525.Az

Tarixi rəngləyən rəssam - Tural Hüseyn ilə müsahibə

"GƏLƏCƏKDƏ RƏNGLƏDİYİM FOTOLARDAN İBARƏT SƏRGİ AÇMAĞI PLANLAYIRAM"


[22.07.20]
Tarixi rəngləyən rəssam - <b style="color:red">Tural Hüseyn ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar 

Rubrikamızın budəfəki qonağı "Rənglənmiş tarix" səhifəsinin admini, gənc rəssam Tural Hüseyndir. Sosial şəbəkələrdə şəxsi simasından daha çox ərsəyə gətirdiyi işlərilə tanınmağı bacaran istedadlardan biri də odur. Təxminən 3 ilə yaxındır, Azərbaycanın tarixinə və tarixi şəxsiyyətlərinə aid ağ-qara fotoların rənglənməsi ilə məşğul olur. Son vaxtlar isə sosial mediada daha çox Məhəmməd Əmin Rəsulzadənin gənclik fotosunu rəngləməsilə yadda qaldı.

Söhbətə başlayanda əvvəlcə ondan belə bir səhifə açmaq ideyasının harda, gəlməsi ilə maraqlandıq. Tural hər şeyin keçmişə, tariximizə olan marağından başladığını, hələ yeniyetmə yaşlarından müasir dünyanın diktə etdiyi dəbin təsirindən qurtulmaq üçün keçmişə tərəf yönəldiyini bildirdi.

Qalanını onun öz sözlərindən eşidək...

- 20-ci əsrin incəsənətinə, daha dəqiq desəm, bu dövrün musiqisinə, filmlərinə, geyim tərzinə, rəqslərinə, fotoqrafiya sənətinə məndə böyük maraq var idi. 2017-ci ildə təsadüfən bir neçə xarici rəssamın rənglədiyi ağ-qara fotolar rastıma çıxdı. Qərara gəldim ki, mən də cəhd edim və istənilən bir fotonu rəngləyim. Beləcə ilk təcrübələrimə başladım. Rənglədiyim fotoları əvvəlcə şəxsi Feysbuk profilimdə paylaşırdım. Bu fotoların sayı artdıqca, insanların işlərimə olan marağını gördükdən sonra şəxsi profilimi bağladım və "Rənglənmiş tarix" səhifəsini yaratdım.

- Sosial şəbəkələr bugünkü fəaliyyətinizdə hansı yerləri tutur?

- Hazırda fəaliyyətim sırf sosial şəbəkələr çərçivəsindədir. Bütün işlərimi Feysbuk, İnstaqram və Tvitterdəki "Rənglənmiş tarix" səhifəsində yayımlayıram. Yəqin ki, 20 il əvvəl bu işlə məşğul olsaydım, işlərimdən çox az adam xəbər tutardı. Amma 2020-ci ildə sosial şəbəkələr belə işlərin kəşf olunması üçün əlvəreşli mühit yaradır. Bizə qalan isə bu şəraitdən istifadə etməkdir.

- Yəqin bu işlə həvəskar şəkildə məşğul olursunuz. Bəs, rəsmi qazanc yeriniz varmı?

- Günlük həyatımın böyük bir hissəsinin bu işdən ibarət olduğunu nəzərə alıb deyə bilərəm ki, həvəskar olaraq başladığım bu iş artıq sənətimə çevrilib. Prosesin uzun illər davam edəcəyinə də şübhə etmirəm. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin rəssam-dizayner ixtisasında təhsil almışam. Bir müddət qrafik dizaynla məşğul olsam da, hazırda bu işdən xeyli uzaqlaşmışam. Səbəb isə zamanımın böyük hissəsini "Rənglənmiş tarix"ə ayırmağımdır. Son zamanlar sifariş olaraq da foto rənglənməsiylə məşğul olmağa başlamışam. Düzdür, buna çox vaxt ayıra bilmirəm. Amma yavaş-yavaş çalışıram ki, bu sənətimi həm də gəlir mənbəyimə çevirim.

- Bu işinizin texnikasından danışardınız bir az.  Hansı prosedurlardan istifadə olunur?

- Proses bir neçə mərhələdən ibarətdir. Əvvəlcə rənglənməsi nəzərdə tutulan fotonun rəqəmsal surətini əldə edirəm. Rənglənmə prosesindən qabaq foto haqda maksimum dərəcədə məlumat toplamağa çalışıram. Bu məlumatlar rəng seçiminə çox böyük təsir edir. Daha sonra isə artıq hamımızın bildiyi "Fotoşop" proqramı köməyimə çatır. Fotonun bərpasına, ardınca rənglənmə mərhələsinə keçid edirəm. Rəng seçimi toplanılan məlumatlardan asılı olsa da, müəyyən detallara aid bilgi olmadığı üçün rəngin seçilməsində məntiq, təxmin, rəngkarlıq bilikləri də böyük rol oynayır. Rənglənmə müddəti fotodan fotoya dəyişir. Fotodakı elementlərin sayı və mürəkkəbliyi, fotonun korlanma dərəcəsi, fotonun ümumi keyfiyyəti və başqa bu kimi səbəblər fotonun rənglənməsinə sərf ediləcək zamanı bir neçə saatdan bir neçə günə, bəzən isə bir neçə həftəyə kimi uzada bilər. Bəziləri düşünür ki, şəkilin hansısa effekt, filter vasitəsilə bir neçə saniyədə rəng verirəm. Amma, bu qətiyyən belə deyil. Fotonu hissə-hissə, hər bir detalını ayrılıqda rəngləyirəm. Eynilə yağlı boya rəngkarlığı kimi. Prosesin çox vaxt tələb etməsi də məhz buna görədir.

- İlk rənglədiyiniz şəkil hansı idi?

- Rus bəstəkarı S.Raxmaninovun 1921-ci ildə çəkilmiş portreti ilk rənglədiyim foto olmuşdu. Yəqin ki, həmin ərəfədə onun əsərlərini dinlədiyim üçün məhz onun şəklini seçmişdim. Rənglənmə o qədər də yaxşı alınmamışdı. Fotoda sünilik hiss olunurdu. Ümumiyyətlə, ilk işlərimdə nə qədər çalışsam da, heç cür istədiyim təbii rəngləri əldə edə bilmirdim. Zaman keçdikcə artıq bu problem xeyli azaldı. Artıq rənglədiyim şəkillər haqda "elə bil, indiki dövrdə çəkilib" şərhlərinə tez-tez rast gəlməyə başladım. Bu da yəqin ki, rəngləmə qabiliyyətimin getdikcə inkişaf etdiyindən xəbər verir.

- Rənglənəcək fotoları necə seçirsiniz, haradan əldə edirsiniz?

- Çalışıram ki, unikal, tarixi əhəmiyyət daşıyan, cəlbedici və bizi keçmişə apara biləcək gücə malik fotoları rəngləyim. Əsasən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid şəkillər diqqətimi cəlb edir. Yeni başladığım zaman bütün fotoları internetdən əldə edirdim. Amma onların keyfiyyəti ürəkaçan olmurdu. Bir müddət sonra işlərimlə tanış olan kino rəssamı Şahin Həsənli, professor Ədalət Tahirzadə, ssenarist Füzuli Sabiroğlu öz arxivlərinə aid fotoları mənimlə paylaşdılar. Həmin şəkillər bu işin davam etməsində mənə çox kömək oldu. Əlbəttə ki, bunlar əldə edə biləcəyim tarixi fotoarxivin çox kiçik bir hissəsidir. Uzun müddətdir ki, Azərbaycana aid foto arxivi olan dövlət qurumları ilə əlaqə saxlamaq istəsəm də, karantin rejimi buna imkan vermir. Məsələn, muzeylər aylardır ki, işləmir. Çox istərdim ki, dövlət və ev muzeylərinin saytından tarixi fotoları onlayn formada əldə edə bilək. Ümid edirəm, bu problem yaxın zamanlarda öz həllini tapar.

- Hazırda bu işlə sizdən başqa peşəkar şəkildə məşğul olan varmı?

- Dünyada ağ-qara fotoların rənglənməsiylə məşğul olanlar çox olsa da, az qisim var ki, öz işində həqiqətən peşəkardır. Azərbaycandan Rəsul Həsənovun işlərini misal göstərmək olar. Bu yaxınlarda M.Ə.Rəsulzadənin mühacirət dövründə, yaşlı vaxtında çəkilmiş bir fotosunu da rəngləmişdi. Həmin foto böyük səs-küyə səbəb olmuşdu.

- Sosial media hesablarınızda profil şəklinizdə əlində kabab yeyən adam şəkli var. Niyə məhz o obrazı profil şəkli etmisiniz?

- Bu foto mənim rənglədiyim şəkillərdən birinin kəsilmiş hissəsidir. 20-ci əsrin əvvəllərində, Bakıda çəkilmiş bu fotonun əhval-ruhiyyəsi çox xoşuma gəlir. Məhz elə buna görə də profil şəkli etmişəm.

- Şəkilləri rəngləyirsiniz, bəs, filmləri də rənglənməyi bacarırsınız? Bu üsulu sınamısınız heç?

- Film rənglənməsi ilə hələ ki, maraqlanmıram. Səbəblərdən birincisi odur ki, bu iş üçün böyük komandaya ehtiyac var. İndiki şəraitdə isə buna imkan yoxdur. Digər səbəb isə film rənglənməsinə marağımın o qədər də olmamasıdır. Bu işdən foto rənglənməsi qədər zövq alacağımı düşünmürəm. Bu iki məqam hər nə qədər oxşar hadisə kimi görünsə də, məncə, tamam fərqli xarakterə sahib insanların gördüyü işdir.

- Mütaliə ilə aranız necədir?

- Oxuduğum kitab sayı çox deyil. Oxuyub bəyəndiyim kitablara İ.Turgenyevin "Atalar və oğullar"ını, A.Kamyunun "Yad"ını, M.Bakuninin "Tanrı və Dövlət"ini misal çəkə bilərəm. Çox kitab oxumasam da, məqalə oxumaqla aram olduqca yaxşıdır. Araşdırmağı, məsələlərin kökünə getməyi, skeptisizmi çox sevən biriyəm. Uşaq yaşlarımdan dinlərin tarixi, təkamül nəzəriyyəsi, qərb fəlsəfəsi kimi mövzular diqqətimi cəlb edib. Paralel olaraq musiqi tarixi ilə də yaxından maraqlanıram. Müxtəlif dövrlərə, fərqli regionlara aid musiqi janrlarını dinləməklə bərabər, həm də dinlədiyim bu musiqilər haqda çox mütaliə edirəm. Rəssamlıq və fotoqrafiya tarixi də sevdiyim mövzular arasındadır.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Ağlımda olan planlar çoxdur. Amma hələ ki, bir çoxunu açıqlamaq istəməzdim. Əsas planlardan biri sərgidir. Bunun üçün isə yetəri qədər foto rəngləməmişəm. Hələ zamana ehtiyac var.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.