525.Az

Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər

[22.05.20]
Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər<b style="color:red"></b>

Könüllülər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarına koronavirus pandemiyasının davam etdiyi dövrdə yoluxma hallarının artmaması üçün məsuliyyətli olmaq, nizam-intizamı, qaydaları pozmamaqla bağlı çağırışından sonra Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı “Bir-birimizi qoruyaq!” adlı kampaniyaya fəal surətdə qoşularaq respublikamızın şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşları maarifləndirir, sosial məsafənin qorunması, maskadan mütləq şəkildə istifadə edilməsi və gigiyena qaydalarına əməl edilməsini təbliğ edirlər.

Artıq bir neçə gündür ki, davam edən aksiya ölkənin bütün şəhər və rayonlarını əhatə etməklə bir çox vətəndaşımıza yetişməyə imkan vermişdir.

Eyni zamanda, aparılan təbliğat-təşviqat işlərinin daha çox insanı əhatə etməsi məqsədilə, könüllülər öz fəaliyyətlərində innovativ yanaşmalardan, müasir texnologiyaların və sosial şəbəkələrin imkanlarından da bəhrələnməyə çalışırlar. Könüllülər hərəkatının üzvlərinin bu məqsədlə hazırladığı pozitiv məzmunlu sosial çarx vətəndaşların sosial şəbəkələr vasitəsilə maarifləndirilməsi işinə öz töhfəsini verir.

Pandemiya dövründə məsuliyyətli davranmanın, sosial davranış qaydalarına əməl etmənin  hər bir şəxsin həm özünün, həm də onun ətrafındakıların sağlamlığının qorunması baxımından əhəmiyyətinin vurğulandığı sosial çarxda, ölkəmizdə koronavirus infeksiyasına birlikdə və az itkilərlə qalib gələcəyimizə inam da ifadə olunmuşdur.

Azərbaycan Prezidentinin çağırışlarından və gənclərə olan inamından ruhlanan könüllülər bundan sonra da bütün qüvvələri ilə dövlət tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək, dövlət başçısının etimadını doğrultmaq əzmindədirlər.  

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.