525.Az

"Allahu əkbər" nidası ilə parlamentin boş binasına soxulmaq nə deməkdir?"

SABİR RÜSTƏMXANLI: "TƏXRİBAT BAŞ VERMƏSƏYDİ, DİALOQ BAXIMINDAN ƏN RADİKAL QANADLA HAKİMİYYƏT ORQANLARININ YAXINLAŞMASI İSTİQAMƏTİNDƏ XEYLİ MƏSAFƏ QƏT ETMİŞ OLARDIQ"


[20.07.20]
"Allahu əkbər" nidası ilə parlamentin boş binasına soxulmaq nə deməkdir?"<b style="color:red"></b>

Siyasi dialoq

Son dövrlər dövlət və hökumət orqanlarında aparılan struktur və kadr dəyişiklikləri ilə ən müxtəlif fəaliyyət sahələrinə daha proqressiv baxışın ortaya qoyulması ölkənin ictimai-siyası sferasında Azərbaycan dövlətinin və xalqın ümumi mənafeyini ifadə edən prioritet məsələlərlə bağlı konsolidasiyaya nail olunması, fərqli siyasi qüvvələri arasında münasibətlərə yeni rakursdan baxılmasının vacibliyini xeyli aktuallaşdırdı.
 
Ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında aparılan struktur dəyişiklikləri zamanı yaranan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşandan az sonra həmin şöbənin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən müxtəlif təmayüllü ictimai-siyasi partiyaların liderləri ilə ardıcıl görüşlərə başladı. Artıq bu görüşlər müntəzəm xarakter alıb, vaxtaşırı fərqli siyasi mövqeyə malik partiyaların təmsilçilərilə görüşlər keçirilir, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılır.

Məsələnin cəmiyyət üçün aktuallığını nəzərə alaraq "525-ci qəzet" "Siyasi dialoq" adlı yeni rubrika açır. Bu rubrika vasitəsilə müntəzəm olaraq hakimiyyətlə çoxpalitralı siyasi partiyalar arasındakı münasibətlərlə bağlı ictimaiyyətə ətraflı bilgilər verməyə çalışacağıq.

Rubrikamızın növbəti qonağı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlıdır.
 

***

"Siyasi iddialar nə qədər böyük olur-olsun, bunu düşmənçilik səviyyəsinə gətirmək olmaz"
 

-  Sabir bəy, Azərbaycanda başladılan islahatlar artıq siyasi sahəni də əhatə etməkdədir. Neçə müddətdir, iqtidarla siyasi partiyalar arasında vaxtaşırı görüşlərin keçirilməsinə başlanılıb. Bu yaxınlarda isə Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin parlament partiyaları ilə videokonfrans formatında görüşü oldu. Sizcə, bu dialoqu zəruri edən səbəblər nədir?

- Ölkədə son parlament seçkilərindən sonra yeni şərait yaranıb. Parlamentin çoxpartiyalılıq əsasında təşkili təsdiqlənib. Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri parlamentin, onun komitələrin rəhbərliyinə gətirilib. Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji katibi Fəzail İbrahimli Milli Məclidə sədr müavini seçilib. Bu işin daha da genişlənməsi üçün və təkcə parlamentdə təmsil olunan partiyalarla deyil, digər partiyalarla işin qanun səviyyəsində normal təşkili üçün Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb,  idarəçlikdə təcrübəsi olan, uzun müddət Mədəniyyət nazirinin müavini işləmiş Ədalət Vəliyev şöbəyə müdir təyin edilib. Bunun ardınca siyasi partiyalarla iş rəsmi və açıq şəkildə düzənə otuzdurulub. Bu iş bu gün aparılır, siyasi partiyalarla görüşlər keçirilir, ölkədə vətəndaş həmrəyliyinin, milli birliyin artırılmasında siyasi partiyalar arasındakı münasibətlərinin normallaşmasının vacib olduğu dilə gətirilir və bu prinsip ətrafında da iş gedir. Bu məsələyə belə münasibətin formalaşmasını yaxın tariximiz üçün ciddi bir siyasi hadisə hesab edirəm. Siyasi islahatlar çərçivəsində bu işlərin görülməsi qeyd edilən sahədə islahatların reallığını göstərir.

Parlamentdə iqtidar-müxalifət dialoqu hər zaman olub. Çıxışlar zamanı müxalifət partiyları, iqtidar və ona yaxın olan partiyaların nümayəndələri öz sözün deyib. Amma bu  dialoqun həm də Prezident Administrasiyası səviyyəsində qurulması bizim ölkə üçün son dərəcədə zəruridir. Azərbaycan müharibə şəraitindədir, düşmənlə üz-üzəyik. Ölkədə siyasi iddialar nə qədər böyük olur-olsun, bunu düşmənçilik səviyyəsinə gətirmək olmaz. Təbii ki, siyasi partiyalar arasında böyük və kiçik iddiaları olanlar var, bəziləri hakimiyyətə gəlmək, bəziləri idarəçilikdə iştirak etmək istəyir. Amma bunu ölkənin inkişafına istiqamətləndirmək, düşmənçilik müstəvisindən çıxarmaq lazımdır. Bu mənada dialoq olduqca zəruridir. Bizdə əvvəllər də partiyalar arasında dialoq olub, xüsusən ATƏT-in iştirakı ilə seçkilər ərəfəsində belə görüşüşlər keçirilirdi. O görüşlərdə əsas niyyət seçki qanunvericiliyinin təkminləşdirilməsi, seçkilərə demokratik bir mühitdə gedilməsi, demokratik şəraitin yaradılması və s. idi. İndiki dialoq əvvəlkindən fərqlidir və ölkənin bütün problemlərini əhatə edir. Məncə, siyasi partiyalar görüşlərdə mövqelərini açıq-aydın ifadə edir. Dialoq başlanandan sonra bir sıra partiyalar qeydiyyata alınıb, qurultaylarının keçirilməsi üçün yer ayrılıb, onların ofis və s. problemlərinin həlli istiqamətində işlər görülür. Bu, məncə, çox ciddi bir addımdır və münasibətlərin normal məcraya yönəlməsidr. Düşünürəm ki, heç bir incikliyə, münasibətlərin kəskinliyinə baxmadan, bu dialoqa Azərbaycanın bütün siyasi partiyaları dəvət edilməlidir, hətta radikal sayılan qanadla da danışıqlar aparılmalıdır. Bunlar Azərbaycanda milli birliyə nail olmaq üçün yenə deyirəm ki, zəruridir.

"Düşmənçilik səviyyəsində mübarizə müharibədən daha böyük bir müharibədir" 

- Sizin rəhbərlik etdiyiniz partiya dialoq çərçivəsində əsasən hansı məsələlərə diqqət çəkir?

- Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə yaradılıb, 28 ilin siyasi partiyasıdır. Həmişə fikrimiz belə olub ki, ölkədə dediyim kimi, qarşılıqlı ittihamlar, iddialar, tənqid ola bilər, amma günahsız suçlamalar, siyasi mədəniyyətdən, millətimizin adət-ənənəsindən, əxlaqından kənar söz-söhbətlər olmamalıdır. İndi baxın, sosial mediada hansı səviyyədə mübahisələr gedir. Biz həmişə bunun əleyhinə olmuşuq. Və əsas arqumentimiz də bundan ibarətdir ki, müharibə bitməyib, torpaqlarıımızın 20 faizi işğal altındadır, bu gün də əslində, müharibə gedir. Tovuz istiqamətində hücum var. Düşmən möqelərimizi ələ keçirmək istəyir. Tovuz elə bir ərazidir ki, oradan bütün Azərbaycanı Gürcüstan, Türkiyə ilə birləşdirən dəmiryolu, avtomobil yolları, Avropa ilə birləşdirən neft-qaz kəməri, Qarsla birləşdirən dəmiryolu xətti keçir. O yüksəkliklər ermənilərin əlində olsa, bütünlüklə həmin nəqliyyat dəhlizi və enerji daşıyıcılarınıın keçdiyi bölgə Gəncəyə qədər ermənilərin nəzarəti altında keçər və istənilən vaxt bu əlaqələr qırıla bilər. Ermənilərin niyyəti də budur. Belə bir vəziyyətdə, hər gün savaşın təkrar oluna biləcəyi təhlükəsi altında yaşadığımız dönəmdə siyasi partiyalar arasında dialoqun olmaması, dil tapa bilməməyimiz, normal, demokratik yolla mübarizə apara bilməməyimiz, dialoqdan qaçmağımız, məncə, yolverilməzdir. Ən ağır şərtlər altında biz milli mənafelərimiz naminə bir araya gəlməyi, söhbət etməyi, danışmağı, problemlərimizi müzakirə etməyi, incilikləri aradan qaldırmağı bacarmalıyıq. İqtidar da, müxalifət də  buna hazır olmalıdır.

İndi narazılığın böyük bir hissəsi söyüş ritorikası ilə bağlıdır və bu, bir vaxt müxalifətə qarşı başlamışdır, indi sosial media inkişaf etdikcə, müxalifət düşərgəsindən iqtidara qarşı belə söyüşlər yağdırılır. Düşmənçilik səviyyəsində mübarizə yolverilməzdir. Bu, müharibədən daha böyük bir müharibədir. Çünki içimizə elə böyük bir düşmənçilik toxumu səpilə bilər ki, sabah müharibədə, cəbhədə bir yerdə ola bilmərik. Ona görə də VHP-nin mövqeyi dialoqun davam etməsi və ölkədə milli birliyin gücləndirillməsi istiqamətində bütün lazımi addımların atılmasıdır. Çünki bu dialoq təmas, milli birliyə doğru etimad mühiti formalaşdırır, ümumi ideoloji, mədəniyyət, sosial layihələrin həyata keçirilməsində ölkənin bütün bacarıqlı, istedadlı insanların bir araya gəlməsinə şərait yaradır, cəmiyyət bütövləşir. Uzun müdət Azərbaycanda belə idi ki, qəzeti açan hər  kəs gözləyirdi ki, görsün onun haqqında hansı yalan yazılıb, yaxud hansı böhtan atılır, hansı böhtana necə cavab vermək lazımdır. Mətbuatla məhkəmə yolu ilə danışmağın əleyhinəyəm. Ona görə də tənqidlər yoxlanılıb verilməlidir, insanın şəxsiyyəti qorunmalıdır. İnsanın böyüklüyünə, aliliyinə kölgə sala bilən heç bir yazı və yaxud artıq söz mətbuatda özünə yer tapa bilməz. Bu mənada siyasi dialoq həm də bizim ümumi ictimai mühitimizin və  cəmiyyətin  mənəvi mühitinin təmizlənməsinə, qorunmasına, Azərbaycanın müdafiə gücünün artırılmasına kömək edir.  Bu, elə bir mühit yarada bilər ki, parlamentdə siyasi partiyalara göstərilən etimad həm də bütün cəmiyyətə yayıla bilər.  

"Bu gün keçmişi topa tutsan, sabah da gələcək səni topa tutar" 

- Dialoqda iştirakdan imtina edən müxalifət partiyaları var. Siz də bayaq qeyd etdiniz ki, bütün partiyaların prosesdə iştirakı milli birliyimiz üçün çox vacibdir. Həmin müxalifət qanadının gələcəkdə prosesə qoşulması gözləniləndirmi?

- Dialoqdan imtinanın tərəfdarı deyiləm, partiya yaranıbsa, bütün qüvvələrlə danışığa getməlidir. Dialoq özü də bir mədəniyyətdir. Ortada qan düşmənçiliyi yoxdur. Sadəcə olaraq hakimiyyət uğrunda gedən mübarizə var və buna əslində, normal baxmaq lazımdır. Körpüləri yandıran müəyyən məsələlər var, o da qarşılıqlı söyüş ritorikası, heç kimin ləyaqətinə, şəxsiyyətinə, Azərbaycan tarixindəki roluna baxmadan adamların təhqirə məruz qalmasıdır. Bu, qətiyyən bizim milli mədəniyyətimiz, milli yaddaşımızla bir araya sığan məsələ deyil və Azərbaycanın bütün dəyərlərini əslində, dağıtmağa xidmət edir. İnsanların tarixdəki xidməti unutdurulur. Yəni bu gün sən keçmişi topa tutsan, sabah da gələcək səni topa tutar. Ona görə bu məsələri qətiyyən qəbul etmirəm.

Mən ömür boyu mətbuat azadlığı uğrunda vuruşmuş adamam. Söz azadlığı cəmiyyət və xalqın böyük qazancıdır. Amma söz azadlığı adı altında hərə əlinə bir telefon götürür. Hətta öz ana dilində fikirlərini normal ifadə edə bilməyən bu cür adamların əlinə düşən kiçik imkanlardan istifadə edərək, cəmiyyətə kin-küdurət toxumu səpməsi yolverilməzdir. Hətta bu gün sosial medianın xırda vasitələri televiziyları kölgədə qoyub. Bu xırda vasitələrlə yayılan informasiyalar əgər xalqın xeyrinədirsə, onun mədəniyyətini, tarixini, ruhunu, mənəviyyatını tanıtdırmağa, ayrı-ayrı şəxsiyyətlərin dünyada təbliğinə xidmət edirsə, çox gözəldir, böyük qazancdır. Hətta bir şəxs Azərbaycan tarixində  bizim bəyənmədiyimiz mövqedədirsə, yaxud bəyənmədiyimiz hansısa işləri görübsə, amma tarixdə müəyyən mənfi rolda olubsa, o, tariximizin bir parçasıdır. Yenisi gələn kimi keçmişi inkar etmək doğru deyil. Neçə prezidentlər, baş nazirlər gəlib gedib, hərəsi öz bacardığı işi görüb. Bu, artıq keçmişdir. Məncə, bu gün onları ittiham kürsüsündə oturtmaqdansa, gələcəyə baxmaq lazımdır. Burda çox qəribə üsul var - etnik goreşənlik: kim azərbaycanlıdır, kimin qanı nədir. Bu gün dünya dəyişib, kim özünü hansı millətdən sayırsa, odur. Kim özünü türk, Azərbaycan türkü sayırsa, biz ona ehtiramla yanaşmalıyıq. Deyək ki, böyük dövlətlərdə, məsələn, ABŞ-da, Britaniyada, hansında belə goreşənlik var. Kənardan adamlar gətirirlər ki, mədəniyyətin inkişafına kömək etsin. Biz hamını dışlayıb kənara qoya bilmərik. Bu, bir bəladır. Keçmişi bəyənməmək, ittiham etmək ikinci bəladır. Hər yerindən qalxanın Azərbaycanın mənəvi dəyərlərinə zidd olaraq ziyalılara ləkə yaxması da bir bəladır. Bunların hamısı haqqında geniş danışmaq imkanı yoxdur. Düşünürəm ki, bunlar hamısı ancaq dialoq vasitəsilə aradan qaldırıla bilər. Ona görə çox istərdim ki, dialoqdan kənada qalan partiyalarla da söhbətlər davam etdirilsin, onları da cəmiyyətin bir hissəsi olaraq bu prosesə cəlb edək. Onlara da müraciətim budur ki, bu prosesdən kənarda qalmayın. Sözünüz varsa, onu mətbuatda, ökədən kənarda televiziyalarda deyilən kimi, dialoq masası araxasında da demək mümkündür.  

"Ürəyimizi ağrıdan çox şeylər var..." 

- Sizcə, Ermənistan tərəfinin sərhəddəki son təxribatları zamanı iqtidar və müxalifət nə dərəcədə  həmrəy oldular?

- Tovuz istiqamətində Ermənistanın təxribatı Azərbaycanda bütün milləti aprel döyüşlərində olduğu kimi, ayağa qaldırdı. Hamı dövlətin və ordunun arxasında dayandığını ifadə etdi. Bu, böyük bir ruh yüksəkliyi idi. Xalqımızın tarixi qəhrəmanlıq ruhunun bu gün yaşamasının nümayiş etdirilməsidir. Ürəyimizi ağrıdan çox şeylər var, bunlardan biri də generalımızın, yüksək rütbəli zabitlərimizin, hərbi qulluqçularımızın şəhid olmasıdır. Amma onların qəhrəmanlığı bizi qürurlandırır. Bu hadisə 1988-ci ilin mitinqlərini yadıma saldı. "Azadlıq" meydanından başlayaraq bütün şəhər boyu gənclər "Qarabağ bizimdir, bizim olacaq", "Vətən bölünməz, şəhidlər ölməz" və digər bu kimi şüarlar səsləndirirdi. Bu yürüş ona görə əlamətdardır ki, guya 30 ildə Azərbaycan xalqına öz torpaqlarının unutdurulacağı barədə iddialar var idi. ATƏT-in Minsk qrupunun apardığı siyasət də elə buna xidmət edir. Bütün bu iddiaların üstündən xətt çəkildi. Xalq öz yerində dayandığını, əvvəlki ruhunu qoruyub saxladığını, ordusuna kömək etməyə daim hazır olduğunu, hədəflərini aydın bildiyini  nümayiş etdirdi. Bu, son illərin ən böyük tarixi hadisələrindən biri idi. Bütün prosesi izləyirdim, onu yönəldən, idarə edən bir qüvvə yox idi. Belə də olmalıydı, bu, xalqın yürüşü  idi. Amma təəssüf ki, orda ya öyrədilmiş, ya qabaqcadan hazırlanmış qrup polisin dağılmaq təklifinə məhəl qoymadı, polisə müqavimət göstərdi, maşını aşırdı, parlament binasına soxuldu və ziyan vurdu. "Alahu əkbər” qışqırıb binada əşyalara ziyan vurub, şüşəni sındırıb, maşını aşırdılar. "Allahu əkbər"lə türk milləti, bizim dindaşlarımız ölkə alıb, cəbhə yarıb, düşmənin üstünə gedib. "Allahu əkbər" nidası ilə parlamentin boş binasına soxulmaq nə deməkdir? Bu, artıq təxribatçıların hara bağlı olduğunu nişan verir. Çox acı həqiqətdir, bunu deməliyik.

Siyasi partiyaların mövqeyi hamımızı məmnun etdi. Bir-iki partiya kənarda qalmaq şərtilə, bu savaşda Azərbaycanın müdafiə məsələsində dövlətin və ordunun arxasında olduqlarını, onu müdafiə etdiklərini dilə gətirdilər, Ali Baş Komandanın yanında olduqlarına dair bəyanata imza atdılar. Bu, elə ümumilli məsələdir ki, kaş burada hamının mövqeyi bir olsun. Bir neçə partiyanın lideri dedi ki, bu məsələdə dövlətin yanındayıq.  Bu, mühün məqamdır. Gecə o təxribat baş verməsəydi, Milli Məclisə soxulanlar o işləri görməsəydilər, düşünürəm ki, ab-hava da bir qədər fərqli olacaqdı. Və biz dialoq baxımından ən radikal qanadla hakimiyyət orqanlarının yaxınlaşması istiqamətində xeyli məsafə qət etmiş olardıq.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.