525.Az

"İşıqlı əməlləri Aqşin Babayevi daima yaşadacaq" - Gündüz Babayev ilə müsahibə

[18.07.20]
"İşıqlı əməlləri Aqşin Babayevi daima yaşadacaq" - <b style="color:red">Gündüz Babayev ilə müsahibə </b>

Mərhum yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, professor Aqşin Babayevin vəfatından 40 gün keçir.

Bu ərəfədə ədibi bir daha yad etmək üçün oğlu Gündüz Babayevlə söhbətləşdik. 

- Gündüz bəy, iyulun 19-da atanız mərhum Aqşin Babayevin 40 mərasimidir. Aqşin müəllimin vəfatı və yası karantin zamanına təsadüf etdi, mərasim də verə bilmədiniz. Bu, sizə necə təsir elədi?

- Atam rəhmətə gedəndə ailə olaraq bir qərar qəbul etdik ki, nəinki dövlətin karantin qanunlarına əməl etmək, biz özümüz də bu tədbirləri görüb, insanları məlumatlandırmalıyıq. Belə də elədik. Sosial şəbəkədən elan etdik ki, heç kim zəhmət çəkib dəfnə, yasa gəlməsin, virtual olaraq başsağlığını versin, bu, bizimçün qəbuldur. Bu, bizimçün o qədər də dramatik, dərin əhəmiyyət kəsb eləmir. Çünki biz öz ağır itkimizin dərdindəyik, onun ağrısını çəkirik. Əsl təsir edən Aqşin Babayev sevərləri görəndə oldu. O qədər zənglər, mesajlar, sosial şəbəkələrdən ithaf statusları aldıq ki, bu, bizə çox təsir elədi. Əlbəttə, bu insanlar bir araya gəlib onu yad etmək, birlikdə rəhmət oxumaq istəyirdilər. Bu da alınmadı. Vəfat edənin ruhuna rəhməti hər yerdə oxumaq olar, yetər ki, Allah qəbul eləsin. Biz də bütün sevənlərindən bunu istədik. Ehsan məsələsini isə ailə olaraq, başqa bir formada, məncə, daha düzgün bir yolla həll etdik və edirik.

- Aqşin müəllimin vəfat xəbərini onun profilindən və dilindən yazmışdınız. Bu cür addım atmaqda məqsəd nə idi?

- Aqşin Babayev əvvəla ünsiyyət adamıdır və onun profilində xeyli sayda izləyənləri, sevənləri var. Fikirləşdim ki, bu dəqiqə Aqşin Babayevin ruhu nə düşünür? Əlbəttə, ilk növbədə ağrıdan qurtuldu. O, çox ağrı çəkdi və insanlar buna görə ondan nigaran, narahat idilər. Mən də yazdım ki, artıq ağrı hiss etmirəm və "əlvida" dedim. Bəzi insanlar hətta bunu yersiz zarafat kimi qəbul etdilər. 

- Hələ də Aqşin müəllimin profili qalıb, paylaşımlar da edirsiniz. Davam edəcəksinizmi?

- Onun orda nə qədər izləyicisi, sevənləri var ki, fikirləşdim, bunu davam etdirmək mənim boynumun borucudur. Bununla bağlı bəzi planlarım da var. Hələ nə olduğunu açmaq istəmirəm, gələcək göstərəcək. Sadəcə bunu deyim ki, onun Feysbukdakı profilini davam etdirməyə qərarlıyam. Bunu bir övlad və varis kimi özümə borc bilirəm.

- Onunla son telefon danışığımı xatırlayıram. Sanki hiss edirmiş kimi məni də hazırlayırdı ölümünə, nəsihətlərini verdi. Bəs sizinlə son günlərdə necə idi? Nələr danışırdı?

- Atam fevralın 18-də yatağa düşdü və bir daha evdən bayıra çıxa bilmədi. Son dörd ayı çox ağrılı keçdi. O dövrdə gəlib atamgillə qaldım. Atamın iynələrini özüm vururdum. O günlərdə çox şeylərdən danışırdı, yarımçıq qalmış planlarından bəhs edirdi. Məhəmməd Peyğəmbər hədislərindən birində deyir ki, əgər sənin əlində bir ağac tingi var və onu əkməyə hazırlaşırsansa, bir az sonra qiyamət qopacağını bilsən belə, ək. Atam da bu cür insan idi. Neçə-neçə çapa hazır və ya tamamlanmamış kitabları var ki, inşallah, çap etdirəcəyik. Bunlardan danışırdı. Hər zaman işini düşünürdü. O, həmişə özünü bütün qəlbilə işə həsr edib. Baxmayaraq ki, yazıçı, şair, tərcüməçi, dramaturq, alim kimi tanınır, amma onun müəllim kimliyi çox dərin, maraqlı və parlaqdır. 50 ildən çox müəllimlik təcrübəsi vardı. Hər zaman tələbələrini çox sevib. Mən hələ uşaq idim, həyat şəraitimiz o qədər də yaxşı deyildi, atam öz deyimi ilə "çörəyi daşdan çıxarırdı", amma ehtiyacı olan tələbələrə həmişə maddi, mənəvi dayaq olur, rayonlardan gələn tələbələri evə gətirib yedirirdi. Yaşlandıqdan sonra tələbələrə atalıq edirdi. Heç vaxt onlara yuxarıdan aşağı baxmayıb, həmişə özüylə tən görüb, bərabər səviyyədə tutub. O, tələbənin potensialını əvvəlcədən görür və həmin istiqamətə yönləndirir, onlara əmək sərf edib, potensialını inkişaf etdirirdi. Tələbələrin də ona münasibəti müvafiq idi. Son günlərində tələbələrindən danışırdı, "məni tələbələrim gözləyir, getməliyəm" deyirdi. Deyirdim ki, karantindir, dərslər yoxdur, sentyabra kimi olmayacaq, rahat ol, amma inanmırdı. Ürəyində tələbələrindən nigaran getdi. Bir də, ağrılar ki çəkirdi, son günlərdə uşaqlaşmışdı. İstəyirdi, onun ağrılarını hiss edək. Uşaq kimi sığal istəyirdi. Gəlib yanağından öpürdüm. Sonra eşidirdim, anama pıçıldayır ki, Müzəyyən, Gündüz məni öpdü.

- Aqşin Babayevi bir şəxsiyyət kimi necə xarakterizə edərdiniz?

- Bizdən uzaq, eybəcər insani halları istisna etsək, hər ata övladı üçün şirin, əvəzedilməz, doğmadır. Son dərəcə mülayim insan idi. Nə mənə, nə də bacıma əl qaldırıb. Göydə Allah, yerdə Aqşin Babayev - atam vardı bizim üçün. Anamı da hər zaman əl üstə tutardı. Anamla çox gənc yaşlarında, doqquzuncu sinifdə oxuyanda tanış olub, bir-birini sevib, nişanlanıblar. Amma həm özləri, həm də valideynləri şərt kəsiblər ki, əvvəlcə təhsil! Universiteti bitirəndən sonra toyları olub. Anama qarşı sevgisi hədsiz idi. Bəlkə də cəmi bir-iki aya insanı o dünyaya aparacaq xəstəliyə o, dörd ay tab gətirdi. Çünki anamdan ayrıla bilmirdi. Anam da  onu buraxmırdı. Mən son günlərdə anama yalvarırdım ki, burax getsin, əziyyət çəkir. Anam bununla razılaşandan cəmi iki gün sonra atam köçdü bu dünyadan.

Anam ömür-gün dostuna karyerasını qurban elədi. Universitetdə filologiya fakültəsini birlikdə oxuyublar. Müəllimlərindən biri məşhur alimimiz Abbas Zamanov olub. Bu əhvalatı atam kitabına da daxil edib. Deməli, bir gün Abbas müəllim kitabına belə bir avtoqraf yazıb onlara təqdim edir: "Mən bu kitabı tələbələrim Müzəyyən və Aqşinə hədiyyə edirəm. Aqşin, sənə dəfələrlə dediyimi indi də yazılı təsdiqləyirəm ki, Müzəyyən səndən daha bilikli, daha üstündür, incimə". Bunu əlbəttə, atam fəxr və məhəbbətlə qarşılamışdı. Anam bütün ömrünü atama həsr elədi. Ona elə bir imkan yaratdı ki, bütün istedadı, bacarıqları üzə çıxa bildi. Atam üçün bütün bunları eləməyə vaxt və şərait yaratdı.

Atam Allah adamı idi. Yadımdadır ki, biz uşaq olanda, hələ Sovetin o sərt zamanlarında atam hər səhər evdən çıxmadan öncə balaca otağa keçib, qapını bağlayar, orda üzünü pəncərədən göyə tutub öz dilində Allaha dua edərdi. Namazı bilməzdi. O vaxt çox az adam bilirdi namazı. Əsas odur ki, onunla bizə ailə olaraq dərin bir iman aşıladı və biz hamımız inanclı yetişdik. O, həm də vətəninə, dilinə aşiq bir insan idi. Yadımdadır ki, o vaxt əsərlərini çap makinasında yazdırırdı. Hər bazar günü makinada yazan qız gəlirdi evə, atam əsərlərini vərəqdən oxumaz, sinədəftər deyərdi. Demək ki, hekayəni başdan sona beynində qururdu. Və qurduğu uzun cümlələrdə belə məntiqi, qrammatik, leksik heç bir xəta olmazdı. Azərbaycan dilində çox səlis danışırdı. Bizi isə şüurlu şəkildə rus dilinə göndərdi. Bu da doğru addım idi. Çünki dilimizi bilmək onsuz da borcumuzdur, əlavə dil isə əlavə insan deməkdir. Azərbaycan dilini isə evdə özü öyrədirdi. Həm də maraqlı və sadə üsulla. Bizim yanımızda öz əsərlərini, ya da kimlərinsə şeirlərini, əsərlərini anama oxuyardı. Biz öz-özümüzə oynayardıq, amma istər-istəməz qulağımız onları da eşidərdi. Beləcə şüuraltı bizə Azərbaycan dilini yeridirdi. O, xaricdə işləyəndə şərt qoymuşdu ki, ancaq Azərbaycan dilində məktublaşacağıq. Hər məktubumdan sonra mənə səhvlərimi də düzəldib göndərirdi.

Ahıl yaşlarında isə o, tək bizim yox, bütün cəmiyyətin idi. Hər zaman başqalarını düşünərdi. Özümüzün maddi çətinliyimiz olsa da, əlavə işlər işləyib onun qonorarını vaxtsız vəfat etmiş dostunun ailəsinə göndərərdi. Çətin vəziyyətdə olan bütün dostlarına əl tutardı.

Bu gün onun tələbələrilə yazışmalarını oxuyuram. Sanki ata-övlad söhbətləridir. Tələbələri hər çətinliklərini ona açıblar, ona danışıblar, ondan kömək istəyiblər. O, çox işıqlı insan idi. Ərəblər bu cür zarafatcıl, xoşxasiyyət insanlara "kölgəsi yüngül insan" deyərlər. Aqşin Babayev kölgəsi yüngül insan idi. Olduğu bütün məclislərin canı, mərkəzi olub. Mən onunla hər zaman qürur duymuşam. Çünki hətta özünün olmadığı və mənim onun oğlu olduğumu bilmədikləri məclislərdə belə hər zaman onun haqqında xoş sözlər eşitmişəm. Amma düşünün ki, zahirən bu cür görünən insan, daxilən çox bədbin idi. Onun şeirlərində var bu hisslər.

- Onsuz keçən 40 gündə nə dəyişdi?

- Hələ çox şey dəyişəcək. Anam hələ də qəbul edə, razılaşa bilmir, mənsə dərk edə bilmirəm. Çoxdan yaranan bir adətim vardı. Hər gün atama zəng edərdim. Yanında olduğum son dörd ayda pozulmuşdu bu adət. İndi də daxilimdə bir ehtiyac var ki, atama zəng edim, əhvalını soruşum. İndi məqsədlərimdən biri atamı yaşatmaqdır. Şükür ki, bunu təkcə mən etmirəm, sevənləri də hər zaman onu yaşadırlar və yaşadacaqlar.

- Bu günlərdə mənəvi dayaq kimi yanınızda kimlər var?

- Bu gün yanımda Aqşin Babayevi sevənlər var. Bu sevgi bizə təsəlli, ümid verir. Sağ olsunlar.

- İctimaiyyətin Aqşin Babayev itkisinə münasibəti haqda nə düşünürsünüz?

- Bayaq qeyd etdiyim kimi, yasa gəlməməyi mən demişdim insanlara. Onu tanıyanların, sevənlərin duyğuları sel kimi axdı. Bu sel hələ də davam edir. İndi çətin zamandı. Həm koronavirusla mübarizə aparırıq, həm də bu günlərdə qarşıdurma yaradan mənfur düşmən Ermənistanla. Fürsətdən istifadə edib, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnanırıq ki, onların qanı yerdə qalmayacaq. Bütün bu hadisələr insanların ünsiyyətini azaldıb, bu itkidən gecə xəbər tutanlar olub. Amma xəbər tutan kimi dəstəklərini göstərirlər. Amma elələri də var ki... Aqşin Babayev Əməkdar jurnalistdir, 60 ildən çox yazıçı, dramaturq, şair kimi tanınıb, 40 kitab müəllifidir. Bundan sonra da kitabları çap olunacaq. Ayrı-ayrı yazıçılar, şairlər, elm-ictimaiyyət xadimləri, sadə vətəndaşlar çoxlu başsağlığı veriblər. Bunları düşünəndə fəxrlə deyə bilirəm ki, xalq Aqşin Babayevi sevir və insanlarımız onu öz qəlblərində yaşadacaqlar.

- Sizcə, Aqşin müəllim ən çox nə ilə xatırlanacaq?

- Cəmiyyətdə elə dərin, müsbət izlər buraxıb ki, o izlər onu yaşadacaq. Azərbaycan radiosunda 1959-cu ildə ştatdankənar işçi kimi başlayıb pillə-pillə artan fəaliyyəti, təməlini qoyduğu, 33 ildən bəri davam edən "Körpü" verilişi və başqa layihələr onun yad edilməsi üçün əsasdır. O vaxtkı Azərbaycan Ali Sovetinin mətbuat xidmətinin ilk rəhbəri vəzifəsi və ordakı 15 illik fəaliyyəti xüsusi vurğulanmalıdır. O, müstəsna dəyərə malik bir müəllim kimi yad ediləcək. Ailə içərisində hədsiz sevgisi, mülayimliyi, müdrik məsləhətləri, təbəssümü, zarafatları ilə xatırlanacaq. Və nəhayət, bütün bunları cəmləşdirsək, Aqşin Babayevi işıqlı əməlləri daima yaşadacaq, o, hər zaman məhəbbət dolu ürəyi ilə xatırlanacaq.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.