525.Az

Avropa Parlamentinin tarixi qətnaməsinin qəbul edildiyi tarixdən 10 il keçir

[20.05.20]
Avropa Parlamentinin tarixi qətnaməsinin qəbul edildiyi tarixdən 10 il keçir<b style="color:red"></b>

Mayın 20-də Avropa Parlamenti tərəfindən “Cənubi Qafqazda Avropa İttifaqının strategiyasına dair tələb” adlı 2216 №-li tarixi qətnamənin qəbul edildiyi gündən 10 il keçir.

AZƏRTAC xəbər verir ki, qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi yer ayrılmışdır. Sənəddə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ona bitişik rayonlardan dərhal çıxarılması tələbi təsbit edilmişdi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtmaq imkanının təmin edilməsinin zəruriliyi vurğulanırdı.

Qətnamənin qəbul edilməsində Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov xüsusi rol oynayıb. O, möhkəm prinsipial mövqeyini sona qədər saxladı, ermənilər tərəfindən bu sənədin mətninə dəyişiklik edilməsi və ya heç olmasa müzakirənin sonraya keçirilməsi məqsədilə çox saylı təzyiq cəhdlərinə uymadı.

Qətnamə üzərində işin gedişində Avropa Parlamentinin tərkibinə daxil olan bütün əsas fraksiyalar və siyasi qruplar – Avropa Xalq Partiyası, liberallar, sosialistlər, “yaşıllar” konstruktiv rol oynadılar.

Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə beynəlxalq birlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmanın möhkəmlənməsinə sanballı töhfə oldu. Dinc nizamlama prosesi ətrafında ümumi şəraitə və dünya ictimaiyyətində Ermənistan haqqında danışıqlar prosesinin qeyri-konstruktiv tərəfi kimi qəti fikir formalaşmasına müsbət təsir göstərdi.

Qətnamə “zorakılıqla və beynəlxalq miqyasda legitimləşdirilmədən” (6-cı bənd) yaradılmış status-kvonun saxlanılmasını birmənalı şəkildə rədd etdi (2-ci bənd) və tərəfləri konstruktiv mövqe tutmağa çağırdı. Avropa Parlamenti qeyri-konstruktiv tərəf dedikdə, əlbəttə ki, o vaxt yenilənmiş Madrid prinsipləri barədə öz mövqeyinin formalaşmasını qəsdən ləngidən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı olaraq yenidən qayıtmağa çalışan Ermənistanı nəzərdə tuturdu. Bu, Avropanın Yerevana ünvanlanmış növbəti çağırışı idi – vasitəçilərin təkliflərini nəhayət ki, qəbul etmək və status-kvonun dondurulacağına ümiddən əl çəkmək çağırışı.

Əlbəttə, erməni tərəfi gələcəkdə bu qətnamənin tövsiyə xarakterli olmasına və hüquqi nəticələr doğurmayan xarakterinə istinad edərək onun əhəmiyyətini azaltmağa çalışırdı. Lakin mübahisəsiz fakt budur ki, Avropa Parlamentinin Aİ-nin beynəlxalq proseslərə münasibətinin bir növ barometri oldu və şübhəsiz, Cənubi Qafqaz regionunda proseslərlə əlaqədar növbəti addımlar və müvafiq mövqeyin formalaşması üçün oriyentir rolu oynadı. Bu, 2012-ci il qətnamələrində öz əksini tapdı.

Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli uğrunda mübarizəyə çox əlverişsiz şəraitdə başlayıb. Azərbaycanın əraziləri işğal edildiyi, dinc əhali etnik təmizləməyə məruz qaldığı bir vaxtda ölkəmiz faktiki olaraq informasiya blokadasında idi. Çox hallarda dünya bu münaqişə ətrafında vəziyyətə məhz ermənilərin nöqteyi-nəzərindən baxırdı. Erməni diasporunun bir çox ölkələrdə işi barədə hamımız bilirik. Heç də ən böyük olmayan bu etnik icma yetərincə sıx birləşib, yaxşı təşkil olunub, özünün strukturları, KİV-ləri var, sosial və siyasi baxımdan fəaldır, nəticədə hakimiyyət orqanlarına və ictimai rəyə təzyiq göstərmək üçün güclü rıçaqlara malikdir. Hələ Ermənistan –Azərbaycan münaqişəsi başlayana qədər erməni diasporunun nümayəndələri çoxlarının siyasi təbliğat və lobbizm nümunəsi adlandırdığı kampaniya həyata keçirməyə başlamışdı. Azərbaycan isə Kremldən zorla qəbul etdirilən “xalqların əbədi dostluğu” barədə şüarlara inanaraq hadisələrin bu cür inkişafına hazır deyildi və nəticədə 1990-cı illərin əvvəlində dünya faktiki olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünə, onun torpaqlarını işğal etməsinə, Xocalı qırğınına və digər cinayətlərə göz yumdu.

O vaxtdan neçə illər keçib və indi erməni lobbistləri daha “daha bir qapıya oynamaq” gücündə deyillər. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən modernləşmə strategiyası sayəsində ölkəmiz inkişaf etdikcə onun beynəlxalq nüfuzu yüksəlir, regionda təsiri güclənir və beləliklə, “erməni təbliğat maşınının hər şeyə qadir olması” barədə mif puç olur. Dövlətimizin məqsədyönlü səyləri sayəsində 1990-cı illərin ortalarından etibarən beynəlxalq birlik Cənubi Qafqazda yaranmış vəziyyətə daha çox maraq göstərməyə və Ermənistana çox xoşagəlməz suallar, məsələn Xocalıda qadınların və uşaqların qırılması, Dağlıq Qarabağa bitişik 7 rayonun 800 minlik azərbaycanlı əhalisinin haraya “yox olması” kimi suallar ünvanlanmağa başladı.

Təcrübə göstərdi ki, manipulyasiyaların cavabında həqiqət və prinsipiallıq nümayiş etdirilsə xarici auditoriya da onu məhz kimin aldatdığını başa düşəcək. Nəticədə insanlar və təşkilatlar tədricən bu münaqişəyə daha ciddi yanaşma tətbiq etməyə başladılar.

Avropa parlamentinin 2010-cu ildə qəbul etdiyi qətnaməyə oxşar sənədlər qəbul edilməsi, ilk növbədə, ölkəmizin və oun dostlarının psixoloji qələbəsi - ədalətsiz stereotiplər və yalan üzərində qələbəsi idi. Azərbaycan xalqının heç nəyi gizlətməyə ehtiyacı yox idi və bu münaqişənin tarixinin, habelə bugünkü vəziyyətin ətraflı araşdırılmasından çəkinmirdik. Əksinə, xalqımız o vaxtdan beynəlxalq birliyə həqiqi informasiyanın çatdırılması üçün fəal işini davam etdirib. Münaqişə zonasının xəritəsi sirr deyil və kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu anlamağa üçün bu xəritəyə nəzər salmaq kifayətdir. Sənədlə tanış olanda ilk növbədə diqqəti cəlb edən Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyü prinsipinin dəfələrlə (ən azı üç epizodda) təsdiqlənməsi və məlum olduğu kimi erməni separatçılarının yeganə arqumenti olan və yanlış kontekstdə şərh edilən qondarma “təyini-müqəddərat hüququ”nun əsla adının çəkilməməsidir. Biz buna görə sevinmirik (məlum olduğu kimi, ölkəmiz həmişə beynəlxalq hüquq çərçivəsində xalqların təyini-müqəddərat hüququnu dəstəkləyib), lakin bu fakt Avropa İttifaqının separatçılara üstüörtülü, lakin eyni zamanda yetərincə aydın ismarıcı oldu kimi milli azlıqların öz müqəddəratını təyin etməsi dövlətlərin ərazi bütövlüyünü heç cür poza bilməz və pozmamalıdır.

Son dərəcə mühüm amil odur ki, qətnamə layihəsi üzərində işin gedişində Avropa Parlamentinin deputatları geniş yayılmış belə stereotipləri dəf edə bildilər ki, dövlətlərin ərazi bütövlüyü və təyini müqəddərat hüququ ilə bağlı beynəlxalq hüququn iki prinsipi, guya bir-birinə ziddir. Bu halda tərəzinin bir gözünə erməni tərəfin “kreativ” uydurmaları, o biri gözünə çoxsaylı beynəlxalq hüquqi sənədlər, ilk növbədə 1975-ci il Helsinki yekun aktı qoyulmuşdu. Bu sənəddə həmin uydurma dilemma tamamilə uğurlu şəkildə həll edilib. Məlum olduğu kimi, Avropada təhlükəsizliyin müasir arxitekturasının təməlini qoymuş bu sənəddə birmənalı şəkildə göstərilir ki, təyini-müqəddərat hüququ (müstəmləkə kontekstindən kənarda) ərazi bütövlüyü prinsipinə müvafiq şəkildə həyata keçirilməlidir. Azərbaycan tərəfi münaqişənin lap əvvəlindən bu cür yanaşma tətbiq edilməsinin tərəfdarı olub.

Avropa Parlamentinin üzvləri ərazi bütövlüyü prinsipini dəstəkləyərək düz 10 il bundan əvvəl Azərbaycan Respublikası ərazilərinin hərbi yolla işğalının davam etdirilməsi üçün faktların saxtalaşdırılması taktikasını birmənalı olaraq rədd etdilər. Bəzi deputatların bu sənədin mətninə xalqların təyini-müqəddərat hüququna istinad olunması çağırışlarına cavab olaraq Yevgeni Kirilov qeyd etdi ki, əgər Avropa Parlamenti bu iradları Gürcüstan ərazisindəki münaqişələrə münasibətdə də xatırlatmağa hazırdırsa, həmin iradları məmnuniyyətlə qəbul edərdi. Beləliklə, praktiki olaraq eyni təbiətli münaqişələrə münasibətdə “ikili standartlar” praktikasını tətbiq etmək üçün növbəti cəhdin qarşısı alında.

Maraqlıdır ki, qətnamə qəbul ediləndən sonrakı gün səhər erməni mətbuatında bu qətnamədə təyini-müqəddərat hüququnun xatırlanmaması kimi onlardan ötrü biabırçı faktın “yumşaldılmış” interpretasiyası dərc edildi. Məsələn, Ermənistanın internet KİV-lərinin birində çox orijinal bir izah verilmişdi – guya “Arsax” artıq təyini-müqəddərata nail olub, indi bu “dünənki gündür”, indi gündəlikdə onun “ərazi bütövlüyünün” təsbit edilməsi məsələsi durur.

Əlbəttə, bunlar özlərinə təsəlli vermək üçün mühakimələr idi. Gülünc xarakter daşıyan bu mühakimələr ilk növbədə daxili auditoriyaya ünvanlanmışdı. Qondarma “DQR” Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qeyri-legitim qurumdur və dünyada heç bir ölkə tərəfindən, o cümlədən Ermənistan tərəfindən də tanınmayıb. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə beynəlxalq birliyin rolu bir daha vurğulandı. Anlamaz erməni tərəfinə müasir sivil dünyada davranış qaydalarını izah etmək və onu inandırmaq lazım idi ki, təcavüz, etnik təmizləmələr və işğal kimi metodlar keçmişdə qalmalıdır. Qətnamə bütövlükdə məhz bu kontekstdə başa düşülür. Bundan əlavə, Avropa Parlamentinin qəbul etdiyi ifadələr onu göstərirdi ki, Avropa ictimaiyyəti erməni tərəfinin keçmiş DQMV ətrafında işğal edilmiş Azərbaycan rayonlarını “girovlar” kimi saxlamaq və Dağlıq Qarabağ regionunun statusu barədə danışıqlarda bu rayonlardan oyuncaq kimi istifadə etmək taktikası ilə razı deyil.

Burada daha bir maraqlı məqam var. Əgər Dağlıq Qarabağa bitişik, işğal edilmiş ərazilər indi Avropa Parlamenti səviyyəsində bu vilayətə əsla aidiyyatı olmayan ərazilər kimi tanınmışdırsa (Laçın da həmin rayonlara aiddir), bu ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan arasında quru sərhəd çəkilməsi barədə daha bir arzusunu puç etdi.

Kimin kimi işğal etməsini anlamaq üçün sadəcə münaqişə zonasının xəritəsinə kifayətdir. Qətnaməni dəstəkləyən deputatlar bilirdilər ki, Laçın keçmiş DQMV-nin inzibati hüdudlarından kənarda yerləşir. Onlar bunu da bilirdilər ki, Ermənistan həmin ərazilərdə etnik erməniləri, o cümlədən xarici ölkələrdən olan repatriantları məskunlaşdırmağa çalışır ki, hamı fakt qarşısında qalsın və bu torpaqların qanuni sahiblərinə qaytarılması mürəkkəbləşsin. Bu qətnamənin qəbul edilməsi beynəlxalq birliyin erməni tərəfinə daha bir siqnalı oldu ki, sərhədlərin dəyişdirilməsi və xalqların köçürülməsi barədə fantastik sxemlərdən əl əkməyin vaxtıdır. Konstruktiv mövqe tutmağın və Ermənistanın regiondakı bütün qonşularla həqiqətən xoş münasibətlərini təmin edəcək formada münaqişənin həllini mümkün qədər tezliklə tapmaq barədə fikirləşmək vaxtıdır!

Qarabağ ermənilərinin adları çəkilməsə də, qətnamədə Cənubi Qafqazın üç dövlətinə müraciətlə milli azlıqların hüquqlarına hörmət etmək, sənədin 55-ci bəndində isə həmin azlıqlara yüksək muxtariyyət vermək barədə açıq çağırış vardı. Bu çağırışlar erməni tərəfin çox xoşladığı hansısa “qarabağ xalqı”nın mövcud olması tezisinə növbəti zərbə oldu. Guya “qarabağ xalqı” həmin ərazi ilə birlikdə öz müqəddəratını təyin etmək və Azərbaycandan ayrılmaq hüququna malikdir. Bununla əlaqədar Avropa Parlamentini qətnaməsində erməni tərəfinə növbəti dəfə xatırladılır ki, indiki halda təyini-müqəddəratın ən yüksək həddi “daxili” təyini-müqəddərat imkanıdır. Azərbaycan tərəfi neçə ildir ki, Avropa İttifaqının bir sıra ölkələrində sınaqdan keçirilmiş ən davamlı və qarşılıqlı faydalı variantı kimi nizamlamanın məhz bu variantını təklif edir. Qətnamənin bütün müddəaları faktiki olaraq Ermənistana bunu izah etməyə yönəldilib ki, XXI əsrdə, xüsusən münaqişələrin nizamlanması çərçivəsində normal dövlət hansı norma və prinsipləri rəhbər tutmalıdır. Avropa Parlamenti açıq-aydın bəyan edib ki, qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən təyini-müqəddərat hüququna istinad etməklə haqq qazandırıla bilməz.

Qətnamənin bir neçə yeridə məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruri olmasından bəhs edilir. Bundan əlavə, preambulanın D bəndində “münaqişədə siyasi vasitə” kimi qaçqınlardan və məcburi köçkünlərdən istifadə edilməsinin yolverilməz olması vurğulanır. Bu sonuncu ifadə Avropanın Yerevana belə bir aydın siqnalı oldu ki, Yerevan Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisini oradan qovulmuş vəziyyətdə Dağlıq Qarabağın qəti statusu müəyyən edilənə qədər girovlar kimi, saxlamaqdan əl çəkməlidir. Onun Azərbaycanın tərkibində statusu yalnız bütün əhalinin tamamilə birbaşa və bərabərhüquqlu iştirakı ilə müəyyən edilə bilər. Bütün əhali dedikdə həm erməni, həm də azərbaycanlı icma nəzərdə tutulur. Bundan ötrü oradan qovulmuş azərbaycanlıların doğma yurdlarına təhlükəsiz qayıtması üçün şərait yaradılmalıdır. Bu isə yalnız hərbi işğal başa çatandan sonra mümkündür. Bu, icmalararası dinc yanaşı yaşama prosesinin uzun müddətə bərpa olunmasını və münaqişə zonasında iqtisadi dirçəlişin, hər iki tərəfin hər iki istiqamətdə istifadə etməsi üçün bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasının başlanğıcı olardı.

Daha bir mühüm fakt bu idi ki, sənədin 8-ci bəndində qaçqınlar və məcburi köçkünlər barəsində söhbət açılır, Dağlıq Qarabağdan qovulmuş insanların oraya qayıtması ilə əlaqədar qətnamə bu şəxsləri “qaçqınlar” deyil, “daxili köçkünlər” adlandırır. 1951-ci il Cenevrə konvensiyasına əsasən bu fakt Dağlıq Qarabağın növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir. Axı Azərbaycan icması keçmiş DQMV-də öz doğma evlərini tərk edərkən dövlət sərhədini keçməmiş, öz doğma dövlətinin hüdudlarında qalmışdır. Avropa Parlamenti bu faktı vurğulamaqla haqlı olaraq göstərir ki, münaqişə zonası, təcavüz və işğal zonası məhz Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayondur və söhbət ilk növbədə oradan qovulmuş dinc əhalinin qaytarılmasından getməlidir. Bunsuz region üçün statusun müəyyən edilməsi prosesi barədə düşünmək də mümkün deyil, çünki bu proses demokratik və hüququ normalara müvafiq olmayacaq. Yeri gəlmişkən qətnamənin layihəsi müzakirə edilərkən erməni tərəfi özünün azsaylı “dostları” vasitəsilə daxili köçkün şəxslərə bütün istinadları sənədin mətnindən çıxarmağa, əvəzində “qaçqınlar” terminindən istifadə etməyə israrla çalışırdı.

Daha əvvəl BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, habelə dünyanın aparıcı dövlətlərinin parlamentləri də Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını, erməni separatçılar tərəfindən birtərəfli qaydada “müstəqillik” elan edilməsini pisləyən qətnamələr qəbul etmişdi. İndi növbə Avropa İttifaqınındır. Aİ-nin Cənubi Qafqaz istiqamətində fəallaşması və onun əvvəlkindən fərqli olaraq regionda fəal oyunçuya çevrilməsi Azərbaycanın regional siyasətdə rolunun artması ilə bağlı idi. Ola bilsin Avropa İttifaqının bu cür fəallaşması gec də olsa bunun dərk edilməsi ilə bağlı idi ki, Cənubi Qafqazda sabitlik təmin edilmədən Avropanın enerji təhlükəsizliyi təmin edilə bilməz. Qətnamədə üç Cənubi Qafqaz dövlətinin Avropaya inteqrasiyası prosesində dondurulmuş münaqişələrin ləngidici rolu etiraf edilirdi.

Aİ ilə AZərbaycan arasında münasibətlərdə həqiqətən inqilabi addım olmuş qətnamənin qəbul edildiyi gündən on il keçib. O vaxtdan bəri beynəlxalq məkanlarda Ermənistan üçün bir-birindən rüsvayçı olan daha bir neçə qətnamə qəbul edilib. Bu ölkə başa düşməlidir ki, o, danışıqları nə qədər “uzatsa”, özünü bir o qədər çıxılmaz vəziyyətə salmış olacaq.

İşğala haçansa son qoyulacaq! Qarabağ Azərbaycanın tərkibinə qayıdacaq. Dinc yolla və ya ...


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.