525.Az

Əfsanə - Esse

[23.05.20]
Əfsanə - <b style="color:red">Esse</b>

O, Amerika cazını elə ifa edirdi ki, bir dəfə Tiflisdə qonaq olmuş "bluesin kralı" "Bi Bi Kinq" onu dinlədikdən sonra zaldan hündür səslə ona səslənir:


"Cənab Mustafazadə, mən öz musiqimizi sizin kimi ifa etmək istəyirəm".


Bəli, o, hər kəsin sevimlisi, gözəl gülüşlü insan, əfsanəvi pianoçu Vaqif Mustafazadə idi. 


Vaqif Əziz oğlu Mustafazadə - 16 mart 1940-cı ildə Bakıda İçərişəhərdə tibbi xidmət mayorunun ailəsində anadan olub. Erkən yaşda atası vəfat etdikdən sonra anası Zivər xanım Əliyeva ona həm ata, həm də ana olub.


Zivər xanım Əliyeva, Azərbaycan klassik musiqi məktəbinin yaradıcısı olan dahi Üzeyir Hacıbəyovun ilk tələbələrindən və muğamın ilk qadın ifaçılarından biri olub. Zivər xanım muğamın bütün incəliklərini mükəmməl bilən bir insan idi. Bəlkə də elə buna görə  oğluna milli musiqini öz ana südüylə, daha sonra ilk müəllimi olaraq sevdirmiş və Azərbaycan musiqi dünyası üçün bir əfsanənin-Vaqif Mustafazadənin yaradıcılığının təməlini qurmuşdu. Vaqif hələ balaca ikən də fortepianonun dillərini özünə ram etməyi bacarır və sevdiyi mahnıları xüsusi improvizasiya ilə ifa etməyi xoşlayırdı. Fenomenal yaddaşı var idi. Musiqiləri beyninə həkk edirdi.


1957-ci ildə Vaqif Mustafazadə Asəf Zeynallı adına Bakı musiqi uçilişini (hazırkı Bakı Musiqi Kolleci) bitirmişdir. Tələbəlik dövrlərində universitetlərin keçirdiyi bir çox tələbə yığıncaqlarında iştirak etmiş və belə çıxışlarının birində (hazırkı Azərbaycan Neft Akademiyasında) öz ilk həyat yoldaşı Nərminə xanımla tanış olmuşdur. Bu nigahdan onların Lalə adında bir qızı dünyaya gəlir. Həyata fərqli baxışlarından, bəlkə də fərqli ixtisas sahibi olmalarından dolayı bu ailə həyatı uzun çəkmir və onlar ayrılır. Beləcə, Lalə, demək olar ki, atasından uzaqda böyüyür, atası və nənəsi ilə çox az ünsiyyətdə olur.


İkinci təhsilini gənc musiqiçi hazırkı Bakı Musiqi Akademiyasına qəbul olaraq davam etdirmək istəyir, lakin hər incəsənət adamı, xüsusən də qeyri-adi istedadı olan bir insan kimi keçmiş SSRİ dövrünün qoyduğu çərçivələrə sığa bilmədiyi üçün elə birinci kursdan təhsilini yarımçıq qoyur. Çünki həmin dövrdə caz janrı birmənalı qəbul edilmirdi. Elə ona görə də musiqiçi istədiyi musiqini ifa edə bilmir və bəzən öz qeyri-standart ifa tərzinə görə təzyiqlərə məruz qalırdı.


Elə o ərəfədə Vaqif gürcü musiqiçilərinin dəvətiylə Tiflisə çıxıb gedir. Eyni dövr olmasına baxmayaraq, orada gənc musiqiçi caz janrında istədiyi tərzdə sərbəst ifa edə bilirdi. O, əsasən klassik caz, blues və oynaq mahnılar ifaçısı idi. Burada o, "Orero" vokal-instrumental ansamblının rəhbəri olur. Burada ikinci həyat yoldaşı Elza xanımla tanış olur. Yəni Əzizənin anası. Elza xanım da musiqiçi olur.


1966-1967-ci illərdə Vaqif Tallində keçirilən caz festivallarında Gürcüstanı təmsil edir və hər iki səfərində qran pri əldə edir. Məhz o vaxt Vaqif ilk dəfə dünya səviyyəsində çıxış edib, XX əsrin məşhur musiqiçiləri tərəfindən kəşf edilir. Vaqifin ilk dəfə ifasını eşidən "Amerikanın səsi" adlı radioda caz proqramının aparıcısı, musiqişünas Uillis Konover Vaqifi dünyanın ən yaxşı pianoçularından biri adlandırır. Onun ifasını Vaşinqton Caz-klubunun prezidenti Çet Bekker də yüksək qiymətləndirir.


Vaqif Mustafazadə 1969-cu ildə caz və muğamı sintez edərək Azərbaycan milli cazının əsasını qoyur. Məhz həmin il o, Tiflisdən Azərbaycana qayıdır.


O dövrdə Azərbaycanın Mədəniyyət naziri Rauf Hacıyev idi. O, Vaqif Mustafazadənin beynəlxalq müsabiqələrdə və caz festivallarında Gürcüstanı yox, məhz Azərbaycanı təmsil etməsini istəyirdi. Elə həmin ildəcə "Bakı Caz-69" caz festivalında həmvətənləri öz sevimli pianoçusunu dinləyə bildi.


1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə festival keçirilir. Şərtlərə görə, əsərin müəllifi, ifaçısı və ölkəsinin adı gizli saxlanılmalı idi. Lakin festival başa çatdıqdan sonra yüzlərlə naməlum iştirakçının içərisindən "Azərbaycan! Vaqif Mustafazadə!" sözləri eşidilir. Bəstəkar-musiqiçi isə Monako caz festivalında "Ağ royal" mükafatına layiq görülür. Lakin təəssüf ki, ömür vəfa etmədiyi üçün bu qalibiyyətindən xəbərsiz qalır. 


Vaqif Mustafazadə həmçinin, bir çox ansamblların yaradıcısı idi. Onlardan birincisi Gürcüstanda Dövlət Filarmoniyasının nəzdindəki "Qafqaz" caz-trio idi. Bakıda isə 1970-1971-ci illərdə Azərbaycan Dövlət Teleradio bazasında "Leyli", "Sevil" vokal-instrumental ansamblları, 1977-ci ildə isə "Muğam" ansamblının yaradıcısı idi.


Vaqif Mustafazadənin xatirəsi yad edilib - Xəbərlər | Azərbaycan ...


Vaqif çox qürurlu insan idi. O, öz ehtiyacını, məsələn, maddi sıxıntısını heç kəsə bildirməzdi. Eyni zamanda da, çox mehriban, qonaqpərvər, gözəl yumor hissi olan insan idi. Musiqiçilər həmişə onun anasının evində toplaşırdılar. Zivər xanım qonaqları hər zaman öz məşhur qutablarına, ləziz çay süfrəsinə qonaq edirdi. Bu qutabların dadına baxmamış Vaqif heç bir musiqiçiyə getməyə icazə vermirdi.


Bütün yaradıcı insanlar kimi Vaqif də gözəllik vurğunu idi. Vaqif ruhunda incə ruhlu əsrarəngiz havalı yaradıcı naturayla, lazım olduqda dostun müdafiəsi üçün davaya girişəcək, öz  xanımını müdafiə edə biləcək gücə malik sərt kişi naturası vəhdət təşkil edirdi.


Musiqiçinin hər iki qızı atasının yolunu davam etdirir. Böyük qızı Lalə Mustafazadə 1991-ci ildə Bakı Dövlət konservatoriyasını bitirdikdən sonra Fransada Beynəlxalq klassik pianoçularının müsabiqəsində qran pri əldə edir. Bu gün Lalə Parisdə yaşayır və elə oradaca öz yaradıcılıq fəaliyyətini davam etdirir.


Kiçik qızı Əzizə Mustafazadə isə dünya üzrə məşhur caz ifaçısı, pianoçu və bəstəkardır. Hətta ingilis kraliçası onu "cazın şəhzadəsi" adlandırmışdır.


Vaqif öz işində peşəkar olması ilə yanaşı, həm də çox məsuliyyətli insan idi. Ölümündən bir neçə gün öncə o, Moskvada "Zareçye" Mədəniyyət sarayında konsert verirdi. Moskvadan Daşkəndə uçanda isə artıq açıq infarkt keçiribmiş. Orada səhnəyə çıxanda halı çox pis idi. Konserti yarıda saxlamağı məsləhət görsələr də: "Yox, mən ikinci hissəni tamamlamalıyam", deyə etiraz etmiş və elə infarkt vəziyyətində ifasını bitirmişdi. Pərdə arxasına keçdikdən sonra onu xəstəxanaya çatdırsalar da, səhər saat altıda Vaqif Mustafazadə, yaddaşında hələ vərəqə həkk etmədiyi sehirli notlarıyla, qəlbində bölüşə bilmədiyi sözlərilə, həyata keçirə bilmədiyi arzularıyla 39 yaşında gözlərini əbədi yumur.


Bu acı xəbərdən sonra "Caz vaxtı" verilişinin aparıcısı Uillis Konover "Amerikanın səsi" radiosunda bütünlüklə bir saatlıq verilişini Vaqif Mustafazadənin xatirəsinə həsr edir.


Onun ölümündən sonra anası Zivər xanım onunla bağlı bütün rəsmləri, afişaları, şəxsi əşyalarını toplayır və 1989-cu ildə o dövrdə Azərbaycanın Mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev-muzeyini yaradır. Bu memorial muzeyin yaradılması övladının acısını yaşayan ana üçün tək təsəlli olur. Zivər xanım muzeyin direktoru təyin olunur.


1997-ci ildə Zivər xanım dünyasını dəyişir. Lakin ölümündən bir neçə ay öncə Moskvadan yaradıcı fəaliyyəti ilə məşğul olan qardaşı qızını çağırır və qız nəvələri ölkədən kənarda yaşadıqları üçün muzeyi Afaq xanıma həvalə edir. Elə həmin ildə Afaq xanım, caz musiqiçilərinə dəstək olmaq üçün Vaqif Mustafazadə adına Mədəniyyət xeyriyyəçilik fondu yaradır. Vaqifin xatirə gecələri təşkil olunur, diskləri buraxılır.


Sözsüz ki, Bakıda musiqiyə caz janrı hələ 30-cu illərdə gətirilmişdi. Saksafonçu Pərviz Rüstəmbəyov, daha sonra caz orkestinə rəhbərlik edən Rafiq Babayev, Vaqif Sadıqov, Tofiq Quliyev və Niyazi. Lakin Vaqif Mustafazadə də öz növbəsində xüsusi texnikası və  virtual ifasıyla caza bambaşqa bir cərəyan gətirmişdi.


Vaqif Mustafazadə həmçinin, bir çox simfonik kamera musiqilərinin, fortepiano pyeslərinin müəllifidir.


O, çox gözəl gülüşü olan, uşaq kimi məsum, lakin çox müdrik bir insan idi. İnanılmaz pozitiv enerjisi var idi. O, zala daxil olub, royalın arxasında əyləşəndə elə ilk notlardan tamaşaçısını heyran edirdi.


Öz orijinal kompazisiyalarına, zəngin şərq koloritinə, impravizasiyalarına, caz və muğam ritmlərinin sintezinə, eləcə də zəngin daxili dünyasına görə Vaqif Mustafazadə hələ sağlığında ikən əfsanəyə çevrilmişdi.


Ömrünü çox erkən tamamlamasına baxmayaraq, Vaqif yaradıcılığı bu gün də nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da yaşayır və sevilir.

Fidan MALİK

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.