525.Az

"Heç gözləmədiyim vaxtda qanadlarımı elə qırdılar ki..." - Hafiz Əhmədov ilə müsahibə

"GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİMİZİN TANINMAYAN VARİSLƏRİNİ TAPIB ONLARA AZƏRBAYCANI SEVDİRMƏK MƏNİM ƏN BÖYÜK UĞURUMDUR"


[22.07.20]
"Heç gözləmədiyim vaxtda qanadlarımı elə qırdılar ki..." - <b style="color:red">Hafiz Əhmədov ilə müsahibə</b>

Jurnalist, araşdırmaçı Hafiz Əhmədov Tovuz rayonunun ucqar bir kəndində oturub Azərbaycanın və dünyanın tarixi şəxsiyyətlərinin varisləri ilə xüsusi müsahibələr hazırlayır, özünün "Hafiztimes.com" saytında yayımlayır.

Həyat yolu, fəaliyyəti, dünyagörüşü, hazırkı yaşamı və cari işləri haqqında ətraflı bilgi almaq üçün Hafiz bəyə bir sıra suallar ünvanladıq və nəticədə, fikrimizcə, maraqlı bir müsahibə alındı.
 

- Hafiz bəy, karantin günlərini necə keçirirsiniz?

- Hər kəsin riayət etməli olduğu karantin qaydalarına mən də əməl edirəm. Yəni maska taxmaq, ictimai yerlərdə məsafə saxlamaq, şəxsi gigiyenaya diqqət yetirmək və sair. Artıq 3 ildir ki, Tovuzun uzaq bir dağ kəndinə köçmüşəm, valideynlərimlə birlikdə yaşayıram. Sərt karantin tətbiq edilən bölgələrin siyahısında isə bizim rayonun adı yoxdur. Kənd yerlərində isə karantin qaydalarının daha çox pozulduğu hallar əhalinin çox toplaşdığı yas yerləri ilə bağlıdır. Əvvəllər başqa xalqların nümayəndələrinə tənə ilə yanaşıb deyərdilər ki, "gedib atasını basdırıb gəldi, üstündən də bir bardaq spirt içdi, sərxoş oldu". Hazırda düşdüyümüz vəziyyət heç də fərqli deyil. İnsanlar öz doğmalarını son mənzilə yola salıb evə qayıdanda kimsə kənardan tez ona yaxınlaşıb deyir: "Bunun əlini-qolunu spirtləyin, ağzını qarqarayla dezinfeksiya edin". Bu da təbiidir, çünki hər birimiz karantin qaydalarına ciddi yanaşmalıyıq.

- Jurnalistika ilə yolunuz necə kəsişdi?

- Yaxşı xatırlayıram ki, hələ lap balaca uşaq idim, heç "jurnalist" sözünü düzgün tələffüz də edə bilmirdim. Deyirdim ki, ana, mən jurnalist olacam. Əslində isə jurnalistikanın nə olduğunu bilmirdim. Elə bil ki, kimsə, daxilimdə olan bir qüvvə məni bu sahəyə itələyirdi. Anam isə həkim olmağımı istəyirdi. Bu yaxınlarda kənddə  balaca bir uşaq yaxınlaşıb məndən işimi soruşdu. Dedim, jurnalistəm. Soruşdu, jurnalist nətəri olur, sən də deputatsan? Əslində, uşaq vaxtı elə bilirdim ki, jurnalistin bütün arzuları həyata keçir... Mən də bir kənd uşağı kimi universitetə hazırlaşdım. 2007-ci ildə Bakı Dövlət Univestitetinin Jurnalistika fakültəsinə əyani daxil oldum. Yaxşı xatırlayıram ki, ilk kurslar çox az danışırdım, ləhcə ilə bağlı tənqidlər eşidirdim. Dəyərli müəllimlərim, qrup yoldaşlarımın da dəstəyi ilə tədricən bütün əngəlləri aşa bildim. Jurnalist kimi fəaliyyətə ANS  televiziyasında başladım, 3 ilə yaxın orada - saytda çalışdım. Heç vaxt, heç kimin dəstəyi ilə bir yerə gəlməmişəm. Elə bir adamım da heç vaxt olmayıb. Sadəcə olaraq işimi sevmişəm.

- Niyə Bakıdan getdiniz?

- Bakıdan getməyi heç ağlıma da gətirməzdim. O, çox sevdiyim, uğrunda böyük fədakarlıqlar etdiyim işimdən 5 dəqiqədə uzaqlaşdırıldım. Heç kompüterin ekranında yarımçıq qalan yazılarımı da götürə bilmədim. Yaxşı yadımdadır ki, dahi alimimiz Yusif Məmmədəliyevin ölümü ilə bağlı özəl müsahibə götürmüşdüm, bütün faktlar açıqlanmışdı. Cəmi bir gün icazə versəydilər, yayımlanacaqdı. Amma olmadı... 4-5 müsahibəmin qaralaması kompüterdə qaldı... Ömrümün 10 ili Bakıda eyni ünvanda, günü manatyarımlıq bir evdə keçdi. Bir parça çörək üçün rayonlardan Bakıya gəlib fəhlə, az qala qul kimi işlədilən insanlarla balaca bir otağı 10 il bölüşdüm. Yasamalda elə otaqlara quş damı deyirdilər. Onların mübarizəsinə, məğlubiyyətinə, məyusluğuna, sevincinə şahid oldum. Bakıda heç bir qohum-qardaşım yox idi. Mən də onların yanında böyüdüm... Heç gözləmədiyim vaxtda qanadlarımı elə qırdılar ki, yenidən özümə gəlmək çox çətin oldu. Elə bil küllərimdən yenidən dirçəlirəm.

- Tovuzda, ucqar bir kənddə sırf internet vasitəsiylə işləmək çətindir yəqin ki...

- Bakıda çalışan zaman fiber optik xətlərlə təqdim edilən sürətli internetdən tez-tez narazılıq edirdim. Burda isə heç öz telefon xəttimiz də yoxdur. Bir qohumun telefon xətti ilə internetdən istifadə edirəm. Bəzən günlərlə kənddə internet olmur, işıqlar sönür. Amma mən yenə də işıq yanan kimi kompüterimi açıb yarımçıq qalan müsahibəmi tamamlamağa çalışıram.

Çox vaxt xaricdə yaşayan müsahiblərim Bakıdan şəkillər çəkib göndərməyimi xahiş edirlər. Bu zaman onlara deyə bilmirəm ki, mən ucqar bir kənddə yaşayıram. Onların ölkələrindəki jurnalistlərin həyat standartları ilə mənim şəraitim arasındakı fərq həqiqətən də Tovuz-Bakı arasındakı məsafəyə bərabərdir. Hətta şəraitimi əks etdirən şəkilləri də sosial şəbəkədə bölüşmürəm...

- "Hafiztimes.com" saytını təsis etmək ideyanız çoxdan var idi?

- Heç vaxt belə bir ideyam olmamışdı. Mən işləməyi, əziyyət çəkməyi, müsahibələr götürməyi, uzaq yerlərdən reportajlar hazırlamağı sevmişəm. Əvvəllər deyirdim ki, sayt texnologiyası, domen, hostinq, admin, xəbər yerləşdirmək, redaktə etmək junalistin işi deyil. Hər zaman yazı işi ilə məşğul olurdum. Nəhayət, illərlə işsiz qaldım. Əvvəllər bütün yazılarımdan sonra təbrik mesajları göndərənlər də yoxa çıxdılar. Bütün əməyimi, illərlə qazandığım nailiyyətləri heçə saydılar. Amma jurnalistikaya olan sevgim bir an da məni tərk etmədi. Həyatımdakı hər şeyin sıfırlandığı ən çətin zamanlarda da jurnalistika məni tək qoymadı. Yalnız valideynlərimin maddi, mənəvi dəstəyi ilə "Hafiztimes.com" saytını qurdum. İki ilə yaxındır ki, bu sayt fəaliyyət göstərir. 70-ə yaxın eksklüziv müsahibə-araşdırma yayımladım. Qeyd edim ki, həmin yazıların hər biri Azərbaycan mətbuatında bir ilkdir.

- Sizi, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləriylə nadir müsahibələriniz sayəsində tanıdıq. Bu cür insanları axtarıb tapmaq kimi zəhmətli bir işə başlamaq ehtiyacı hardan yarandı?

- Ucqar bir kənddə yaşadığım üçün xəbər mənbələrindən də uzağam. Yəni ki, hansısa bir xəbəri hazırlamaq üçün gərək həmin mühitdə olasınız. Amma mən aktiv jurnalistika mühitindən uzaq düşmüşəm. Mənim yazılarımı oxuyanlar bilirlər ki, Bakıda yaşadığım zaman daha çox reportajlar yayımlayırdım. Aldığım az məbləğdə maaşı da yol xərci edib qaynar hadisələrin baş verdiyi bölgələrə gedirdim. Buna görə rəhbərlikdən heç "sağ ol"  kəliməsini də eşitmirdim, amma yenə də öz işimi görürdüm və vicdanımın səsi ilə hərəkət edirdim. Amma bu gün hər şey fərqlidir...

Düşdüyüm bu çətin vəziyyətdən çıxış yolları axtarmağa başladım. Qərara gəldim ki, görkəmli şəxsiyyətlərin həyatlarını araşdırmağa başlayım. İnternet vasitəsilə tanış olduğum Böyük Britaniyanın əfsanəvi dövlət xadimi Uinston Çörçillin nəticəsi Conatan Sandisə fikirlərimi yazdım. Mənə mənəvi dəstək oldu, ilk müsahibim olacağını yazdı. Suallarımı e-maillə göndərdim. Onun ağır xəstə olması, hətta mənimlə söhbətləşən zaman xəstəxanada müalicə qəbul etməsindən xəbərsiz olmuşam. Bir müddət sonra onun dəfn mərasiminə dəvətlə bağlı bacısından məktub aldım...

Yenə də ümidlərimi itirmədim. İnternetin təqdim etdiyi sərhədsiz imkanlarla dünyanın istənilən nöqtəsində yaşayan dahi şəxsiyyətlərimizin varislərini tapdım, onlara heç vaxt gəlmədikləri Azərbaycanla bağlı məlumatlar göndərdim, bizim üçün dəyərli olan bir ailəni təmsil etdiklərini açıqladım. Düşünürəm ki, bir jurnalist üçün bundan artıq xoşbəxtlik olmaz. Bu gün adlarını qürurla çəkdiyimiz bəzi şəxsiyyətlərin xaricdə yaşayan nəvələri, təəssüf ki, bir-birini tanımırlar. Mən onlara telefon, e-mail ünvanı göndərirəm ki, əlaqə yaratsınlar... Məsələn, dahi Cəlil Məmmədquluzadənin Polşada yaşayan gənc varisi Kanadada yaşayan eyni qanı daşıdığı əmisi oğlunu tanımırdı... Onları tapmaq, silsilə müsahibələr götürmək, görkəmli şəxsiyyətlərimizin tanınmayan varislərini tapıb onlara Azərbaycanı sevdirmək mənim ən böyük uğurumdur.

- Bütün bu işləri təkbaşına aparırsınız?

- Bəzən elə olur ki, sevinə-sevinə, ucadan deyirəm ki, "o, mənim suallarımı cavablandırdı". Amma ətrafdan heç bir səs eşitmirəm. Çünki həmin müsahibə götürdüyüm şəxsi çoxu tanımır. Nə yaxşı ki, sosial şəbəkə vasitəsi ilə daha çox oxucuya müsahibələrimi təqdim edə bilirəm. Onlardan aldığım bir cümlə də olsa gözəl fikir məni yeni-yeni müsahibələrə ruhlandırır. Bacılarım vaxt tapdıqca yazılarımı redaktə edirlər. Sayta maddi dəstək də yalnız ailəmizdəndir.

- Bu vaxta kimi ən maraqlı axtarışınız nələri hesab edirsiniz?

- Mənim üçün bütün müsahibə araşdırmalarım maraqlıdır. Çünki internetdə də axtarsanız görərsiniz ki, hazırladığım heç bir müsahibə indiyə qədər Azəırbaycan mətbuatında yayımlanmayıb. Görkəmli maarifçi, böyük şəxsiyyət Cəlil Məmmədquluzadənin dünyanın hər yerinə səpələnmiş varisləri ilə eksklüziv müsahibələr, Mirzə Fətəli Axundzadənin Yaponiyadakı gənc varisi, Əhməd bəy Ağaoğlunun əfsanəvi nəticəsi Əhməd Güvənç, Hacı Zeynalabdin Tağıyevin Amerika, Türkiyə, Rusiyada yaşayan varisləri - nəvələri, erməni terrorçunun qətlə yetirdiyi azərbaycanlı nazir Behbud xan Cavanşirin Türkiyədəki varisləri, Əlimərdan bəy Topçubaşinin Türkiyədəki nəvə-nəticəsi, Cavad xanın Malaziyadakı varisləri, Həsən bəy Zərdabi ailəsinin Türkiyədəki davamçıları, Fətəli xan Xoyskinin nəvə-nəticəsi, Ceyhun Hacıbəylinin Fransadakı varisləri ilə eksklüziv müsahibələr... Bu siyahını çox davam etdirmək olar.

- Axtarışa bir məqsədlə başlayıb, ağlınıza gəlməyəcək nəticələrlə qarşılaşdığınız olubmu? Təcrübənizi paylaşsanız, şad olarıq.

- Görkəmli milyonçu Şəmsi Əsədullayevin varislərinin axtarışını xüsusilə qeyd etmək istəyirəm. Uzun müddət davam edən araşdırmam nəticəsində Ş.Əsədullayevin nəvəsini Kanadada tapdım. Əsədulla Suren Məlikian Şirvani - məşhur tarixçi, sənətşünas alim və jurnalist. İran incəsənəti və mədəniyyəti üzrə mütəxəssisdir. Kanadanın Toronto şəhərində yerləşən Ağa Xan Muzeyinin (Aga Khan Museum) tədqiqatlar üzrə direktorudur. Məqalə və araşdırmaları 44 il ABŞ-ın nüfuzlu "İnternational Herald Tribune" qəzetində yayımlanıb. O, azərbaycanlı məşhur milyonçular Şəmsi Əsədullayev və Musa Nağıyevin nəticəsidir. Azərbaycan Demokratik Respublikasının (AXC) nazirlərindən biri, milyonçu Mirzə Şəmsi oğlu Əsədullayevin qızı Kövsər Əsədullayevanın yeganə oğludur. Araşdırmam nəticəsində məlum oldu ki, Suren bəyin atası erməni olub. Amma o, heç vaxt özünü erməni kimi təqdim etmir. O, iranlı, müsəlman olduğunu qeyd edir. 83 yaşı vardı. Yazdı ki, ömrümün son günlərini yaşayıram və həyatımda ilk dəfə şəxsi həyatımı sizə açıqlayıram. Azərbaycana, Bakıya olan sevgisindən bəhs etmişdi. Əsədulla Suren Məlikian Şirvani ilə eksklüziv müsahibəm, fikrimcə, parlaq bir səhifədir.

Müsahibə ilə bağlı insanlara müraciət edən zaman bu cümləni xüsusilə qeyd edirəm: "Sizinlə müsahibə mənim jurnalist karyeramda böyük uğur olar". Xaricdə yaşayan insanlar gənclərə dəstək olmaqda daha maraqlıdırlar və bunu özlərinə mənəvi borc bilirlər.

- Bu zamana kimi axtarıb tapmadığınız insanlar varmı?

- İstədiyim hər kəsi tapmışam. Və tapmaqda da davam edirəm. Mən təkcə azərbaycanlı şəxsiyyətlərin varislərini tapmıram. Bununla yanaşı, dünya şöhrətli şəxsiyyətlərin varislərini də tapır, eksklüziv müsahibələr götürürəm. Məsələn, bu yaxınlarda ABŞ-ın 28-ci prezidenti Tomas Vudro Vilsonun nəticəsi, məşhur memar Tomas Sayre ilə özəl müsahibəmi yayımladım. Vudro Vilson 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımamışdı. Mən 100 ildən sonra onun varisinə bu barədə sual ünvanladım. 4 may doğum günüm münasibətilə kanadalı əfsanəvi musiqiçi, rok ulduz Bryan Adams suallarımı eksklüziv cavablandırdı. Dünya şöhrətli aktyor, rejissor Çarli Çaplinin nəvəsi Laura Çaplinlə müsahibə, Cənubi Afrika Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, demokratiya, azadlıq simvolu Nelson Mandelanın nəvəsi Ndaba Mandela, Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi, inqilabçı Ernesto Çe Gevaranın qızı, nəvələri ilə eksklüziv müsahibələrim, XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri Nazim Hikmətin uğruna şeirlər yazdığı, "sən mənim ən yaxın insanımsan" dediyi, 14 illik həyat yoldaşı "qızılı saçlı" Pirayənin nəvəsi Kənan Bengü, məşhur boksçu Məhəmməd Əlinin qızları ilə müsahibə, milyarder Bill Qeytsin müsəlman kürəkəni Nayel Nassar, "Facebook"un qurucusu Mark Zukerberqin həkim atası Edvard Zukerberq, Rokfeller ailəsi ilə eksklüziv müsahibələrim və sair yayımlanıb. Birləşmiş Krallıqda ən uzun müddət baş nazir olmuş şəxs, "dəmir ledi" ləqəbli Marqaret Tetçerin ailə üzvləri, gəlini Sara xanım və qızı Karol xanımla müsahibədən əlavə, xoş münasibət qurmağım mənim üçün çox dəyərlidir.

- Kimisə tapmaq üçün sizə müraciət edənlər, köməyinizi istəyənlər olurmu?

- Müsahibəmi yayımlayan kimi görürəm ki, mesajlar gəlməyə başlayır. İnsanlar çox maraqlıdır ki, böyük şəxsiyyətlərlə hansısa bir əlaqələri olsun. Buna görə çox müraciətlər alıram. Hətta Dünya Müharibəsində iştirak edən və geri qayıtmayan şəxslərin qohumları da müraciət edirlər. Böyük xanəndə Məşədi Məmməd Fərzəliyevlə bağlı araşdırma üçün bu yaxınlarda mənə də müraciət edilmişdi. Mən də xanəndənin Türkiyədə 1920-1930-cu illərdə işıq üzü görmüş 3 lent yazısını tapıb müraciət edənlərə təhvil verdim. İnsanlar daha çox keçmiş milyonçu şəxsiyyətlərin varisi olaraq tanınmaqda maraqlıdırlar. Tapıb üzə çıxardığım şəxsiyyətlərlə bağlı əməyimi bəzən kimlərsə öz adlarına çıxmağa çalışırlar. Bu isə mənə çox pis təsir edir. Azərbaycan xalqına sizin vasitənizlə çox təşəkkür edirəm. Xalqımız mənim yaradıcılığımın, yazılarımın başqaları tərəfindən mənimsənilməsinə heç vaxt icazə verməyib!

- Hafiz bəy, axtarış üsulunuz, arealınız maraqlıdır. Yola hardan başlayırsınız?

- İnternet və 3-4 dəqiq, düzgün fakta malik olduqdan sonra istənilən şəxsi, varislərini tapmaq mümkündür. İnternet əsrində yaşayırıq. Demək olar ki, hər kəs sosial şəbəkələrdə qeydiyyatdadır. Bir məqamı da qeyd edim ki, bir şəxsin ailəsini tapmaq heç də asan olmur. Bəzən aylarla, hətta bir ilə yaxın araşdırma davam edir. Ən uzaq, yad bir qohumu tapıram və onun vasitəsilə pillə-pillə hədəfə doğru gedirəm. Əlbəttə, burada inandırıcılıq qabiliyyəti çox mühümdür. Müraciət etdiyin şəxs sənə inanmalı və etibar etməlidir. Son iki il ərazində dünyanın istənilən yerindən varislər tapmışam. Hətta özüm indiyə qədər, Tovuz-Gürcüstan yolu istisna olmaqla, Azərbaycandan kənara çıxmamışam. Heç vaxt getmədiyim, görmədiyim ölkələrdə yaşayan böyük şəxsiyyətlərin varislərini yalnız internet vasitəsi ilə tapıram.

- Neçə dil bilirsiniz? Axtarışlarınız əsasən hansı dillərdə olur?

- Müsahibələrimin, demək olar ki, hamısı ingilis və türk dilində olur. Hazırkı dövrdə ingilis dilini bilməyən insana nadir hallarda rast gəlirəm. Amma bir məqamı xüsusi qeyd etmək istərdim. Çe Gevaranın qızı Aleyda xanımı, nəvəsinin əlaqə vasitələrini 5 aylıq əziyyətdən sonra Kubada tapdım və e-mail məktub göndərdim. Bilirsinizmi, onlardan gələn ilk cavab nə oldu? Yazdılar ki, bizə ingiliscə yox, ispan dilində yazın. Mən də ispan dilində heç nə bilmirəm. İnternetdəki pullu tərcümə proqramları vasitəsilə suallarımı tərcümə etdirdim və göndərdim. Onlardan məktub aldım ki, "qız və nəvə sözlərini ispanca səhv yazıbsınız"... Uzun müddət davam edən mübarizəm xoş yekunlaşdı və eksklüziv müsahibə götürdüm. Rus dilini bilmədən də yaxşı işlər görmək olur.

- Yenidən Bakıya gəlmək, bu işlərinizi Bakıda daha da genişləndirmək fikriniz varmı?

- Əlbəttə, istəyərəm. Bakı mənim üçün də doğma şəhərdir. Bəzən Bakını heç vaxt görməyən müsahiblərim bu şəhərlə bağlı elə gözəl, xoş ifadələr yazırlar ki, həmin vaxt deyirəm, kaş Bakıda olaydım. Hətta böyük ədib Cəlil Məmmədquluzadənin varisləri Bakıya gələndə də mən onlarla görüşə bilmədim. Çünki kənddə idim və görüşə dəvət edilməmişdim. Bu, mənə çox pis təsir etmişdi...

- İctimaiyyətin bu işlərinizə, məqalələrinizə münasibəti necədir?

- Sosial şəbəkələrdən gördüyüm qədərilə xeyli sayda dəyərli oxucularım var. Bu, məni qürurlandırır. Mən onlar üçün çalışıram. Heç bir təmənna, məqsəd güdmədən onlara belə yazılar təqdim edirəm. Bir "like" və obyektiv "rəy"ə çalışıram.

- Sizcə, müasir jurnalistikanın çatışmazlıqları nələrdir?

- Əməyə, zəhmətə dəyər verən demək olar ki, yox dərəcəsindədir. Heç bir əhəmiyyəti olmayan xəbərlər yayımlayanlara da bu gün "jurnalist" deyilir. Hərdən sosial şəbəkələrdə "mən illərdir ki, jurnalistikadayam, belə işlər görmüşəm" kimi iddialı cümlələr oxuyuram. Rəy yazmaq istəyirəm ki, axı nə iş görübsünüz?! Cəmi bir müsahibə-araşdırmam qədər bütün yaradıcılığının dəyəri olmayanlara "jurnalist" deyirlər, hörmətlə bəhs edirlər. Bir çox istedadlı gənclərimiz yox olub gedirlər. Mən də gedə bilmərəmmi, Amerika, Avropaya?! Yuxarıda adlarını çəkdiyim şəxsiyyətlər mənə istədiyim şəraiti yarada bilməzlərmi ki?! Əlbəttə, gedə bilərəm. Amma mən doğma Tovuzumu seçdim. Fikirlərə azadlıq vermək lazımdır.

- Kənddə təsərrüfatla da məşğulsunuz, yəqin ki. Torpaqla aranız necədir?

- Kartof əkirik, meyvə ağaclarımız var. Təəssüf ki, bu il suvarma suyu tapa bilmədik. Əkdiyimiz məhsul da susuzluqdan qurudu. Nə yaxşı ki, Tanrının ədaləti varmış. Sizin suallarınızı cavablayarkən kəndimizə leysan yağdı. Meyvə ağaclarımız bir az su içdi.

- Son olaraq: hazırda kimləri araşdırırsınız?

- Azərbaycanın görkəmli şərqşünası, maarifçisi Mirzə Kazım bəyin Avropada yaşayan varislərilə eksklüziv, eləcə də dünyada nüfuz qazanmış 10 xanımdan biri ilə özəl müsahibəm olacaq. Amerikada yaşayır və azərbaycanlı tarixi şəxsiyyətlərin yeganə varisidir. Həmçinin, Azərbaycan Xalq Cümhiriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin nəvələrilə də ilk eksklüziv müsahibəm yayımlanacaq. Sonda diqqətinizə, dəstəyinizə və yaradıcılığıma verdiyiniz dəyərə görə sizə, "525-ci qəzet"in hörmətli rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Hazırda düşmənlə qəhrəman kimi döyüşən Tovuzdan öz sevgimi və xoş arzularımı göndərirəm. Çox sağ olun!

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.