525.Az

"İki gözəl, tək qoca" - Vaqif Bəhmənlidən yeni şeirlər

[23.05.20]
"İki gözəl, tək qoca" - <b style="color:red">Vaqif Bəhmənlidən yeni şeirlər</b>

Bu gün tanınmış şair, istedadlı publisist Vaqif Bəhmənlinin 65 yaşı tamam olur.


Ömrünü şeirə, sənətə, ədəbiyyata həsr edən Vaqif Bəhmənli ətrafında baş verən ən müxtəlif proseslərə, təlatümlərə baxmayaraq uzun illərdən bəri öz hücrəsinə çəkilib şeirlərini, publisistik yazılarını yazan, sözlə, sənətlə məşğul olan zəhmətkeş qələm adamıdır.
 

Həmişə "525-ci qəzet"in də ən fəal müəlliflərindən biri olmuş yubilyarın şeirlərini oxuculara təqdim edir, ad günündə ona sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


"525"


Bir saat


Bizim babalardan hansı birisə
deyib,
 öz hökmü var hər bir saatın...
Uzun gecələri açıb diricə,
gərək saatında çapasan atı!


Altmış dəqiqədən altmış qat qısa
fürsətdi,
 müddətdi,
  andı 1 saat.
Çapığa tənzifdi, müstərə əsa,
sinədən fışqıran qandı 1 saat!


1 saat  -
 dünyanın əvvəli, sonu;
göz qırpıb tarixi geri sayırsan...
Saat axıntıdı,
  baxır sən onu
hansı əqrəblərlə hesablayırsan.


Zamanı qəlibə dolduran odur,
dövrana münasib fərqlənir zaman.
Ya qalxıb Günəşdən qoparır odu,
buzlaq qatlarına gah enir zaman.


Ənlik-kirşan vaxtı, ya ayna vaxtı...
kimsə adın cızır yar ağacına.
1 saat -
 kiminsə sauna vaxtı,
kimisə çəkirlər
  dar ağacına...


Təki ehsan aşı düşə könlünə -
qıvraq ol,
 mağarda aşdı 1 saat.
Qız məkri oğlanın şüşə könlünə
çırpmağa hazırca daşdı 1 saat!


Ötür üç-dörd mənzil bir saatda at,
Deşir toğlu gözün quzğun dimdiyi.
Yırtıcı şir üçün nədir 1 saat? -
Ləzzətlə sökülən ahu cəmdəyi...
Saat ədavətdi - dartdın uzanır,
bilmirsən harandan tutacaq təpik.
Oğru 1 saata milyon qazanır,
doğru - uzaqbaşı, 95 qəpik.


1 saat içində itirir postu,
qızıl üyüdənin dəni kəsilir,
1 saat içində 40 ilin dostu
qırxillik dostuna qənim kəsilir.


Saat əbədiyyət yoludur bəlkə,
dünya bir baladır pişik dişində.
Kainat saatın quludur bəlkə,
Allah da baş açmır saat işindən?..


2018


Ucalığa çağırış


Çox yüksək fikirdəyəm  bil ki,
haqqında sənin;
Yüksəl, qəhr olsun sitəm,
qalxmaq haqqındı sənin!


Qoy olsun yolun çətin, ucalıq ayrı daddı,
Yüksəl, qoçaq millətim, yüksəl addımbaaddım!


At lovğalıq yükünü, tarixi muzeyə qoş,
Dibdə axtar kökünü, Güneyi Quzeyə qoş!


İnsaf bölsün olanı halal-hümmət dən kimi,
Qov Göyündən yalanı köç azdıran çən kimi.


Vəfa, etibar əyən gülünlə yüksəl, xalqım,
Yalnız doğrunu deyən dilinlə yüksəl, xalqım!


Gurla, hiddət axını, dərdlər yıxan dağ boyda!
Lələtəpə dağını böyüt Qarabağ boyda!


Xəlvətə girənləri əz dırnaqda bit kimi,
Çöküntü verənləri at dibindən xılt kimi.


Gəzməsin dik sinəndə canavar, çaqqal, tula,
Qılınc olsun hər bəndə, quyruqları kəs tulla!


Məkri, kini yasaqla, şıllaq atmasın azlıq,
Tərəzini düz saxla, qəhr olsun yerlibazlıq!
Mərd adını başa çək, yenilməz haqqa yüksəl!
Qobustan qayasıtək izini saxla, yüksəl!


Damarında axsın qan; milləti qan tanıdır,
Ucaya ucalıqdan baxmağın zamanıdır!


Millət dönsün qoşuna, dərsini alsın yağı,
Hər ürəyin başına sanc üçrəngli bayrağı!


Ucalıq can gərdişi, ulu tanrı səsidir,
Yüksəliş namus işi, qeyrət məsələsidir!


2018


Sən böyü


(Oxşama Səfərə xitabən)


Bir gün nəvəm Səfər məni yüngülvari süzüb dedi:
- Baba, yadındadı, mənim boyum sənin burandan idi ey... dizindən.
İndi başım çiyninə çatır, bir azdan
boyum ötər səni...
- Hə, oğlum, axı sən ilbəil böyüyürsən...
Səfər "boytutuşdurma mərasimini"
belə yekunlaşdırdı:
- Düzdü, mən ilbəil böyüyürəm,
amma baba, öz aramızdı,
heç sən də bekar qalmırsan haa,
ilbəil balacalaşırsan!


Xıxıb xırda-xırda qurdalanıram
Xidmətlərim xırda, xeyirim xırda.
Xırdadan xırdaya xırdalanıram,
Xırda qum dənəsi ollam axırda.


V.Bəhmənli
"Yeriyərkən dediyim şeirlər"dən


Mən böyüyə bilmədim,
xırdadan-xırda qaldım.
Çəkdim öküz zəhməti,
yenə...
 axırda qaldım.


Yollar çıxdı yolacan,
bilmədim harda qaldım.
Üstünü çayır tutan
yosma cığırda qaldım.


Şeytan çaldı toyumu,
cin oturdu vayıma,
doğrultmadım soyumu -
ota, yala calandım,
Fələk sıxdı suyumu
Birovuc qaxac oldum,
tumca balacalandım.


Talandı dağ sərvətim
içimdə qorxunc dərə.
Qarabağın töhməti
başımı soxdu yerə...
Səfər, sən məni heç san -
baban yer ilə yeksan!


Payı dürtmə, boğmadı -
kim qaldırar yetimi?!
Qəssab qardaş doğradı,
qonşu yedi ətimi!


Səfər, böyüməz qərib -
nə qədər ki, dərbədər,
o taylı, bu taylıyıq.
Damarımı elə ip,
sümüklərimi qıyıq-
yurdu yurduna cala,
böyü, sən böyü, bala!


Yanına qaçsın uzaq,
vaxtın hər işə çatsın,
Çiynin Aya, ulduza
başın Günəşə çatsın.


Did dərdi yolma-yolma,
ehtiyac pul-pul olsun.
Sən nəfsinə qul olma,
nəfsin sənə qul olsun.


Div dövran qucağında
zor sənətdi fil olmaq...
Yatma fil qulağında,
ayırd et  tükü tükdən.
Gərdişdən qafil olma,
gəlişdən qafil olma,
gedişdən qafil olma,
Tənbəl şah sarayında
açılmaz qıfıl olma.


Mən böyüyə bilmədim -
böyü, Səfər, sən böyü,
Ömür sürmə utancaq,
gün keçirmə xəlvəti;
Yer nədi, tərpət Göyü,
böyü, Səfərim, böyü,
düşmən çəpərim, böyü...


2017


Avtoportret


Quşdili səslədi barı üstündən
bir oğlan bir qızı anadilvari;
Qardaş-bacılarım...
  və mən
   o səsdən
göz açdıq dünyaya doqquz gülvari.


... doluşduq məhləyə,
  addımımızdan
yurdun dörd bir yanı oldu yolvari.
Günah iş tutanda, abırımızdan
qızardı üzümüz dəmir pulvari.


İtdi ilim-ilim İttifaq atam,
Anam ağı dedi acı dilvari.
Tanrının palçıqdan yapdığı adam
əllərdə həfkənib soldu gilvari.


Qatarlar ağlımı başımdan aldı;
görüm Allah kəssin güllü bulvari.
Bakı dirigözlü qəfəsə saldı
şahlıq gəzən kəsi - qara qulvari.


Dəvə yükü dartdım quzu çiynimdə,
deşdi dabanımı tikan;
   kolvari.
Göynədi zəhmətin duzu çiynimdə
xıxdım öküz kimi, çökdüm kəlvari.


Mindilər atvari, hürdüm itvari,
Millət harda görüb məntək idbari?
Boyat əppək yedim təzə ətvari,
Gözümə ağ endi bəyaz tülvari.


Bir gün də səs gəldi:
  - Sən ey bəxtikəm,
qurtul əzablardan, yıxıl öl bari,
... İndi məzarlıqda dombaq təpəyəm,
altım sümükvari, üstüm külvari...


2018


Didərgin


Böyük Bəhmənliyə tanrı yar olsun -
hara baxırdı ki... mindim qatara?
Mənə yol açanın yolu qaralsın,
niyə, "get", dedilər...
  gedirəm hara?


Niyə, "get", dedilər? -
  çayır olardım,
şehlə sevişərdim bitdiyim yerdə.
Sübh nədi,
 qüruba xeyir olardım -
el-obam  itəydi itdiyim yerdə!


Kaş ki, qapımızın olaydım iti-
küt gedən varlığım təndirə qalsın.
Bulvarı,
 dərnəyi,
  unversteti,
yazdığım nə varsa, andıra qalsın!


Təndir qucaq açır tələsiyəndə,
Fələk, bu ağacı yaş qırdın axı!..
Göbəyim anamdan xırtt... kəsiləndə
qopmaq istəmirdim;
  qışqırdım axı...


Qışqırdım axı mən...
  niyə kar oldu,
niyə fəryadıma yetmədi yurdum?
Cənnət xülyalarım səbəbkar oldu -
cənnəti itirib, cəhənnəm qurdum.


Yuvamdan ayrılıb düşdüm oyuna
şəhər "cıdırında" gahgir at kimi.
On manat yazdırıb sünnət toyuna
gəzərdim kəndimdə mesanat kimi!


Darı dənləməzdi nadan başından
sarısı soluxan ağ dimdiklərim.
Təzə-tər qalardım... məktəb yaşında...
nə mən qocalardım,
  nə sevdiklərim.


İtə də yaraşmaz,
  günahdı, billəm,
yurddan iraq düşmək bir qab yal üçün.
Haqqı var qınasın satqını millət,
haqqı var üzümə Araz tüpürsün!


Toya, çal-çağıra çoxdan yadam, heç...
ölü yerinə də getmədim çox vaxt.
Bir gün köç edəndə orda, atam heç,
Məni anam belə tanımayacaq!


2019


Dilək


Sındırma boynumu, qaş
ımı çatma,
lütf elə adınca bir əməl tutum.
Allah, qurban olum, başımı qatma,
elə eləmə ki, səni unudum.


İzninlə keçmişəm yolu qolboyun,
indi də sən mənim boynuma qol sal.
Elə bir hünərə yol aç,
  qol qoyum -
sən yerdən göyəcən  məndən razı qal!


İkimiz bir yerdə bəsirət gözü -
bir olsaq yol çönməz darlığa tərəf.
Varlıqdan aldığım zərbəyə dözdüm,
yoxluqdan ucaldım varlığa tərəf.


Bilmirəm gözündə azam, yoxsa çox;
tam yaşıl olmadım,
  həm də solmadım.
Sayəndə...
 dostumun say-hesabı yox,
nədən sənə layiq bir dost olmadım?


O, sənin əlində nədir ki? -
   heç nə,
niyə yaratmadın günahsız məni?
Qəvvas tək daldırıb günah içinə
indi də qoyursan pənahsız məni.


Yaxşı da dostumdu, pis də dostumdu;
Rəbbin bundan layiq seçimi yoxdu.
Sənə göz açandan seçimi pusdum -
İlahi seçimin biçimi yoxdu!..


İlahi, qoymadın qarmaqlar atım -
qarmağa keçəni çəkim dişimə.
Qoymadın oğluma qala yaradım,
qızlarım getmədi həkim işinə.


Aldım beca yerə o pak iyini,
kəsdi pak yolumu iylənmiş ətlər.
Ağzımda qurutdum tüpürcəyimi -
sudan quru çıxdı şeytansifətlər.


Bu Yerin üstündə,
  Göyün altında
bilmirəm sənə dost, yoxsa düşmənəm.
Bəlkə sən ovçusan,
  haqq sapandından
şeytana atılan axır daş mənəm?


2019


Yadında qalmaz


Göydə, tanrıdan da çox uca idin -
yuxarı, aşağı...
 yadında qalmaz.
Mən səni sevəndə balaca idin,
gözümün işığı... yadında qalmaz!


Atlaz Göylər idi əynimə düşən,
Yoldu lələyimi beynimə düşən...
Qara saçlarımın çiynimə düşən
bulud yaraşığı...
  yadında qalmaz.


Evciyimiz vardı... acmışdı çağa,
sinəmi kişitək verdim qabağa!
Hiddətlə əlimi vurub qırağa
rədd etdin qaşığı...
  yadında qalmaz.


Bəlkə mən yaşdadı oyuncaq balan,
Onu kim oynadır,
  kimdir əlçalan?
Ömür talanında didərgin qalan
O məhlə uşağı yadında qalmaz!


2018


İki gözəl, tək qoca


Yolumda parlayır gördüm iki ləl,
yol nədi,
               tutmur  heç, Yer ikisini.
Yaxamı didəndə içimdəki əl
anladım,
               quluyam hər ikisinin...


Sərfədi fələyin de, hansı türü? -
neçə günah varsa, dövran süpürür...
Şair, dadı daddan seçməkdən ötrü
əl at,  gilənarın dər ikisini!


Bevaxt sevdalardı hər zaman diri,
Ayrı nəyə yarar həsrətin piri?
Qismətim olmasa bu cütün biri -
dedim, vursun azar, çər ikisini!


Yazın çarası gül, qış əlacı nə? -
Payız ruzi verməz çölün acına...
Baxıb gülüşəndə bəyaz saçıma,
gördüm, bürmələyir qar ikisini!


Cüt gözəl, tək qoca... işi çətində,
nöqtəcə yalan yox hekayətimdə...
Mən yerə quyulandım xəcalətimdən,
Gördüm ki, aparır tər ikisini!


2020


Sayıqlama


Qəfil hicrə tutuşmaq
 şansı hər vaxt diridir;
ayrılıq arxı axır alnımın tər yerindən.
Güllü baxça içində qızdı,
   yoxsa pəridi?-
Gözünü çəkmir, baxır...
  uçu
q çəpər yerindən.


Bir anda tutulur dil,
  uçalanır əl-ayaq,
Taleyim çoxdan yatıb,
  o qızın baxtı oyaq.
Dayanmır damarda qan,
  axıb gedir selsayaq;
Mən vuruldum deyəsən, canın betər yerindən!



Şükür hökmünə tanrı, axırım əvvəl kimi;
qismət olsa çəkərəm bu qəhri də kəl kimi.
Çiynimdə tilsimli yük... Allah qoyan əl kimi -
cənnət qoxusu gəlir ruhumun hər yerindən.


Vaxtın əyləncəsidir doğuluşlar, ölüşlər,
Qismətə düşür hərdən soluxmayan gül işlər;
açılır, çiçəkləyir, pıqqıldayır gülüşlər
batmış qədim kəhrizin
  dərin kədər yerindən.


Həyata can verənə bircə çöp qıymır həyat,
Ciddiyə qurşananın son qazancı... zarafat!
Bu dolu arabanı necə çəksin gahgir at?-
axı görür ki, çıxıb çürük təkər yerindən.


... Qız baxır, mən baxıram...
  nazik işin yoğunu
dəyirmanda dən kimi xırdalanır, ovulur,
Yalan sözdü deyirlər,
   insan oğlu doğulub
alatoran bətndən,
  axşamın şər yerindən.


O çəpəri, o qızı sirli bəxşiş bilirəm,
ölən eşqin yoluna gülən qarğış bilirəm,
Ona vurulmaq günah;
  çünki yaxşı bilirəm
Qocalar kökdən qopur, cavanlar tər yerindən.


Bəlkə rədd olub gedim, çıxartma
yım ağını;        
amma necə gizlədim sinəmdə qız dağını?
Çəpərdən baxıb gülür, çıxardır cızdağımı;
canımı arı sancır dilin şəkər yerindən.


Daş altdan... 
 bir daş üstdən...
  didik palazı büküm; 
Bilirəm, qismət deyil mənə vüsalın mülkü...
Qocaya meh də yükdü,
  duz yüküdü qız yükü -
mən heç, tərpədə bilməz onu divlər yerindən.


Guya düzgün bəndəyəm,
  düz gedirdim yolumu...
niyə sındırdın, Allah qanadımı, qolumu?
O uçuq çəpər varmı?
  görən o qız olubmu? -
mənə bu şeir qaldı sözün əzbər yerindən...


2019


Sevgi şərtləri


Yar bağına girər olsan, ayrı ədan olmalıdır,
Çağırsa, hay verər olsan, sükut nida olmalıdır.


Diqqət eylə çal-çəpərə,
kol dibində yüz heyvərə...
Onlar iti tikan dərən, səndə buta olmalıdır.


Addımını ahəstə bas, ürəyini pərdədən as,
hicrin odu yorub bir az; yar yuxuda olmalıdır.
Dünən səni çox hərləyib,
zülm atını yəhərləyib...
Nə yaxşı ki, zəhərləyib... 
canda qida olmalıdır.


Qan qalmayıb bənizində,
ürəyin qəm dənizində,
Üzür suyun gen üzündə; balıq suda olmalıdır.


Əgər olsa ordu veyil,
şahənşahın yurdu veyil...
Könül ovu halva deyil; qan və qada olmalıdır.


Oyunları qoşa zərlik; həyat yerdi bir nəfərlik,
Ayrılıqla bitir birlik, sonda vida olmalıdır.


Dözüm hanı sevən kəsdə,
nədən qalıb Vaqif xəstə?
Hər mətləbin başı üstdə sirri-xuda olmalıdır.


2018


Güzgü önündə


Yenə qoca canla aşıb həddimi,
dalğıc ayna suya tullanan sayaq
özümü götürüb atdım aynaya,
Şax tutub çiynimi, atıb addımı,
şükür, sağ-salamat çatdım aynaya!


Elə ki, üzümü tutdum aynaya,
elə ki, özümü tutdum aynaya,
qaranlıq içimi, aydın çölümü,
qanımda körpəmi, gorda ölümü,
qızartdax  gözümü tutdum aynaya,
bax onda dişimlə sıxdım dilimi,
diş qıran sözümü tutdum aynaya...


O kimdi aynada, məndan söz sorur? -
yaşasın yaradan, var olsun xudam!
Yaxşı ki, həyat var, aynalar durur,
yaxşı ki, aynada görünür adam!


Həyatım aynadı, aynada mənəm,
ona baxan düşər, özgəsi düşməz.
Bu qaşım, bu  gözüm, bu da ki, çənəm;
yoxluğa varlığın şəvgəsi düşməz.


Olsun bir az tutqun, bir qədər çənli,
varlıqdı güzgünün yaddaş  təməli.
Güzgüdəki adam -
  Vaqif Bəhmənli;
güzgüdən baxırsa, o var deməli...
2017


Susqun


Nahaq tərpətməyin kül olmuş közü,
şeir istəməyin məndən,
   nəbadə!
Saçım xəzəl oldu,
  soldu gül üzüm,
daha bülbül vaxtım qaldı geridə.


Şeirimi kirimiş yazdım dan vaxtı -
endim  mütləq sükut dərəcəsinə.
Elə bil ən dərin yarğana baxdım,
batdım dar dərənin dərin səsinə...


Belə sınananın çıxarmı səsi -
Kükrək tufanlarda dinc  sonluq olur.
Coşqun aşiqliyin son nəticəsi,
adətən,
 pəjmürdə susqunluq olur.


Mənim şeirlərim şeir deyil ki,
durum əzbər deyim,
  onlar romandı.
Onlar kəlmə-kəlmə anladır ilki,
dil dönmür deməyə bəzən son andı.


İlğımı dirildir gözümdəki nəm,
əflakı tərpədir çəkdiyim hər ah.
Şeirimi ucadan, əzbər söyləsəm,
cəzamı xalq verər, ya da ki, Allah!


2018

Vaqif BƏHMƏNLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.