525.Az

"Div adam" - Cabbar Çətindən iki şeir

[22.05.20]
"Div adam" - <b style="color:red">Cabbar Çətindən iki şeir </b>

Gətirmir


Daha gecələrim səhər gətirmir,
Daha ümidimin daş tərəfisən.
İndi təkliyimin söykəndiyi yer,
Gülüm, gözlərimin yaş tərəfisən.


Saqqalım kor bəxtin bir nişancısı,
Günümdən xəbərçi olur eləcə.
Taleyim minaya düşən misalı,
Sənsiz pərçim-pərçim olur eləcə.


Dörd divar bir yerə cəm etmir məni,
Özüm bu yandayam, fikrim o yanda.
Bir parça daş atım bu ayrılığa,
Özün hayandasan, ətrin hayanda.


Bezirəm saatın əqrəb səsindən,
Heç biri dönəndə səni gətirmir.
Ta məndən bir yolluq gedənim yoxdu,
Min yolluq gələn də səni gətirmir.


Div adam


Biraz da gün keçərsə, biraz da yaş axarsa,
Yadlaşaram,
Nifrətin üstün olar sevgidən.
Barışmağa nə qədər gücün varsa, gəl barış,
Tök məni gözlərindən salxım-salxım indidən.


Nə qədər ki, əllərin bir əlcəylə isinir,
Bir ovucluq sevgimi böyütmə gözlərində.
Nə qədər ki, isti ev, çayından buxar çıxır,
Götür bir kitab oxu, soyutma, süz birin də.


Gecələr də qısadı, unutmağa nə var ki,
Nə var başın qatmağa sərsəri darıxmağın.
Ovuşdur əllərini, qollarını qucaqla,
Hansı günə yaraşır şəkillərə baxmağın?


Ürəyinə söz keçir,
"heç olmadı bu adam,
Heç olmadı yanımda",
- ağrıların səngiyə.
Atam mənə deyərdi:
- "Ziyanın yarısından, qayıtmaq da xeyirdi",
üzülməyim mən deyə.


Uşaq vaxtı hamıya deyərdilər div gələr,
"Yatmasan çağıraram",
Ağla özün halına.
Başını qoy yastığa, uşaq kimi qucaqla,
Sənə görə div mənəm, gətirmə xəyalına.


Cabbar ÇƏTİN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.