525.Az

“Bəzi insanlar Anarın kim olduğunu anlamırlar”

[14.10.12]
“Bəzi insanlar Anarın kim olduğunu anlamırlar”<b style="color:red"></b>

Pərvinin həmsöhbəti Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğludur.

 

 

Pərvin: Nəsib müəllim, mərhum Xalq şairi Məmməd Araz sizin haqqınızda yazırdı ki, “Nəsib dünyanı həm olduğu kimi, həm istədiyi kimi görmək istəyir...” Uzun illər Rusiyada yaşamağınıza, işləməyinizə baxmayaraq Vətənə tez-tez gəlirsiniz. Buraları istədiyiniz kimi görə bilirsinizmi?

Nəsib Nəbioğlu: Əlbəttə, bu gün Azərbaycanda ürəkaçan, qəlb oxşayan mənzərələr çoxdur. Şəhərlərimiz abadlaşır, Bakımız günü-gündən gözəlləşir, körpülərin, körpü qovşaqlarının çəkilməsi, yaşayış inzibati binaların müasir formada tikilib yaradılması məni olduqca sevindirir.

Bu il mən  bir neçə  dəfə Yevlaxda, Gəncədə, Göygöldə, Tərtərdə, Bərdədə oldum. Burada məskunlaşan qohumlarımla, yerlilərimlə görüşdüm. Mən ümumiyyətlə, Azərbaycana hər gələndə imkan daxilində onları ziyarət edirəm. Paytaxtla yanaşı, sadaladığım şəhərlər yenidən qurulub, hələ bu abadlıq işləri davam etdirilir. Bütün bunlar Azərbaycanın yaxşı gələcəyindən xəbər verir. Bunu görməmək, dəyərləndirməmək ən azından nadanlıq olar.

Pərvin: Amma müsahibələrinizdən birində demişdiniz ki, Azərbaycana gələndə sevinə bilmirsiniz...

Nəsib Nəbioğlu: Bəli, demişəm. Mənim doğulduğum torpaq, doğma Kəlbəcərim, Qarabağım azad olmayınca, necə sevinə bilərəm? Hər dəfə Vətənə gələndə düşünürəm ki, mən necə övladam, gedib atamın qəbrini ziyarət edə bilmirəm... (kövrəlir) ...Bir neçə ay öncə Murov dağına getmişdim. Orda məni çox ağrıdan bir dəmir lövhə var idi. Yazılmışdı ki, Kəlbəcər - 80 km. Bundan xeyli kövrəldim, təsirləndim. Şeir qaraladım:

 

Burdan Kəlbəcərə elə yaxındı,

Bir göz qırpımında aşıb gedərdim,

Toğana, yolların necə çətindi?

Başımın üstünə ələnib dərdim...

 

Yəqin ki, gələcəkdə bir poema yazacağam bu barədə. Vətənimizə gəlib qaçqın qohumlarımla görüşəndə çox pessimistləşirəm. Fikirləşirəm, görəsən çoxmu çəkəcək bu ağrılar? İşğal olunmuş torpaqlarımızın adını sadalaya bilməyən gənclər görəndə, torpağını itirib maddiyyat peşində olan məmur görəndə çox düşünürəm, lap çox... 

Pərvin: Çıxış yolunu tapa bilirsiz? 

Nəsib Nəbioğlu: Çıxış yolu birliyimizdədir. Məncə birləşməklə, hər kəsin  əlindən gələni etməsilə, həqiqətlərimizi dünyaya düzgün çatdırmaqla istədiyimizə daha tez nail ola bilərik... Hər şey təbliğ olunduğu kimi, xeyirxahlıq, insanlıq da təbliğ olunmalıdır. Əslində bu sahədə təcrübəmiz var. Azərbaycanın qədim ədəbi abidəsiAvestada Zərdüşt insanlara xeyir düşüncə, xeyir söz, xeyir əməl aşılayırdı. Mənə elə gəlir ki, bizlər bir yazıçı, ictimai xadim olaraq ilk növbədə insalara xeyirxahlığı, alicənablığı, mehribanlığı, birliyi aşılamalıyıq.


Pərvin
: Birlikdən danışmışkən bir məsələyə münasibətinizi bilmək istərdim. Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmişdiniz. Səhv etmirəmsə, ən böyük nümayəndə heyəti Rusiyadan gəlmişdi. Bəlkə uzun illər bir ölkənin tərkibində olduğumuzdan Rusiyada həmyerlilərimiz daha çoxdur. Ümumiyyətlə, sizcə, azərbaycanlıların təşkilatlanma, birləşmə xarakteri dərəcədə formalaşıb? 


Nəsib
Nəbioğlu
: Əslində, azərbaycanlılar müxtəlif dövrlərdə, dönəmlərdə Rusiyada məskunlaşıblar. Amma ən çox məskunlaşma prosesi Sovet imperiyasının süqutundan sonra olub. Təəssüf ki, Rusiyada yaşayan həmyerlilərimizin sayı barədə dəqiq məlumat yoxdur. Mən bir xeyli araşdırma apardım, amma bir dəqiq rəqəm ala bilmədim. Hər halda səfirimiz Polad Bülbüloğlu müsahibəsində rəsmi təsdiq olunmuş sayı açıqlamışdı ki, 650-700 min nəfər azərbaycanlı yaşayır Rusiyada. Amma bununla belə, yəni sayımız çox olmasına baxmayaraq,  təşkilatlanma məsələsi tam ürəkaçan deyil. Şübhəsiz, Rusiyada diaspora təşkilatımız da var, fəaliyyət göstərir. Amma di gəl ki, orada da mənfəət güdmə, birləşə bilməmək qüsurlarımız üzə çıxır. Ümumi birlik zəifdir. Diaspora işimizi gücləndirməyə ehtiyac var. Lakin istər Diaspora Təşkilatımız, istər Tofiq Məliklinin başçılıq etdiyiOcaqcəmiyyəti Azərbaycanı, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmək, dərdlərimizi çatdırmaq baxımından əllərindən gələni edirlər. Leyla Əliyevanın yaratdığıAmorGənclər Təşkilatı da çox işlər görür.


Pərvin
: Ölkəmizdən kənarda yaşayan azəri ailələri var ki, övladları orada dünyaya gəlib. Sizcə, bu uşaqlara azəri, türk olduqlarını anlatmaq, dərk etdirmək üçün eləmək lazımdır?


Nəsib
Nəbioğlu
: Ən düzgün yol göstərməkdir. İnsan öz gözü ilə gördüyünü daha yaxşı dərk edir. İmkan daxilində bu uşaqları tez-tez Azərbaycana gətirmək lazımdır. Amma bu məsələdə ağrılı məqamlar var. Hər  yay Rusiyadan on minlərlə azərbaycanlı öz tarixi, doğma  vətənlərinə gəlirlər. Dediyiniz kimi,   uşaqlarına vətəni yaxından tanıtmaq, qohumluq əlaqələrini qüvvətləndirmək, ana dillərini təkmilləşdirmək, adət-ənənələrimizi, mədəniyyətimizi yaxından öyrənmək məqsədilə... Bir onları ölkəmizlə  əlaqələlərini kəsməmək arzusu, istəyi gətirir Azərbaycana. Bəs Azərbaycanda bunları gözləyir? Azərbaycan  miqrasiya qanunvericiliyinə əsasən dünyanın istənilən ölkəsindən Azərbaycana gələn əcnəbilər, (çox təəssüf ki, biz onların sırasındayıq)  30 gündən artıq qaldıqları təqdirdə  3 gün ərzində Daxili İşlər Nazirliyinin müvafıq orqanlarında qeydiyyatdan keçməlidirlər. Həmin qanun  Azərbaycanda doğulmuş, sovetlər zamanından Rusiyada    başqa keçmiş sovet respublikalarında yaşayan azərbaycanlıların vətənimizə sərbəst gəlib-getmələri üçün çətinliklər yaradır. Hesab edirəm ki, qanuna müəyyən əlavələr eləmək lazımdır. Yəni deyək ki, ölkəyə gələn çinli ilə, əslən azəri, türk olan xarici ölkə vətəndaşı arasında fərq qoyulmalıdır. Azərbaycanda üzləşdiyimiz problemlərlə bağlı müəyyən təşkilatlara müraciətlər  etmişik. 


Pərvin
: Nəsib müəllim, ədəbiyyatımızın təbliği ilə bağlı bir məsələni soruşmaq istəyirəm... Hazırda belə fikirlər var ki, dünyaya çıxmağımız, tanınmağımız rus dilinin vasitəsi ilə ola bilər. Bu baxımdan əsərlərin rus dilinə tərcüməsi çox vacibdir. Rusiyada bizim ədəbi nümunələrimizi ruscaya tərcümə edən mütəxəssislər varmı, ümumiyyətlə bu necə qurulur?


Nəsib
Nəbioğlu
: Rusiyada yaxşı tərcüməçilər var. Müəyyən əsərləri ruscaya çeviriblər. Məsələn, Alla Axundova çox peşəkar tərcüməçidir. Bəzi yazıları tərcümə edib. Amma təəssüf ki, artıq yaşı bu işlə ardıcıl məşğul olmağa imkan vermir. Mən tamamilə razıyam ki, ruscaya tərcümə olunmaqla, Rusiya mətbuatı vasitəsilə dünyaya çıxa bilərik. Ancaq bu işlə sistemli məşğul olmaq lazımdı. Yaxşı əsərləri burada da tərcümə elətdirib bizə göndərsələr, çapına məmnuniyyətlə kömək edərik. Həm artıq tanınmış yazıçıların əsərləri ilə yanaşı yeni müəlliflərin, gənclərin yazılarının tərcümə olunmasına, Rusiya mühitində tanınmasına çalışmalıyıq. 


Pərvin
: Ümumiyyətlə, çağdaş Azərbaycan ədəbi mühitini ardıcıl  izləmək imkanınız olurmu? Gündəmdə olan məsələlərə, ədəbi aləmdə gedən proseslərə münasibətiniz necədir?


Nəsib
Nəbioğlu
: Əlbəttə, indi texnikanın yaratdığı imkanlar daxilində mətbuatı, ədəbiyyatı izləmək daha asandır. Son illərdə ədəbi mühit çox qaynardır. Bu məni sevindirir. Lakin məni qane etməyən məqamlar da var.  Görkəmli ədibimiz Anara qarşı haqsız təhdidlər, qərəzli tənqidlər məni bir ziyalı kimi ağrıdır. Bəzi insanlar Anarın kim olduğunu anlamırlar. Onu  yaxşı tanısaydılar, cəfəngiyyat yazmazdılar. Anar müəllim çox böyük insandır, yüksək intellekt sahibidir, zəngin ensiklopedik biliyə malik şəxsiyyətdir. Onu təkcə Azərbaycanda yox, eləcə Rusiyada, Türkiyədə digər dövlətlərdə görkəmli bir ədib, ziyalı insan kimi tanıyırlar. Mən Moskvada dəfələrlə Anar müəllimin təmiz  rus dilində  maraqlı, məntiqli çıxışlarına qulaq asıb fəxarət hissi keçirmişəm. Onun hər zaman milli mövqeyimizdən çıxış etməsi, xalqımıza, millətimizə bağlılığı  məni olduqca sevindirib, gözümdə daha da  ucaldıb. O ki, qaldı AYB-nin sədrliyi məsələsinə, Anar müəllim başındadır, öz vəzifəsini layiqincə icra eləyir. Bu gün Yazıçılar Birliyində onu əvəz edə biləcək başqa yazıçı görmürəm. Anarın öz yerində qalması ümümi ədəbiyyatımızın, mədəniyyətimizin  xeyrinədir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.