525.Az

Amerikalı və tənək dolması - Səməd Səfərovun yazısı

[23.05.20]
Amerikalı və tənək dolması - <b style="color:red">Səməd Səfərovun yazısı </b>

2009-cu ilin sentyabr ayı idi. Bakalavr təhsilini başa vurandan sonra magistratura təhsili üçün Mançester Universitetinə gəlmişdim. Yeni ölkə, ilk dəfə ayaq basdığım şəhər, müxtəlif dünyagörüşlü insanlar, fərqli mədəniyyətlər, hələ üstəlik, film və kitablarda görməyə adət etdiyim qədim qotik üslubundakı universitet binasında oxuyacağımı düşünmək hədsiz həyəcanverici idi.


Elə ilk dərs gününün axşamı universitetə yaxın barların birində qrup yoldaşları ilə tanışlıq məclisi təşkil edildi. Qrupumuzda 120 nəfərə yaxın tələbə olsa da, məclisə təxminən 40-50 nəfər gəlmişdi. Barda bizdən başqa müştərilər də olduğundan çox izdihamlı ortam idi. Bu qələbəlik çöldəki alatoranlığın yavaş-yavaş qeybə çəkilən az-maz işığını içəri keçməyə qoymurdu. Basırıq və zil, enerjili musiqi adamda qəribə təəssürat yaradırdı - elə bil, sürətli metro qatarı ilə yol gedirdin.


Mənim kimi, o biri tələbələr də ilk günün həyəcanını yaşayırdılar. Hamı, əlində içki bardağı, kiçik dəstələr qurub dayanmışdı. Sağdan-soldan yağan sualların biri beş qəpik idi: "Adın nədir?", "Hardansan?", "Bakalavrı harada oxumusan?", "Harda qalacaqsan?" və sairə və ilaxır. Deyəsən, spirt də öz təsirini göstərmişdi, adam anket doldururmuş kimi sualları sırayla döşüyüb gedirdi. Yarım saat sonra növbəti dəfə üz-üzə gəldiyin adam səni ilk dəfə görürmüş kimi salamlaşıb, yenə eyni sualları verirdi...


Bəzən də kimsə səhvən, bizə aid olmayan başqa bir dəstənin içinə soxulur, eyni qaydada insanları sorğu-suala tutmağa başlayırdı. Ətrafdakılar təəccüblənirdi ki, bu adam kimdir, bu nə suallardır verir? Axı, 40-50 nəfər az deyildi, adamın yadında adam qalardı? Ölkə, şəhər, insan adları beyində qarışqa kimi qaynayırdı və yad insan sifətləri sürətlə doğmalaşırdı.


Bu həngamədə mənim söhbətləşdiyim dəstəyə ağbəniz, sarı saçlı bir oğlan yaxınlaşıb yanımda dayandı. Tanış olmağa başladıq. Adı Ceyms idi. ABŞ-dan gəlmişdi. Qrup yoldaşım olacaqdı. Səsinin tonu elə idi ki, elə ilk saniyələrdən özümü Hollivud filminə baxırmış kimi hiss etdim. Azərbaycandan gəldiyimi eşidəndə görkəmini pozmadan ölkəmiz haqqında bəzi şeylər bildiyini dedi. Bunu eşidəndə sevinən kimi oldum, heç olmasa artıq bəzilərilə təcrübə etdiyim coğrafi izahatlara ehtiyac qalmırdı. Onsuz da bu səs-küylü və qaranlıq mühitdə Xəzəri-Qara dənizi, İranı-Rusiyanı təsvir edən əl hərəkətlərim çox yöndəmsiz görünürdü.


Azərbaycan haqqında haradan məlumatlı olduğunu soruşdum:


- "Əli və Nino" əsərini oxumuşam. Bilirəm ki, Azərbaycan SSRİ-dən ayrılıb, 90-cı illərin əvvəllərində müstəqil olmusunuz - dedi. Xoş təəccüb məni bürüdü. Üzümün dəyişən ifadəsini görüb, əlavə etdi, - Rəhim Qazıyevi də tanıyıram.


Karıxdım. Elə bildim, spirtin təsirindəndir - bu axşam beyin o qədər məlumat alıb ki, yəqin artıq həzm edə bilmir. Sonra fikirləşdim ki, çox güman, Ceymsin Amerika tələffüzündən, ya bəlkə də, ləhcəsindən dolayı səhv eşitmişəm. Təkrarlamasını xahiş etdim. Çaşqınlığımı sezib, izah etdi ki, Qarabağ münaqişəsinə aid hansısa kitab oxuyub. Sonra siyasət aləmində məşhur olan başqa insanların da adını çəkdi və 90-cı illərin əvvəllərinə aid bəzi siyasi hadisələri xatırlatdı.



Amerikalının bu marağına heyrətləndim (indi adını xatırlamadığım hansısa şimal-qərbi ştatdan idi: axı, Ceyms, biz hara, sən hara?). Nə əcəb bu mövzular haqqında oxuduğunu soruşdum. Dedi ki, kitab oxumağı çox sevir. Gürcüstan, Orta Asiya ölkələri haqqında da oxuyub. Ədəbi əsərləri də sevir. O zaman düşündüm, bir halda ki oxşar maraqlarımız da var, bu oğlanla mənimki alınar, yoldaşlığımız yaxşı tutar...


Bir gün sonra dərslər başladı və anidən məşğuliyyətlər sürətlə çoxaldı. Tələbələrə hər semestr üçün fərqli dərsləri seçmək imkanı verildi və xeyli ortaq maraqlarımız olduğunu düşündüyüm Ceyms ilə mən ayrı-ayrı mövzuları seçdik. Nəticədə universitetdə çox rastlaşmadıq. Onun qaldığı yataqxana mən qalan yataqxanadan uzaqda yerləşirdi. Futbolla maraqlanmaması aramızdakı uçurumu bir qədər də dərinləşdirmişdi. Üz-üzə gəldiyimiz nadir hallarda isə söhbətimiz uzun çəkmirdi. Sakit adam idi, çoxdanışan deyildi. Deyəsən, müxtəlif xalqlara marağının olmasına rəğmən, xarakterində şimal insanına xas soyuqluq vardı.


Bir gün yataqxanada bir neçə əcnəbi dostumla tənək dolması bişirməyə qərar verdik. Hələ Rusiyada bakalavr təhsili aldığım zamanlardan yarpaq dolmasını hazırlamağı öyrənmişdim. O vaxt valideynlərim Bakıdan mənə qatarla tənək göndərirdi, qalan işi isə yataqxana mətbəxində özüm həll edirdim. Əlbəttə, yemək bişirmək ilk dəfədən asan olmur. Məsələn, birinci dəfə bişirəndə ətə duz vurmağı unutmuşdum. İkinci dəfə isə sobanın üstündəki qazana baxmaq yadımdan çıxmışdı deyə, xeyli müddət sonra qazanın qapağını qaldıranda görmüşdüm ki, su o qədər azalıb, qazanın üst tərəfindəki tənəklər quruyub daşa dönüb, altı isə yanıb. Amma atalar üçdən deyib, mən də üçüncü dəfədən sonra bir daha dolma məsələsində axsamadım.


Bu təcrübəni Britaniyada da nümayiş etdirmək lazım idi. Həm də milli mətbəxin reklamı olacaqdı, axı. Düşündüm ki, bu, Ceyms üçün cəlbedici təcrübə olar. Telefonla əlaqə saxladım, çağırdım, gəldi. Birlikdə söhbətləşərək, zarafatlaşaraq 5-6 nəfərlik dolma bükdük və yedik. Xoşuna gəlmişdi. Birinci dəfə idi ki, xörəyə qatıq əlavə edərək yemişdi. Əvvəl bir az tərəddüd eləmişdi. Amma təkrar-təkrar israr etdim ki, qatıqla tənəyin suyu öpüşəndə ortaya mükəmməl bir dad çıxır. Dediyinə görə, hədsiz çox bəyənmişdi. Bu, onun üçün qeyri-adi və unudulmaz bir təcrübə olmuşdu.


O gündən Ceyms yenə itib batdı. Universitetdə üz-üzə gələndə sadəcə, salam-əleyklə kifayətlənirdik. Artıq mənim fərqli dost çevrəm yaranmışdı...


Qrupumuzda ispaniyalı bir qız vardı, ondan heç xoşum gəlmirdi. Ciddi, tələbkar və nöqsan axtaran xasiyyətindən dolayı yaşlı orta məktəb direktorumuzu xatırladırdı. Direktorumuz olan o qadın kimin qolunda saat görürdüsə, yumruğu ilə parçalayırdı. Az qala, oğlanların əynindəki cinsi dəhlizin ortasında dartıb çıxarırdı ki, məktəbə ancaq klassik şalvarda gəlmək lazımdır. Bu qızın da sanki elə xasiyyəti vardı. Adamayovuşan deyildi. Amma necə oldusa, bir gün bu qızın Ceymsi tovladığını eşitdik. Bir-birinə vurulmuşdular.


Qızın atası İspaniyanın bir aqrar bölgəsində üzümçülüklə məşğul idi. Üzüm və tənəyin şəkli olan loqolu şirkəti vardı. Universiteti bitirdikdən sonra Ceyms qızla birlikdə İspaniyaya köçdü. Qızın atası ikisinə də şirkətdə vəzifə verdi. Tezliklə evləndilər də. Ondan sonra Feysbukda ara-sıra Ceymsin şəkillərini görürdüm. Şirəyə bulaşmış önlükdə üzüm dolu yeşiklər daşıyırdı, parıldayan gözləri ilə amerikalılara xas bəmbəyaz dişlərini ağardırdı. Bəzən də üzüm cərgələri arasındakı traktorun üstündə oturub, əzəmətlə üfüqə baxırdı.


Bu şəkilləri görəndə öz-özümə fikirləşirəm: görəsən, Ceyms niyə İspaniyadakı bu kənd yerinə getdi, traktora niyə dırmaşdı, üzümçülüklə niyə məşğul olmaq istədi? Səbəb, doğrudan da, o dilbilməz qaba ispan qızına məhəbbət idimi? Yoxsa yataqxana otağında büküb yediyimiz o yarpaq dolmasının, qatıqla öpüşən tənək suyunun əvəzedilməz dadı damağından getməmişdi?

Səməd SƏFƏROV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.