525.Az

"COVİD-19-la mübarizədə radioloqların xüsusi rolu var" - Müsahibə

TANINMIŞ RADİOLOQ MƏLAHƏT SULTANOVA: "BU PANDEMİYA BİR GÜN BİTƏCƏK, İNDİ YAŞANANLAR İSƏ HƏMİŞƏLİK YADDA QALACAQ, TARİXƏ ÇEVRİLƏCƏK"


[22.05.20]
"COVİD-19-la mübarizədə radioloqların xüsusi rolu var" - <b style="color:red">Müsahibə </b>

"İnsanlarda pozitiv test nəticəsindən dəhşətli bir qorxu var"

 
COVİD-19 pandemiyasının dünyada və ölkəmizdə yayılmağa başladığı gündən ən çox əmək sərf edən, öz canlarını riskə atmaq bahasına insanların sağlamlıqlarının keşiyində dayanan, adı ən çox hallanan peşə sahiblərindən biri, yəqin ki, birincisi səhiyyə işçiləri, həkimlərdir. Azərbaycan həkimləri də ilk gündən bu zamana kimi böyük mətanət, əzm və fədakarlıq nümunəsi sərgiləyərək bu virusa yoluxan xəstələri tez bir zamanda xilas etmək üçün gecə-gündüz çalışırlar. Onlardan biri də Azərbaycan Tibb Universiteti Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, Tədris-Cərrahiyyə Klinikasının radioloqu, tibb elmləri doktoru Məlahət Sultanovadır. Məlahət həkim ilk gündən koronavirusla mübarizəyə könüllü qoşulan səhiyyə xadimlərimizdəndir. Onunla əlaqə saxlayıb bütün bu zaman ərzində yaşadıqlarını, təcrübələrini və bir həkim olaraq tövsiyələrini öyrənmək istədik.


"Radioloqlar koronavirusla mübarizə ailəsinin ayrılmaz üzvləridir"


Həkim deyir ki, pandemiya ilə əlaqədar olaraq işlədiyi klinika aprelin 1-dən böyük şərəflə koronavirusa yoluxmuş xəstələrin sağlamlığı uğrunda çalışır və bu sahədə fəaliyyət göstərən iri mərkəzlərdən biridir: "Öncə deyim ki, radiologiya elmi tibbin görən gözü olmaqla onun bütün sahələri ilə yanaşı dayanan ayrılmaz tərkib hissəsidir. Bu elmin banisi hesab edilən Rentgenin bir kəlamını vurğulamaq istərdim: "Mən sizin içinizi bilirəm!" Bu gün tibdə tətbiq edilən yüksək informativ müayinə üsulları xəstəlikləri ən erkən mərhələdə dəyərləndirməyə imkan verir. Hazırda ölkəmizdə nəinki mərkəzdə, regionlarda da müasir tələblərə cavab verən diaqnostik avadanlıqlar fəaliyyət göstərir. Təbiidir ki, bütün xəstəliklərin müalicəsinin əsasında düzgün qoyulmuş diaqnoz dayanır. Bu da radioloqdan praktik vərdişlərlə yanaşı, hər sahəyə dair mükəmməl bilik tələb edir. COVİD-19-la mübarizədə radioloqların xüsusi rolu var. Koronavirus pnevmoniyasını vaxtında aşkar etmək və dəqiq dəyərləndirmək müalicənin də erkən aparılmasına və xəstəliyin ağırlaşmasının qarşısını almağa səbəb olur. Bu, çox böyük diqqət, peşəkarlıq və məsuliyyət tələb edir. Klinikamız 24 saat fəaliyyət göstərir. Daxil olan xəstələrin, demək olar ki, hamısında radioloji müayinələr aparılır. Nəticələrin operativ və korrekt dəyərləndirilməsi tələb olunur. Çalışıram ki, bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlim".


M.Sultanova həmkarlarının, işçi komandasının zəhmətlərini xüsusi olaraq vurğuladı: "Bu gün həkimlərin gərgin əməyi, onların həyatlarını təhlükə qarşısına ataraq virusla mübarizədə ön sırada yer almaları, həkim adı, həkim ləyaqəti və fədakarlığı bu mübarizədə qalibiyyəti təmin edəcək əsas amillərdəndir. Mən ixtisasca radioloqam. Bu mübarizənin ilk günlərindən bu sahəyə dair araşdırmalar apardım və pandemiyanın geniş yayıldığı ölkələrin təcrübələri ilə tanış oldum. İlk günlərdən mətbuatda və sosial şəbəklərdə COVİD-19 ilə məşğul olan radiologiya şöbələrinin işinin düzgün qurulması ilə bağlı vacib məqamları həmkarlarımla bölüşdüm. Qeyd etmək istəyirəm ki, müasir radiologiyada xüsusi hazırlanmış PACS sistemi vasitəsilə görüntülərin distant dəyərləndirilməsi tətbiq edilir. Bu sistem həm infeksion risk, həm də dəyərləndirmə keyfiyyəti baxımından çox əhəmiyyətlidir. Görüntüləri həm distant, lazım gəldiyi hallarda lokal aparıram. Gördüyümüz şərəfli iş və sonda qazanacağımız qələbə ümidi geyindiyimiz xüsusi paltarların çətinliyini hiss belə etdirmir. Mən, yeri gəlmişkən, radiologiya şöbəsinin texniklərinin əməyini xüsusilə qeyd etmək istəyirəm. İşimizin texniki baxımdan ən çətin tərəfi onların üzərinə düşür. 8 saat bu geyimdə xəstələrlə birbaşa ünsiyyət, infeksiya və radiasiya riski, görüntülərin mükəmməl alınması və digər vacib məqamlar onlardan böyük məsuliyyət tələb edir. Mükəmməl texniklər komandama bir daha təşəkkürlərimi bildirmək istəyirəm.


Radiologiya şöbəsinin işçilərinin COVİD-19 xəstələri ilə kontaktda olan ilk sırada tibb personalı olduğunu nəzərə alaraq, infeksiyalaşmadan ciddi qorunma tədbirlərinə əməl edilməsi vacibdir. Xəstəliyin törədicisi yüksək dərəcədə kontagiozdur və yoluxma respirator damcılar və infeksiya təhlükəsi daşıyan səthlərə toxunan zaman baş verir. Damcılar yüksək transmissiya riski daşıyıb təqribən 91.44 sm məsafədə yüksək yoluxma riski daşıyır və mənbədən 183 sm məsafə qədər uzaqlaşa bilirlər. Son tədqiqatlarda virusun plastik və polad səthlərdə 72 saatadək qala biləcəyi göstərilir ki, bu da müayinə vaxtı işlədilən bütün avadanlıqların diqqətli dezinfeksiyasını tələb edir. Bu baxımdan radiologiya şöbəsinin texnikləri həm potensial şüalanmaya, həm də infeksiya riskinə dair yenilənmiş fərdi qorunma tədbirlərinə dair daim məlumatlandırılmalıdırlar.


COVİD-19-un menecmentində radioloji şöbələrin işinin düzgün qurulması çox vacibdir. Təbii ki, hazırda bu pandemiya ilə əlaqədar olaraq mövcud təhlükəsizlik tədbirləri və tövsiyələrin yenilənməsi xüsusən aktualdır. Bu məsuliyyəti bütün səhiyyə qurumları daşımalı, mövcud əsasnamələr beynəlxalq rəhbərliklərə uyğunlaşdırılmalıdır.


“İlk koronavirus xəstəsinin radioloji görüntüsünə aprelin 1-də baxdım”


Çox qəribə hisslər keçirdim. Bu hisslər həm artıq bu virusun ölkəmizdə də yayılmasının məyusluğu, digər tərəfdən isə sıravi bir səhiyyə əsgəri olaraq bu xəstələrin sağlamlığı naminə mənim də əməyimin olacağı şərəfi ilə dolu idi.


COVİD-19-un diaqnostikasına dair öz təcrübəmizə əsaslanan və müxtəlif ölkələrdə aparılmış tədqiqatların nəticələrini vaxtaşırı mətbuatda həmkarlarımla bölüşürəm. Xəstəliyin ilk əlamətlərinə quru öskürək, hərarətin yüksəlməsi və təngnəfəslik aid edilir. Bu vaxtadək baxdığımız xəstələrin 60 faizdən çoxunda bu əlamətlər müşahidə edilib. İnsanlarda sanki pozitiv test nəticəsindən dəhşətli bir qorxu var. Xəstələr bu əlamətləri hiss etdikdə belə bu qorxu ilə çox vaxt həkimə müraciət etmirlər, nəticədə proses ağırlaşır. Təbii ki, bu faktorlar həm müalicəyə, həm də proqnoza mənfi təsir göstərir. Xüsusən onu qeyd etmək istəyirəm ki, ilk günlərlə müqayisədə indi qəbul etdiyimiz xəstələrin ağciyərlərindəki dəyişikliklər daha ciddi xarakter daşıyır. Bu da insanlarda pandemiyaya qarşı inamsızlıqla əlaqədardır. Son zamanlar karantin rejiminin məhdudiyyətləri yumşaldıqca insanlar çox yaxın təmasda olurlar, lazımi qaydalara əməl etmirlər. Onlara insanlardan qorunma tədbirlərinə düzgün əməl etməyi, maskadan istifadəni, xəstəliyin hər hansı miminal kliniki simptomlarını hiss etdikdə mütləq həkimə müraciət etməyi məsləhət görürəm".


İşinin çətinliklərini xəbər aldığımızda həkim dedi ki, bu peşəni seçəndə onun bütün məsuliyyətini, ağırlığını, fiziki və mənəvi çətinliklərini bilərək seçib: "Düşünürəm ki, damarlarından azacıq da olsa vətənpərvərlik qanı axan hər bir tibb işçisi bu gün xalqımızın sağlamlığı, rifahı üçün səfərbər oldu. Bu gün biz bu birliyi göstərdik. Bizim işimizin məsuliyyətli tərəflərindən biri də tibb tələbələrinin təhsili ilə məşğul olmaqdır. Mən tələbələrlə birlikdəlikdən daim zövq alıram. Onlarla çalışmaq, ixtisasımıza dair onlarda maraq oyatmaq və lazımi biliklər vermək ən ümdə vəzifəmizdir düşünürəm. Artıq neçə illərdir ki, ölkəmizdə rezidentura təhsili də var. ATU-da tələbələrlə yanaşı, rezidentlər də təhsil alırlar. Vətənpərvərlik, peşəyə sevgi, ləyaqət və məsuliyyət hisslərini çalışıram ki, daim tələbələrə aşılayım. Bu gün virusla mübarizədə tələbələrimizin və rezidentlərimizin də fəaliyyəti qürurvericidir.


Bu pandemiya - COVİD-19 bir gün bitəcək (o günün yaxın olmasını bütün bəşəriyyət arzulayır), indi yaşananlar isə həmişəlik yadda qalacaq, bu barədə yazılanlar tarixə çevriləcək. Fürsətdən istifadə edib, bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Tanrı Azərbaycanımızı qorusun!"


ŞAHANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.