525.Az

Tikinti niyyətinin xidmət haqqından istifadə qaydası dəyişdi

[22.05.20]
Tikinti niyyətinin xidmət haqqından istifadə qaydası dəyişdi<b style="color:red"></b>

Tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsinə görə ödənilən xidmət haqqından istifadə qaydası dəyişib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Torpaq Məcəlləsinə əsasən, tikinti məqsədləri üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və məbləğdə xidmət haqqı ödəyir. Eyni zamanda həmin xidmət haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülməlidir.

İndiyə qədər tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməsinə görə ödənilən xidmət haqqının Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesablarına köçürülüb. Dəyişikliyə əsasən, xidmət haqqının Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesablarına köçürüləcək.

Fərmanla Prezident tərəfindən xidmət haqqının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesablarına köçürüləcək hissəsinin həcmi də müəyyənləşib. Ödənilən xidmət haqqının 43 faizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesabına köçürüləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.