunuz üçün bunları nəzərə almalısınız.

- Bir sıra komandalar Rusiyayla oyuna gələndə daha çox məşq edirlər. Bəs siz niyə az məşq keçdiniz?

- Bizim az məşq etməyimiz Rusiyadakı soyuq havayla bağlı idi.

- Dünən komandanız 15 dəqiqə açıq məşq keçdi. Ardından rusiyalı jurnalistləri stadiondan uzaqlaşdırdınız. Siz rusiyalı jurnalistlərdən nəyi gizli saxlayırsınız?

- Xeyr, mənim heç bir sirrim yoxdur. O ki, qaldı məşqin 15 dəqiqə açıq olmasına, bu amil dünya futbolunda normal qəbul olunur. Bütün komandalar bunu edir. Siz jurnalist olduğunuz üçün bunu bilməliydiniz.

- Əgər Rəşad Sadıqov oynamasa, onu kim əvəz edəcək? Yaxud Rəşad meydanda olarsa, ondan hansı oyunu gözləyirsiniz?

- Əgər Sadıqov oynasa, ondan ən azı Portuqaliyadakı oyunun davamını gözləyirəm. Yox oynayası olmasa, onu əvəz edə biləcək futbolçumuz var. Mən və köməkçim bu futbolçunun kimliyini bilirik. Onun kimliyini oyun zamanı siz də biləcəksiniz.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.